Xəbər lenti


20-ci əsrin nəhəng siyasi simalarından biri sayılan Konrad Adenauerin adı tarixə “Almaniyanın siyasi və iqtisadi memarı” kimi həkk olunub. II dünya müharibəsindən sonra məğlub Almaniyanın yenidən dirçəlməsində onun əvəzsiz xidmətləri olub.

1949-cu ildə Konrad Adenauer Almaniya Federativ Respublikasının ilk federal kansleri seçilib. Həmin vaxt onun 73 yaşı olub. Bəlkə də çoxları bu yaşlı siyasətçinin kansler fəaliyyətinə ümidsiz baxıblar, dağılmış Almaniyanın dirçəldilməsində Adenauerin heç nəyə nail ola bilməyəcəyini düşünüblər. Amma hər şey əksinə baş verib. Konrad Adenauer 14 illik hakimiyyəti dövründə Almaniyanın yeni, müasir, inkişaf yoluna qədəm qoymasını təmin edib.

Konrad Adenauer 5 yanvar 1876-cı ildə Kölndə anadan olub. Gimnaziya təhsilindən sonra o, Bonn Universitetinə qəbul olunub. Ailənin maddi durumu beş illik təhsil haqqını ödəmək imkanından xaric olduğu üçün Konrad gecə-gündüz çalışaraq beş illik təhsil proqramını iki il yarım ərzində başa çatdıraraq universitet diplomuna vaxtından əvvvəl sahib olub və bununla da ailə büdcəsinə qənaət edib.

                                                     Adenauer və Villi Brandt
İlk əmək fəaliyyətinə Köln məhkəməsində hakim köməkçisi vəzifəsində başlayan Adenauer 1906-cı ildə Mərkəz partiyasına üzv olub, şəhər bələdiyyə sədrinin müavini təyin edilib. Fərqli işgüzarlığa və bacarığa malik olması gənc hüquqşünasın karyerasında mühüm rol oynayıb və o, 1917-ci ildə Köln şəhərinin burqomistri (şəhər rəhbəri, mer) vəzifəsinə sahib olub. O, bu vəzifədə 1933-cü ilə qədər çalışıb. Bu müddət Kölnün inkişaf dövrü adlandırılır.
1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Kornad Adenauerin həyatının ən ağır mərhələsi başlayıb. Hitler hakimiyyətini, nasist ideologiysını həzm etməyi bacarmayan Adenauer öz siyasi baxışlarını gizlətməyib. 17 fevral 1933-cü ildə Adolf Hitler Kölnə səfər edərkən Adenauer füreri hava limanında qarşılamağa özü getməyərək müavinini göndərib. Bununla yanaşı, o, şəhərdə nasist bayraqlarının qaldırılmasına da icazə verməyib. Sözsüz ki, bu cür münasibət Hitlerin qəzəbinə səbəb olub və son nəticə olaraq Adenauer bütün vəzifələrindən azad olunub.

                                                      Adenauer Con Kennedi ilə
1934 və 1944-cü ildə Konrad Adenauer iki dəfə gestapo tərəfindən həbs edilib. Almaniyada yaşamağın mümkün olmadığını dərk edən Adenauer bir müddət İsveçrədə yaşamağa məcbur qalıb.
Almaniyanın II dünya müharibəsində məğlubiyyətindən sonra Konrad Adenauer siyasi müstəvidə yenidən görünüb. O, Xristian Demokrat Partiyasının yaradıcılarından biri olub. 1949-cu ildə isə federal kansler seçilib.
Almaniyanın ən çətin dövrü sayılan bu ərəfədə K.Adenauer bütün gücünü səfərbər edərək öz ölkəsini bərpa etməyi bacarıb. Külə dönmüş ordudan yeni güclü ordunun yaradılması, dövlətlərarası münasibətlərin bərpa edilməsi, yeni dövlətçilik ənənələrinin yaranması məhz onun adı ilə bağlıdır. Ölkənin iqtisadiyyatının inkişafında isə K.Adenauer əsl möcüzələrə imza atıb və onun bu fəaliyyəti “Almaniya iqtisadiyyatının möcüzəsi” adlandırılıb.
Beynəlxalq siyasi müstəvidə həm qatı antifaşist, həm də qatı antikommunist kimi tanınan Adenauer Amerika Birləşmiş Ştatları ilə daha yaxın münasibətlər qurmağa üstünlük verib.

                                                              Adenauer SSİ-də

1955-ci ilə qədər Almaniya ilə (AFR) SSRİ arasında heç bir diplomatik münasibətlər mövcud olmayıb. Adenauer Şərqi Almaniya məsələsinə görə SSRİ ilə əməkdaşlığın tərəfdarı olmayıb. Amma SSRİ-də 35 min nəfərdən artıq alman əsirinin qalması onu ciddi narahat edib. Bu narahatlığı aradan qaldırmaq üçün o, 1955-ci ildə SSRİ-yə rəsmi səfərə gəlib. Çılğın Xruşovla üz-üzə durmaq Adenauerə heç də asan başa gəlməyib. Almaniya kansleri əsirlərin qaytarılması ilə müzakirələr aparanda Xruşov əvvəlcə rəsmi diplomatik münasibətlərin yaradılmasının zəruri olduğunu bildirib. Qızğın müzakirələr zamanı ümumi nəticə əldə olunmayanda Xruşov bildirib ki, “biz tələsmirik, gözləyə bilərik, bununla heç kimin arxasına soyuq dəyməyəcək” deyerək əllərini şappıltı ilə arxasına çırpıb.
Səfər günlərində əsəbləri tarıma çəkilən Adenauer axşamdan xeyli keçmiş mehmanxanadan öz təyyarəsinin uçuşa hazır olmasını əmr edib. Bundan xəbər tutan Xruşov və Bulqanin təcili onunla görüşüblər. Sovet liderləri diplomatik əlaqələrin yaradılması ilə bağlı sənədlərə imza atdıqdan sonra dərhal bütün alman əsirlərinin azad olunmasını vəd ediblər.
Nəhayət, dörd günlük qızğın müzakirələrdən sonra SSRİ ilə Almaniya arasında müharibədən sonra ilk diplomatik əlaqələr yaranıb və 38 min alman əsiri Almaniyaya qaytarılıb.

                                                                    Adenauer və Çörçill
Xruşov hər dəfə mətbuata açıqlamalar verərkən Adenaeur haqqında fərqli fikirlər bildirib. Məsələn, kanslerin Moskva səfərindən sonra sovet lideri onu “dahi siyasətçi” adlandırıb. Başqa bir müsahibəsində Xruşov Adenaueri aşağıdakı ifadələri ilə təhqir edib:
“Konrad Adenauer başını itirmiş bir siyasətçidir. Onun ağlı gedib. Mən məsləhət görərdim ki, o, könüllü olaraq dəli paltarı geyinib dəlixanaya getsin...”
Adenauer də öz növbəsində Xruşovu normal düşüncəyə malik bir siyasətçi kimi qəbul etməyib.
Konrad Adenauer güclü siyasətçi olmaqla yanaşı, həm də çox maraqlı və hazırcavab bir şəxs olub.
Müharibədən sonrakı illərdə Vyaçeslav Molotovla görüşəndə Molotovun ona ilk sualı belə olub:
- Hitler kimi bir faşisti uzun illər öz ölkənizdə necə saxlamısınız?
Adenauer düşünmədən Molotovun cavabını verib:
- Biz bir ölkədə yaşasaq da, mən bir dəfə də olsun sizdən fərqli olaraq ona əl uzatmamışam.
Bununla Adenauer Molotova onun Hitlerlə görüşünü xatırladıb.

Konrad Adenauerə kansler olduğu vaxt xarici işlər naziri vəzifəsini tutan Brentanyunun qeyri-ənənəvi cinsi orentasiyaya malik olduğunu irad kimi bildirəndə kansler maraqlı bir cavab verib:
- Mən bu haqda heç nə deyə bilmərəm. Çünki hələ ki, o, mənə heç nə təklif etməyib.
K.Adenauer kansler vəzifəsində qalmaq imkanı olsa da, o, yaşını nəzərə alaraq 1963-cü ildə, 87 yaşında könüllü olaraq vəzifədən gedib.
Almaniya Federativ Respublikasının ilk federal kansleri Konrad Adenauer 1967-ci ildə 91 yaşında vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 487          Tarix: 5-01-2021, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma