Xəbər lenti


"Martın 15-də Agentlik tərəfindən Şuşa şəhərində aparılan təmizləmə əməliyyatı zamanı iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

"Report"un xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.

O qeyd edib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan "9M723" indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu "İskəndər" raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində qənaətə gəlindi ki, atılmış raket "İskəndər-M" raketidir. Hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir".

Ovqat.com-un məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov ANAMA-nın iddialarını “çürütmək” üçün bu gün verdiyi mətbuat açıqlamasında Qarabağ savaşında “İsgəndər” raketindən istifadə olunmadığını bildirmişdi. 
 
Üzərindən bir az keçdikdən sonra ANAMA-nın bu barədə növbəti açıqlaması Peskova verilmiş cavaba bənzəyir. Yəni israr etməyin, cənab Kreml sözçüsü, fakt ortadadır. 


 
ANAMA-nın son açıqlamasının ən önəmli məqamı ondan ibarətdir ki, atılan raketin “İsgəndər M” olduğu açıq şəkildə ifadə edilir. Rusiya hərbi kompleksinin iddiasına görə, “İsgəndər-M” kompleksləri bu silah sinifinin ən mükəmməl növüdür. Onun hətta NATO ölkələrinin sərəncamında olan “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bildiyi iddia edilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
 
Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.
 
Bununla belə, Rusiyanın ən mükəmməl raketinin Şuşada ortaya çıxan qalıntıları, Ermənistan Baş nazirinin təbirilə desək, onun 10% da partlamadığını təsdiqləyir. Əslində Rusiyanın israrla bizimkiləri yalanlamasının səbəbini də bunda axtarmalıyıq. Görünür, Moskva 5 paralıq olan hərbi nüfuzunu qorumaq və öz silahları barədə uydurduğu yalanların üstünün açılmasını istəmədiyi üçün əlində tutulan qəbahətlərini danmaq yolunu tutur.


 
Qeyd edək ki, ANAMA-nın bundan əvvəlki açıqlamalarına münasibət bildirən ermənilər ittihamları öz üzərlərindən uzaqlaşdırmaq üçün “İsgəndər”i onların yox, rusların atdığını irəli sürürdülər.
 
İddia olunurdü ki, ANAMA-nın Şuşada tapıb ortaya çıxardığı “İsgəndər” raketinin qalıqları da bunu təsdiqləyir.
 
Belə ki, ANAMA-nın təqdim etdiyi şəkillərdə “İsgəndər” raketinin identifikasiya nömrəsi 9M723 olaraq göstərilir və deyilir: “Açıq İnternet mənbələrində axtarış apararkən belə, 9M723 eyniləşdirmə nömrəsinin İskəndər raketinə aid olduğunu müəyyən etmək olar. Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı İskəndər raketlərindən istifadə etdiyini təsdiqləyir”.
 
Erməni hərbi ekspertləri isə bu identifikasiya nömrəli raketlərin ixrac üçün nəzərdə tutulmadığı qənaətindədirlər. Onların bildirdiyinə görə, ixrac “İsgəndər”ləri 9M723K-E indeksli identifikasiya nömrəsi ilə işarələnirlər. 9M723 nömrəli raketlər isə Rusiyanın öz daxili hərbi qüvvələri üçün istehsal olunur və onlar hətta Ermənistan kimi strateji müttəfiqlərə də satılmır. 
 
Erməni hərbi ekspertlərinin arqumentlərindən belə çıxır ki, ANAMA-nın ortaya çıxardığı faktlar “İsgəndər” raketlərinin hətta Ermənistan ərazisindən atıldığı təsdiqlənərsə belə, bunun İrəvana dəxli yoxdur. Mümkündür ki, həmin raketlər Gümrüdəki rus hərbi bazasından atılsın.

ANAMA-nın bu təsbitləri sübut edir ki, son Qarabağ döyüşlərində Azərbaycan ermənilərə qarşı yox, rus ordusuna qarşı vuruşub və onun böyük üstünlüklə məğlubiyyətə uğradıb.




Ana səhifəyə qayıt        Baxış: 7 920          Tarix: 2-04-2021, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma