Xəbər lenti

 
Cəmi 3 həftədən sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərin əsas məqsədi 44 günlük savaşda ağır məğlubiyyətə uğrayan və Rusiya tərəfindən “gözümçıxdı”ya salınan Nikol Paşinyan hakimiyyətinin devrilməsi olsa da, hazırda erməni müxalifətinin bu hədəfinə çatıb çatmayacağı müəmmalı görünür. 
 
Məsələ burasındadır ki, Paşinyanın əsas rəqibləri olan müxalif qüvvələr də erməni xalqına böyük ümidlər verə bilmir və ən əsası isə onlar seçkilərə parçalanmış halda gedirlər. Bu da Paşinyana qarşı ümumerməni koalisiyasının yaradılması işini axsadır və yenidən formalaşdırılacaq Ermənistan parlamentində təkbaşına hökumət qurmaq şansını azaldır. Erməni xalqı isə hər an dağılmağa meylli və siyasi böhrana açıq olan hökumətin yaranmasını istəmirlər. 
 
Məlumata görə, hazırda parlamentdə təmsil olunan bütün qüvvələr – "Çiçəklənən Ermənistan", "İşıqlı Ermənistan" və "Vətəndaş Müqaviləsi" seçkilərə müstəqil şəkildə qatılırlar. Ölkənin ikinci prezidenti Robert Koçaryan "Daşnaksütyun" və "Dirçəlməkdə olan Ermənistan" partiyalarından ibarət "Hayıstan” blokuna başçılıq edib. Respublika Partiyasının lideri, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan "Vətən" Partiyası ilə eyni blokda seçkilərdə iştirak etmək qərarına gəlib. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə erkən parlament seçkilərində Erməni Milli Konqresinin namizədləri siyahısında ilk yeri tutub. 
 
Mütəxəssislərin fikrincə, növbədənkənar parlamentdə Paşinyana qarşı ən çox deputat çıxaracaq qüvvələr də məhz bu 3 sabiq prezident ola bilər. Onlardan xüsusilə ikisinin – Robert Koçaryan və Serj Sarqsyanın keçmişdəki korrupsioner əməlləri erməni xalqının yaddaşlarından silinməyib, 2017-ci il seçkilərində də məhz onların xilafına Nikol Paşinyana səs vermişdilər. Həmin seçkilərdə xalqın 70%-dən çox səsini alan Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazanmışdı.


 
Düzdür, 44 günlük savaşın gətirdiyi məğlubiyyət Paşinyanın nüfuzuna xeyli mənfi təsir göstərsə də, 10 noyabr Bəyanatından sonra İrəvanın müxtəlif meydanlarında keçirilən və siyasi qüvvələrin güc nümayişinə çevrilən mitinqlərdə iştirakçıların sayı yenə Paşinyanın xeyrinə görünürdü. Paşinyana dəstək mitinqlərinə qoşulanlar müxaliflərin aksiyalarındakı iştirakçılardan dəfələrlə çox idi. Üstəlik, məğlub sərgərdənin arxasınca getməkdən ar edən və ictimai qınaqlardan çəkinən gizli Paşinyan tərəfdarları da var ki, onların səsvermə prosesində öz mövqelərini ortaya qoyması indiki Baş nazirik yenidən qazanmaq şansını artırır.
 
Bu ehtimal müxaliflərin aparıcı liderləri tərəfindən də aydın dərk olunur və  Paşinyanı devirmək üçün müxtəlif çözüm ssenariləri gündəmə gətirilir. Bir müddət əvvəl belə ssenarilərdən birini Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan irəli sürmüşdü. O, təklif etmişdi ki, 3 sabiq prezident, qüvvələrini birləşdirsin və vahid siyahı ilə seçkilərə qatılsın. Ter-Petrosyanın bu birlik təklifi Robert Koçaryan tərəfindən geri çevrilmiş və erməni müxalif camiəsində xəyal qırıqlığı yaratmışdı. 
 
Ötən gün “Hayıstan” blokunun rəhbəri və Ermənistanın ikinci prezidenti Robert Koçaryan Qarakilsə (Vanadzor) sakinləri ilə görüşündə Levon Ter-Petrosyanın niyə rədd etdiyinə aydınlıq gətirib. Onun rədd cavabı ilə əlaqədar irəli sürdüyü arqumentlər erməni müxalif qüvvələrinin arasındakı anlaşılmazlığın nə qədər dərin olduğunu bir daha gözlər önünə sərir. Deputatlığa namizədin fikrincə, Ter-Petrosyanın təklifi “yalnız mövcud hakimiyyəti necə dəyişmək yolunu nəzərdə tuturdu”, bu isə mahiyyət etibarilə onun maraqlarına cavab vermirdi.
 
 
“Əvvəla, bu (hakimiyyət dəyişikliyi – Ovqat.com) məsələnin bir hissəsidir. İkinci, məsələnin heç də az əhəmiyyətli olmayan hissəsi də var: biz hökumət qurduqdan sonra necə işləyəcəyik? Əgər seçkilərin məqsədi yalnız bir insanı hakimiyyətdən uzaqlaşdırmaqdırsa, mən düşünmürəm ki, bu, siyasi cəhətdən düzgün məqsəddir. Mən yalnız bu məqsədlə mübarizəyə qoşulmağa hazır deyiləm. Mən hesab edirdim ki, bu format hakimiyyəti seçki yolu ilə devirdikdən sonra, qarşısıalınmaz ideoloji fikir ayrılıqları ucbatından işləyə bilməz. "Hayıstan" blokunun üzvləri ideoloji cəhətdən bir-birinə yaxındırlar və biz birlikdə səmərəli işləməyi bacararıq”, - Koçaryan belə deyib.
 
Göründüyü kimi, Ermənistanın II prezidenti müxaliflərin birlikdə Nikol Paşinyandan daha çox səs toplamaq ehtimalında belə, koalisiya hökuməti qurmalarının mümkün olmayacağını dolayısıyla etiraf edib. Koçaryan həmçinin istisna etməyib ki, Ter-Petrosyanın hazırladığı birlik ssenarisi əslində ona qarşı qurulmuş tələ idi və bu səbəbdən də həmin təklif rədd edilib:
 

 
“Lakin sonradan o özü də (Ter-Petrosyan – Ovqat.com.) etiraf etdi ki, bu təklifi yalnız baş nazirin səlahiyyətlərindən kənarlaşdırılması üçün deyil, həm də mənim yolumu kəsmək üçün irəli sürürdü. Mən hesab edirəm ki, ilk Prezidentin bəyanatı çox səmimi idi. Ola bilsin ki, bu gün baş verənlər onun üçün qəbuledilməzdir, amma mənim qayıdışımı qəbul etmək də onun üçün çətindir. Daha dəqiq desəm, bu cümlədə də səmimiyyət görmədim. Mən onun təklifində hansısa siyasi hiylənin təzahürünü gördüm. Bu, siyasətdə normal haldır, amma mən bu hiyləyə düşmərəm", — deyə Koçaryan vurğulayıb.
 
Nəzərə alsaq ki, Koçaryan Rusiyanın açıq dəstəklədiyi namizəddir, digər 2 sabiq president isə Qərblə inteqrasiyaya daha meylli mövqe sərgiləyiblər və bu səbəbdən də hakimiyyətdən uzaqlaşdırılıblar, Koçaryanın ultramillətçi “Daşnaksütyun” və "Dirçəlməkdə olan Ermənistan" partiyalarını öz ətrafında birləşdirərək, seçkilərə bir növ tək qatılması başadüşüləndir. Odur ki, siyasi orientasiya baxımından Koçaryandan çox Paşinyana yaxın olan digər iki eks-prezidentin seçkilərdən sonra hansı cinahda dayanması belə bəlli deyil.
 
Rusiyanın “xortladılmış” layihəsi olan Robert Koçaryan üzərində qurulan ümid haləsinə baxmayaraq, onun şansını azaldan digər xüsus hazırkı parlamentdə yer tutan müxalif partiyaların da dəstəyini ala bilməməsidir. Əksinə, onların seçkilərdə müstəqil iştiraka qərar verməsi Robert Koçaryana gedəcək səsləri parçalamağa xidmət edəcək. Özü də bu qüvvələr zəif deyillər. Hazırda 132 deputatdan təşəkkül tapan parlamentin ana müxalif qüvvəsi "Çiçəklənən Ermənistan”dır. Partiyanın parlamentdə 26 deputatı var. Digər parlament partiyası “İşıqlı Ermənistan” isə parlamentdə 17 deputatla təmsil olunur. Paşinyanın azalan nüfuzu sayəsində narazı tərəfdarlarının ya ümumiyyətlə seçkilərə qatılmayacağı, ya da bu iki partiyadan birinə səs verəcəyi düşünülür. Bu da nəticə etibarilə Koçaryanın narazı elektorata bel bağlaması şansını azaldır. 


 
Bütün bu amillərin təhlili onu deməyə əsas verir ki, 3 həftədən sonra tərkibi müəyyənləşəcəyi gözlənilən Ermənistan parlamentində ən çox səsi yenə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” toplaya bilər. Seçkiqabağı rəy sorğuları da buna göstərir. MPG sorğu mərkəzinin hesabatına görə, “Mənim addımım” bloku seçicilərin ən çox rəğbətini qazanaraq 22.9% səslə favoritlər siyahısında ilk yerdədir və onu təqib edən “Hayıstan”ı ən azı 5% üstələyir. Digər partiyalar isə 4-3% səs toplayıblar. Ermənistan ictimai rəyinin bu cür haçalanması və tərəflərdən birinin digəri ilə qətiyyən razılaşmaması 20 iyun seçkilərindən sonra qonşu dövlətdə hökumət böhranının yaranacağı və qüvvələr arasında qarşıdurmaların şiddətlənməsi ehtimalını gücləndirir. Ermənistanın Cənubi Qafqaz regionunda Qərb və Rusiya rəqabətinin yeni mərkəzi halına gəlməsi də vəziyyəti mürəkkəbləşdirir və qonşu dövləti çətin daxili çaxnaşmalara sürükləyir.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 047          Tarix: 30-05-2021, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma