Xəbər lenti


Müharibə dəhşətlərinin bizdə yaratdığı emosional ovqatla düşünərək, ekssentrik hərəkətlər edən, gəvəzə-gəvəzə, hərzə-hədyan danışan, yalana, iftiraya dəm verən baş düşmənimiz Nikol Paşinyan barədə “kəmağıl”, “dəli”, “paranoik” kimi ağır sözlər işlətdiyimizə baxmayın, əslində müasir erməni siyasətçilərinin içində ən ağıllısı və ciddisi elə odur. O birilərdən xəbərimiz yoxdur.

Paşinyanın 10 il əvvəl parlamentdə danışdığı sözlərə fikir verin. Adam sülhdən, güzəştdən danışır. Deyək ki, o vaxt saqqalı yox idi, sözü ötmürdü. Ondan 8 il sonra adam baş nazir seçildi, üstəlik, çalsaqqal (yarıağ, yarıqara) oldu, amma yenə sözü ötmədi.
Hələ 15-16 il əvvəl Tiflisdə azərbaycanlı jurnalistlərlə hansısa konfransa görüşərkən sülhpərvər mövqedən çıxış edən Nikol Vovayeviç yenicə hakimiyyətə gələndə də bir müddət sülhdən, qarşılıqlı razılaşmadan danışırdı. Pşinyanın həyat yoldaşı Anna Akopyan da ona qoşulmuşdu, o da özünü sülh elçisi kimi aparırdı, azərbaycanlı analara sülh çağırışları edirdi.

Əslində bu cütlük öz çağırışlarında səmimi idi, fəqət onlar Azərbaycanla qalıcı sülhü belə təsəvvür edirdilər ki, biz işğal olunmuş torpaqlarımızdan vaz keçirik və regiona sülh gəlir. Bəlkə də Paşinyan-Akopyan cütlüyü bizim üçün xırda-para güzəştlər də nəzərdə tuturdu, amma nə o güzəştlər bizim yaramızı sağaldırdı, nə də yerdə qalan erməni siyasətçiləri və ziyalıları biz bir qırnıq güzəştə getmək fikrindəydilər. Onlar həmişəki kimi, “qan töküb torpaq almışıq, hamısı özümüzündür” modundaydılar.

Ona görə də 2018-ci ildə Ermənistanda azsaylı sülhpərvər adamlardan biri olan Paşinyan yavaş-yavaş mürtəceləşdi. Erməni isteblişmenti, generaliteti bu yazıq adamı qabağına qatıb apardı, sülhpərvəri qova-qova militarist etdi. Anna Akopyan bu dəfə də onun yanında oldu. Bu “sülh göyərçini” əyninə əsgər paltarı geydi, əlnə tüfəng götürdü, səngərdə uzanıb bizə sarı silah tuşladı, poza verdi...
Onlar öz hakimiyyətləri xatirinə hər gün bir az daha artıq şiddətdə Azərbaycana, sülhə, hər hansı güzəştə qarşı olduqlarını isbat etməyə çalışırdılar. Amma bu cütlük, eləcə də Paşinyanın iqtidar komandası mindikləri hərb maşınını harada əyləməyi bilmədilər və Cıdır düzündən üzü aşağı yuvarlandılar.
İndiki duruma baxın. Hələ də Ermənistanda ən ağıllı siyasətçi Paşinyandır. Adam səhvini anlayıb, harada nəyi etməməli olduğunu aşağı-yuxarı başa düşüb, uduzduğunu, reallığı qəbul edir.

Ancaq başqaları, xüsusilə də onun rəqibləri hələ də qan-qan deyir, revanş arzusuyla alışıb-yanırlar. Onlar daha axmaq adamlardır, ölkənin güclü Azərbaycanla müharibə aparmaq üçün heç bir resursunun (nə hərbi texnika, nə döyüşçü sayı, nə döyüş əzmi sarıdan) olmadığını anlamırlar. Eləcə, onları dilə gətirən içlərindəki məkr və hikkədir.
Bu militarist şəxslərin yeganə niyyəti millətin olan-qalan resursunu hərəkətə gətirərək irəli atılmaqdır. Bu da təbii ki, öz xalqını qırğına vermək deməkdir.
Paşinyan anlayır ki, bu gedişlə Ermənistan qısa müddətə çökər, erməni xalqının genefonduna sarsılmaz zərbə vurular, amma onun rəqibləri real təhlükənin ciddiyətini anlamırlar. Gərək dənizin suyunun şor olduğuna özləri də hərəyə bir vedrə içərək əmin olsunlar.

17 müxalif partiyanın Paşinyanı devirərək, Qarabağ ətrafındakı situasiyanı öz xeyirlərinə dəyişə biləcəkləri düşüncəsinə qapılması məhz o korafəhm militaristliyin nəticəsidir. Hələ onlara Paşinyanın komandasından da dəstək verənlər var.

Yəni biz oturub gözləsək ki, sabah Ermənistanda başqa biri hakimiyyətə gələcək və o, Qarabağ münaqişəsi ətrafında bu saatdan sonra yaranmış situasiya ilə barışacaq, xalqını məhvə aparmaqdan imtina edəcək, sülhə gələcək, yanılarıq.
Ermənilər sona qədər dirəşəcəklər, müxtəlif hiylələr fikirləşəcəklər, hazırlanan sənədlərdə vergül, tire söhbəti edəcək, qalıcı sülh əldə olunmaması üçün əllərindən gələni beş qaba paylaşdıracaq, revanş ehtimalını həmişə ağıllarında saxlayacaqlar.

İndi militarist ermənilər (siyasi liderlər, ictimai-siyasi fəallar) kütləvi şəkildə xəyanətdən danışırlar. Amma fərqində deyillər ki, əsl xəyanətkar onlar özləridir, Azərbaycanın təslimçi sülhə heç vaxt razılaşmayacağını bilə-bilə Paşinyanın komandasını qeyri-bərabər döyüşə təhrik etdilər və biabırçı məğlubiyyətə uğradılar. Onlar hakimiyyətə yeni gələn şəxsləri də belə edəcəklər, onlar da ağıllı olmasalar, fitnəyə getsələr, lap axırda hamısı anlayacaq ki, yeganə qurtuluş sülh imiş.

musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 092          Tarix: 11-11-2020, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma