Xəbər lenti
 
 
“Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüş zamanı Krım məsələsini müzakirə etməyə hazırdır”.
 
Ovqat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu bəyan edib.
 
Fəqət  Peskov rəsmi Kiyev qarşısında önəmli bir şərt də qoyub – Krım kimə məxsusluğu müzakirə edilməməlidir: “Söhbət yalnız sərhədyanı əməkdaşlıqdan gedərsə, Putin Krımı müzakirə edə bilər. Bilirsiniz, Rusiyanın regionlar xətti ilə xarici ölkələrlə sərhədyanı əməkdaşlığı var. Əgər müzakirə bu çərçivədə əməkdaşlıqdan gedərsə, əminəm ki, Putin buna hazır olacaqdır. Əgər Krımın Rusiya Federasiyasına yox, başqa bir yerə məxsusluğunu masaya yatırılsa, heç kim heç vaxt bunu müzakirə etməyəcək", - deyə o, "Moskva. Kreml. Putin" proqramına açıqlamasında bildirib. 
 
O, Krım məsələsinin müzakirə mövzusuna çevrilməsinə isti baxmadıqlarını Rusiya Konstitusiyası ilə əlaqələndirib. Xatırladıq ki, Konstitusiyaya əsasən, ərazilərinin özgəninkiləşdirilməsi haqqında danışmaq cinayətdir və Putin qanunlara bağlı liderdir.
 
Qeyd edək ki, Moskvanın Kiyev üzərinə bu cür cəsarətlə getməsi və Ukrayna liderinin hər şeyə rəğmən danışıqlara üstünlük verməsi səbəbsiz deyil. Ukraynanın bu zamanadək Rusiya qarşısında əsas ümid yeri ABŞ idi. Hazırkı ABŞ prezidenti hakimiyyətə gələndə rəsmi Kiyev buna xeyli sevinmiş, Rusiya əleyhdarlığı ilə tanınan Baydenin Ukraynaya hər cür dəstək verəcəyini düşünmüşdü. İlk aylar həqiqətən də bu dəstək hiss olunurdu. Hətta ABŞ-ın rəhbərliyi altında NATO hərbi donanması Ukraynanı dəstəkləmək üçün Qara dənizdə birgə təlimlər planlaşdırmışdılar da. Lakin Rusiyanın birdən-birə Qara dənizə xeyli sayda hərbi gəmi və ağır silahlarla təchiz olunmuş sualtılar toplaması, ardınca da Ukrayna sərhədlərinə 100 mindən çox əsgər və quru qoşun texnikaları göndərməsi Vaşinqtonu tədricən geri addım atmağa vadar etdi. Sonunda Cozef Bayden rusiyalı həmkarı Putinlə telefonla danışaraq, onu üzbəüz dialoqa çağırdı. Ardınca da digər güzəştlər gəldi. ABŞ Dövlət Departamenti “Şimal axını-2” layihəsinə tətbiq etdiyi sanksiyaları qaldırdı. Beləcə, Ukraynanın maraqlarının hansısa məqsədlər xətrinə Rusiyaya qurban verilməsi təəssüratı yarandı.


 
Ekspertlərin fikrincə, ABŞ-ın Ukraynanı Rusiyaya qurban verməsinin bir neçə səbəbi ola bilər. Başlıca səbəb, ABŞ-ın Avropadakı ənənəvi müttəfiqlərinin, xüsusilə də Almaniya və Fransanın Rusiya ilə əməkdaşlıqdan imtina etməməsidir. Vaşinqtonun bütün səylərinə baxmayaraq, Almaniya hökuməti iki ayağını bir başmağa dirəyib “Şimal axını-2” layihəsindən geri çəkilmədi. Özünə görə haqlı səbəbi də vardı: Almaniya ekoloji təhlükə qaynağı hesab etdiyi kömür və nüvə energetikasını daha təmiz enerjisi mənbəyi sayılan qazla əvəzləmək istəyir. Bunun üçün isə ona külli miqdarda və ucuz təbii qaz lazımdır. Rusiya da ən ucuz qiymətə ona təbii qaz təklif edir. 
 
ABŞ-ın Almaniyaya alternativ kimi təqdim etdiyi LNG qazı isə həm daha bahalıdır, həm də enerji təhlükəsizliyinin digər bir tələbinə cavab vermir. Söhbət enerji mənbələrinin diversikasiyasından gedir. Avropalılar hətta 10 yumurtanı belə, eyni zənbildə daşımağı qida təhlükəsizliyinə zidd hərəkət hesab etdikləri halda, təbii ki, enerjini də bir mənbədən almaq istəmirlər. 
 
Qısası, ABŞ-ın alternativləri Avropanın təhlükəsizlik və iqtisadi anlayışları ilə üst-üstə düşmədiyindən Vaşinqtonun tələbləri havadan asılı qalırdı. Nəticədə ABŞ ya Avropa müttəfiqlərini itirməli, ya da onların iradəsi ilə razılaşmalı idi. Görünən budur ki, sonunda geri çəkilən Vaşinqton oldu.


 
ABŞ qarşısında dayanan digər bir əngəl isə sanksiyalar siyasətinin Rusiya ilə Çini, hətta Türkiyə və İranı eyni hədəfdə birləşdirmək ehtimalıdır. Vaşinqton həm Moskvaya, həm Pekinə, həm də Ankaraya və Tehrana sanksiyalar tətbiq etməklə əslində öz ayağına güllə sıxırdı. Bu yanlış siyasətin nəticəsində Avrasiya dövlətləri arasında yeni ittifaqlar yaranırdı və nəticədə ABŞ-ın özü təcrid vəziyyətinə düşürdü. 
 
Təsadüfi deyil ki, ABŞ-ın peşman olub geri çəkildiyi və “Şimal axını-2” layihəsinə tətbiq etdiyi sanksiyaları yumşaltdığı ərəfədə Moskva ilə Pekin iqtisadi əməkdaşlığı genişləndirmək planları qururdular. Bu həftənin çərşənbə günü Rusiya prezidenti Putin ilə ÇXR-in rəhbəri Si Cinpin birgə növbəti ümumi layihəyə – Tyanvan AES-in 7-ci və 8-ci bloklarının və Çində yerləşən "Suydapu" AES-in 3-cü və 4-cü bloklarının tikintisinə start vermişdilər. Vladimir Putin bu münasibətlə etdiyi çıxışında bildirmişdi: "Demək olar ki, indi Rusiya-Çin münasibətləri tarixdə ən yüksək səviyyəyə çatıb".
 
Yeri gəlmişkən, ABŞ üçün əsas təhdid mənbəyi də Rusiya deyil. Ölkə rəsmilərinin açıq şəkildə vurğuladığı kimi, Çin öz iqtisadi artımı və hərbə yatırdığı kapitalla ABŞ-ın kabusuna çevrilib. Rusiyanı onunla əməkdaşlığa vadar etmək isə, sözsüz ki, Pekinin qarşısında yeni imkanlar yaradırona nüvə texnologiyasını inkişaf etdirməklə yanaşı, həm də tükənməz enerji mənbələri və ucsuz-bucaqsız münbit torpaqlar verirdi. Hər 3 “hədiyyə” isə Pekinin ən çox ehtiyac duyduğu çatışmazlıqlar idi ki, Vaşinqton qızıl teştə ən böyük rəqibinə sunurdu.
 
Ukraynalı ekspertlər də ölkələrinin maraqlarının Rusiyaya satıldığı qənaətindədirlər.  “"Şimal Axını – 2" nin qərarı Bayden komandası tərəfindən kollektiv şəkildə qəbul edilib və ABŞ-ın Ukrayna da daxil olmaqla, bəzi güzəştlərə getməyə hazır olduğunu göstərir. Əsas məsələ Çindir. Amerikalılar Rusiyanı Pekinlə daha çox əməkdaşlığa sövq etmək istəmirlər", - deyə kiyevli politoloq Konstantin Bondarenko media açıqlamasında bildirib.


 
ABŞ Dövlət Departamentinin Rusiyanı Çindən ayırmaq üçün “Şimal axını-2” layihəsinə qoyduğu sanksiyaların bəzilərini ləğv etməsindən sonra “Fortune” borudöşəmə gəmisinin qaz kəməri üzərində yenidən çalışmalara başladığı xəbər verilir. 95%-i çəkilmiş qaz kəmərinin tamamlanması üçün cəmi bir neçə ay lazım olacaq. Rusiya və Almaniya şirkətlərinin havalar soyuyana qədər qaz kəmərini tamamlaması gözlənilir. Təxminən 120 km-lik məsafəyə boru döşəməsi prosesi bundan sonra o qədər də çətin olmayacaq.
 
“Şimal axını-2” layihəsi işə düşəcəyi təqdirdə Rusiya Ukrayna vasitəsilə Qərbə qaz nəqlini dayandıracaq. Hətta ölkə öz qaz tələbatını belə, birbaşa Rusiyadan yox, Almaniyadan alacağı mavi yanacaqla təmin edəcək. Bu isə Ukrayna iqtisadiyyatına hər il 5 milyard dollar zərər vuracaq. Belə çətin şəraitdə Rusiya prezidenti ilə Krımı barəsində danışıqlar aparmağa məcbur edilən Zelenskinin ağır güzəştlərə getməkdən başqa çarəsi qalmayıb. Geosiyasi arenada ciddi üstünlüklər qazanan Moskvanın isə Zelenski hökumətinə acıyacağına inanmaq sadəlövhlük olardı. Zənnimizcə, Moskva əlinə düşən fürsətdən tam faydalanaraq, Ukraynada hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq və buna indi kifayət qədər gücü də var. Necə deyərlər, “Moskva göz yaşlarına inanmır” filminin Ukrayna seriyası başlamaq üzrədir.
 
Heydər Oğuz,
Ovqat.com
 



Ana səhifəyə qayıt        Baxış: 6 658          Tarix: 23-05-2021, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma