Orxan Mikayıllı
May ayının 20-21 tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda başda ABŞ və əksər müsəlman ölkələrinin iştirakı olmaqla Ərəb-İslam-Amerika sammiti keçirildi. Öz miqyası və qarşısına qoyduğu hədəflər baxımından deyə bilərik ki, bu sammit 2017-ci ilin ən yadda qalan beynəlxalq tədbirlərindən biri olacaqdır. Sammit öncəsi və sammit zamanı əsas iştirakçı ölkələrin çıxışlarına nəzər salsaq anlaya bilərik ki, toplantıda əsas məqsəd İran və İŞİD-lə mübarizə olmuşdur. Qeyd etmək lazımdır ki, sammit keçirilən ərəfədə İranda prezident seçkiləri tamamlandı və Həsən Ruhani ikinci dəfə respublika başçısı oldu. Bu amil özü də Riyad sammitinin "əsas qayəsini" yumuşaltdı deyə bilərik. Çünki rəqiblərindən fərqli olaraq hazırkı prezident Qərb və Qərbin müttəfiqləri ilə daha yumşaq diplomatik dildə danışa bilir.
Sammitin digər yadda qalan və böyük səs-küy yaradan hadisəsi də Səudiyyə Ərəbistanı və ABŞ arasında imzalanan 110 mlrd. dollar dəyərində silah anlaşması və ümumilikdə 380 mlrd. dollara qədər varan stratejik və müdafiə anlaşması oldu. Təbii ki, yeni müqaviləyə qədərki hərbi xərcləri 90 mlrd. dolları aşan Səudiyyənin nəyə görə öz hərbi arsenalını iki dəfədən də artıq artırması sual və narahatlıq doğurmaya bilməzdi. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının Yəməndəki İran dəstəkli "ayaqyalın" husilər istisna olmaqla heç bir ölkə və qruplaşma ilə hərbi münaqişəsi yoxdur və hazırkı büdcə və arsenal onlarla mübarizə aparmaq üçün yetər və artar, deməli bu silah anlaşması daha uzun vədə və daha ciddi rəqib üçün nəzərdə tutulub. Hər halda sammitdə "İran təhlükəsi" ifadəsinin tez-tez işlədilməsi bu cürə düşünməyə əsas verir və Səud-İran savaşı da istisna edilməməlidir.
Amma sammit bitdikdən sonra bu silah-sursat və strateji əməkdaşlıq anlaşmalarına başqa çalarlar qatılmağa başlanıldı. Bununla əslində Donald Trumpın başda Səudiyyə olmaqla sünni ölkələri İran bəhanəsi ilə silahlandırıb pullarını "oğurladığı", daxildə geniş işçi qüvvəsi və dərin siyasi nüfuza sahib olan silah sənayesinin könlünü ələ alıb iqtisadiyyatdakı bəzi boşluqları doldurmağa cəhd etdiyi fikirləri ortaya atıldı. Hər kəs bilir ki, Donald Trump həm də bir qədər "ağızdan yava" adamdır, bütün günü Twitter sosial şəbəkəsində lazım olan, olmayan hər şeyi açıq-aşkar yazması dövlət qurumlarını da məhz gördüyünüz bu twitdən sonra hərəkətə keçirdi. D. Trump yazır: "Orta Şərqdən yüz milyardlarla dolların ABŞ-a geri gətirilməsi yalnız bir məna verir - iş, iş, iş!".
Lakin qənaətimcə bu toplantının əsas hədəfi ABŞ üçün heç də İran deyildi. Bəlkə də Səudiyyə üçün də bu belədir. Məlum məsələdir ki, Çindən başlanacaq Böyük İpək Yolu (BİY) layihəsi Mərkəzi Asiya, İran və Türkiyədən keçəcək əsas etibarilə. Yolun bu ölkələrdən keçməsi eyni zamanda zəngin ərəb ölkələrini də bu qlobal iqtisadi və geosiyasi layihədən kənarda saxlayır. ABŞ-ın bu layihədən narahatlığı dünya liderliyinin Çinə keçməsinə görədir və qərara alıb ki layihədən kənar qalan, fayda götürə bilməyən ölkələri öz tərəfinə çəkərək, silahlandıraraq for-post vəziyyətinə salsın. Əgər o 110 milyardlıq silahlar Səudiyyənin öz içində partlasa belə bu layihəni sabotaj etməyə bəs edər. Səudiyyə və bənzər dövlətlərin narahatlığı isə Mərkəzi Asiya neft-qazının NABUCCO-ya alternativ bir yol ilə bu ərazilərdən Avropaya çatdıra biləcəyidir. Bu da xammalı Avropaya axan xam nefti artıracağından təbii ki, enerji qiymətlərinə təsirsiz ötüşməyəcək. Ümumən əksər OPEC ölkələrini bu layihə narahat edir. Həmçinin Səudiyyə Çinə ən çox neft satan ölkədir İran da OPEC ölkəsidir lakin neft qiymətləri İran iqtisadiyyatına Körfəz ərəblərinə edən qədər təsir etmir. Hal-hazırda Körfəz ərəb dövlətlərinin hər birinin büdcə kəsri mövcuddur.
Sammit bitdikdən sonra Qətər saytlarında dövlət başçısı Əl-Saninin adından sammiti pisləyən və sammitin hədəfində olan ölkə və qurumları müdafiə edən bəyanatlar yayıldı və bomba kimi dünya gündəminə düşdü. Dərhal təkzib olunsa da sonra təsdiqini tapdı və başda Səudiyyə Ərəbistanı olmaqla əksər dünya ölkələrinin mediasında tənqid olunmağa başladı. Ümumən KİV-lər mənsub olduqları ölkələrin dövlətlərinin kölgəsidirlər. Bir ölkədə KİV məlumatı hansı formada paylaşırsa demək dövlətin rəyi də elə budur. Türkiyə mediası da sammitlə bağlı müsbət tonda yox, lağ-lağaçı, eybaxtaran tərzdə xəbərlər verirdi. Təbiidir çünki BİY Türkiyə üçün hava və su kimi lazımdır və deyə bilərəmki Çindən sonra bu layihənin həyata keçməsini ən çox arzulayan dövlətdir. Bunun üçün Türkiyə dövləti İstanbulda infrastruktur layihələrini belə hazırlayıb. Misal olaraq Avrasiya Tuneli, Sultan Səlim körpüsü və s. Bu layihələrin xərcinin böyük hissəsini isə Qətər maliyyələşdirib. Ümumən Qətərin son illər Türkiyə iqtisadiyyatındakı payı artmaqdadır. Türkiyə isə Qətərdə hərbi baza tikir. Qətərin hərbi müdafiəsini 80 faiz ABŞ təmin edir. Görünür Qətər də Türkiyə ilə əl-ələ verib ABŞ orbitindən bir qədər aralanmaq istəyir. 2016-cı il iyunun 2-də The National Interest internet jurnalında yayımlanan məqalənin başlığı: "Çinin gözləri Yeni Böyük İpək Yolunu yenidən tikmək üçün Qətəri axtarır" (1). Çinlə Qətər arasında inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələr qalan heç bir Körfəz ölkəsi ilə bu həddə deyil. Hətta Qətər Çin valyutası alan və Çinlə ticarətdə yerli valyutalar istifadə edən yeganə ölkədir. Bundan əlavə qeyd etməliyəm ki, Qətərin qaz rezervləri neft rezervlərindən qat-qat çoxdur və qaz ehtiyyatlarına malik ilk ölkələrdən biridir. Suriya münaqişəsi alovlananda əmirlik ümidləndi ki, artıq müvafiq olaraq Səudiyyə, İraq və Suriyadan keçməklə Türkiyəyə daxil olacaq, oradan da Avropaya çıxacaq qaz kəməri çəkə biləcək. Buna ABŞ və Səudiyyə nəsə deməyəcəkdi çünki Avropanı Rusiyanın qaz asılılığından çıxarmaq və İran kimi iqtisadi təcridə məruz qoymaq üçün əla ideya idi. Amma ruslar və iranlılar Suriyada tez tərpəndilər və bu ümidlər yarandığı kimi də öldü. Qətər buna görə Suriyada çox pul xərclədi, müxtəlif silahlı qruplaşmalar səfərbər etdi, lakin Qərbin vəd etdiyi hərbi müdaxilə və rejim dəyişikliyi gerçəkləşmədi .Qətərlilərin Rusiyanın neft-qaz şirkətiRosneftin 19.5%-ni alması isə türklər demiş cabası.(2) Suriyadakı fiyasko, ABŞ-ın val dəyişdirməsi, Rusiyanın mövqeyini daha da bərkitməsi, Türkiyənin meydanda kürdlərlə tək-tənha qoyulması Qətəri məcbur etdi ki, durduğu siyasi mövqeni yenidən nəzərdən keçirsin.
Qətər eyni zamanda Səudiyyə Ərəbistanının regional iqtisadi və siyasi rəqibi fonunda tez-tez çıxış edirdi. Suriya böhranında da Qətərin rolu, üsyançılara maliyyə yardımı nəzərə çarpırdı. Lakin son sammitdə artıq Qətər Suriyadakı lider mövqenin də itirməsi ilə nəticələndi deyə bilərik.
Bəs Səudiyyə qarşılığında nə edir? Səudiyyənin rəsmi xəbər agenti Al-Arabiyada yayımlanan bir məqalə diqqətimi çəkdi. Məqalədə səudiyyəlilər öz qonşularını və Əl-Sanini Həmas, Hizbullah, İŞİD, Müsəlman Qardaşlığı kimi terror təşkilatlarını maliyyələşdirməkdə günahlandıran sensasyon informasiyalar var (3). Üstəlik digər məqalənin başlığı isə "Qətərin köhnə sevgilisi Hizbullah" idi. Sünni arealında yer alan və sünni-şiə müharibəsinin ən pik həddə müşahidə olunduğu Suriyada əhəmiyyətli rolu olan Qətərin eyni mövqedə olan Səudiyyə tərəfindən şiə (İran dəstəkli) Hizbullahla gizli əməkdaşlıqda günahlandırılması olduqca ciddi siyasi qalmaqallardan xəbər verir. Həmçinin CIA-nın kölgəsi olan nüfuzlu Foregin Policy jurnalı da Qətər əmirliyinin "anlaşılmaz" mövqeyi barədə tənqidi məqalə nəşr etdi. Qətərin İŞİD-i maliyyələşdirməsi ilk söz-söhbət deyil əslində. Almaniyanın iqtisadi inkişaf naziri Gerd Mueller Qətərin Həmasdan, İŞİD-ə, Talibana qədər bütün terrorçulara pul verdiyini 2014-cü ilin Avqustunda alman ZDF portalına müsahibəsində qeyd etmişdi (4). Bu zaman sual yaranır: Qətərin terror təşkilatlarını maliyyələşdirməsi düzdürsə bu ona nə fayda verə bilər? Mənə belə gəlir ki, buna səbəb və imkan verən amil Qətərin karbohidratlarla və pulla bol, coğrafi mövqe, ərazi, əhali və ordu cəhətdən isə çox kritik, kiçik və zəif olmasıdır. Qətər əlində olan maliyyə resurslarını dünyanın müxtəlif ölkələrindəki terror təşkilatlarına yatırmaqla eyni zamanda ABŞ-ı, Səudiyyəni, İsraili, İraqı, İranı və Türkiyəni şantaj altında saxlayaraq bunlardan qaynaqlana biləcək geosiyasi təzyiqlərdən özünü sığortalayır. Əslində çox ağıllı strategiyadır. Lakin görünən odur ki, böyük qardaş Səud krallığı Böyük İpək Yolunda deyil Böyük Orta Şərq Proyektində addımlamağa israrlıdır. Üstəlik BİY layihəsinin Çin tərəfindən 2013-də elan olunması və Suriyadakı silahlıların 2013-ə qədər bir olub 2013-dən bir-birinə girməsi və yarısının ayrılaraq İŞİD-i qurması, Səudiyyədəki müxtəlif dairələrin İŞİD-i Səudiyyənin yaratdığı yönündə şaiyələrə cavab olaraq bu terror təşkilatının əslində Rusiya-İran-Əsəd-Qətər layihəsi olmasını israrla iddia etməsi çox diqqət çəkəndir. Çünki İŞİD ən çox Əsədə deyil Səudiyyə dəstəkli müxalif qruplara zərər vuraraq Əsədin devrilməsini gecikdirdi, Rusiya və İrana bəhanə verdi. BOP dünya jandarmı olmaq yolunda Amerikan layihəsi idisə BİY eyni funksiyanı Çin üçün yerinə yetirir. Görünən odur ki, iki nəhəng ölkədən çıxan bu iki fərqli geosiyasi strategiya qanlı-qadalı Orta Şərqdə yeni münaqişələrə səbəb olacaq. BOP sarsılmaz diktatorları sarsıdıb, ölkələrini işğal etmişdisə, BİY qardaşı qardaşa, dostu dosta düşmən edəcək.
İstifadə olunan mənbələr:
1. http://nationalinterest.org/blog/the-buzz/china-eyes-qatar-its-quest-build-new-silk-road-16437
2. http://www.reuters.com/article/us-russia-rosneft-privatisation-idUSKBN13W2QG
3. https://english.alarabiya.net/en/features/2017/05/27/ANALYSIS-Question-marks-arise-on-Qatar-s-ties-with-the-Muslim-Brotherhood.html ; https://english.alarabiya.net/en/features/2017/05/27/Hezbollah-and-Qatar-a-story-of-forbidden-love-.html
4. http://www.reuters.com/article/us-iraq-security-germany-qatar-idUSKBN0GK1I720140820
Paylaş: