Xəbər lenti

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda sosial-iqtisadi sahədə aparılan genişmiqyaslı işlər digər bölgələr kimi, Ağdam rayonunun da inkişafına böyük təkan verir. 

Bu gün ölkəmizin digər rayonları kimi, Ağdam rayonu da sürətli inkişaf və tərəqqi yolunu tutmaqdadır. Rayonun bir hissəsinin işğal altında qalmasına rəğmən, ağdamlıların gələcəyə inamla baxması sübut edir ki, qısa zamanda ərazi bütövlüyümüzün bərpası mütləq baş tutacaq. Bu gün işğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında olsa da, rayonun sosial-iqtisadi inkişafı dinamik şəkildə davam edir. 

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi adlandırılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatıb. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Bu tarixi fakt da sübut edir ki, qədim Ağdam yurdunun insanları tarixən çalışqan, zəhmətkeş və torpağa bağlı olublar. 

Daha bir maraqlı tarixi reallıq budur ki, sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar - Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Ağdam rayonu baş verən işğal faktına rəğmən, irəliləyir və bütövlükdə ölkəmizin tərəqqisi naminə töhfələrini bəxş edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda sosial-iqtisadi sahədə aparılan işləri xüsusi diqqətdə saxlaması da, Ağdamın tərəqqisi üçün atılan addımlar sırasındadır. Ağdamın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən qərarlar və verilən sərəncamlar da belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkədə iqtisadi sabitliyin davamlılığının təmin edilməsi, sənaye zonalarının yaradılması rayonda sərmayələrin qoyuluşu ilə nəticəsini tapır. Əbəs deyil ki, müxtəlif infrastrukturların yaradılması - təhsil, səhiyyə, mədəniyyət, idman və s. sahələrin inkişafı üçün atılan addımlar Ağdam sakinlərini sevindirir və qürurlandırır. Xüsusilə, bu ilin əvvəlindən başlayaraq, Prezident İlham Əliyev cənabları tərəfindən başladılan yeni və inqilabi islahatlar paketi cəbhə bölgəsində yerləşən rayonlara, xüsusilə Ağdama da böyük imkanlar yaradıb. Cənab İlham Əliyevin dəfələrlə Ağdama səfərləri zamanı sakinlərlə görüşlər keçirməsi və həmin görüşlər əsnasında ağdamlıları ən mübariz insanları kimi təqdim etməsi bu gün də əməli şəkildə özünü sübuta yetirməkdədir. Ona görə də Ağdam rayonu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət başçısının kəlamlarını sübuta yetirir. 

Prezident İlham Əliyev rayonda olarkən əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları istifadəyə verilib. 30,7 kilometrlik bu yollar 36 min əhalinin yaşadığı 19 məntəqədə rahat gediş-gəlişi təmin edib, düşmənin atəş məsafəsində yaşayan insanlarda böyük məmnunluq yaradıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikintisinə başlanmış və təməlqoyma mərasimində dövlət başçısının da iştirak etdiyi 1800 kvadratmetrlik ümumi sahəsi, 328 nəfərlik zalı, geniş foyesi, qalereyası, qrim və gözləmə otaqları olan Ağdam Muğam Mərkəzinin Prezidentin budəfəki səfəri zamanı istifadəyə verilməsi milli musiqi sənətimizin qorunması və inkişafına növbəti dəyərli töhfə kimi qiymətləndirilib.

Prezident İlham Əliyev Ağdama səfəri zamanı qeyd edib ki, artıq elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə rayonda 30 subartezian quyusu qazılmışdır. Ölkə rəhbərinin növbəti sərəncamları ilə rayonda əlavə 35 subartezian quyusu qazılacaq və yeni məktəb binası tikiləcək. 

Bu gün rayonun inkişaf və tərəqqisində özəl yeri və rolu olan İcra Hakimiyyəti inkişaf yolunu tutan Ağdamın və ağdamlıların sabaha ümidlə baxmalarına geniş şərait yaradır. Rayonun İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də burada sahibkarlığın inkişaf etdirilməsidir. Onun iş adamları ilə tez-tez canlı ünsiyyətdə olması, onların qayğıları ilə yaxından maraqlanması özəl sektorun inkişafına təsirsiz ötüşmür. Bu gün rayonun inkişaf və tərəqqisində özəl yeri və rolu olan İcra Hakimiyyəti inkişaf yolunu tutan Ağdamın və ağdamlıların sabaha böyük ümidlərlə baxmalarına imkan verir. Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramları Ağdamda uğurla icra olunur. Ağdam rayonunun cəbhə bölgəsində yerləşməsi bu rayona daha bacarıqlı, səriştəli, öz işini bilən kadrların təyin edilməsini vacib edir ki, hazırda fəaliyyətdə olan İcra Hakimiyyəti və digər strukturlar öz işləri ilə buna qadir olduqlarını isbatlayırlar. Ölkə rəhbərliyi tərəfindən Ağdam kimi strateji əhəmiyyət daşıyan bir rayonun rəhbərliyinə Vaqif Həsənovun gətirilməsi hər şeydən öncə ona göstərilən böyük etimadın və inamın bariz təzahürüdür. Təyinatdan ötən müddət ərzində Vaqif Həsənovun Ağdamın sadə vətəndaşları tərəfindən də yalnız müsbət xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi və gördüyü işlərin yüksək qiymətləndirilməsi də onun rayon əhalisindən böyük dəstək aldığını bir daha təsdiq edir. Düşmənlə sərhəddə yerləşməsinə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində böyük fəlakətlərə düçar olmasına və ərazisinin 77,4 faizi işğal altında olmasına baxmayaraq, əhalisinin 79,8 faizi məcburi köçkün həyatı yaşayan Ağdam rayonu Dövlət Proqramlarının icrası nəticəsində görkəmini köklü surətdə dəyişib. Ağdam rayonu Ermənistanın işğal siyasətinin vurduğu fəsadlara və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq, inkişaf edir, müasirləşir, əhalinin güzəranı gündən-günə yaxşılaşır. Baş tutan səyyar görüşlərdə sakinlərin problemləri və s. qayığıları diqqətdə saxlanılır, məsələlər yerindəcə həll edilir.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun bu yaxınlarda Sarıçoban və digər kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. 

Bu gün hər bir ağdamlı Ümummilli lider Heydər Əliyevin Ağdama böyük ehtiramını, dar günlərdə rayona arxa-dayaq olmasını, davamlı diqqət və qayğısını hər yerdə böyük qədirbilənliklə yad edirlər və Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək rayonun irili-xırdalı problemlərinin həllinə geniş imkan yaratmasını da ağdamlılar dərin minnətdarlıq hissilə qiymətləndirirlər.

Savalan TALIBLI




Ana səhifəyə qayıt        Baxış: 477          Tarix: 9-08-2019, 01:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma