Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
ABŞ-da 46 yaşlı afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsindən sonra başlayan etirazlar artıq yeddinci gündür ki, davam edir. Prezident Tramp etirazları yatırmaq üçün ağır silahlı ordu hissələrini iğtişaş olan bölgələrə göndərməklə bağlı tapşırıq verib.
Hadisənin baş verdiyi Minneapolisdə polis və Milli Qvardiyanın müdaxiləsindən sonra sabitlik bərpa olunsa da, şəhərdə anım mərasimləri davam edir. Ancaq digər şəhərlərdə, o cümlədən Nyu-Yorkda və paytaxt Vaşinqtonda etirazlar davam edir. Nyu-Yorkda etirazlar komendant saatının başladığı 23:00-a qədər davam edib. Bu zaman şəhərin bir çox yerlərində, o cümlədən Manhettendə mağazalar qarət olunub.
Aksiya və qarətlər Pensilvaniya ştatının mərkəzi Filadelfiyada, Vaşinqton yaxınlığında yerləşən Merilənd ştatında da davam edib.
Çikaqoda baş verən iğtişaşlarda isə iki nəfər dünyasını dəyişib. Həmçinin, iğtişaşlar zamanı 60 nəfər saxlanılıb. “Associated Press” (AP) agentliyi son bir həftədə davam edən etirazlar zamanı ABŞ-ın müxtəlif şəhərlərində 5600 nəfərin saxlanıldığı haqqında xəbər yayıb.
Missuri ştatının Sent-Luis şəhərində isə aksiyaçılar polisə atəş açıb. Odlu silahdan açılan atəş nəticəsində dörd polis əməkdaşı yaralanıb.
Son məlumatlara əsasən, ABŞ-ın 40-dan çox şəhərində komendant saatı elan olunub. Bütün şəhərlərdə polis səfərbər olunub. 23 şəhərə isə aksiyaları nəzarətə götürmək üçün ABŞ Milli Qvardiyasının hərbçiləri cəlb edilib.
ABŞ Prezidenti Donald Tramp baş verənləri “daxili terror” aktları adlandırıb. Eyni zamanda, prezident bildirib ki, haqlı etirazların və sülhsevər aksiyaların qəzəbli qruplar tərəfindən yatırılmasına imkan verməyəcək.
Prezident Tramp bəzi yerli icra orqanlarını və bələdiyyə sədrlərini “lazımi addımları atmamaqda” ittiham edib və zorakı aksiyalara müdaxilə etmək üçün ağır silahlı hərbçilərin göndərilməsi barədə əmr verdiyini bildirib. O deyib ki, əsas məqsədləri ölkədəki qarət və zorakılıqların qarşısını almaqdır. Eyni zamanda o, əlində İncillə Ağ Ev yaxınlığında yerləşən və etirazçılar tərəfindən yandırılan Sent-Cons kilsəsinə gedib.
Doğrudur, etirazlar hələ də davam edir və zorakılıq hallarının bir müddət olacağı ehtimal edilir, lakin hadisələrin gedişi göstərir ki, aksiyalar tezliklə sakitləşəcək. Polisin və hətta bəzi şəhərlərdə Milli Qvardiyanın dinc etirazçılarla həmrəylik nümayiş etdirməsi, hadisələrin nəzarətə alınması istiqamətində ciddi fəaliyyətin olduğunu göstərir. İndi hökumət qüvvələri əsasən hadisələrdən istifadə edib, soyğunçuluq və qarət həyata keçirən zorakı qrupları dinc və haqlı etirazçılardan ayırmağa çalışır.
Sirr deyil ki, bu cür kütləvi etirazlar ABŞ üçün xarakterikdir. Ötən əsrin 60-cı illərinin sonunda ölkədə irqçiliyə son verilib. Amma ABŞ-da hələ də irqçi qruplar və irqi ayrı-seçkilikdən narazı olan kütlə var. Bundan öncə, Ferqüsson olayları da göstərdi ki, bu cür etirazlar hər an alovlana bilər. Bu səbəbdən də ötən həftə Minneapolisdə polisin qaradərili vətəndaşın boğazını sıxaraq, ölümünə səbəb olması tezliklə bütün ölkəni bürüyən etirazlara çevrildi.
Lakin bu dəfə hadisələr daha şiddətli və genişmiqyaslı oldu. Bunun isə bir sıra səbəbləri var. Bunların arasında Prezident Trampın hakimiyyətə gəlməsindən sonra Birləşmiş Ştatlarda sağ mühafizəkar xəttin güclənməsi, xüsusən də son aylarda koronavirus pandemiyası dövründə irqçiliyin yüksəlməsi faktoru var. Corc Floydun faciəli ölümü bir mənada yığılıb qalan qəzəbin partlayışı oldu.
Təbii ki, bütün hallarda bu hadisə ABŞ və onun hazırkı prezidenti üçün ağır nəticələrə səbəb olacaq. Və artıq olmağa başlayıb. Donald Trampın prezidentliyi dövründə əsas öyündüyü ölkə iqtisadiyyatındakı sürətli artım, işsizliyin 50 ilin minimumuna düşməsi və gəlirlərin artması tezisi koronavirus dövründə ciddi zədə aldı. İndi isə bu arqument tamamən zədələndi.
Floyd aksiyalarından əvvəl Çin və Ümumdünya Səhiyyə Təşkilatına qarşı hücuma keçən Tramp indi öz ölkəsində olanlara görə müdafiə mövqeyinə çəkilib. Bütün dünyanın diqqəti indi ABŞ hökuməti üzərindədir. Hətta ABŞ-ın dünyadakı əsas müttəfiqi olan Avropa İttifaqının liderləri də bu ölkədə hökumət qüvvələrinin zorakılığını tənqid ediblər. Hətta Avstraliya kimi ölkələrdə belə ABŞ-dakı hadisələrlə bağlı etiraz aksiyaları keçirilir. Çin isə indi demək olar ki, unudulub.
Bütün bunlar ABŞ-da prezident seçkilərinə beş ay qalmış baş verir. Bu isə ikinci dəfə seçkilərə hazırlaşan Donald Tramp üçün ciddi zərbədir. Bu səbəbdən də ABŞ prezidenti narahatdır, ağır silahlı ordu birləşmələrini etirazları yatırmaq üçün göndərməyi əmr edib. Yeri gəlmişkən, məlum olub ki, Pentaqon rəhbərliyi prezidentin aksiyaları yatırmaq üçün ordu göndərilməsi qərarından narahat olub. Çünki bu, qarşıdurmaları böyüdə, zorakılıq hadisələrini daha da artıra bilər. Çünki ABŞ-da bu cür hadisələr zamanı bir qayda olaraq polis, şiddətli etirazlar zamanı isə Milli Qvardiya hərbçiləri cəlb olunur. Ordu birləşmələrinin aksiyalara cəlb olunması insan tələfatına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, ABŞ-da mülki əhalidə çoxlu sayda silah var.
Buna görə də indi ABŞ hökumətinə aksiyaları nəzarət altına almaq və mümkün siyasi-psixoloji təsirlərini minimuma endirmək lazımdır. Bu səbəbdən də etirazların xarici ölkələr tərəfindən qızışdırılması haqqında rəsmi bəyanatlar verilir, bəzi daxili qruplar tərəfindən yönləndirilməsi ilə bağlı sui-qəsd nəzəriyyələri ortaya atılır. Görünən odur ki, ABŞ prezidenti baş verənləri ənənəvi olaraq siyasi-ideoloji qarşıdurma müstəvisinə çəkməyə çalışır. Yalnız bu halda mümkün siyasi zərbələrin təsirini azaltmaq mümkündür.
Bütün hallarda aksiyalar tezliklə başa çatsa da, bu etirazların ABŞ-da siyasi proseslərə təsiri qalacaq. Xüsusən də, Prezident Trampın seçkilərdə səslərinə təsir edəcək. Lakin ABŞ prezidenti bu hadisələri ona qarşı olan güclərin planı kimi təqdim etməklə mövqeyini qoruyub saxlamağa çalışır. Prezidentin tarixi kilsəyə əlində İncil getməsi də xitab etdiyi elektorata səfərbərlik mesajı kimi də qiymətləndirilə bilər.
Nəticə etibarı ilə son hadisələr və koronavirus Donald Tramp üçün ciddi seçkiqabağı imtahana çevrilir.
Ağ Ev sahibinin bu prosesdən hansı itkilərlə çıxacağı həm də seçkilərin nəticələrini müəyyən etmək üçün ciddi indikator rolunu oynayacaq.
Oxu.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar