Xəbər lenti

 
Rus “sülhməramlı”larının dünən Xocalıda nümayiş etdirdiyi “qələbə bayramı” Azərbaycan xalqına böyük nankorluğunun ifadəsidir. Ən azı ona görə ki, II Dünya müharibəsində əldə olunmuş qələbədə təkcə rus xalqının deyil, digər sovet xalqlarının, o cümlədən də Azərbaycanın müstəsna rolu vardı. Barbaros planının xəritəsinə nəzər salsaq, II Dünya Müharibəsində faşist Almaniyasının SSRİ-yə 3 istiqamətdən hücum etmədiyini aydın görə bilərik. Şimal istiqamətindən hücumun hədəfi Leninqrad, qərb istiqamətindən Moskva, cənub istiqamətindən isə Bakı idi. Hitler Bakını tutmaqla həm sovet hərbi texnikasını yanacaqsız, həm də ön cəbhəni qida və digər logistik dəstəkdən məhrum buraxmaq istəyirdi. Məhz bu çətin zamanlarda Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə fazişmə qarşı bütün var-gücüylə mübarizə aparır, qələbə uğrunda canından-malından keçir, heç nəyi əsirgəmirdi. 
 
Bəlkə də sovet xalqları arasında ən çox qurban verənlərdən biri də Azərbaycan xalqı olmuşdu. Baxmayaraq ki, döyüşlər bizim respublikanın sərhədlərindən kənarda gedirdi, yeri gələndə ölkəmizə bir top mərmisi belə düşməmişdi. Buna rəğmən, ön cəbhəyə 700 minə yaxın Azərbaycan vətəndaşı yollanmış, onlardan 420 mini geri qayıtmamışdı. 1920-ci ildə Azərbaycan əhalisinin sayının 2.6 milyon olduğunu, II Dünya müharibəsinə qədər keçən 20 il ərzində  bu rəqəmin uzağı 3 milyona çatdığını nəzərə alsaq, görərik ki, əhalimizin hardasa 25%-i birbaşa ön cəbhədə döyüşmüşdü. İstənilən ölkədə əhalinin yarısının qadınlar, 25%-dən çoxunun uşaqlar və qocalar olduğunu düşünsək, bu, Azərbaycanda əli silah tutan, məşhur deyimlə desək, başıpapaqlı bütün kişilərin müharibəyə getməsi anlamına gəlir. Verdiyimiz itkilər isə kişi nüfusumuzun 60%-nə bərabər idi. 



 Xalqımızın faşizmə qarşı mübarizədə göstərdiyi şücaət və qəhrəmanlığı “xalqlar dostluğu” pərdəsi altında gizlənən şovinist sovet liderləri də etiraf etmək məcburiyyətində qalmışdılar. Bu etiraf qəhrəmanlarımıza və hərbi birliklərimizə verilən mükafatlarda da öz əksini tapmışdı. Krımın, Ukrayna və Litvanın azad edilməsində fərqləndiyinə görə “Simferopol” diviziyası fəxri adını almış 77-ci, Qafqaz uğrunda döyüşlərdə heyətinin böyük hissəsini itirmiş 402-ci (sonradan 416-cı diviziya ilə birləşdirilib),  “Belqrad” diviziyası fəxri adı ilə tanınmış  223-cü,  Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmiş 271-ci və  Şimalı Qafqazın azad edilməsində böyük rol oynamış,  “Taqanroq” diviziyası fəxri adını almış, 1945-ci ildə Berlinə ilk daxil olmuş hərbi hissələrdən biri - 416-cı  diviziya Azərbaycanın milli diviziyaları idi. Məhz bu qəhrəmanlıqların nəticəsində 43 nəfər milliyyətcə azərbaycanlı ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı fəxri adına, 400 mindən çox Azərbaycan vətəndaşı müxtəlif orden və medallara layiq görülmüşdü. Üstəlik, Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə və s. kimi adları və xidmətləri SSRİ sərhədlərindən kənarda dillər əzbəri olmuş, Avropanın ən yüksək mükafatlarıba layiq görülən, lakin öz ölkəmizdə bilinməyən qəhrəmanlarımız da var.
 
Müharibədə təkcə igid oğullarımız iştirak etmir, qeyrətli Azərbaycan xanımları da faşizmə qarşı mübarizədə öz sücaəti ilə fərqlənirdilər. Təsadüfi deyil ki, ön cəbhəyə yollanan 700 minə yaxın əsgərlərdən 11 mini qadın idi. Qadınlar xüsusilə arxa cəbhədə əsl kişi kimi çalışır, gecə-gündüz demədən öz çəkilərindən ağır yükün altına girir, qələbəni yaxınlaşdırmağa çalışırdılar. Zərif əmək nəticəsində zəmilərdən toplanan taxıl və digər qida məhsulları son dənəsinə qədər ön cəbhəyə göndərilir,  toxunulan isti paltar və corablar sovet əsgərlərini Rusiyanın soyuğundan qoruyurdu. Məlumata görə, Azərbaycandan Müdafiə Fonduna 15,5 kq. qızıl, 900 kq. gümüş, 295 milyon manat pul ianəsi yatırılmışdı. Bundan başqa, Fonda tank kolonnaları üçün 175 milyon manat pul köçürülmuş, hədiyyə olaraq döyüşçülər üçün cəbhəyə 1,6 milyon müxtəlif əmtəə, 125 vaqon isti paltar göndərilmişdi. Bu da Azərbaycan xanımlarının faşizmə qarşı mübarizəsinin töhfəsi idi.


 
Azərbaycanın II Dünya Müharibəsinə ən böyük töhfəsi isə, sözsüz ki, sovet texnikasını hərəkətə gətirən “qara qızılı”, ağır silahların ana maddəsi olan qara metallurgiya sənayesi və komminkasiya imkanları idi. Bildirildiyinə görə, müharibə illərində Azərbaycanın kimya müəssisələrində 26 növ yandırıcı və partlayıcı kimyəvi birləşmə, 9 növ aviasiya və 8 növ dizel yanacağı istehsal olunur, yanğın əleyhinə inventar və avadanlıqlar hazırlanırdı. Azərbaycanın neft-kimya sənayesinin geyimləri oddan qorumaq üçün xüsusi hopdurucu maddə istehsalını da yaddan çıxarmaq olmaz. Gənc kimyaçı alimimiz Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı təyyarə benzini hazırlaması təkcə sovet təyyarələrinin havalandırmır, həm də alman tanklarının qəniminə çevrilmiş “Molotov kokteyli”nin (bir çoxları onu katlet yemək qədər asan iş sansa da) ana maddəsinə çevirmişdi.
 
Müharibə illərində Azərbaycan dənizçilərinin və Bakı liman işçilərinin də çiyinlərinə ağır yük düşmüşdü. Bakı limanı müharibənin ilk ilində (1941-ci il) bir əvvəlki illə müqayisədə tədarük gücünü 2 dəfə yaxın artıraraq, təkcə İrandan 75,5 milyon ton yükü Rusiyaya göndərmişdi. Müharibənin taleyinin həll olunduğu 1943-cü ildə isə bu rəqəm 385,5 mln.tona yüksəlmişdi.
 
Bütün bunlar və uzunçuluğa varmamaq üçün sadalaya bilmədiyimiz digər faktlar alman faşizmi üzərində qələbədə Azərbaycanın Rusiyadan az rol oynamadığını təsdiqləyir. Rusiya isə 9 may qələbəsini özününküləşdirməklə qalmır, ötən il yenidən işğal etdiyi Qarabağ torpağının sinir nöqtəsi sayılan Xocalı aeroportunda “Qələbə bayramı” keçirməklə Azərbaycan xalqının heysiyyatı ilə oynayır. Zira həmin Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə tarixinin ən böyük vandalizminə şahid olmuşdu. Bir çox dövlətlər tərəfindən soyqırım kimi tanınan həmin məşum gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdüƏsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bundan əlavə, Xocalı daxil olmaqla Qarabağın müxtəlif ərazilərindən 4500-dən artıq dinc sakinimiz rus ordusunun köməkliyi və təşviqi ilə ermənilər tərəfindən gorov götürülmüş, indiyədək nə ölüsü, nə dirisi Azərbaycana qaytarılmamışdı
 

 
Qarabağa guya “sülhməramlı” missiya üçün gələn rus əsgərlərinin hələ qaysaq bağlamamış Xocalı yaramızda “qələbə” nümayişindən bir gün sonra Rusiyanın erməni əsilli Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri isə üzrü qəbahətindən ağır olan addımdır. Üstəlik, səfərin əsas məqsədi, Azərbaycan ərazilərində terror törədən bir ovuc ermənini azadlığa buraxmaq və düşməni bizə qarşı müharibəyə həvəsləndirməkdir. Rəsmi Bakının bu həyasızlıq qarşısında ata biləcəyi yeganə addım var: Lavrova və rus “sülhməramlı”larına sərhəddimizin o tayını göstərmək
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 286          Tarix: 10-05-2021, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma