Xəbər lenti
Dünən, 19:25

 

Xarici ölkə vətəndaşlarının Türkiyədə satın aldığı mənzil sayı son 2 ildə 105% artıb. 2017-ci ildə əcnəbilər 22.234 ev aldığı halda, 2019-cu ildə bu rəqəm 45.483-ə yüksəlib. Son 2 ildəki bu artımın Türkiyədə mənzil alan əcnəbilərə vətəndaşlıq yolunun asanlaşdırılmasından dərhal sonra baş verməsi diqqət çəkib.

12 yanvar 2017-ci ildə qəbul edilən qanunla 1 milyon ABŞ dolları dəyərində ev alanlar onlara 3 il sahiblik edərsə, Türkiyə Respublikası vətəndaşlığı ala bilir. 18 sentyabr 2018-ci ildə qanuna edilən dəyişikliklə, bu məbləğ 250 min dollara qədər azaldılıb.

Əcnəbilər son 7 ildə 180 min ev alıblar.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatları 2013-ci ildən bu yana əcnəbilərin hər il satın aldığı mənzil miqdarını göstərir. Həmin məlumatlara əsasən, əcnəbilər 2013-cü ildə 12 min 181, 2014-cü ildə 18 min 959, 2015-ci ildə 22 min 830 mülk alıblar.

Bu rəqəm 2016-cı ildə 18 min 189-a enib. 2017-ci ildə isə Türkiyədə mənzil satın alan xaricilərə vətəndaşlıq hüququ verilib. Yanvarın 12-də qəbul edilən qanuna görə, xarici vətəndaşlar 1 milyon ABŞ dolları dəyərində əmlak alıb 3 il müddətində mülkiyyət hüququnu qoruduqları təqdirdə, Türkiyə vətəndaşı olmaq imkanı əldə ediblər.

2017-ci ildə bu yolun açılması ilə əcnəbilərin aldığı mülk sayı bir qədər artaraq 22 min 234-ə çatıb. Bununla birlikdə, həmin göstərici 2015-ci ilin səviyyəsindən aşağıda qalıb.

2018-ci ilin sentyabr ayında 1 milyon dollar olan daşınmaz əmlak üçün sərmayə həddi 250 min dollara endirilib. Elə həmin ildə əcnəbilər tərəfindən alınan yaşayış evlərinin sayı 39 min 663-ə yüksəlib. Bu say 2019-cu ildə 45 min 483-ə çatıb.

Beləliklə, vətəndaşlıq alma yolu asanlaşdıqda, 2017-2019-cu illər arasında 100 faizdən çox artım olub. 2013-2019-cu illəri əhatə edən 7 ildə əcnəbilər ümumən 179 min 539 ev alıblar.

 

İraqlılar hər 5 evdən 1-ni alıblar

TÜİK 2015-ci ildən bəri mənzil almış əcnəbilərin milliyyətini elan etməyə başlayıb.

2015-2019 illəri əhatə edən 5 illik müddətdə Türkiyədə ən çox mənzil satın alan əcnəbilər İraq vətəndaşları olub. Xarici vətəndaşlar bu 5 ildə ümumən 148 min 399 ev alıblar. İraqlıların satılan hər 5 evdən 1-ni aldığı məlum olur. İraq vətəndaşları 5 ildə 26.870 ev alıblar. Bu, 18,1 faizə uyğundur.

 

İraqlılardan sonra Ərəbistan və İran vətəndaşları

İraqın ardınca Səudiyyə Ərəbistanı vətəndaşları 12 min 861 ev ilə ikinci sırada gəlirlər. Bu ölkənin vətəndaşları son 5 ildə satılan evlərin 8,7 faizinə sahib olublar.

Üçüncü sırada olan İran vətəndaşları 11 min 275 ev alıblar. İranlıların nisbəti 7,6 faizdir.

Bu ölkələri Rusiya izləyir: 9 min 781 (6,6 faiz), daha sonra Küveyt 9 min 697 (6,5 faiz), Əfqanıstan 7 min 214 (4.8 faiz), Almaniya 5 min 944 (4 faiz), Böyük Britaniya 5 min 265 (3,5 faiz), Azərbaycan 4 min 808 (3,2 faiz) və İordaniya 4 min 29 (2.7 faiz).

Qətər vətəndaşları cəmi 2.323 ev alıblar.

 

İstanbul və Antalya liderdir, İzmir siyahıda yoxdur

Xaricilərin şəhər seçimlərini nəzərə alaraq, İstanbul və Antaliyanın ümumi payı 56 faizi ötüb.

2015-2018-ci illəri əhatə edən 4 illik dövrdə əcnəbilər ümumən İstanbulda – 35 min 756, Antaliyada – 23 min 69 ev alıblar. Müvafiq olaraq 34,4 faiz və 22.2 faiz.

Bursa, Yalova, Ankara, Trabzon, Sakarya, Muğla və Mersin İstanbul və Antaliyanı təqib edir.

Türkiyənin öndə gələn şəhərlərindən biri olan İzmirin ilk 10-luqda yoxluğu da böyük diqqət çəkib.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 909          Tarix: 21-01-2020, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma