Xəbər lenti

 
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandirinin müavini Məhəmməd Hüseyinzadə Hecazi ürək çatışmazlığından ölüb.
 
Ovqat.com-un məlumatına görə, xəbər SEPAH tərəfindən də təsdiqlənib.
 
SEPAH-ın yaydığı açıqlamada Hecazinin harada və nə vaxt öldüyü barədə məlumat verilməyib. Açıqlamada sadəcə Hecazinin dəfn və yas mərasimlərinin koronavirus (Covid-19) tədbirləri çərçivəsində həyata keçiriləcəyi bildirilib.
 
Bildirildiyinə görə, Hecazi, İnqilab İslam İnqilabı Keşikçiləri Korpusunun Livan üzrə kordinatoru vəzifəsini icra edirdi. Ötən ilin ilk günlərində ABŞ tərəfindən qətlə yetirilən Qüds Qüvvələri korpusunun komandiri general Qasım Süleymaninin ölümündən sonra faktiki Suriyada aparılan əməliyyatlara da Hecazinin rəhbərlik etdiyi iddia olunur. Bu baxımdan, İsrail-İran münasibətlərinin kəskinləşdiyi indiki dövrdə onun qəfil ölümü bəzi sualları da bərabərində gətirir. 
 
Məsələ burasındadır ki, İsrail Müdafiə Nazirliyi (IDF) hələ 2019-cu ilin 29 avqust tarixində özünün Twitter hesabında farsca yayımladığı bir məlumatda Hecazinin adını Livanın gələcəyini təhlükəyə atan şəxslər siyahısında göstərmiş, bununla onu hədəfə aldığını açıq şəkildə bəyan etmişdi.


 
Mətndə yazılıb: "Hizbullah və Qüds Gücünün ən vacib sirlərinin ifşası: Livanın gələcəyini təhlükəyə atan şəxslər"
 
Briqada generalı Seyid Məhəmməd Hüseynzadə Hecazi kimdir?
 
İngiltərənin “İndependent” nəşrinin məlumatına görə, o, 1957-ci ildə İranın İsfahan şəhərində anadan olub. İran İslam İnqilabında fəali iştirak edən Hecazi inqilabdan dərhal sonra SEPAH sıralarına qatılır və İran Ordusunun Baş Qərargahına bağlı Milli Müdafiə Universitetində "Strateji İdarəetmə" sahəsində doktorantura üzrə təhsil alır. Bu fakt generalın SEPAH-ın hərbi strategiyalarının hazırlanmasında əsas rol oynayan şəxslərdən olduğunu göstərir.
 
Hecazinin İslam inqilabının ilk illərində Qərbi Azərbaycan (Urmiyə) vilayətlərindəki qiyamların yatırılmasında fəal rol oynayan generallardan olduğu bildirilir. Hətta cənublu qardaşlarımızın iddialarına inansaq, qədim Azərbaycan vilayəti olan Urmiyənin kürdləşdirmə siyasətinin ən fəal iştirakçısı və rəhbəri məhz bu general idi. Onun rəhbərliyi altında vilayətdə süni şəkildə türk-kürd çarpışmaları çıxarılaraq həm bölgəyə köçürülən kürdlərin, həm də türklərin milli azadlıq xəyallarının qarşısı alınır və bənzər siyasət bu gün də həyata keçirilir. Hecazi bu mənada Azərbaycan türklərinə də “yad” birisi deyildi.


 
İran-İraq müharibəsində Hecazi “Bəsic Müqavimət Qüvvələri” briqadasında mühüm vəzifələrə gətirilir, ölkənin cənub-qərb cəbhələrinə nəzarət və əsgərlərin səfərbər olunması kimi ciddi məsələlər ona tapşırılır. 
 
Qeyd edək ki, 1979-cu ilin noyabrında Ayətullah Xomeyni tərəfindən yaradılan “Bəsic Müqavimət Qüvvələri” İran İslam İnqilabı Korpusunun 4 əsas qollarından biridir və birbaşa dini liderə bağlıdır. Bütün əmrləri dini liderdən alan briqada yalnız onun qarşısında hesabat verir. Hal-hazırda rəsmi dini mərasimlərin, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif etiraz dalğalarının yatırılması kimi fəaliyyətlər də daxil olmaqla, daxili təhlükəsizlik qoşunlarına paralel qurum kimi fəaliyyət göstərir. Başqa sözlə desək, İranın qeyri-rəsmi DTX-sıdır və üzvləri “könüllülər”dən təşəkkül tapır. 
 
SEPAH-ın digər 3 qanadından biri “Qüds Qüvvələri”dir ki, xarici kəşfiyyata və hərbi əməliyyatlara nəzarət edir. Qurumun digər qanadı olan “Hava və Kosmos Qüvvələri” əsasən strateji raket qoşunu kimi tanınır. SEPAH-ın 4-cü qolu isə hərbi dəniz donanmasıdır. Bu donanmanın 20.000 əsgər, 1.500 döyüş gəmisinin olduğu təxmin olunur və o, İran İslam Respublikasının Donanmasından əlahiddə fəaliyyət göstərir. 
 
Göründüyü kimi, SEPAH daxili təhlükəsizlikdən tutmuş hərbi donanmaya qədər İran Silahlı Qüvvələrinə paralel kombinə edilmiş güc strukturudur və onun üzvləri peşəkar hərbçilərdir. Bu mənada SEPAH İranın elit və əsas döyüş qüvvəsi sayılır və qurumun ən mühüm qanadı Bəsic Qüvvələridir. Briqada generalı Hecazi də bu qanadın aparıcı şəxslərindən biri idi.
 
Hecazinin İran-İraq müharibəsi dövründə üzərinə götürdüyü vəzifələr arasında 2-ci Bölgə Komandirinin müavini və Salman Əməliyyat Bazası Komandirinin müavini kimi funksiyaları da vardı.
 
İran-İraq müharibəsindən sonra general Bəsic Qüvvələrinin İnsan Resursları Bölməsinin Komandir müavini və Baş Koordinatorunun köməkçisi vəzifələrini icra edib. 11 Mart 1998-ci ildə Bəsic Qüvvələrinin Baş Komandanı vəzifəsinə gətirilib. Başqa sözlə desək, İranın daxili təhlükəsizliyi briqada generalı Hecazidən asılı olub. Məhəmməd Hecazi “Bəsic”in Baş Komandanı vəzifəsinə gətiriləndən sonra "Hizbullah" kimi tanınan radikal qruplarının böyük şəhərlərdəki fəaliyyətləri daha qabarıq şəkildə özünü büruzə verib.


Bir çobanı iki dəfə prezident edən general
 
Mərhum general bütün bu gücü ilə İran siyasi hakimiyyətinin formalaşmasında da birbaşa rol oynayan nadir şəxslərdən sayılırdı. Hətta İran prezidenti Mahmud Əhmədinejadin həm 2005-ci il, həm də 2009-cu il prezident seçkilərində qalib gəlməsini Hecaziyə borclu olduğu iddia edilir. Əhmədinejadın rəqibi Mehdi Kərrubinin İran dini lideri Əli Xameneiyə yazdığı məktuba inansaq, Bəsic “könüllüləri” həmin seçkilər zamanı sandıqların başında dayanıb kimə səs vermələri barəsində seçicilərə açıq-aşkar “köməklik” göstərirmişlər. 
 
Maraqlıdır ki, Hecazinin özü də seçkilərdə kimin tərəfində dayandığını gizləməyə lüzum görməyib. O, 2005-ci il seçkilərdən sonra mətbuata verdiyi xeyli mübahisə doğuran bir açıqlaması ilə yadda qalıb: “İndi hökumət ilə xalq arasındakı məsafə daha da azaldı. Bu vəziyyət bizə düşmən sui-qəsdlərini pozmaq ümidi verir”.
 


2009-cu il prezident seçkisində də eyni qanunsuz müdaxilələrin edilməsi İranda ciddi etirazlara səbəb olur. Həm 2005-ci il seçkilərinin baş məğlubu Mehdi Kərrubi, həm də 2009-cu il seçkilərinin fovariti sayıldığı halda uduzdurulan Azərbaycan əsilli Mir Hüseyin Musəvi birləşərək bu qanunsuzluğa qarşı üsyan bayrağı qaldırırlar. İranın müxtəlif şəhərlərində üsyan çağırışına qoşulan yüzminlərlə insanın dinc nümayişləri Bəsic qüvvələrinin amansız yöntəmləri ilə yatırılır. İddialara görə, “Yaşıl Hərəkat” adı altında keçirilən nümayişlərə müdaxilə edən hərbi hissə paytaxt Tehranın təhlükəsizliyindən məsul olan İslam İnqilab Keşikçiləri Ordusuna bağlı Sarallah qərargahı idi. O zaman Sarallah qərargahına Məhəmməd Hecazi rəhbərlik edirdi.

Maraqlıdır ki, briqada generalı Hecazinin birbaşa dəstəyi ilə 2 dəfə prezident seçilən Əhmədnejad səlahiyyət müddəti bitdikdən sonra uzun müddət gözə dəyməmiş, 2016-cı ildə isə onun sorağı anadan olduğu Səmnan vilayətinin Gərmsar şəhərinin Aradan kəndindən gəlmişdi. Məlum olmuşdu ki, sabiq prezident doğma kəndində sadə kəndli həyatı yaşayır, hətta yeri gələndə heyvan otarmağı belə özünə eyib bilmir. Bu həqiqət ortaya çıxandan sonra İranın siyasi çevrələrində Məhəmməd Hüseynzadə Hecazi yarıgerçək-yarızarafatla “bir çobanı iki dəfə prezident seçdirən general” ünvanı ilə anılmağa başlamışdı. Əgər bu iddialar doğrudursa, İran sadə bir kəndlinin prezident postuna yiyələnəcək xüsusiyyətinə görə dünyanın bir çox demokratik ölkələrinə örnək ola bilər. O ayrı məsələdir ki, həmin çobanı xalq yox, general seçmişdi.


 
Hecazinin 2005-ci il prezident seçkilərindən sonra İranda başlatdığı müxaliflərə qarşı repressiyalar beynəlxalq qurumlar tərəfindən ciddi tənqidlərə məruz qalıb. Onun adı insan haqları, düşüncə və ifadə azadlığını pozmaq ittihamı ilə 2007-ci ildə ABŞ Dövlət Departamentinin sanksiyalar tətbiq olan şəxslər siyahısına salınıb və hələ də bu məhdudiyyət aradan qaldırılmayıb. 2011-ci ilin oktyabrında isə Avropa İttifaqı da Hecazini öz sanksiyalılar siyahısına əlavə edib.
 
İsrailin “Haaretz” qəzetinin 2019-cu ildə irəli sürdüyü iddialarına görə, Məhəmməd Hecazi Livandan məsul olan İran qüvvələrinin komandiri idi. Bu iddia onu göstərir ki, general təkcə ölkə daxili məsələlərlə məşğul deyilmiş, o, həm də xarici əməliyyatlarda da xüsusi missiya yürüdürdü. Təsadüfi deyil ki, SEPAH-ın Qüds gücü qüvvələrinin rəhbəri Qasım Süleymanı qətlə yetiriləndən sonra onun yerinə gətirilən general İsmayıl Qaaninin müavini vəzifəsi Məhəmməd Hecaziyə tapşılır. Mütəxəssislər bu təyinatı İsmayıl Qaaninin yetərli təcrübəsi olmaması ilə əsaslandırırlar. Bu mülahizəyə görə, korpusun üzdə olan komandiri Qaani, işi əsas yürüdəni Hecazi idi. Odur ki, briqada generalının qəfil ölümü bir sıra suallara yol açır.
 
Heydər Oğuz
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 029          Tarix: 19-04-2021, 09:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma