Xəbər lenti

 
ABŞ Hərbi Dəniz Donanması Qara dənizə iki hərbi gəmi göndərir.
 
Ovqat.com xəbər verir ki, bu barədə məlumat dünən Rusiyanın Türkiyədəki səfirliyi tərəfindən yayılıb.
 
Səfirliyin TASS-a verdiyi məlumata görə, Pentaqon bu barədə Türkiyəyə müraciət edib və Ankara da öz növbəsində Montre Konvensiyasına uyğun olaraq, saziş iştirakçılarını məlumatlandırıb.
 
Türkiyə Xarici İşlər Nazirliyindən də bildirilib ki, ABŞ-ın iki hərbi gəmisi aprelin 14 və 15-də İstanbul (Bosfor) boğazından keçəcək və mayın 4 və 5-dək Qara dənizdə qalacaq. Halbuki, Montre Konvensiyasına əsasən, Qara dəniz sahildaşı olmayan dövlətlər bu su hövzəsinə böyük ölçülü hərbi gəmi göndərə bilməzlər, kiçik gəmilər göndərəndə isə 15 gün əvvəldən Türkiyəni məlumatlandırmalıdırlar. Dünən ayın 9-u idi və ABŞ isə ilk gəminin aprelin 14-də, yəni 5 gün sonra Qara dənizə keçməsi üçün müraciət edib. Konvensiyanın açıq-aşkar pozulmasına rəğmən, Ankaranın buna icazə verməsi ABŞ-ın qardaş ölkəyə vəziyyətin ciddiliyindən xəbər verir. Zira Ankara indiyə qədər Montre Konvensiyasına sadiq qalıb, bunu öz suveren hüquqlarının və təhlükəsizliyinin qarantı sayıb. Konvensiyanın tələblərindən kənara çıxılması yalnız bir halda mümkündür: görünür, Vaşinqton Ankaraya ağır təzyiqlər edir.


 
Dünən ABŞ Müdafiə Nazirliyindəki bir mənbənin CNN tele-kanalına verdiyi məlumatlar da Vaşinqtonun Qara dənizdə lövbər salmaqda israrını göstərir. Mənbənin bildirdiyinə görə, Pentaqon yaxın həftələrdə hərbi gəmilərini Qara dənizə göndərilməsi imkanlarını nəzərdən keçirir. Məqsədi isə Rusiya ilə kəllə-kəlləyə gələn “Ukraynaya öz dəstəyini nümayiş etdirməkdir”. 
 
Pentaqon sözçüsü həmçinin bildirib ki, ABŞ Hərbi Dəniz qüvvələri mütəmadi olaraq bölgəyə öz donanmasını göndərir, lakin budəfəki addım öncədən planlaşdırılmamışdı və Rusiyaya "xüsusi mesaj" anlamı ehtiva etməkdədir. “Amerika rəhbərliyi Rusiyanın Ukrayna sərhədləri yaxınlığında gücünün artırılması ilə əlaqədar belə addım atır”, - deyə Pentaqon yetkilisi vurğulayıb.
 
Maraqlıdır ki, bu məlumat yayıldıqdan qısa müddət sonra Türkiyə və Rusiya prezidentləri arasında telefon danışıqları olub. Danışıq təşəbbüsünün Türkiyədən gəldiyi güman edilir. Lider bir sıra məsələrlər yanaşı, ABŞ gəmilərinin Qara dənizə göndərilməsi və bunun Montre Konvensiyasına uyğunluğunu masaya yatırıblar.


 
 
"Türkiyənin İstanbul kanalını tikmək planları ilə əlaqədar Rusiya tərəfindən Qara dəniz boğazlarının hazırkı rejiminin 1936 — cı il Montre Konvensiyasının müddəalarına uyğun olaraq regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə saxlanılmasının vacibliyi vurğulanıb", - Kremlin mətbuat xidmətinin dünən yaydığı açıqlamada belə deyilib. Açıqlamada vurğulanıb ki, "məhsuldar Rusiya-Türkiyə dialoqu bundan sonra da istənilən formatda davam etdiriləcək”.
 
Reuters xəbər verir ki, prezidentlərin görüşündə Ukrayna məsələsi də müzakirə edilib və Putin Kiyevi "ölkənin şərqindəki təxribatçı hərəkətlərdə" günahlandırıb.
 
Qara dəniz ətrafında yaranan gərginliyin fonunda bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri də təsadüfi görünmür. Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla planlaşdırılan görüşdə onun əsasən Ukrayna məsələsini gündəmə gətirəcəyi və Ankaradan bacardığı qədər dəstək istəyəcəyi gözlənilir. Ankaranın ona nə cavab verəcəyi isə bəlli deyil.
 
Məsələ burasındadır ki, Türkiyədə ABŞ-ın Qara dənizdə vəziyyəti qəsdən qızışdırdığı fikri hakimdir. Məqsədin isə Qara dəniz hövzəsi ölkələrini, xüsusilə Türkiyəni bu münaqişəyə cəlb etmək və Rusiyanın Avropa ilə əlaqələrini sonlandırmaq olduğuni düşünənlərin sayı da az deyil və onlar Rusiyanın bu siyasətə necə cavab verəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. 


 
Həqiqətən də Qara dəniz və Ukrayna məsələsi Moskva üçün həyati önəm daşıyır. Əvvəla, bu dəniz Rusiyanın isti sulara açılan ən önəmli qapısıdır. Qara dənizin Rusiya sənayesinin cəmləşdiyi qərb hissəsində yerləşməsi Moskvaya idxal-ixrac əməliyyatlarının böyük hissəsini bu su hövzəsi vasitəsilə həyata keçirmək imkanı verir. Rusiyanın sahib olduğu digər dənizlər isə ya ilin böyük hissəsini buz altında keçirir, ya da dünya dəniz ticarətinin əsas marşrturundan uzaqda yerləşir.
 
Üstəlik, Qara dəniz Rusiya Hərbi Dəniz Qüvvələrinin aparıcı donanmasına ev sahibliyi edir. Azov dənizindən Qara dənizə və Şərqi Aralıq dənizinə qədər strateji önəm daşıyan coğrafiyalara nəzarət məhz bu donanma tərəfindən həyata keçirir. Ukraynanın şərq hissəsi və Krım yarımadası bu hövzədə mühüm əhəmiyyət kəsb edir. Donbass Azova, Krım isə Qara dənizə nəzarət edən başlıca məkanlardır. Xüsusilə Krımın qərbində yerləşən Kerç boğazı Azovdan Qara dənizə yeganə keçid nöqtəsidir ki, Rusiya bu imkanı əldən verməmək üçün istənilən risklərə qatlana bilər. 
 
Dİgər tərəfdən, ABŞ hərbi donanmasının Qara dənizdə lövbər salmasının əsas məqsədi də yeri gələndə Donbassda yaşanan hərbi gərginliklə əlaqədar deyil. Əks halda, Qara dənizə heç bir sərhəddi olmayan Donbassın müdafiəsi hava və quru qüvvələri vasitəsilə daha rahat reallaşdırıla bilər. ABŞ isə özəlliklə Qara dənizdə nəzarəti əlinə almağa çalışır. Görünən budur ki, onun Donbassdan daha öncəlikli məsələsi var – ya Krım üzərində nəzarəti təmin etmək, ya da bölgəni içindən çıxılması mümkün olmayan böhrana sürükləmək, beləcə Rusiya ilə hesablaşmasını NATO müttəfiqlərinin probleminə çevirərərək, Türkiyə ilə yanaşı Qərbi Avropa ölkələrini də ortaq mövqeyə gətirmək. Vaşinqton Qərbi Avropanı Rusiya ilə qarşıdurmaya çəkməklə həm də Moskvanın enerji strategiyasının qarşısını almağa və ən böyük bazarını əlindən çıxarmağa çalışır. Bu isə milli gəlirinin 60%-ni neft və qazdan çıxaran Rusiyanı acından öldürmək mənasına gəlir.


 
Qeyd edək ki, Vaşinqton hələ Tramp hakimiyyəti dövründə bu niyyətini açıq elan etmiş və müttəfiqlərini Rusiyanın qaz kəmərlərindən imtinaya çağırmış, bu tələb yerinə yetirilməyəcəyi təqdirdə onları maliyyə sanksiyaları ilə təhdid etmişdi. Almaniya, Fransa və Türkiyə isə Vaşinqtonun bu təxribatlarına getmək istəmir, Rusiya ilə iqtisadi münasibətlərini genişlənditməyə çalışır. Xüsusilə Almaniyanın “Şimal axını-2” layihəsini başa çatdırmaq üçün tutduğu israrlı mövqe ABŞ-ın bütün ümidlərini alt-üst edir və onu daha riskli əməliyyatlara əl atmaq məcburiyyətində qoyur. Qara dənizdə “suların isindirilməsi” də məhz bu məqsəddən doğur.
 
Pentaqonun bu strategiyasının qarşısında dayanan əsas qüvvələrdən biri də Türkiyədir. Aralıq dənizindən Qara dənizə yeganə çıxış yolu bu ölkədən keçir. 1936-cı ildə Yaponiyadan tutmuş İngiltərəyə, Rumıniyaya, Bolqarıstana qədər bir çox ölkələrin də aralarında yer aldığı dövlətlər tərəfindən bağlanan Montre Konvensiyasına əsasən, Qara dənizə keçişləri yalnız Türkiyə tənzimləyə bilər. Bu, qardaş ölkəyə böyük geosiyasi avantajlar qazandırdığı kimi, həm də məsuliyyət yükləyir. Faktiki olaraq, ABŞ NATO müttəfiqi olan Türkiyədən də “əlini daşın altına qoymağı” tələb edir və onu Rusiya ilə üz-üzə qoyur. 
 
Üstəlik, bu il NATO-nun Çox Yüksək Hazırlıq Səviyyəli Vəzifə Gücü, qısaca adı VJTF-nin komandanlığı da Türkiyəyə keçib. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın təbiri ilə desək, “VJTF, NATO-nun hər hansı bir böhran və ya qarşıdurma halında istifadə edəcəyi ilk cavab qüvvəsidir. Beləliklə, NATO qüvvələri harayasa missiya üçün çağırılsa, bölgəyə göndəriləcək VJTF gücünə Türkiyə rəhbərlik edəcək”. Belə bir çətinlik qarşısında qalan Türkiyənin Qara dənizdə böhran çıxarsa kənarda durması da mümkün olmayacaq.
Görünür, Rusiya prezidenti bütün bu amilləri nəzərə alıb Türkiyəli həmkarına Montre Konvensiyasını xatırladıb və bu sənədin sahildaş dövlətlərin maraqlarını qoruduğuna diqqəti cəlb edib.


 
Montre Konvensiyasının Türkiyə baxımından ən qırılğan tərəfi onun 20 illiyinə bağlanmasıdır. Sənədə görə, bu razılaşmada yer alan əksər maddələr hər 5 ildən bir yenidən müzakirəyə çıxarılıb bəzi dəyişikliklər edilə bilər. Ən əsası isə sənədi imzalayanlardan yalnız birinin imzasını geri çəkməsi ilə razılaşmanın pozulması ehtimalı var. Bu da ABŞ-a bəzi üstünlüklər qazandırır. Məsələn, Ukrayna böhranının həllində maraqlı olan, daha doğrusu ABŞ-ın təzyiqlərinə duruş gətirə bilməyən Rumıniya və Bolqarıstanın, yaxud Yaponiya və İngiltərənin xarici gəmilərə qoyulan məhdudiyyətlərin qaldırılması tələbi nəzərə alınmaya bilməz. Əks halda konvensiyanın özü təhlükə altına girər.
 
Ayrıca, Qara dəniz sahilində yerləşən ölkələrin xaricdən gəmi almaq hüququ da Montre Konvensiyasında təsbit olunmuş haqlardandır. Başqa sözlə desək, Türkiyə ABŞ gəmilərini boğazlardan keçirməyəcəyi təqdirdə, digər sahildaş dövlətlərin həmin gəmiləri alıb öz donanmasın qatmaq səlahiyyətləri doğa və nəticədə Ankara bu prosesin qarşısını hüquqən də ala bilməz. ABŞ gəmilərinin Qara dənizə girməsi isə bu su hövzəsinin qlobal hesablaşmalara səhnə olması anlamına gəlir və region dövlətlərinin bundan təsirlənməməsi mümkün deyil.
 
Belə bir şəraitdə Ankaraya səfər edən Zelenskinin yardım tələblərinə Ankaranın rədd cavab verməsi də inandırıcı görünmür. Kiyev isə ABŞ-ın ona son ana qədər qoruyacağı barədə təminat verdiyini bildirir və Rusiya ilə qarşıdurmaya getməkdən çəkinmir. Rusiyanın Üctərəfli Təmas Qrupunun atəşkəsi uzatmaq tələbini qəbul etməməsi və son zamanlar Donbassdakı separatçı qüvvələrin Ukrayna əsgərlərini hədəfə alan təxribatları da Kiyevə başqa seçənək buraxmır. 
 
Görünən budur ki, tərəflər Qara dənizdə öz güclərini sınamaqda israrlıdırlar.
 
Heydər Oğuz, 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 488          Tarix: 10-04-2021, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma