Xəbər lenti
  

ABŞ-ın yeni  prezidenti Cozef Baydenin hakimiyyəti dövründə super gücün rəqibləri ilə bağlı siyasətində bəzi önəmli dəyişikliklərə gedəcəyi sezilir. Görünən budur ki, indiyədək rəqiblərini sanksiyalarla “gözümçıxdı”ya salmağa çalışan Vaşinqton bundan sonra sanksiyalar əvəzinə çətin şərtli əməkdaşlıqlara üstünlük verəcək. 
 
Ovqat.com-un məlumatına görə, Bayden hakimiyyətinin həm İran, həm Çin, həm də Rusiya ilə münasibətlərində yeni siyasətin təzahürləri özünü göstərməyə başlayıb.
 
ABŞ administrasiyası İranla “nüvə sazişi”nə qayıtmağa yaşıl işıq yandırsa da, anlaşmaya yenidən baxmağı, nüvə silahları ilə yanaşı, uzunmənzilli raketlərə məhdudiyyətlər qoymağı təklif edir. Eynilə Rusiyanın qaz kəmərlərinə qarşı həyata keçirdiyi embarqolar da  yerini bəzi şərtli əməkdaşlıq təkliflərinə ötürə bilər.
 
Bir neçə gün öncə ABŞ-ın məşhur media qurumlarından sayılan “The New York Times” qəzetinin yazdığına görə, Cozef Baydenin əsas köməkçilərinin fikrincə, Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqi artıq təsir gücünü itirib. Məqalə müəllifi qeyd edib ki, dövlətlər "böyük ölçüdə" sanksiya əngəllərini aşmağı bacarıblar və bu siyasət özünü doğrultmadığına üçün yeni təzyiq alətlərindən istifadə olunmalıdır. 
 
Məqalədə deyilir: "Bayden fərqindədir ki, Tramp administrasiyası dövründə getdikcə artan sanksiya yorğunluğu və Amerika təsirinin azalması onun seçkiqabağı veridyi vədlərinin yerinə yetirilməsini daha çətin hala gətirib çıxarıb”.
 
Bildirilir ki, ABŞ Rusiya Federasiyasına, Çinə və İrana qarşı dəfələrlə sanksiya tətbiq edib, lakin bu ölkələrdən istədiklərini ala bilməyib. Vaşinqton hər hansı bir problemə qarşı sadəcə sanksiya siyasəti ilə reaksiya verərək bir nov, özü-özünü tələyə salıb və bu təzyiq vasitəsini adiləşdirib. Sanksiyaya məruz qalan dövlətlərin çoxluğu qlobal ticarət əlaqələrini çıxılmaz vəziyyətə saldığından ABŞ-ın müttəfiqlər belə, sözügedən qadağaları pozmaq məcburiyyətində qalırlar.
                                                                                                                                                                                                                                                                                   
"Onlar artıq sizə əhəmiyyət vermədiklərini nümayiş etdirirlər, siz isə onlara əvəz ödətdirirsiniz, amma bu hərəkət proseslərin istiqamətini dəyişdirmək üçün ümumiyyətlə kifayət etmir”, - ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder mediaya verdiyi açıqlamasında bildirib.
 
Xatırladaq ki, hələ dekabr ayında Bloomberg  kanalı da etibarlı mənbələrə istinad edərək, Cozef Bayden komandasının sanksiyaların təsirinə dair fundamental analiz aparmaq niyyətində olduğunu bildirmişdi. Tramp hakimiyyəti illərində İran, Şimali Koreya, Çin, Venesuela və Rusiya Federasiyasına tətbiq olunan birtərəfli məhdudlaşdırıcı tədbirlərin çoxu Demokratlar tərəfindən mübahisəli və kifayət qədər təsiri olmayan addım kimi qiymətləndirilirdi.
 


Ötən ilin dekabr ayının əvvəlində Cozef Bayden də CNN-ə verdiyi açıqlamada inaqurasiya mərasimindən sonra xarici siyasətə yanaşmasını dəyişdirmək - müttəfiqlər də daxil olmaqla çoxtərəfli əməkdaşlıqlar qurmaq istədiyini söyləmişdi. ABŞ prezidentinin fikrincə, bir çox dövlətlərin Rusiya, Çin və digər dövlətlərlə problemləri həll etmələri üçün Vaşinqtonun köməyinə ehtiyacları var.
 
İnaqurasiya mərasimindən sonra Cozef Baydenin  həqiqətən də bu istiqamətdə müəyyən addımlar atdığı müşahidə olunmağa başladı. O, bu ilin yanvar ayının 26-da Rusiya ilə "bütün problemli məsələləri müzakirə etməyə” hazır olduğunu açıqladı. Baydenin sözlərinə görə, artıq o, Prezident Administrasiyasının şöbələrindən xahiş edib ki, Rusiya istiqamətində yeni strateji yol xəritələri hazırlasınlar. 
 
ABŞ-ın Rusiya ilə bağlı siyasətinin Azərbaycana birbaşa təsir edəcəyini nəzərə alsaq, bizi də ən çox Vaşinqtonun xarici siyasətində Rusiya ilə bağlı aparacağı korrektələr maraqlandırır. Bu siyasət dəyişikliklərindən biri Ağ evin Rusiya ilə bağlanan “Açıq Səmalar” müqaviləsinin müddətinin uzadılması ilə bağlıdır.
 
Açıq Səmalar müqaviləsinə əsasən, tərəflər bir-birinin ərazilərində açıq kəşfiyyat uçuşları həyata keçirib strateji silahların məhdudlaşdırılmasına dair öhdəliklərə nə dərəcədə əməl etdiklərini müəyyənləşdirə bilərlər. Ötən ilin may ayının 21-də ABŞ Prezidenti Donald Tramp Açıq Səmalar Müqaviləsini tərk etmək niyyətində olduqlarını açıqlamış və səbəb kimi müqavilə şərtlərinin Rusiya tərəfindən pozulması göstərilmişdi. ABŞ dövlət katibi Mayk Pompeo bu çıxışdan sonra bəyanat verərək bildirmişdi ki, prezidentin bu qərarı 22 may tarixindən etibarən 6 ay sonra qüvvəyə minəcək. Faktiki olaraq, ötən ilin noyabr ayından qüvvəyə minən bu qərardan sonra Rusiya çətin vəziyyətdə qalmışdı. Belə ki, müqavilə 2002-ci ildə 36 dövlət tərəfindən imzalansa da, yalnızca ABŞ-ın bu öhdəlikdən imtina etməsi digər dövlətlərin Rusiya üzərində kəşfiyyat uçuşları aparmasını şərtləndirirdi. Həmin ölkələr isə ABŞ-ın NATO-dakı müttəfiqləri olduğundan Rusiyanın strateji silah istehsalında bütün məlumatlarının Vaşinqtona sızdırılmasına münbit şərait yaradırdı. ABŞ-ın həmin müqavilədən çıxması səbəbindən Rusiya isə onun ərazisində silah istehsalından və dislokasiyasından xəbər tutmayacaqdı. Beləcə, strateji silahlara nəzarət imkanları ABŞ-ın xeyrinə dəyişəcəkdi. Məhz bu səbəbdən Rusiya da “Açıq Səmalar” müqaviləsindən uzaqlaşmaq istəyirdi. Bu baxımdan Bayden administrasiyasının müqavilənin müddətini uzatmaqla bağlı vədləri Rusiyanı xeyli sakitləşdirən addım kimi dəyərləndirilə bilər.
 


ABŞ-ın Rusiya ilə bağlı siyasətində neft və qaz kəmərlərinə tətbiq etdiyi sanksiyalardan vaz keçməsi Azərbaycan üçün daha mühüm məsələlərdəndir. Nədən ki, Vaşinqton Rusiyanın qaz kəmərlərinə alternativlərdən biri kimi Azərbaycanın TANAP-TAP layihəsini irəli sürürdü. Ağ ev açıq şəkildə Qərb ölkələrindəki müttəfiqlərinə səslənərək bildirirdi ki, “Şimal axını-2” və “Türk axını” layihələrindən imtina edib TANAP-TAP boru kəmərinin də içərisində yer aldığı digər enerji xətlərinə qoşulsunlar. Bu alternativlərə özünün və Qətərin LNG qazından tutmuş Orta Asiya enerji mənbələri də daxil idi. Dolayısıyla Azərbaycan özü də istəmədən Rusiyanın qaz strategiyasında rəqibinə çevrilirdi. Görünür, elə bu səbəbdən ötən ilin iyun ayında Rusiyanın təşviqilə Ermənistan TANAP-TAP layihələrinin güzərgahı sayılan Tovuz rayonuna hücum etmiş və Azərbaycanın əsas iqtisadi gəlir mənbəyi təhlükə altına düşmüşdü. Daha sonra sentyabr ayında bənzər hücumlar 44 günlük müharibəni tətikləmiş, faktiki olaraq Dağlıq Qarabağ və ətrafındakı rayonlar qlobal enerji müharibəsinin hərbi poliqonuna çevrilmişdi. Müttəfiqlərimizin dəstəyi ilə ölkəmiz Rusiya-İran-Ermənistan ittifaqına qalib gəlməyi və 30 ildən artıq işğal altında olan ərazilərimizi geri gaytarmağı bacarmışdı.
 
3000 minə yaxın şəhid və xeyli yaralı əsgər hesabına böyük uğur əldə etməyimizə baxmayaraq, rəsmi Bakı Rusiya ilə hərbi qarşıdurmalara getməkdə maraqlı deyil. Sözsüz ki, bu, şimal qonşumuzdan çəkindiyimiz mənasına gəlmir. 44 günlük müharibə bir daha sübut etdi ki, Azərbaycan nəinki Rusiya, hətta onun İran, Fransa kimi müttəfiqlərinin birgə koalisiyasına qarşı da uğurlu hərbi əməliyyatlar apara bilər. Zira müasir savaşlar əvvəllər olduğu kimi yalnız “təktərəfli yarış” sahəsi deyil, əksinə “komanda oyunu”dur. Azərbaycanın yer aldığı komanda isə daha güclüdür.
 
Bununla belə, Azərbaycanın Qərbə ixrac etdiyi qaz miqdarı Rusiya ilə rəqabət aparmaq üçün yetərli deyil. Rusiya  illik 220 milyard kub metrə yaxın qaz həcmi ilə Avropanın enerji ehtiyacının 40%-dən çoxunu verir. Biz isə TANAP və TAP layihəsi ilə Avropa və Türkiyəyə birlikdə ildə 16 milyard kub metr qaz ixrac edə bilərik. Üstəlik, bunun 10 milyard kub metri TANAP xəttilə Türkiyəyə, cəmi 6 milyard kub metri isə Cənubi Avropaya nəql olunur. TAP-ın bu potensialı Avropanın qaz tələbatının cəmi 1.2%-i qədərdir. Təbii ki, 40 faizlə 1.2% müqayisə belə oluna bilməz. Elədirsə, bir-birimizin yerini dar etmədiyimiz bazarda niyə düşmənə çevrilməliyik?


 
Bayden hakimiyyətinin Rusiyanın qaz kəmərlərinə qarşı sanksiyaları dayandırması bu mənada Azərbaycanın da maraqları uyğundur. Ən azı ona görə ki, aqoniya prosesi yaşayan nəhəng qonşumuzun son çırpınışlarının istiqaməti dəyişər və Azərbaycan bu prosesdən daha az itkiylə canını qurtara bilər. Amma Bayden hakimiyyətinin Rusiyanın qaz layihələrinə qarşı tətbiq etdiyi sanksiyaların ləğvi üçün irəli sürdüyü elə şərtlər var ki, bu, əslində vəziyyəti yumşaltmağa yox, daha da gərginləşdirməyə hesablanıb. Belə şərtlərdən biri də Ukrayna ilə bağlıdır.
 
Vaşinqtonun Rusiya üçün yerinə yetirilməsi mümkün olmayan şərti “Şimal axını-2” layihəsinin çəkilməsi müqabilində Ukrayna vasitəsilə Avropaya qaz nəqlinin azaldılmasına imkan verməməkdir. Halbuki Rusiya Ukrayndan qaz nəqlini tamamilə kəsmək üçün “Şimal axını-2”, “Türk axını” və s. kəmərini çəkmək istəyir. Təkcə ona görə yox ki, bu yolla Rusiyaya “dönük çıxan” Ukraynaya qarşı siyasi  təzyiqlər edir. Həm də ona görə ki, Ukrayna üzərindən Avropaya qaz nəqli iqtisadi cəhətdən də Moskvanın maraqlarına cavab vermir.
 
Məsələ burasındadır ki, Ukrayna üzərindən keçən qaz kəməri sovet hakimiyyəti illərində çəkilib. O dövrün şərtlərinə uyğun çəkildə inşa olunan bu kəmər artıq köhnəlib. Avropanın ekoloji standartlarına uyğun olaraq onun bərpa olunması, daha dəqiq desək, yenidən çəkilməsi lazımdır. Bu da azmış kimi, Ukrayna qaz nəqli üçün daha bahalı tranzit tarifi istəyir. “Şimal axını-2” isə Baltik dənizindən keçdiyi üçün “Qazprom”dan elə də ciddi tranzit pulu tələb etmir.
 
Digər tərəfdən, Rusiya istəsə belə, bütün xətləri eyni qaydada qazla təchiz edə bilməz. Çünki Avropanın qaz ehtiyaclarının müəyyən limiti var və Avropa İttifaqı enerji inhisarçılığına yol açılmasın deyə öz tələbatının yalnız 30%-ə qədərini Rusiyadan təmin etməkdə maraqlıdır. Dolayısıyla, “Şimal axını-2” kəməri çəkildikdən sonra Ukrayna üzərindən qaz nəqlini davam etdirilməsi ya digər kəmərlərdə həcmin azalmasına, ya da həmin xəttin tamamilə dayandırmasına gətirib çıxara bilər. Bu isə “Şimal axını-1” və ya Belarusdan keçən "Yamal – Avropa" kəmərinin bağlanması deməkdir. Onlar isə Rusiya üçün daha rentabelli kəmərlərdir.


 
Üstəlik, Ukrayna üzərindən Avropaya qaz nəqlinin bərpa edilməsi Kremlin həm də işğal etdiyi əraziləri rəsmi Kiyevə güzəştə getməsini şərtləndirir. Əks halda iki dövlət arasındakı siyasi çəkişmələr yenidən qaz nəqlinin dayandırılması ilə nəticələnə bilər.
 
Göründüyü kimi, ABŞ-ın Rusiya qarşısında qoyduğu bu şərtlər onu əslində rəqib olmadığı digər alternativ mənbələrlə, o cümlədən Azərbaycanla yenidən qarşı-qarşıya gətirir. Baxmayaraq ki, TANAP-TAP layihəsinin qazla təchiz etdiyi coğrafiya “Şimal axını-2”-dən tamamilə fərqlənir. Bizim qazla təchiz etmək istədiyimiz coğrafiyalar daha çox “Türk axını” marşrturuna uyğundur. Amma ABŞ-ın enerji siyasətində “Türk axını” layihəsinin də sıxışdırılması planı var və bu plan da ciddi şəkildə həyata keçirilir. Artıq Türkiyə Rusiyadan aldığı qaz miqdarını yarıbayarı azaldıb, digər Cənubi və Şərqi Avropa ölkələri alternativ layihələrə üstünlük verməyə çalışırlar. 
 
Üstəlik, şimaldan sıxışdırılan Rusiya istər-istəməz cənubda özünə bazar axtarmalıdır. Bu da nəticə etibarilə Yaxın Şərq ölkələri ilə yanaşı Azərbaycanı da Rusiya ilə süni rəqabətə sürükləyir.
 
Heydər Oğuz,
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 5 820          Tarix: 6-02-2021, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma