Xəbər lenti
Dünən, 19:25


Vitali Portnikov
“Obozrevatel”, Ukrayna, 24 iyun 2020-ci il
 
Vladimir Putin Rusiyada epidemioloji durumun ağır olmasına baxmayaraq, “Qırmızı meydan”da hərbi parad keçirmək və öz təbəələrini müharibə allahına qurban vermək haqqında qərar qəbul etdikdə, hər halda, hesab edirdi ki, nüfuzlu dünya lideri olmaqda davam edir və dəvətini rədd etmək sadəcə mümkün deyil.

Əgər epidemiyanın bürüdüyü Moskvaya Qərb liderləri gəlməkdən qorxsalar da, postsovet məkanı liderləri üçün Putin, hər bir halda, itaətsizlik göstərməyin mümkün olmadığı “alfa-erkək” olaraq qalacaqdı.

Məhz buna görə Kremldə hesab edirdilər ki, dəvət olunma şərəfinə kimi layiq görüb-görməməyi özləri həll edəcəklər və II Dünya Müharibəsinin həqiqi səbəbləri haqqında “səhv” danışan Vladimir Zelenskiyə belə, dəvət göndərməyi nümayişkaranə şəkildə rədd etdilər.
Lakin cinayətkarcasına keçirilən parad yalnız “Qələbə Baba”nın, – rusların özü yaşlanmış Putini ironik şəkildə belə adlandırır, – beynəlxalq izolyasiyasını göstərdi. Putinin dəvətilə yalnız o adamlar gəldilər ki, onlar sadəcə olaraq gəlməyə bilməzdilər. Nəticədə Putin parada, əlbəttə, əgər işğal olunmuş Abxaziyanın başçısı Aslan Bjaniya nəzərə alınmazsa, 7 prezidentin əhatəsində baxmalı oldu. Kremldə heç ondan da razı deyillər, çünki Putinin canişinini hakimiyyətdən məhrum edib.

Bəli, yalnız o adamlar gəlmişdilər ki, onlar sadəcə olaraq gəlməyə bilməzdilər. “Xarici” aləmdən olan, yəni, MDB-dən kənar olan yeganə qonaq Serbiyanın Prezidenti Aleksandr Vuçiç idi. O, öz ölkəsinin Avropaya inteqrasiyasını etibarlı seçiciləri qarşısında Rusiya ilə “dostluğun” imitasiyası ilə uğurla uzlaşdırır. Və Moskva səfərindən həmən sonra artıq real siyasətdə iştirak etmək, Kosovanın baş naziri Abdulla Xoti ilə görüşmək üçün Vaşinqtona yola düşəcək. Bu görüşdə vasitəçi Vladimir Putin deyil, Donald Tramp olacaq. Putinlə parada gələn əsgərlərin məsələsi danışılır, Trampla isə Serbiyanın gələcəyi məsələsi müzakirə olunacaq. Amma indi Moskvada Vuçiçi “ilin başlıca xarici qonağı” adlandırırlar, axı o, hər hansı bir postsovet hökmdarı deyil, “həqiqi” prezidentdir. Baxın, Vuçiçin qonşusu, parada gəlmək niyyəti olan Xorvatiya Prezidenti Zoran Milanoviç isə uçub Moskvaya çata bilmədi – onun “təyyarəsi sındı”.

Postsovet məkanının 9 prezidentindən yalnız 6-sı gəlmişdi. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Moskvadan qayıtdıqdan sonra karantindən qorxdu. Əgər getsəydi, bu, ona öz ad gününü qeyd etməyə mane ola bilərdi. Moskvada görüşməyi planlaşdıran Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev gəlməkdən imtina etmələrini öz ölkələrindəki mürəkkəb epidemioloji durumla izah ediblər. Nəticədə Putinin hətta ən yaxın müttəfiqləri belə gəlmədi, qeyd edildiyi kimi, yalnız o adamlar gəlmişdilər ki, onlar sadəcə olaraq gəlməyə bilməzdilər.

Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti “yalançı seçkilər”ə hazırlaşır və istəmir ki, Moskva onun hakimiyyəti öz əlində saxlamasına mane olsun.

Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev “həqiqi prezident” olmaq üçün Qazaxıstanın həqiqi hökmdarının kölgəsinə deyil, Moskvanın dəstəyinə arxalanır.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov öz sələfini yenicə 11 illik həbs edib və təsdiqə ehtiyac duyur.
Moldova Prezidenti İqor Dodon seçkilərə hazırlaşır və Putinin dəstəyi onun üçün başlıca siyasi (əslində, yalnız siyasi deyil) kapitaldır.
Tacikistan Prezidenti Emoməli Rəhmon artıq hakimiyyəti oğluna ötürmə əməliyyatına başlayıb və özünün monarxiya qurmaq təşəbbüslərinin anlaşılmasına ehtiyacı vardır.

Özbəkistan Prezidenti Şavkat Mirziyayev isə daima nümayiş etdirir ki, öz sələfindən fərqli olaraq, hamı ilə – həm Qərblə, həm Rusiya ilə, həm də qonşularla dostluq etməyi bacarır. Baxın, bütün qonaqlar bunlardır.

Göründüyü kimi, Vladimir Putinin beynəlxalq nüfuzu çox azalıb.

Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 3 176          Tarix: 25-06-2020, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma