Xəbər lenti

 
44 günlük savaşda Türkiyə və İsrailin mənəvi dəstəyini ala bilən Azərbaycan Ermənistan üzərindəki qələbədən sonra çağdaş dünya düzəninə yeni çalar gətirəcək təşəbbüslə çıxış etdi: Türkiyə ilə İsrail arasında körpü quruculuğu. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müavini Hikmət Hacıyev bu yaxınlarda İsrail KİV-dən birinə veridyi müsahibəsində bu fikri açıq şəkildə dilə gətirir və yaxın günlərdə Bakıda Türkiyə-Azərbaycan-İsrail üçtərəfli sammitinin keçiriləcəyi müjdəsi ilə çıxış edirdi. Üzərindən az keçməmiş Təl-əvivin əl-Əqsa məscidində fələstinlilərə qarşı sərgilədiyi sərt mövqe, belə görünür ki, rəsmi Bakının bu təşəbbüslərini ya tamamilə ortadan qaldıracaq, ya da onu daha da sürətləndirəcək.

Bakıda Türkiyə-İsrail-Azərbaycan üçtərəfli dostluq sammiti keçiriləcək– Regional dəngələri dəyişdirəcək layihə

 
Məsələ burasındadır ki, İsrailin Fələstinlilərə qarşı sərt repressiya siyasətinə əl atmasına ən radikal cavabı verən Ankara oldu. Bu da istər-istəməz onsuz da kövrək tellərlə qurulmağa çalışılan üçtərəfli ittifaqın perspektivinə kölgə salır, rəsmi Bakının işini xeyli çətinləşdirir. İngilisdilli “Al-Monitor” nəşrinin analitiki  Amberin Zamanın qələmə aldığı Məbəd dağı zorakılığı Türkiyə ilə İsrailin münasibətləri düzəltmək cəhdlərinin kövrəkliyini ortaya qoyur” sərlövhəli məqaləsi də bundan bəhs edir.
 
Məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.


 
Türkiyənin İsraillə əlaqələrin qurulması istiqamətində səyləri İsrail qüvvələrinin Qüdsdəki əl-Əqsa məscidində fələstinlilərə qarşı amansız repressiyaları ilə pozuldu.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftə sonunda qəzəbini ifadə etmək üçün Tvitter-də türk, ərəb və ivrit dillərində rəsmi mövqeyini paylaşdı. O, tvit-bəyanatında İsraili "qəddar terrorçu dövlət" adlandıraraq bildirdi ki, müsəlman ölkələri zorakılığın qarşısını almaq üçün effektiv addımlar atmalıdırlar. Səssiz qalanlar "əl-Əqsadakı qəddarlığın iştirakçıları"dır.
 
Ərdoğan Fələstin prezidenti Mahmud Abbas və HƏMAS lideri İsmayıl Haniya ilə də telefon danışığı aparıb, öz dəstəyini ifadə edib. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə ölkəsinin "fələstinli bacı və qardaşlarının" səsi olmağı sürdürəcəyinə və hüquqlarını müdafiə edəcəyinə vəd verib. Ərdoğanın kommunikasiyalar üzrə direktoru Fəxrəddin Altun da öz tvitləri ilə ölkə rəsmilərinə qoşulub və bəyan edib: “Biz İslam dünyasına səslənirik: İsrailin iyrənc və qəddar hücumlarına “dur” deməyin vaxtıdır! İnsanlığa səslənirik: bu terror (irqi dövlətinə həddini bildirməyin vaxtıdır!”
 
Türkiyənin Dini İşlər üzrə Dövlət İdarəsinin (Diyanet Vakfı nəzərdə tutulur – H. O.) rəhbəri Bazar ertəsi günü bütün ölkə məscidlərində "əl-Əqsanın işğalçı və terrorçu dövlət olan İsrailin caynağından xilası üçün dualar edilməsini tapşırıb.


 
Səudiyyə Ərəbistanı, Küveyt, Misir və digər ərəb ölkələri də İsrailin hərəkətlərini qınayıb, baxmayaraq ki, onların üslubu Türkiyə ilə müqayisədə daha ölçülü olub.
 
Mayın 7-də İsrail polisinin rezin güllələrdən, gözyaşardıcı qazdan və elektroşokerlərdən istifadə edərək, fələstinli etirazçılarla qarşılaşmasından və əl-Əqsa məscidini - İslamın üçüncü müqəddəs yerini ələ keçirməsindən sonra etiraz axını davam edib. Fələstinlilər Şərqi Qüdsdəki Şeyx-Cərra bölgəsindən planlaşdırılan köçürmələrə qarşı etiraz ediblər ki, hüquq müdafiə qruplarının iddialarına görə, bu köçürmə şəhərdəki fələstinli əhalini azaltmaq üçün göstərilən daimi səylərin bir hissəsidir.
 
1967-ci il müharibəsində İsrailin İordaniyadan işğal etdiyi Şərqi Qüds və Köhnə Şəhərin ələ keçirməsi ildönümündə  yəhudilərin Yerusəlim Gününü qeyd etmək məqsədilə Məbəd dağına daxil olması bu təşəbbüsün qarşısını almaq istəyən fələstinlilərlə toqquşmaya səbəb oldu. Toqquşmanın üçüncü günündə - Bazar ertəsi günü gərginlik davam etdi. HƏMAS-ın Qəzzadan İsrailin mərkəzi hissəsinə raket zərbələri endirməsi ilə kəskinləşən gərginlik nəticəsində yüzlərlə fələstinli və onlarla İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşı yaralandı.
 
Təl-əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun xarici siyasət sahəsində Türkiyə üzrə ixtisaslaşmış baş elmi işçisi Qalya Lindenstrauss son aylarda Ankaranın yəhudi dövləti ilə qırılmış əlaqələrini bərpa etmək səylərinə baxmayaraq, Türkiyənin sərt reaksiyasından təəccüblənmədiyini deyib. Qalya Lindenstruss bildirib ki, Ankara-Təl-əviv arasında kəşfiyyat orqanlarının ən yüksək vəzifəli şəxslərinin görüşlər də daxil olmaqla, yəhudi dövləti ilə dağılmış əlaqələri bərpa etmək və bu yaxınlarda Dağlıq Qarabağda Ermənistana qarşı aparılan müharibədə Azərbaycanla qeyri-rəsmi əməkdaşlıq da bu konteksdə təəccüblü görünmür. Lindenstrauss deyib: "Türkiyənin Yerusəlimdə zorakılığın artmasına reaksiyası çox gözləniləndir və Türkiyə-İsrail münasibətlərinin İsrail-Fələstin münaqişəsində baş verən hadisələrin ciddi təsiri altında olmasının daha bir təzahürüdür." 


 
O əlavə edib: "İsrail hökuməti Qüdsdəki zorakılığın hazırkı raundunda HƏMAS-ın nüfuzunun artmasından narahatdır və bu səbəbdən də, Türkiyənin HƏMAS-la əlaqələrinə, həmçinin, Ankaranın İsrail vətəndaşlığı olan fələstinlilər arasında getdikcə artan nüfuzuna  şübhə ilə yanaşmaqda davam edəcək.”
 
İsrailin Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ankara qarşısındakı ən böyük tələbi HƏMAS-a dəstəyinin sona çatdırması və HƏMAS yetkililərinin Türkiyədən çıxarılmasıdır. Bunlar, rəsmi Qahirənin Ankara ilə tam diplomatik münasibətlərin bərpa olunması üçün Misir prezidenti Əbdül Fəth əs-Sisiyə qarşı müxalif fəaliyyətlər təşkil edən “Müsəlman Qardaşları” təşkilatının üzvlərinin İstanbuldan kənarlaşdırılması və onlara yardımın dayandırılması tələbi ilə də üst-üstə düşür. Ankara bəzi addımlar ataraq “Müsəlman Qardaşları” ilə əlaqələrı zəiflətmək barədə göstəriş verdi və HƏMAS-la əlaqəli bəzi şəxsləri deportasiya etdiyi açıqladı. Ancaq bu tədbirlərin heç biri bu günə qədər nə Misiri, nə də İsraili qane edib. Məhz bu səbəbdən də ötən həftə Qahirədə Türkiyə ilə Misir arasında aparılan ilk rəsmi danışıqlar nəticəsiz qaldı.
 
Çavuşoğlu Türk mallarını qeyri-rəsmi boykot edən və Türkiyənin dərinləşən maliyyə problemlərini daha da artıran Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltmək üçün bu gün Riyada uçdu. İki ölkə arasında münasibətlər Türkiyənin vəliəhd şahzadə Məhəmməd bin Salmanın Səudiyyə müxalif jurnalist Camal Qaşıqçının 2018-ci ildə törədilmiş dəhşətli qətl hadisəsindəki rolunu ifşa etməsindən sonra kəsilmişdi.
 
İsrail Türkiyəni Məbəd dağındakı iğtişaşları körükləməkdə, “türk agenti təxribatçı”lar adlandırdığı qüvvələr vasitəsi ilə fələstinlilər arasında fərqli düşüncələri yaymaqda və HƏMAS-a yardım etməkdə günahlandırır: “Türkiyə və İsrailin 2018-ci ilin may ayından etibarən bir-birinin paytaxtlarında səfirləri yoxdur. O zaman Türkiyə İsraildəki səfirini Qəzzadakı fələstinlilərə qarşı artan hücumlar və Donald Tramp administrasiyasının ABŞ səfirliyini Qüdsə köçürmək qərarı ilə əlaqədar geri çağırdı.


 
Türkiyənin İsraillə əlaqələri yenidən normallaşdırmaq istəməsini bir neçə amillə əlaqədardır. Bunlardan biri, İsrail ilə yaxşı əlaqələrin Vaşinqtonda Türkiyənin xeyrinə ola biləcəyinə inamdır. Digəri İsrailin Yunanıstan, Kipr, Misir və Birləşmiş Ərəb Əmirlikləri arasındakı dərinləşən ittifaqının Türkiyəyə və xüsusilə də onun Şərqi Aralıq dənizindəki maraqlarına qarşı yönələcəyi ehtimalıdır.
 
İsrail bir neçə körfəz ölkəsi, Mərakeş və Sudan ilə yeni möhkəmlənmiş əlaqələrindən məmnun qaldığından, Türkiyə ilə münasibətləri yenidən normallaşdırmağa tələsmir. Ölkədə seçkilərin nəticələrinin dalana dirənməsi başqa bir maneədir. “Yesh Atid” lideri Yair Lapid və “Yamina” sədri Naftali Bennett arasında yaradılan yeni bir "Dəyişiklik bloku" Baş nazir Binyamin Netanyahunun hökumət qurmasını əngəllədi. O, indi yeni koalisiya hökuməti qurmağa çalışır. Bu koalisiya hökuməti qurulsa, Lapidin Xarici İşlər naziri olacağı gözlənilir. Ərdoğanı bəyənməməsi ilə məşhur olan Netanyahudan daha çox mərkəzçi olmasına baxmayaraq, Lapid də "Ərdoğan əleyhinə ritorikası ilə ünlüdür", - deyə Lindenstrauss qeyd edib.
 
Mütəxəssisin fikrincə, Lapid Türkiyə ilə yaxınlaşmaya həvəsli olmayacaq: “Amma o, praqmatik kimi də davrana bilər, çünki söhbət yalnız səfirləri geri qaytarmaqdam gedir”.
 
Lindenstrauss, İsraildə qurulacağı gözlənən yeni hökumət blokunun "Türkiyə haqqında fərqli tonda danışa biləcək olduqca müxtəlif dünyagörüşlü insanlardan təşəkkül tapacağını" da istisna etmir: “Türkiyə tərəfdarı səslərin üstünlük təşkil etməsi böyük ölçüdə Ankaranın gələcək davranışından asılı olacaq. Hər iki ehtimalda da İsrail yəhudilərinin əksəriyyəti Ərdoğandan gələn tənqidi birtərəfli və ədalətsiz hesab edirlər."
 
Tərcümə etdi: Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 659          Tarix: 11-05-2021, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma