Xəbər lenti
27-11-2024, 19:25

2015-ci ildə miqrasiya böhranı Avropanı vurandan miqrasiya təkcə bu qitənin deyil, bütün dünya siyasətində bölücü məsələ kimi ortaya çıxdı. Məsələn, Birləşmiş Ştatlarda Prezident Donald Trampın Meksikayla sərhədin hasarlanmasına pul ayrılması tələbi bu il hökumətin qismən qapanmasına apara bilərdi.

“Gallup” sorğu mərkəzi isə üzə çıxarıb ki, 2015-2017-ci illərdə adamların bir ölkədən digərinə miqrasiya etmək arzusu artıb. Dünyada yetkinlik yaşında olanların 15%-i, yəni 750 milyondan artıq adam imkanı olardısa, başqa ölkəyə köçmək istərdi. 2013-2016-cı illərdə 14% adam belə bir arzusunu dilə gətirmişdi. 2007-2009-cu illərdə isə 16% bu fikirdə idi.

Bu sorğu 2015-2017-ci illərdə dünyanın 152 ölkəsində 453 min 122 nəfər arasında keçirilib. Təhlil dövrü Avropada 2015-ci ildə başlamış miqrant böhranıyla üst-üstə düşür. O vaxtdan qitəyə çatmaq istəyən on minlərlə miqrant və qaçqın bu məşəqqətli yolda dünyasını dəyişib.

Miqrasiya etmək arzusu elə miqrantların ən çox gəldiyi regionlarda – Saharaaltı Afrikada, Latın Amerikasında və Karib hövzəsində, Yaxın Şərqdə və Şimali Afrikada güclənib.

Amma Şimali Amerikada da bu yöndə yüksəliş gedib. Rəyi soruşulanların 14 faizi köçmək istədiyini deyib. Bir neçə il bu göstərici 10% civarında qalmışdı. 2017-ci ildə hər altı amerikalıdan biri (16%) deyib ki, başqa ölkəyə köçmək istərdi.

Digər regionlarda isə bu arzu güclü dəyişməyib. Məsələn, Asiyanın bütün regionlarında başqa ölkəyə köçmək istəyənlərin faizi dəyişməz qalıb. Avropada AB üzvü olmayan ölkələrdə (Balkanlar daxil olmaqla) miqrasiya arzusu güclənib.

2016-2017-ci illərdə ABŞ rəhbərliyinin imicinin zədələnməsinə baxmayaraq, Birləşmiş Ştatlar yenə də potensial miqrantların ən çox getmək istədiyi ölkədir. Bu tendensiya “Gallup” bu sorğunu on il öncə keçirməyə başlayandan dəyişməyib.

(Azadlıq radosu)

 




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 11-12-2018, 15:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma