Xəbər lenti

 
Orxan Bağırov
BMTM
 
İkinci Qarabağ Müharibəsi Ermənistanın 30 ilə yaxın sürən işğalına son qoyaraq Cənubi Qafqazda yeni geo-siyasi və geo-iqtisadi vəziyyətin formalaşmasına səbəb olmuşdur. Ermənistanın işğalçı siyasəti son on illiklərdə onun iqtisadi siyasətinin formalaşmasına əsaslı şəkildə təsir etmiş və demək olar ki, tamamilə iqtisadi blokadaya düşməsinə, xarici iqtisadi əlaqələri inkişaf etdirmək imkanlarının əsaslı şəkildə azalmasına yol açmışdır. 
 
Ermənistan-Azərbaycan münaqişəsi regionda əməkdaşlıq imkanlarının tam olaraq istifadəsinə imkan yaratmasa da regionun digər ölkələri birlikdə bir çox enerji və nəqliyyat layihələrini icra etmiş və Cənubi Qafqazın dünya iqtisadiyyatında mövqeyini möhkəmləndirmişdir. İşğaçılıq siyasəti səbəbindən isə Ermənistan bu layihələrdən kənarda qalmış və onlardan faydalanmaq imkanlarını itirmişdir. 
 
İşğalın iqtisadi baxımdan Ermənistana verdiyi yeganə üstünlük həmin ərazilərdə olan təbii ehtiyatların, xüsusilə də qiymətli metalların istismarı və ixracı olmuşdur. Ermənistan tərəfindən bu ehtiyatların qanunsuz istismarı böyük maliyyə gəlirlərinin əldə edilməsinə imkan yaratmışdır. Lakin, ümumilikdə işğal nəticəsində Ermənistanın məhrum olduğu iqtisadi imkanlar işğal edilmiş ərazilərdə ehtiyatların yaratdığı imkanlardan dəfələrlə çoxdur. Qeyd edilən faktorlar onu deməyə əsas verir ki, Qarabağın işğalı Ermənistanın iqtisadi siyasətinin formalaşmasına təsir edən əsas amillərdən biri olmuşdur və buna görə də işğalın bitməsi Ermənistanın bundan sonrakı iqtisadi siyasətinin formalaşmasına da əsaslı şəkildə təsir edəcəkdir
 
Müharibənin bitməsinə səbəb olan 10 Noyabr üçtərəfli bəyanatı özündə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, eyni zamanda regionda münaqişəyə görə uzun illər dayandırılmış olan iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutur. Bu isə regionda iqtisadi əlaqələrin xarakerinin dəyişməsinə və iqtisadi əməkdaşlıq imkanlarının artmasına səbəb olacaqdır. Bu çərçivədə bütün regional ölkələr kimi Ermənistan da iqtisadi baxımdan təsirlənəcəkdir və onun xarici iqtisadi əlaqələrinin genişlənməsinə imkan yaranacaqdır. 
 
Müharibənin və müharibədən sonra formalaşmış mühitin Ermənistan üçün əsaslı iqtisadi təsirləri olduğundan onun bundan sonrakı iqtisadi siyasətinə müxtəlif istiqamətlərdə təsir edəcəkdir. Ona görə də Ermənistanın post-müharibə dövründə iqtisadi inkişaf perspektivlərinin mahiyyətini anlamaq üçün bu istiqamətlərin hər birinin nəzərdən keçirilməsinə ehtiyac vardır. Ona görə də bu istiqamətləri ayrıayrılıqda nəzərdən keçirək. 


 
Müharibə nəticəsində dəymiş zərər 
 
İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın iqtisadi inkişaf perspektivlərindən danışarkən müharibə nəticəsində Ermənistanın qarşılaşdığı iqtisadi zərərlərə diqqət yetirməmək mümkün deyildir. Müharibədə Ermənistanın ciddi itkilər ilə qarşılaşması, onun uzun müddət maliyyə vəsaitlərinin böyük hissəsini xərclədiyi ordunun və hərbi texnikaların demək olar ki, tamamilə sıradan çıxması ordunun yenidən qurulmasını qaçılmaz edir. Bunun üçün isə böyük maliyyə vəsaitlərinə ehtiyac vardır və növbəti illərdə büdcə layihələrində bu amil nəzərə alınacaqdır. Müharibənin zərərlərinin Ermənistanın gələcəkdə iqtisadi siyasətinə təsirini başa düşmək üçün son illərdə Ermənistanın hərbi sahəyə ayırdığı xərcləri və müharibədə qarşılaşdığı zərərləri nəzərdən keçirmək lazımdır. 
 
Hesablamalar göstərir ki, İkinci Qarabağ Müharibəsi dövründə Ermənistanın məhv edilmiş və ya Azərbaycan ordusu tərəfindən qənimət kimi götürülmüş hərbi texnika və avadanlıqlarının ümumi dəyəri 3.8 milyard ABŞ dolları (bundan sonra dollar) həcmində olmuşdur. Ermənistanın illik hərbi xərcləri isə son 10 ildə iki dəfə artaraq 716 milyon dollar səviyyəsinə çatmışdır (Qrafik 1). Son 10 ildə hərbi xərclərin ümumi həcmi isə 4.9 milyard dollar səviyyəsində olmuşdur. Bu göstəricini Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri ilə müqayisə etdikdə görərik ki, itkilər son on ilin ümumi hərbi xərclərinin 77%- dən çoxunu təşkil edir. Bu da Ermənistanın hərbi və maliyyə baxımından nə dərəcədə böyük itki ilə qarşılaşdığını göstərir. 
 
Ermənistanın hərbi xərcləri (milyon dollar) 


 
Ümumiyyətlə, Ermənistanda son illər hərbi xərclər iqtisadiyyatda böyük paya sahib olmuşdur. İllik hərbi xərclərin həcmi çox böyük olmasa da, bu, Ermənistan kimi kiçik dövlət üçün çox böyük göstəricidir. Son 10 ildə Ermənistanın hərbi xərclərinin Ümumi Daxili Məhsulda (ÜDM) payı orta hesabla 4% ətrafında olmuşdur və 2019-cu ildə 5%-ə yaxınlamışdır. Bu göstərici hətta ABŞ və Rusiya kimi hərbi sahəyə böyük xərc ayıran ölkələrdən də çoxdur. Belə ki, sözügedən göstərici 2019-cu ildə ABŞ-da 3.4%, Rusiyada isə 3.9% olmuşdur. Bu isə onu göstərir ki, Ermənistanın iqtisadi siyasətində hərbi xərclərin rolu böyük olmuşdur. Ona görə də müharibə nəticəsində Ermənistan ordusuna dəymiş zərər gələcəkdə də hərbi xərclərin iqtisadi siyasətə təsir etməsinə imkan yaradacaqdır. 
 
Müharibə nəticəsində Ermənistanın qarşılaşdığı zərərlərdən danışarkən eyni zamanda məhv edilmiş və ya yaralanmış hərbi personala və Qarabağdan olan qaçqınlara görə yaranan əlavə sosial xərcləri də nəzərə almaq lazımdır. Hərbi xərclər ilə yanaşı sosial xərclər də Ermənistanın iqtisadi inkişaf perspektivlərinə təsir edəcəkdir. Lakin, aydındır ki, ilk mərhələdə Ermənistanda hökumət üçün sosial problemləri həll etmək prioritet olaraq müəyyən edilib. Çünki müharibədən sonra narazı kütləni razı salmaq üçün bu vacibdir. Digər tərəfdən isə hərbi sahəni bərpa etmək üçün daha çox vəsaitə ehtiyac vardır və hazırda bunu icra etmək üçün maliyyə imkanları məhduddur. 
 
Beləliklə, müharibənin Ermənistan iqtisadiyyatına vurduğu zərər post-müharibə dövründə Ermənistanın iqtisadi siyasətində hərbi və sosial istiqamətlərin böyük paya malik olacağını deyə bilərik. Çünki, əhalinin arasında narazılığı azaltmaq üçün hökumət sosial yönümlü iqtisadi siyasət aparmağa məcburdur. Eyni zamanda təhlükəsizlik baxımından da məhv edilmiş ordunu bərpa etmək vacibdir. Ancaq sözsüz ki, məhdud resurslar çərçivəsində hər iki istiqamətdə maliyyə siyasətini aparmaq çətin olacaqdır. 


 
Müharibə nəticəsində itirilmiş ehtiyatlar 
 
Post-müharibə dövründə Ermənistanın iqtisadi inkişaf perspektivlərinə təsir edəcək əsas amillərdən biri də müharibə nəticəsində Ermənistanın uzun müddət işğal edilmiş ərazilərdə qanunsuz olaraq istismar etdiyi ehtiyatlardan məhrum olmasıdır. Bu ehtiyatlar ötən illərdə Ermənistanın iqtisadi inkişafında böyük rola malik idi və iqtisadi siyasətin formalaşmasına əsaslı şəkildə təsir edirdi. Ona görə də Ermənistanın bu ehtiyatlardan məhrum olması iqtisadi inkişaf perspektivlərinə də təsir edəcəkdir. Əvvəl işğalda olan ərazilərdə Ermənistanın ən çox istismar etdiyi və gəlir əldə etdiyi istiqamətlərə kənd təsərrüfatı, enerji, mədən sənayesi sahələri aiddir. Əldən çıxmış ehtiyatların Ermənistanın inkişaf perspektivlərinə təsirini anlamaq üçün itirilmiş ehtiyatların həcmini nəzərdən keçirmək lazımdır. 
 
Əvvəl işğalda olan ərazilərimiz su ehtiyatları ilə zəngin olduğundan orada çox sayda su elektrik stansiyaları (SES) fəaliyyət göstərmişdir. Müharibə nəticəsində həmin ərazilərdə mövcud olan 36 SES-dən 30-u Azərbaycanın nəzarətinə keçmişdir. Son illərdə azad edilmiş ərazilərdə istehsal edilən elektrik enerjisi həm də Ermənistana ixrac edilirdi. İxrac edilən elektrik enerjisi Ermənistanın tələbatının təxminən 7%-ni təmin edirdi. Hazırda Ermənistan idxal edilən elektrik enerjisindən məhrum olmuşdur və bundan əlavə Qarabağda qalan Erməni əhalinin enerji tələbatını ödəmək üçün də onlara elektrik enerjisi ixrac etməyə məcburdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Ermənistan əvvəl işğalda olan ərazilərin əldən çıxması nəticəsində itirilmiş elektrik enerjisini daha baha başa gələn və qazla işləyən İstilik Elektrik Stansiyaları və ya idxal vasitəsilə əvəz etmək məcburiyyətində qalacaqdır. Bu isə idxal edilən qazdan asılılığın və elektrik enerjisi qiymətlərinin artmasına yol açacaqdır. Təsadüfi deyildir ki, artıq fevralın 1-dən etibarən ev təsərrüfatları üçün elektrik enerjsinin qiymətləri 6-8% artırılmışdır. Bu isə onu göstərir ki, qarşıdan gələn dövrdə Ermənistan iqtisadiyyatının inkişafına elektrik enerjisi qiymətlərinin artması təsir edəcəkdir. Ona görə ki, azad edilmiş ərazilərdə SES-lərin əldə çıxması həm də Ermənistanın özünün tam nəzarət edə bildiyi elektrik enerjisi mənbəsindən məhrum olması deməkdir. Digər tərəfdən elektrik enerjsi istehsalının qiymətinin artması Ermənistan hökumətini məcbur edəcəkdir ki, elektrik enerjsi qiymətlərini artırsın. Bu isə sözsüz ki, inflyasiyanın sürətlənməsinə yol açacaqdır. 
 
Müharibə nəticəsində Ermənistanın itirdiyi ehtiyatlar sırasında kənd təsərrüfatı ehtiyatlarının da böyük payı vardır. Əvvəl işğalda olan ərazilərin böyük hissəsi əkinə yararlı olduğundan həmin ərazilərdə müxtəlif kənd təsərrüfatı məhsullarının, xüsusilə də taxıl məhsullarının istehsalı həyata keçirilirdi və bu məhsullar Ermənistanın qida təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayırdı. Müharibə nəticəində Azərbaycan 90 min hektar əkinə yararlı sahə üzərində nəzarəti ələ keçirmişdir. Bu isə o deməkdir ki, Ermənistan əvvəl işğalda olan ərazilərdəki əkin sahələrinin 90%-dən məhrum olmuşdur. Həmin ərazilərdə il ərzində 150 min ton müxtəlif taxıl məhsulları istehsal edilirdi ki, onun da 100 min tonu Ermənistana ixrac edilirdi. Qarabağdan idxal edilən məhsullar Ermənistanda taxıl məhsullarına olan tələbatın 20-25%-ni təmin edirdi. Ona görə də bu ərazilərin əldə çıxması Ermənistanda ərzaq çatışmazlığına səbəb olmaqdadır. Belə olan halda Ermənistan həmin məhsulları xaricdən idxal etmək məcburiyyətində qalır və bu da təbii olaraq ərzaq məhsullarının qiymətinin artmasına yol açır və bu proses gələcəkdə də davam edəcəkdir. Ona görə də bu ehtiyatların əldən çıxması da qiymət artımı və sosial təzyiqləri artırmaqla Ermənistanın iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir edəcəkdir


 
Artıq Ermənistanda ərzaq məhsullarının qiymətinin artmasına görə narazılıqlar yaranmaqdadır və inflyasiya sürətlənməkdədir. Eyni zamanda işğal edilmiş ərazilərdə mövcud olan zəngin qiymətli metal ehtiyatları da işğal dövründə Ermənistan tərəfindən istismar edilir və digər ölkələrə ixrac edilirdi. Mədən sənayesi məhsulları xammal kimi Ermənistana gətirilir və orada emal edildikdən sonra digər ölkələrə ixrac edilirdi. Bu ehtiyatlar da Ermənistanın iqtisadi inkişafına təsir edirdi. Hesablamalar göstərir ki, 2019-cu ildə mədən sənayesi işğal edilmiş ərazilərimizdə mövcud olan qondarma rejimin ÜDM-nin 13%-i təşkil edirdi. Ermənilər tərəfindən istismar edilən ən böyük qızıl yatağı olan Söyüdlü qızıl yatağı və onunla bağlı olan digər sahələr Ermənistanın ÜDM-nin 1-1.5%-ni formalaşdırırdı. Bu isə onu deməyə əsas verir ki, qiymətli metal yataqlarının Ermənistanın əlindən çıxması onun böyük həcmdə maliyyə resurslarından məhrum olması deməkdir ki, bu da iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir edəcəkdir. Bu eyni zamanda işsizliyin artmasına və bu sahə ilə bağlı olan digər sahələrin də fəaliyyətinin məhdudlaşmasına səbəb olacaqdır. 
 
Qeyd etdiyimiz ehtiyatlardan müharibə nəticəsində Ermənistanın məhrum olması onun iqtisadi inkişafına təsir edən mənfi amillər kimi çıxış edəcəkdir. Ehtiyatların əldən çıxmasının yaratdığı sosial problemlər, qida təhlükəsizliyi problemləri, işsizlik və qiymət artımı Ermənistan iqtisadiyyatı üzərində əlavə təzyiqlərin yaranmasına səbəb olacaqdır. Bu da sözsüz ki, gələcəkdə iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir etmiş olacaqdır. 
 
Makroiqtisadi mühit və maliyyə problemləri 
 
Ermənistanda müharibənin təsiri nəticəsində iqtisadi sahədə ən böyük problem olan dövlət borcu problemi daha da dərinləşmişdir. 2020-ci ildə istər pandemiyanın, istərsə də müharibənin təsiri ilə Ermənistan hökuməti büdcə xərclərinə dəyişiklik etmək məcburiyyətində qalmışdı. Hər iki halda artan xərcləri qarşılamaq üçün hökumət dövlət büdcəsinin xərclərini artırmaq məcburiyyətində qaldı. Nəticədə isə büdcə kəsri əsaslı şəkildə artaraq hökuməti borc cəlb etmək məcburiyyətində qoydu. 2020-ci ildə Ermənistanda büdcəyə edilən dəyişikliklər nəticəsində büdcə kəsri ilkin proqnozla müqayisədə 3 dəfəyə qədər artdı. Nəticədə, 2020-ci ilin sonuna büdcə kəsri ÜDM-in 5.1%-i səviyyəsinə çatdı. Halbuki, bu göstərici 2019-cu ildə 0.8% səviyyəsində idi. Fitch Ratings agentliyinin proqnozlarına görə büdcə kəsrinin ÜDM-ə nisbəti 2021-ci ildə 4%, 2022-ci ildə isə 2.8% səviyyəsində olacaqdır. 


 
Büdcə kəsrinin artması isə hökuməti bu kəsri maliyyələşdirmək üçün xarici borclanmaya getmək məcburiyyətində qoymuşdur. Nəticədə, Ermənistanın ümumi dövlət borcunun ÜDM-ə nisbəti göstəricisi təhlükəli səviyyəyə qalxmışdır və qarşıdan gələn illərdə təhlükəli səviyyədə qalacağı gözlənilir. Fitch Ratings agentilyinin məlumatlarına görə Ermənistanda 2020-ci ilin sonunda dövlət borcunun ÜDM-ə nisbəti 67.3%-ə çatmışdır və 2021-ci ildə 67.6%-ə qədər yüksələcəyi gözlənilir. Agentliyin mütəxəssisləri hesab edir ki, qarşıdan gələn illərdə bu göstəricini əsaslı şəkildə azaltmaq mümkün olmayacaqdır. Agentliyin proqnozlarına görə, dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildə 63.5%-ə, ən yaxşı halda 2026- cı ildə 60% səviyyəsinə düşə biləcəkdir. Dövlət borcunun yüksək olmasına baxmayaraq qarşıdan gələn illərdə müharibənin və pandemiyanın təsiri ilə yaranmış iqtisadi geriləməni hökumət bərpa etmək məcburiyyətindədir və ona görə də fiskal dəstək tədbirlərini davam etdirməli olacaqdır. Belə olan halda isə dövlət borcunun həcmini azaltmaq çətin olacaqdır. Çünki, maliyyə resursları məhdud olduğundan Ermənistan dəstəkləyici tədbirləri xarici borc hesabına həyata keçirməyə məcburdur. Ona görə də qarşıdan gələn illərdə də dövlət borcunun yüksək olması və onun idarə edilməsi Ermənistanın iqtisadi inkişaf perspektivlərinə təsir edən əsas amillərdən biri kimi qalacaqdır. 
 
Makroiqtisadi sahədə 
 
Ermənistan üçün problem yaradacaq digər məsələ isə qiymət artımı ilə bağlıdır. Qeyd etdiyimiz kimi, Ermənistanın əvvəl işğal etdiyi ərazilər üzərində nəzarəti itirdiyi üçün böyük ehtiyatlardan məhrum olmuşdur. Bu ehtiyatların idxal hesabına ödənilməsi isə qiymət artımının baş verməsinə yol açacaqdır. Xüsusilə də böyük həcmdə kənd təsərrüfatı ehtiyatlarının əldən çıxması qida məhsullarının qiymətinin artmasına yol açır. Artıq 2021-ci ilin ilk aylarında yüksək inflyasiya müşahidə edilməkdədir. Belə ki, aprel ayının sonunda Ermənistanda illik inflyasiya 6.2% səviyyəsinə çatmışdır. 2021-ci ilin ilk 4 ayının inflyasiya göstəricisi isə ötən ilin eyni dövrü ilə müqayisədə 5.4% təşkil etmişdir. Halbuki, 2020-ci ilin sonunda inflyasiya göstəricisi 1.3% səviyyəsində idi. Mərkəzi Bank inflyasiya üçün 4%-lik hədəf müəyyənləşdirsə də artıq ilk aylarda inflyasiya göstəricisi hədəf göstəricisini ötmüşdür. Ermənistanda inflyasiya risklərinin yüksək olduğunu göstərən amillərdən biri isə Mərkəzi Bankın yenidən maliyyələşmə faizlərini qaldırmasıdır. Artıq İkinci Qarabağ Müharibəsindən sonra yenidən maliyyələşmə dərəcələri üç dəfə artırılaraq 6% səviyyəsinə qədər qaldırılmışdır. Bu isə qiymət artımına mane olsa da iqtisadi aktivliyi zəiflədən amil kimi çıxış edir. Bu isə sözsüz ki, iqtisadi inkişaf perspektivlərinə əsaslı şəkildə təsir edəcəkdir. 


 
Makroiqtisadi mühitin gərgin olması və mövcud iqtisadi vəziyyətə görə Ermənistanın beynəlxalq reytinqlərinin azalması ölkənin investisiya cəlbediciliyinə də əsaslı şəkildə təsir edəcəkdir. Artıq bu proses başlamışdır və 2020-ci ildə əvvəlki il ilə müqayisədə Ermənistan iqtisadiyyatına yönəldilən xarici birbaşa investisiyalar 39% azalmışdır. Burada pandemiyanın da böyük payının olmasına baxmayaraq qarşıdan gələn illərdə müharibənin təsiri və əvvəl işğalda olan ərazilərə yönəldilmiş investisiyaların batması da investisiya cəlbediciliyinə əsaslı şəkildə təsir edəcəkdir. Ona görə də Ermənistan investisiyaların cəlb edilməsini təmin etmək üçün aqressiv və milliyətçi siyasətdən əl çəkməlidir
 
Bütün bunlar onu göstərir ki, Ermənistanda yüksək büdcə kəsri və dövlət borcu, sürətlənən inflyasiya və cəlbediciliyi azalmış investisiya mühiti qarşıdan gələn illərdə Ermənistanda makroiqtisadi mühitin gərgin olmasına yol açacaqdır. Bu isə öz növbəsində Ermənistanın iqtisadi inkişaf perspektivlərinə təsir edəcəkdir. Böyük borc və yüksək inflyasiya vəziyyətində davamlı sosial-iqtisadi inkişafı təmin etmək çətindir. Ona görə də Ermənistan qonşular ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə və regional əməkdaşlığa qoşulmaqda maraqlı olmalıdır. 
 
Regional iqtisadi və nəqliyyat əlaqələrinin bərpası 
 
Ermənistanın yaxın gələcəkdə iqtisadi inkişafına təsir edə biləcək əsas məsələlərə eyni zamanda 10 Noyabr bəyanatı əsasında regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Zəngəzur Koridorunun yaradılması aiddir. Əgər müharibə nəticəsində Ermənistanın qarşılaşdığı zərərlər və itirdiyi ehtiyatlar onun iqtisadi inkişafına mənfi təsir edəcəkdirsə, regionda iqtisadi əlaqələrin bərpası isə müsbət təsir edəcəkdir və Ermənistan üçün işğalçılıq siyasəti nəticəsində illər boyu qarşılaşdığı əsas iqtisadi problemləri həll etmək imkanı yaradacaqdır. Hər iki məsələni Ermənistanın iqtisadi inkişaf perspektivləri baxımından nəzərdən keçirək. 
 
Zəngəzur Koridorunun açılması Ermənistan üçün bir çox üstünlüklər yaradacaqdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu koridor vasitəsilə Ermənistan üzvü olduğu Avrasiya İqtisadi Birliyinin (AİB) bazarlarına və ən əsası Rusiyaya quru yolu ilə davamlı çıxış əldə etmiş olacaqdır. Quru yolu vasitəsilə əsas iqtisadi tərəfdaşlarından biri olan Rusiya ilə əlaqələrin olmaması Ermənistan üçün ən böyük iqtisadi problemlərdən biri idi. Rusiya ilə Gürcüstan arasında olan siyasi qarşıdurmaya görə Abxaziyadan keçən dəmiryolunun bağlanması, istifadə edilən avtomobil yolunun da siyasi məsələlərə və iqlimə görə tez-tez bağlanması bu problemin ikitərəfli əlaqələrə təsirini artırırdı. 


 
Ermənistan üçün mövcud olan problemlərdən biri də İrana quru yolu ilə daşımalarda yaranan problemlər idi. İrana gedən dəmiryolu Azərbaycan ərazisindən keçdiyindən Birinci Qarabağ Müharibəsindən sonra bağlanmışdı. İşğal dövrü ərzində Ermənistan yeni dəmiryolu çəkmək istəsə də bu layihə böyük maliyyə vəsaiti tələb etdiyindən (3-5 milyard dollar) baş tutmamışdı. İstifadə edilən avtomobil yolu isə dağlıq və sərt iqlimin mövcud olduğu ərazilərdən keçdiyindən daşımalarda fasilələrin yaranmasına səbəb olurdu. Zəngəzur Koridoru açıldıqdan sonra isə Ermənistan İran ilə dəmiryolu əlaqəsini bərpa edə biləcəkdir
 
İqtisadi əlaqələrin bərpası isə Ermənistan üçün qonşu dövlətlər ilə yeni iqtisadi əlaqələr qurmaq və inkişaf etdirmək imkanı yaradacaqdır. Bildiyimiz kimi, Ermənistanın işğalından sonra Türkiyə və Azərbaycan Ermənistan ilə sərhədlərini bağlamış və iqtisadi əlaqələrini kəsmişdi. Sərhədlərin bağlanması nəticəsində Ermənistanın qonşu ölkələr ilə sərhədlərinin 80%-i bağlanmış oldu. Nəticədə Ermənistan faktiki olaraq iqtisadi blokadaya düşmüş oldu. Bununla Ermənistan həm də Türkiyənin geniş bazarlarına və Azərbaycanın enerji resurslarına çıxış imkanını itirmiş oldu. Yaranmış blokada Ermənistanda iqtisadi inkişafa əsaslı şəkildə mane olaraq işizlik, emiqrasiya və müxtəlif sosial problemlərin yaranmasına yol açdı. Ona görə də regionda bütün iqtisadi əlaqələrin bərpası Ermənistanın iqtisadi inkişafı üçün geniş imkanlar yaradacaqdır. Əgər Ermənistan hökuməti və xalqı zərərli milliyətçilik ideyalarına dayanan yanaşmalarından əl çəkərək iqtisadi inkişaf üçün yaranmış imkanlardan istifadə etsə o zaman indiyə qədər mövcud olan bir çox iqtisadi problemlərdən azad ola biləcəkdir. 
 
İşğalçılıq siyasəti Ermənistanı həm də regional enerji və nəqliyyat layihələrindən də kənarda qoymuşdu. Regionda Azərbaycanın, Türkiyənin və Gürcüstanın əməkdaşlığı ilə enerji və nəqliyyat sahələrində qlobal əhəmiyyətə malik olan bir neçə layihə həyata keçirilmişdir. Ermənistan isə bu layihələrdən kənarda qalmışdı. Eyni zamanda Ermənistan işğal dövründə Qərb-Şərq və xüsusilə də Şimal-Cənub nəqliyyat koridorlarının bir parçasına çevrilməyə cəhd etsə də blokada səbəbindən əsaslı nəticə əldə edə bilməmişdi. 
 
Ermənistanda bir çox qüvvələr, xüsusilə də milliyətçilər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının Ermənistanın milli maraqlarına xidmət etmədiyini iddia edərək onun Türkiyə və Azərbaycandan asılı qalacağı fikrini irəli sürürlər. Regional əməkdaşlığa qarşı yönəlmiş belə yanaşma isə Ermənistana ancaq zərər verə bilər. Regionda əlaqələrin bərpasının yaratdığı qeyd etdiyimiz üstünlüklər Ermənistanın iqtisadi inkişafı üçün hazırkı mərhələ də yeganə çıxış yolu kimi görünür. Ona görə də müharibənin yeni bitdiyi dövrdə belə fikirlər səsləndirilsə də sonunda Ermənistanda olacaq istənilən hakimiyyət anlayacaqdır ki, iqtisadiyyatı inkişaf etdirmək üçün regional əməkdaşlıqdan başqa yol yoxdur. Son 30 ilə yaxın müddət ərzində Ermənistanda baş verən iqtisadi proseslər bunu bir daha sübut edir. 


 
Nəticə 
 
İkinci Qarabağ Müharibəsinin Ermənistan iqtisadiyyatına təsiri və post-müharibə dövründə yaranmış iqtisadi mühit onu göstərir ki, Ermənistanda mövcud olan əsas iqtisadi problemlər daha da dərinləşmiş və yeni problemlər yaranmışdır. Uzun illər boyu xarici borc hesabına ayaq üstdə qalan Ermənistan iqtisadiyyatının müharibə nəticəsində xarici borclardan asılılığı daha da artmışdır. Bundan əlavə, son illərdə aşağı inflyasiya göstəricilərinin qeyd edilməsinə baxmayaraq post-müharibə dövründə inflyasiyanın əsaslı sürətlənməsi baş vermişdir. Bu proseslərin baş verməsində müharibənin Ermənistana birbaşa təsiri ilə yanaşı əvvəl işğalda olan ehtiyatların əldən çıxması da böyük rola malikdir. Ermənistanda iqtisadiyyatın inkişafında, xüsusilə də kənd təsərrüfatının inkişafı və qida təhlükəsizliyinin təmin edilməsində azad edilmiş ərazilərdə yerləşən ehtiyatların böyük rolu var idi. Ona görə də bu ehtiyatların əldən çıxması iqtisadiyyat üzərində təzyiq yaradır ki, bu da sosial-iqtisadi problemlərin dərinləşməsinə yol açır. Eyni zamanda müharibənin iqtisadi baxımdan Ermənistana təsiri makroiqtisadi mühitin də əsaslı şəkildə pisləşməsinə yol açır ki, bu da investisiya cəlbediciliyini azaldır. Müharibənin təsiri ilə yaranmış qeyd etdiyimiz problemlər isə Ermənistanın iqtisadi inkişaf perspektivlərinə mənfi təsir edir. Digər tərəfdən müharibə dövründə Ermənistanın qarşılaşdığı hərbi zərərlər ordunun yenidən qurulmasını zəruri edir ki, bunun üçün də böyük maliyyə vəsaitlərinə ehtiyac vardır. Bu halda da Ermənistan bu vəsaitləri xarici borc hesabına təmin etmək məcburiyyətində qalacaqdır. Ancaq aydındır ki, ilkin mərhələdə Ermənistan yaranan sosial problemləri həll etməyə məcburdur. Çünki, müharibə Ermənistanda sosial problemləri dərinləşdirmişdir və əhalinin hakimiyyətə qarşı inamı azalmışdır. 
 
Post-müharibə dövründə yaranmış iqtisadi şəraitdə Ermənistan üçün iqtisadi inkişaf perspektivlərini təmin etməyin yeganə yolu regional iqtisadi və nəqliyyat əlaqələrinin bərpası prosesinə qoşulmaq və onu dəstəkləməkdir. Hətta İkinci Qarabağ Müharibəsindən əvvəl də Ermənistan işğalçılıq siyasəti nəticəsində düşdüyü blokada səbəbindən davamlı iqtisadi inkişafı təmin edə bilmirdi. Müharibənin vurduğu zərərlərdən sonra isə regional əməkdaşlığa qoşulmadan Ermənistan özünün iqtisadi inkişafını təmin edə bilməz. Hazırda regional əlaqələrin bərpasına qarşı müxtəlif fikirlər səsləndirilsə də Ermənistanın regional əməkdaşlığa qoşulmaqdan, əvvəl mövcud olmuş nəqliyyat yollarının açılmasını təmin etməkdən və Zəngəzur Koridorunun yaradılması prosesində iştirak etməkdən başqa yolu yoxdur. Yalnız bu halda Ermənistan özü üçün iqtisadi inkişaf perspektivlərini formalaşdıra bilər.


Ana səhifəyə qayıt        Baxış: 6 043          Tarix: 28-05-2021, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma