Xəbər lenti
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
Tacikistanda “Asiyanın Ürəyi – İstanbul Prosesi” növbəti növbəti illik konfransına başlayıb.
Ovqat.com xəbər verir ki, ötən gün konfransda iştirak etmək üçün Düşənbəyə gedən Türkiyə və İran xarici işlər nazirlərinin ardınca bu gün Azərbaycan XİN-in başçısı da sammitə qatılmaq üçün səfərə çıxıb.
Bu barədə məlumatı XİN yayıb. Nazirliyin rəsmi məlumatda qeyd olunur ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanda keçiriləcək "Asiyanın ürəyi - İstanbul prosesi"nin 9-cu nazirlər toplantısında iştirak edəcək.
Səfər çərçivəsində Ceyhun Bayramov və digər həmkarlarının Tacikistan Xarici İşlər naziri Sirojiddin Muhriddin və ölkə Prezidenti İmaməli Rahmonla görüşəcəyi (artıq S.Muhriddinlə görüşüb) bildirilir. Martın 30-da tamamlanması planlaşdırılan sammitdə regional iqtisadi əlaqələrin inkişaf etdirilməsi perspektivlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Əfqanıstan ilə Türkiyə arasında 2011-ci ildə başladılan regional bir təşəbbüsdür. Bu format, Əfqanıstanda və bütövlükdə bölgədə sabitlik, sülh və firavanlığı təşviq etmək üçün siyasi dialoq və regional əməkdaşlıq üçün bir platforma hesab edilir. İlk baxışdan Türkiyə ilə Əfqanistan arasında yaradılmış ittifaq təsiri bağışlasa da, bu formata qoşulan ölkələrin sayı kifayət qədər çoxdur. “Asiyanın ürəyi” regionuna əsasən 14 ölkə daxildir: Azərbaycan, Əfqanıstan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri. Bu siyahı 2017-ci ilə qədərki dövrü əhatə edir. Üzərindən keçən 4 il ərzində böyük ehtimalla siyahı da böyüyüb.
Bundan əlavə, Avstraliya İttifaqı, Kanada, Danimarka, Misir, Finlandiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Norveç, İspaniya, İsveç, Birləşmiş Krallıq, İraq, ABŞ, BMT, İslam Əməkdaşlığı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Regional Əməkdaşlıq naminə Cənubi Asiya Assosiasiyası, Avropa İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ağa Xan İnkişaf Şəbəkəsi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı kimi dövlət və beynəlxalq təşkilatlar “İstanbul prosesi”ndə dəstəkləyici rolla çıxış edirlər.
Göründüyü kimi, Azərbaycan da “Asiyanın Ürəyi – İstanbul Prosesi” layihəsinin ən fəal üzvüdür və 2017-ci ildə bu layihə çərçivəsində keçirilən sammitə ev sahibliyi edib. Sual oluna bilər: Əfqanstan Azərbaycandan coğrafi olaraq xeyli uzaqda yerləşir, elədirsə, bizim bu layihədə gözləntimiz nədən ibarətdir?
Hazırda Prezident köməkçisi vəzifəsini icra edən Hikmət Hacıyev 2017-ci ildə APA-ya verdiyi müsahibədə bu sualı belə cavablandırır: “Azərbaycan Əfqanıstanın regional iqtisadiyyata inteqrasiya olunması və qonşuları ilə ticarətin inkişaf etdirilməsi, həmçinin regional əlaqələrinin gücləndirilməsi məqsədilə Əfqanıstanla əməkdaşlıq edir. Azərbaycan İstanbul Prosesinin regional infrastruktura dair etimad quruculuğu tədbirlərində Türkmənistanla birgə aparıcı ölkə kimi bu sahədə Əfqanıstan və digər tərəfdaş ölkələrlə fəaliyyətini davam etdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər dənizinin sahillərində logistik mərkəzlər, Azərbaycan və İran İslam Respublikasını birləşdirən dəmir yolları şəbəkələri də daxil olmaqla, Azərbaycanın təşəbbüsü ilə hazırda həyata keçirilən regional birləşdirici layihələr Şərq-Qərb və Şimal-Cənub istiqamətləri boyunca multi-modal imkanlarla trans-regional infrastrukturun inkişaf etdirilməsində keyfiyyətcə yeni imkanlar təqdim edir. Bu layihələr Əfqanıstanın qlobal bazarlara girişini asanlaşdıracaq və regionda yük və konteynerlərin daha qısa, sürətli, səmərəli və ucuz yollarla daşına biləcəyi əlaqələri təmin edəcək. Azərbaycan İstanbul Prosesinin narkotiklərə qarşı mübarizəyə dair etimad quruculuğu tədbirlərində Rusiya Federasiyası ilə birgə aparıcı ölkə kimi region üçün həqiqətən ciddi təhlükə kəsb edən narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə Əfqanıstan və digər tərəfdaş ölkələr ilə birgə işləyir. İkitərəfli əsasda Azərbaycan öz təcrübəsini Əfqanıstanla bölüşür və səmərəli idarəçilik, müdafiə, hüquq-mühafizə və minalı ərazilərin təmizlənməsi kimi sahələrdə təlimlərin keçirilməsində yardım edir. Biz həmçinin hərbi birləşmələr, multimodal tranzit, təlim və maliyyə yardımları təmin etməklə, NATO-nin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrindən sonrakı “Qətiyyətli Dəstək Missiyası”na öz töhfəmizi veririk. Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun Etimad Fonduna ianələr verib və bu fonda dəstəyi davam etdirməyi qərara alıb. Azərbaycan “Asiyanın Ürəyi – İstanbul Prosesi”nin həmsədr ölkəsi və 2017-ci ildə növbəti Nazirlər Konfransına ev sahibliyi edəcək ölkə kimi ikitərəfli səylər, eləcə də “Asiyanın Ürəyi – İstanbul Prosesi” və digər çoxtərəfli platformalar çərçivəsində Əfqanıstanın stabilləşdirilməsi, quruculuğu və inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirəcək. Əminliklə deyə bilərik ki, Azərbaycan İstanbul Prosesində iştirak edən tərəfdaş dövlətlərlə birlikdə 2017-ci ildə bu prosesə uğurla sədrlik edəcək və Nazirlər toplantısına ev sahibliyi edəcək”.
Hikmət Haciyevin açıqlamalarından da göründüyü kimi, rəsmi Bakının bu formata qoşulmasında əsas məqsədlərindən biri Çindən Qərbə qədər uzanan yeni “İpək yolu” layihəsində yer almaq, özünün coğrafi mövqeyindən faydalanaraq tranzit ölkəyə çevrilməkdir. Sözsüz ki, Azərbaycanın öz potensialından düzgün faydalanması ona yeni maliyyə mənbələri qazandırdığı kimi, yenidən qurulan dünya düzəninin aparıcı qüvvəsinə çevirə bilər. Bu isə öz növbəsində Azərbaycana önəmli siyasi dividentlər də gətirər.
Ölkəmizdə bu istiqamətdə ciddi işlərin görüldüyü də artıq sirr deyil. İstər Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi və bu proyektin üzərində qurulan Şərq-Qərb istiqaməti, istər sovet dövründən qalan istər Cənub-Şimal istiqaməti, istər Türkmənistandan Xəzər dənizini keçməklə Azərbaycana gələn dəniz nəqliyyatının istifadəyə verilməsi, istərsə də ölkəmizdə 6 beynəlxalq hava yolunun tikilməsi Çindən Avropaya, İrandan Rusiyaya uzanan tranzit xətlərinin şaxələnməsinə yol açmışdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynamışdır. Həm quru, həm dəniz, həm də hava və dəmir yollarının fəaliyyəti nəticəsində Qərbi Şərqə, Şimalı Cənuba bağlayan Azərbaycan malların daşınmasında ən qısa tranzit xəttini dünya dövlətlərinə təqdim etməkdədir. Təsadüfi deyil ki, Azərbaycan üzərindən keçməklə Çindən Praqaya dəmiryolu vasitəsilə cəmi 18 gün ərzində yüklərin çatdırılması mümkündür. Dəniz nəqliyyatı ilə isə bu, ən yaxşı halda 2 ay vaxt alır. Məhz bu operativlik tarixi İpək yolunun yenidən canlandırılmasına kifayət qədər imkanlar yaradır.
Məlum olduğu kimi, dünyada dəniz daşımaçılığının böyük vüsətlə inkişafı tarixi İpək yolu marşrutu üzərində Qərblə Şərqin çarpışması nəticəsində ortaya çıxmışdı. Xüsusilə İstanbulun türklər tərəfindən fəthi və bundan sonra daha da genişlənən mədəniyyətlərarası müharibələr Avropadan Çinə, Hindistana uzanan marşrutlara münasibəti tamamən dəyişdirmiş, alternativ marşrut axtarışına təkan vermişdi. Əvvəl gəmilərlə bütün Afrikanı dolaşaraq Hind okeanına açılan Qərb ölkələri daha sonra Süveyş kanalını açmaqla bu məsafəni xeyli yaxınlaşdırmışdılar. Dəniz nəqliyyat vasitələrinin daha ağır yükdaşıma imkanları və ucuz başa gəlməsi bu sektorun inkişafına ciddi təkan versə də, son zamanlar yaşanan bir sıra hadisələr yeni İpək yolu layihələrinin müəlliflərinin digər nəqliyyat növlərinə marağını artırır. Yenidən klassik marşruta qayıdışın başlıca səbəblərindən biri isə dünya dəniz yollarının ABŞ hegemonluğunun altında olması və Vaşinqtonun bu üstünlüyünü heç kiminlə paylaşmaq istəməməsidir. Son zamanlar Çinlə ABŞ arasında yaşayan Cənubi Çin dənizi gərginliyi də sözügedən rəqabətdən doğur. Bu da regional dövlətləri istər-istəməz quru xəttinə yönləndirir və tarixi İpək yolu marşrutunu yenidən aktivləşdirməyə təkan verir. Tarixi İpək yolu isə əsasən iki xətt üzrə keçirdi: biri Çindən Orta Asiyanı keçməklə Azərbaycana və Avropaya; digəri Çindən Əfqanıstan vasitəsilə İrana və Azərbaycana, Azərbaycandan isə Qərbə açılmaq. “Bir Kəmər, Bir yol” adlı müasir Quru İpək yolu da məhz bu xətlər üzrə hərkət etməyi qarşıya məqsəd qoyur. Bu xətdə önəmli keçid nöqtələrindən biri də Əfqanıstandır. Çindən Əfqanıstan vasitəsilə həm İrana, həm də Orta Asiyaya keçən ticarət xəttinin quru və dəniz yoluyla Azərbaycanda birləşməsi Şərq-Qərb, Cənub-Şimal marşrutlarını qidalandırır.
Son Qarabağ döyüşlərinin nəticələrinə nəzər salanda müasir İpək yolunun bizim üçün digər bir əhəmiyyəti də ortaya çıxır. Zənnimizcə, regional əməkdaşlığın təməl daşlarından sayılan Quru İpək Yolunun qurulması və məhz bu səbəbdən kommunikasiya xətlərinin açılması zərurəti Azərbaycana öz tarixi torpaqlarını geri qaytarmaq imkanı verdi və beynəlxalq aləmdə erməni havadarlarını susmağa məhkum etdi. Nəticədə Azərbaycan öz torpaqları üzərində suveren hüquqlarını bərqərar edə bildi.
Proyektin “Asiyanın ürəyi” adlandırılması da təsadüfi deyil. Bildiyimiz kimi, ABŞ və Qərb strateqlərinin əsaslandığı geopolitik nəzəriyyələrdən biri də Quru Hakimiyyəti nəzəriyyəsidir. İngilis coğrafiyaşünas Halford Makkinderin "Tarixin məhvəri" (Pivotal of History) kitabından ilham alan bu nəzəriyyəyə görə, dünyanın ürəyi Atlantik okeani ilə Sakit okeanın sahiləri arasında qalan coğrafiyanın tam ortasında yerləşir və oraya hakim olan dünyanın yenilməz super gücünə çevrilir. Bu ərazi isə Sibirdən İrana, Əfqanıstandan Xəzər dənizinin şimal sahillərinə qədər uzanır. Bir sözlə, əsasən türkdilli xalqların yaşadığı ərazilər dünyanın “heartland”ı (ürək) sayılır. Turançılıq ideallarını mənimsəyən Türkiyənin təşəbbüsü ilə təməlləri atılan layihənin “Asiyanın ürəyi” adlandırılması bu baxımdan təsadüfi deyil.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar