Tehranda bu gün 3 fərqli yerdə terror hadisəsi törədilib. Ovqat.com-un bildirdiyinə görə, terrorla bağlı ilk xəbərlər parlament binasından gəlib. Parlamentə soxulan terrorçuların hücumları nəticəsində 7 nəfər öldürülüb, 4 nəfər girov götürülüb.
İkinci terror hadisəsi İmam Xumeyni türbəsində baş verib. Özünü partladan terrorçunun türbədə törətdiyi təxribatın miqyası, xüsusilə canlı itki barədə heç bir məlumat verilmir.
Üçüncü partlayış isə metronun İmam Xümeyni stansiyasında törədilib. Əraziyə çox sayda təcili yardım maşınları göndirilsə də, təxribatın detalları barədə heç nə deyilmir.
Bir-birinin ardınca törədilən və Qətər böhranı ərəfəsinə düşən terror hadisələri ciddi nigaranlıq doğurur. Baş verənlərin Yaxın Şərqdə yeni konfliktin başlanması üçün bir “start düyməsi” ola biləcəyi güman edilir. Terror hücumunda xüsusilə İmam Xümeyni türbəsinin hədəf seçilməsi isə rəsmi Tehranı “duelə” dəvət etməyə bənzəyir. Tehran, istəsə də istəməsə də, bu “duel” çağırışını qəbul etmək məcburiyyətindədir. Əks halda öz əhalisi üzərində qurduğu “müqəddəs rejim” xofunun qırılmasına göz yummuş olar.
Böyük ehtimalla, İran bütün olacaqları nəzərə alacaq, sözügedən hücumlara biganə qalmayacaq, Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinə qarşı hər hansı formada cavab verəcək. Hətta İranın özü olmasa belə, Yaxın Şərqdə yeni konfliktlər yaratmaq istəyən qüvvələr onun əvəzinə “müəyyən addımlar” ata bilərlər. Yetər ki, tərəflər bir-birilərinə qarşı amansız müharibələrə girsin, Yaxın Şərqdə davam edən məzhəb müharibəsi daha geniş vüsət alsın, lokal savaş regional davaya çevrilsin. Nəticədə müsəlmanların bir-birinin axıtdığı qanıyla imperialist qüvvələrin hərb sənayelərinin çərxi fırlansın, ölkələr himayədar axtarışına çıxsın və öz xoşlarıyla regionun ağası olmağa çalışan qlobal güclərin qucağında otursun.
Əsəblərin gərildiyi indiki şəraitdə bu cür təxribatlar yalnız ölkələri konfliktə təşviq etməklə qalmaz, İslam dünyasında onsuz da var olan və hər an partlamağa hazır vəziyyətə gətirilən məzhəb düşmənçiliyini daha da qızışdıra və ölkələri həm də vətəndaş müharibələrinə sürükləyə bilər. Tehranda törədilən terror hadisələrini İŞİD-in boynuna götürməsi bu mənada təsadüfə oxşamır...
Paylaş: