Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Rusiya ilə Avropa ölkələri arasında qarşıdurma baş verərsə, rus ordusuna ilk cavab verəcək NATO-nun öncü qüvvələrinə Türkiyə rəhbərlik edəcək.
Ovqat.com xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin tanınmış jurnalisti Fatih Çəkirgəyə müsahibəsində belə deyib.
Jurnalist, nazirdən soruşub:
- ABŞ Avropanı Rusiyaya qarşı qorumaq üçün hazırladığı təlim ssenarilərində Yunanıstan yer alır, Türkiyə bu təlimlərdə niyə yoxdur? Son zamanlarda qəzetlərdə, televiziyaların gündəmdə 1 nömrəli mövzulardan biri bu sual oldu ... Nəhayət, Yunanistanın Dədəağac sahillərinə Amerikanın döyüş helikopterləri və zirehli texnika ilə 20 min hərbçisinin daşıması mübahisələri artırdı: "Yunanıstan var, Türkiyə niyə olmasın”. Türkiyə təcrid olundumu?
Milli Müdafiə Naziri Hulusi Akar cavabında bu mülahizələrin kökündən səhv olduğunu bildirərək deyib:
-Bu sözlər haradan çıxır? Avropanın təhlükəsizliyini hədəf alan "Defender Europe" manevri hər il keçirilir. Bir il şimalda və bir il cənubda. Bu il cənubda keçirilir. Bu, ABŞ və Yunanıstan arasında keçirilən ortaq bir təlim deyil. ABŞ-ın rəhbərlik etdiyi və bu il 26 ölkənin qatıldığı çoxmillətli bir təlimdir. NATO da bu manevrin bir mərhələsində iştirak edəcək. Türkiyə NATO-nun Çox Yüksək Hazırlıq Səviyyəli Vəzifə Gücü, qısaca VJTF-nin komandanlığını 2021-ci ildə öz boynuna götürüb. Türkiyə VJTF-də iştirak edəcək. Deməli, Türkiyə də praktik olaraq bu təlimlərdə yer alır. VJTF haqqında məlumat vermək istəyirəm: VJTF, NATO-nun hər hansı bir böhran və ya qarşıdurma halında istifadə edəcəyi ilk cavab qüvvəsidir. Beləliklə, NATO qüvvələri harayasa missiya üçün çağırılsa, bölgəyə göndəriləcək VJTF gücünə Türkiyə rəhbərlik edəcək.
Hulusi Akar Türkiyənin əleyhinə yanlış məlumatların Yunanıstan tərəfindən yayıldığını iddia edib:
“Yunanıstan çox vaxt eyni şeyi edir. Türkiyəni sanki o təlimlərdə yoxmuş kimi göstərir. Yəni Yunanıstan Türkiyə ilə arasındakı məsələləri Türkiyə-ABŞ, Türkiyə-Avropa İttifaqı arasındakı problem kimi təklif etmək istəyir”.
Nazir onu da bildirib ki, Yunanıstan hərbi cəhətdən Türkiyəyə yaxınlaşmaq üçün özünü zora salır, Fransa və digər Avropa ölkələrindən gəmi, təyyarə alır. Halbuki, onun Türkiyənin hərbi gücünə çata bilməsi mümkün deyil və arada yunan xalqının boğazından kəsilən külli miqdarda vəsait mənasız silahlanma yarışına sərf olunur:
“Baxın, Yunanıstan 3-5 döyüş təyyarəsi və 3-5 gəmi alıb heç yerə gedə bilməz. Bu, kifayət deyil. Türkiyənin, Türk ordusunun gücü ortadadır. Dünyanın ən güclü ordularından biridir. Bu iddialar ağla, məntiqə və riyazi hesablara uyğun gəlmir... Yunanistan hökuməti bu silahlara pul xərcləyərək yunan xalqının iqtisadi imkanlarını israf edir. Bunun xaricində heç bir nəticəsi olmayacaq. Bu boş bir səydir. Yunan xalqı, akademiklər, elm adamları, təqaüdçü əsgərlər də bunu görürlər. Bu yanaşmanın doğru olmadığını söyləyirlər”.
Qeyd edək ki, son 25 ildə NATO özünün ən böyük hərbi təlimini ötən il keçirməyi planlaşdırırdı. "Defender Europe – 2020” adlanan bu təlim planında təkcə ABŞ-dan 37 min əsgərin iştirakı gözlənilirdi. Apreldən başlayaraq, iyuna qədər davam etməsi planlaşdırılan hərbi təlimlərə koronavirus zərbəsi dəydi. ABŞ-ın Avropa Komandanlığındakı əsgərlərin az qala yarısı bu xəstəliyə tutuldu və iyunun sonlarında Polşada başlayıb bir neçə gün davam edən "Defender Europe-2020” təlimləri çox mütəvazi şəkildə keçirildi. Təlimlərə cəmi 6 min ABŞ əsgəri qatılmışdı.
"Defender Europe-20” arzulanan səviyyədə keçirilməsə də, Pentaqonun planlaşdırılan təlimlərlə bağlı verdiyi açıqlamalar Kremldə ciddi təşviş yaratmışdı. ABŞ Müdafiə Naziri Mark Esperin ötən il 5 mart açıqlamasında təlimlərin hədəfinin Rusiya olduğunu gizlətməyərək, demişdi: “Təlimin məqsədi Rusiyanı qonşuları ilə pis rəftarını dəyişdirməyə vadar etmək və bu barədə ona güclü siqnal verməkdir”.
Pentaqon rəhbərinin bu təhdidkar açıqlamasına Rusiyanın cavabı özünü çox gözlətməmişdi. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova ölkəsinin heç kimi təhdid etmədiyini, buna rəğmən “NATO-nun Rusiya sərhədlərinə təcavüzkar qüvvə” topladığını bildirmişdi. Xanım diplomat ABŞ-a onu da xatırlatmışdı ki, tarixdə bir çox ölkələr əlinə silah alaraq Rusiyanı təhdid edib: “Amma bütün cəhdlər uğursuz olub".
Zaxarovanın ardından Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat qarşısına çıxaraq, gərginliyi bir qədər yumşaltmağa çalışmışdır. O, bildirmişdi ki, Rusiyanın bu təhdidlərə cavab verməmək imkanı yoxdur, amma özünü lüzumsuz risklərə də atmamağa çalışacaq: "Əlbəttə, Moskvanın NATO tərəfindən təşkil ediləcək Defender Europe 2020 təliminə necə yanaşacağı sualına cavab verəcəyik. Çox narahatlığa səbəb olan bu prosesləri gözardı edə bilmərik, ancaq lazımsız risk yaratmayacaq şəkildə cavab verəcəyik. "
ABŞ-ın ötən il Rusiya sərhədləri ətrafında hazırladığı hərbi təlimlər istənilən səviyyədə alınmasa da, NATO qüvvələrinin Qara dəniz hövzəsində fəallaşması diqqətdən yayınmadı. Üstəlik, “Defender Europe 2020” təlimlərinə təkcə NATO üzvləri yox, ABŞ-ın Qara dənizdəki bəzi tərəfdaşları, o cümlədən Gürcüstan da qatıldı. ABŞ ordusunun Ukraynanın qorunmasında göstərdiyi həssasiyyət, Prezident Cozef Baydenin bu ölkənin Rusiya tərəfindən işğal olunmuş ərazilərini açıq şəkildə müdafiə etməsi də “Defender Europe 2020” təlimlərinin qarşıya qoyduğu hədəfləri həyata keçirməsində və plandan reallığa çevrilməsində atdığı addımlar kimi qiymətləndirilə bilər.
“Defender Europe-2021” təlimləri bu mənada bir öncəki il koronavirus əngəli ilə qarşılaşıb tam həyata keçirilməyən hərbi planın davamı kimi görünür. Təxminən, bir aydan sonra başlayıb yaya qədər davam edəcəyi planlaşdırılan təlimlərin Rusiya sərhədlərinin cənub-qərbində keçirilməsi iki hərbi gücün bizim coğrafiyamızda üz-üzə gələcəyinin işarəsidir.
Təsadüfi deyil ki, “Defender Europe 2021” təlimlərinə az qalmış Rusiya Cənubi Qafqazın bütün ölkələrində fəallaşmağa çalışır, gah Ermənistan və Gürcüstandakı 5-ci kolonunu aktivləşdirir, gah da Qarabağa “sülhməramlı” qüvvələrini yerləşdirir. Əslində son zamanlar Azərbaycanda “5-ci kolon”un fəallaşmağa çalışması, iri məmurların xalqı narazı salan təxribat xarakterli əməlləri də gözdən yayınmır. Baxmayaraq ki, 44 günlük müharibədən əvvəl rəsmi Bakı “5-ci kolon”a qarşı mübarizəni intensivləşdirmişdı. Savaş sırasında bu təmizləmə əməliyyatını dayandırmağa məcbur olan Bakı 10 noyabr atəşkəs sazişindən sonra xüsusilə Orduda rusqafalı general və zabitlərin vəzifələrindən uzaqlaşdırmışdı. Atılan bütün bu addımlar Azərbaycanın da yaranmış yeni situasiyaya uyğunlaşması prosesinin tərkib hissəsi kimi görünür.
Rusiya siyasi təzyiqləri ilə bu prosesin qarşısını almağa çalışsa da, ölkəmizin Qərb dövlətlərinin, xüsusilə Türkiyənin yanında səf tutmaqdan başqa alternativləri yox kimidir. Çünki Azərbaycan həm özünün ən iqtisadi telləri ilə Qərbə bağlanıb, həm də torpaqlarının işğaldan azad olunmasında ən böyük dəstəyi Ankaradan alır. Türkiyə isə Hulusi Akarın da dediyi kimi, NATO-nun Rusiya işğallarına qarşı baş verə biləcək qarşıdurmalarında öncü birliklərə rəhbərlik edəcək. Dolayısıyla strateji müttəfiqimizin qoşulduğu hərbi gərginliklərdə Azərbaycanın tərəfsiz mövqe nümayiş etdirməsi qardaşlıq əlaqələri baxımdan o qədər yaxşı təəssürat yaratmaya bilər.
Bəs, 2011-ci ildə Qoşulmama Hərəkatına qoşularaq, hazırda 2022-ci ilə qədər təşkilata rəhbərlik etmək missiyasını boynuna götürən və bu statusla qlobal hərbi gərginliklərdən yayınmağa çalışan Azərbaycan necə, bu yay nəhənglər arasında çıxması gözlənilən həbri qarşıdurmalarda qardaş kimi üzərinə düşənləri yerinə yetirə biləcəkmi? Yəqin ki, bu sualın cavabı qısa müddətdən sonra aydınlaşacaq. Zənnimizcə, Rusiyanın açıq şəkildə ermənilərin yanında yer alması və bu mövqeyini indiyədək davam etdirməsi də rəsmi Bakının qərarında mühüm rollardan birini oynamalıdır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar