Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
Bir müddət əvvəl İraqın Besika hərbi bazasındakı Türk əsgərlərinə və Ərbil beynəlxalq hava limanına edilmiş raket hücumundan sonra Şimali İraqda vəziyyətin gərginləşəcəyi gözlənilirdi.
Ovqat.com-un məlumatına görə, gözlənilən oldu. Bu gün Şimali İraqdan gələn bir başqa xəbər bölgədə vətəndaş müharibəsinin qaçınılmazlığı prosesinə qədəm qoyulduğunu göstərir.
Bildirilir ki, Şimali İraqın iki önəmli siyasi klanlarından olan Tələbanilər Bağdada müraciət edərək muxtariyyətlik istəyiblər. Müraciətdə Süleymaniyyə ilə yanaşı Səlahəddin və Hələbçə bölgələrinin də bu muxtariyyətin tərkibinə verilməsi xahiş olunur. Rəsmən İraq Baş Nazirliyinə ünvanlanan müraciətdə həmçinin Şimali İraqın paytaxtı Ərbilə göndərilən büdcə ayırmalarında nəzərdə tutulan məbləğin iki yerə bölünməsi, Ərbilin haqqının Ərbilə, Süleymaniyyənin haqqının Süleymaniyə verilməsi istənilir.
Tələbani ailəsinin bu təşəbbüsü Süleymaniyyədəki digər kürd partiyaları, hətta mərkəzi ofisi Ərbildə yerləşən Goran hərəkatı tərəfindən də dəstəklənir.
Rəsmi Bağdadın bu müraciətlə bağlı hələ ki heç bir açıqlama verilmədiyi bildirilsə də, bəzi ekspertlər tələbin müsbət cavablandırılacağına inanırlar. Nədən ki, Bərzani klanından fərqli olaraq Təlabinilər İrana, dolayısıyla həm də Bağdada bağlıdırlar. Hətta İraqın yazılmamış qanunlarına görə, siyasi hakimiyyətin qolları müxtəlif etnik və dini qruplar arasında bölüşdürülüb və razılığa əsasən, İraqın prezident idarəsi kürdlərə, Baş nazirliyi şiələrə verilib. Prezident seçilən kürdlər isə adətən Tələbani əşirətindən çıxırlar. Üstəlik, İraqın bir çox güc strukturlarına da Tələbanilər rəhbərlik edirlər, o cümlədən orduya. Qısası, bu əşirətin Bağdadda çox ciddi dayaqları var.
Tələbanilərin İraqdakı bu əlaqələri zaman-zaman Ərbil-Bağdad arasındakı konfliktlərdə də özünü göstərib. Məsələn, 2017-ci ildə İraqda keçirilən referendumdan sonra bölgədə hərbi əməliyyatlar aparan Bağdada ən ciddi dəstəyi Tələbanilər vermişdilər. Onlar heç bir müqavimət göstərmədən sərhədləri Bağdaddan gələn İraq əsgərlərinə açmış və referendum “qiyam”ının yatırılmasında misilsiz rol oynamışdılar. Kürd əşirətlərinin bu parçalanmışlığı yeni deyil və onların nə zamansa müstəqillik qazana bilmələri ehtimalı qarşısında ən böyük əngəl kimi dayanır.
Parçalanmışlığın əsas səbəbinə gəlincə, Tələbanilər tərəfindən Bağdada göndərilən müraciətdən göründüyü kimi, iki əşirət arasında ən mühüm ziddiyyət kürd muxtariyyətinə ayrılan maliyyənin bölüşdürülməsi ilə əlaqədardır. Muxtariyyətə rəhbərlik edən Bərzanilər büdcə vəsaitlərini istədikləri kimi xərclədiklərindən Tələbanilərə heç nə çatmır. Bundan əlavə, Bərzanilər kürd muxtariyyətinin şimalında - Türkiyə ilə sərhəddə yerləşdiklərindən gömrük qapısınından da böyük həcmdə pul qazana bilirlər. Tələbanilərin bu şansları da yoxdur.
İki kürd əşirətinin bölüşdürə bilmədikləri əsas sərvət Kərkükdür. Zəngin neft yataqları ilə məşhur olan Kərkük İraq karbohidrogen ehtiyatının 40%-ni barındırır. Bu bölgə təkcə kürd əşirətləri arasında deyil, Bağdadla Ərbil arasında da uzun sürən mübahisələrə səbəb olub. Tələbani əşirətinin tələbləri arasında Kərkükün Süleymaniyyəyə tabe etdirilməsi maddəsi də var və bu məqam kürdlər arasındakı ixtilafların atəşlənməsi üçün yetərli səbəbdir. Odur ki, ekspertlər Tələbanilərin bu tələbininin Şimali İraqda daxili müharibələrə yol açacağına əmindirlər.
Bəs, Bağdad Tələbanilərin bu tələbini yerinə yetirə bilərlərmi?
İraqın sabiq millət vəkillərindən olan Feyha Bayatlının fikrincə, bəli. Bu tələbin arxasında Tehranın dayandığına inan sabiq deputatın iddiasına görə, İranın İraq hakimiyyəti üzərində güclü nüfuzu var və Bağdad onun sözündən çıxa bilməz. Tehranın bu mövqeyi isə səbəbsiz deyil.
"Bərzani rəhbərliyi İsrail və ABŞ ilə sıx əlaqədədir və İran əleyhinə bir ittifaqın bir hissəsidir. Tələbaninin bu tələbinə də uzun müddətdir İsrail-ABŞ-Bərzani ittifaqından narahat olan İranın qisası kimi baxılmalıdır. Tələbani rəhbərliyi faktiki olaraq bu prosesə start verdi. Bağdad rəhbərliyinin nə qərar verəcəyi hələlik məlum deyil, lakin İranın İraqın idarə olunmasında yeri və təsiri baxımından planın həyata keçirilməsində heç bir maneə yoxdur”, - Bayatlı belə düşünür.
Sabiq millət vəkili həmçinin onu da vurğulayıb ki, Tələbani əşirəti muxtariyyətlik qazanarsa, öz ərazisində PKK-ya da yer ayıracaq. Bu da Türkiyənin milli təhlükəsizliyinə təhdiddir və Ankara sözügedən prosesə laqeyd qala bilməz.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar