"İnhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri inandırıcı gəlmir".
"Hürriyyət" qəzeti xəbər verir ki, İqtisadi Təhlil İnsitutunun rəhbəri Məhəmməd Talıblı belə deyib.
Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə aqrar sahədə ixtisaslaşmış böyük şirkətlər daxil olub. Toplantıda iştirak edən şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib və Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüblər. Bundan sonra isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə "Azərsun Holding"in prezidenti Abdolbari Goozal adıçəkilən şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə katibliyin rəhbəri seçilib.
Bəs görəsən, “Azərsun” kimi böyük şirkətin nazirliyin nəzdində ən önəmli şöbəni nəzarətə götürməsi hansı perspektivlər vəd edir?
Məhəmməd Talıblının fikrincə, "Azərsun Holding" bu gün ölkənin qida sənayesini inhisarında saxlayır: “Holdinq Azərbaycanda 1994-cü ildən fəaliyyətə başlayan, ana şirkəti Birləşmiş Ərəb Əmirliklərindəki «Intersun International Sun Group FZCO»-nın bir müəssisəsidir. Bu müəssisə ölkəmizdə qida bazarının böyük hissəsinə nəzarət etməklə, yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Beləliklə, Kənd Təsərrüfatı Nazirliyində baş tutan məlum toplantıda alınan qərara görə, sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən onlarla müəssisəni birləşdirən "Azərsun Holding"in prezidenti Abdolbari Goozal artıq Aqrar Məşvərət Şurasının sədri vəzifəsini icra edəcək. Bu isə o deməkdir ki, Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına yox, məhz "Azərsun Holding"in daha da genişlənməsinə, əhatə dairəsini artırmasına, aqrar və qida sənayesini tam şəkildə nəzarətə götürməsinə, bu sahədə azad rəqabətin aradan qaldırılmasına gətirib çıxaracaq. Söz yox ki, bu da öz növbəsində, antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması və digər neqativ hallar deməkdir. Yəni bununla da "Azərsun Holding" daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları əldə edəcək”.
"İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri nazirlik və komitələrin nəzdində konsultativ məzmun daşıyan yan qurumların yaradılması təşəbbüsünü yaxşı hal kimi qiymətləndirməklə yanaşı, belə qurumların kollegial məzmun daşımasının vacibliyinə inanır:
"Buna bir neçə aspektdən yanaşmanın tərəfdarıyam. Bu qurumlar sahibkarlıq subyektlərinin maraqlarını və problemlərini yuxarı instansiyaya daşıyan təşəbbüskar qurum olmalıdır. Onlar nazirə "ütülü" hesabatlar verməli yox, problemləri bütün çılpaqlığı ilə diqqətə çatdırmalıdır.
İkincisi, bu cür qurumların yaxın illərdə nazirliklərin yanında yaradılmış Appelyasiya Şuralarının analoji aqibəti kimi olmamalıdırlar. Bizdə bu sistem işləmədi və elə bir ciddi effekt doğurmadı.
Üçüncüsü, belə qurumların kollegial məzmun daşımalıdırlar. Yəni, onlar rəhbər-işçi subordinasiyasından uzaq olaraq işgüzar xarakter daşımalıdır. Onlar sədr, müavin və s. kimi seçkili orqan yox, kollegial formatda işçi qrup kimi fəaliyyət göstərməlidirlər. Çünki, beynəlxalq təcrübədə də belədir".
Aqrar Məşvərət Şurasına eləcə birinci gündə sədr seçilməsini komanda işindəki effektivliyi motivasiya edən deyil, məhz aşağı salan amil kimi dəyərləndirən tanınmış iqtisadçı hesab edir ki, həmin işçi heyətdə inhisarçı şirkətlərin təmsil olunması maraqlar konflikti yaradan haldır:
"Diqqət etdinizsə, həmin işçi heyətdə yalnız bazarda ən ciddi paya malik olan inhisarçı şirkətlərin - "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding", "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group" və "Səba Qrup" təmsilçiləridirlər. Bazar paylarının yüksək olması onların Şurada iştirakı ilə maraqlar konflikti yaradan haldır. Mən inanıram ki, ucqar kəndlərdə və rayonlarda fermer təsərrüfatı ilə məşğul olan çoxsaylı peşəkarlar vardır ki, resurs çatışmazlığından başlamış istehlakçıya çatdırılacaq kənd təsərrüfatı məhsullarının bütün mərhələlərdindəki dəyər zəncirinin harada qırıldığını dəqiqliklə bilirlər. Çünki onlar məhz bu problemlərdən əziyyət çəkir. Onlar problemləri “dəriləri” ilə hiss edirlər. Kənd təsərrüfatı məhsulların istehsalında və idxalında inhisarçı bazar payı olan şirkətlərin rəqabəti təşviq edən təklif və tövsiyələrlə nazirliyə müraciət etmələri şəxsən mənə inandırıcı görünmür."
Paylaş: