Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti dünən, mayın 30-da Tehrana səfərə gedib.
Ovqat.com-un məlumatına görə, Şahin Mustafayev səfər çərçivəsində İranın Prezident Administrasiyasının rəhbəri, neft naziri, eləcə də yol və şəhərsalma naziri ilə görüşlər keçirib.
Baş nazirin müavinini SOCAR prezidenti Rövnəq Abdullayevin müşayiət etməsi səfərin əsas məqsədinin enerji mübadiləsi ilə əlaqədar olduğunu göstərir. Nümayəndə heyətimizin İran Neft naziri Bijən Namidar Zəncənə ilə görüşündə Şahin Mustafayevin dilə gətirdiyi bəzi fikirlər də bunu təsdiqləyir. O bildirib ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişafına nail olublar: “Hazırda Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. İki qonşu və dost dövlətlər arasında neft-qaz, nəqliyyat, ticarət, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri davam edir. Bu gün İran Azərbaycanın əsas tərəfdaşlarından biridir. Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsi istiqamətində işlər həyata keçirilir. Enerji sahəsində qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, 2004-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası İran tərəfindən təbii qazla təmin edilir”.
Sözsüz ki, Şahin Mustafayev bu fikirləri səsləndirərkən, İranın Naxçıvana verdiyi qazın müqabilində Azərbaycandan 15% artıq qaz aldığını “qəsdən” unudub. Yəni bu məsələdə biz İrana artıqlaması ilə borcumuzu qaytarırdığımızı bəyan etməyib. Əlbəttə, bunun səbəbi tərəfdaşımızın üzünə analoqsuz “qardaşlıq qayğısını” vurmamaq ola bilər. İran naziri isə, yəqin, Şahin Mustafayevin “unutqanlığını” “avamların 15% geri düşdüklərindən xəbərləri yoxdur” kimi qiymətləndirib və “faydalı əməkdaşlıqlarımızın” daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. O, həmçinin qeyd edib ki, İran Azərbaycanla yalnız enerji sahəsində deyil, bütün sahələr üzrə eyni qaydada “əməkdaşlıq əlaqələrini genişləndirməkdə” maraqlıdır. Deyəsən, 15%-lik imtiyazlı qardaşlıq əlaqələrindən İranın həqiqətən də ağzı bala batıb. Odur ki, digər sahələrdə də verdiyinin müqabilində 15% artıq qazanmaq istəyir. Zəncənənin fikrincə, bu, “iki yaxın qonşu və dost ölkənin xoş münasibəti və qarşılıqlı əməkdaşlığını” təcəssüm etdirir.
İran 15%-lik qazanclı enerji mübadiləsini Azərbaycanla dostanə əlaqələrinin bariz nümunəsi kimi bizim boynumuza qoysa da, ekspertlər bunun olduqca böyük “zəhmət haqqı”, başqa ifadə ilə desək, “hərifləmək” olduğunu düşünürlər. Onların fikrincə, tranzit haqqına görə bu faiz dərəcəsi Avropada 5-7% arasında dəyişir, Asiyanın özündə belə, ən yüksək dərəcə 10%-dir. Bəlkə də dünyada eyni adlı mal mübadiləsi üçün 15%-lik faiz dərəcəsi yalnız bizdədir ki, onu da qardaş deyib bağrımıza basdığımız İran, Naxçıvanın zavallı sakinlərinə rəva görür.
İranın hər görüşdə bizim boynumuza minnət kimi qoyduğu, bizimkilərin isə çar-naçar razılaşdığı bu yanaşma azmış kimi, Tehranın ermənilərə müqayisəolunmaz səxavətlə qaz satdığı da gözlərdən yayınmır. Məlumata görə, Ermənistanın strateji müttəfiqi sayılan Rusiya ona 1000 kubmetr qazı 184 dollara satdığı zamanlarda İrəvan, müsəlman və əhalisinin önəmli qismi Azərbaycan türklərindən təşəkkül tapan cənub qonşumuzdan eyni həcmdə aldığı qaza 90 dollar ödəyirdi. Bütün bu ayrıseçkiliyə rəğmən, Şahin Mustafayevin bir də İran rəsmilərinə Azərbaycana bəslədikləri “isti münasibətə” görə ağız dolusu təşəkkürünü bildirməsi anlaşılan deyil. Cənab Baş nazirin müavini təşəkkürünü sözün həqiqi mənasında, yaxud ironik tərzdəmi ifadə edib, ümidvarıq bu müəmmaya onun özü aydınlıq gətirəcək.
Bizim bildiyimiz isə rəsmi Bakının Naxçıvan MR-ə göstərilən bu “qardaşlıq münasibətlərindən” o qədər də xoşnud olmamasıdır. Təsadüfi deyil ki, İranın xeyrinə 15%-lik imtiyazları aradan qaldırmaq üçün rəsmi Bakı Muxtar Respublikaya alternativ enerji tədarükü barədə düşünərək ötən il Iğdır-Naxçıvan qaz kəməri çəkmə çalışmalarına start vermişdi. Ötən ilin dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan “Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”na əsasən, kəmər bu ilin əvvəlindən çəkilməyə başlanıldı. Memorandumda kəmərlə 500 min nəfər əhalisinin tələbatını ödəyəcək həcmdə ildə 500 milyon kubmetr təbii qaz nəqli nəzərdə tutulur. Bu həcmin Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcəyi və İranın dünyada misli-bərabəri olmayan “qardaş payı”ndan asılığından tamamilə azad olunmağa hesablandlığı vurğulanır.
Mümkündür ki, tərəflər Xəzər dənizində Azərbaycanla İran şirkətlərinin birgə layihələrə imza atamaq barədə də düşünə bilsinlər. Türkmənistanla birgə hasilatını və TANAP layihəsi ilə nəqlini düşündüyümüz “Dostluq” yatağı kimi, İranla da mübahisəli ərazilərdə eyni strategiyanın tətbiqi ehtimalı var və Şahin Müstafayev də İranın neft naziri ilə görüşündə “Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsi istiqamətində işlər” barəsində danışması da bundan xəbər verir. Bu ortaq çalışmalar baş tutarsa, gələcəkdə İran qazının TANAP-TAP boru kəmərləriylə Avropaya daşınmasının da əsası qoyula bilər. Hazırda ABŞ-ın ağır sanksiyaları ilə üzləşən İran üçün bu imkan ən gözəl alternativlərdən biri kimi görünür.
Azərbaycan nümayəndə heyətinin İranla müzakirə etdiyi digər məsələ 44 günlük savaşdan sonra açılması nəzərdə tutulan kommunikasiya xətlərinə qoşulmaqla bağlı ola bilər. Bu barədə hələ ki heç bir açıqlama verilməsə də, Şahin Mustafayevin İran Şəhərsalma və Yol Nazirliyinin yetkililəri ilə görüşdüyü vurğulanır. Xatırladaq ki, bundan əvvəl İran Şəhərsalma və Yol nazirinin müavini Səid Rəsuli İrəvana getmiş və orada Ermənistan rəsmiləri ilə İran mallarının Naxçıvandan keçərək düşmən ölkəyə nəqli barədə Anlaşma Memorandumu imzalamışdı. Naxçıvan MR-dan və Azərbaycandan xəbərsiz imzalanan bu sənəd istər-istəməz ağıllara bu atalar sözünü gətirmişdi: “Qız evində toydur, oğlan evinin xəbəri yox”. Görünür, Şahin Mustafayev də “qız evinin dəvətnamə”sini qəbul etmək üçün İrana yollanıb.
Bundan əlavə, rəsmilərimiz İranlı həmkarları ilə Azərbaycan üzərindən Rusiya və Gürcüstana nəqliyyat yollarından istifadə imkanlarını da təklif edə bilərlər. Məlum olduğu kimi, bu zamanadək Ermənistandan Gürcüstana, ordan isə iki fərqli marşrutla Rusiyaya və ya Avropaya uzanan tranzit xətləri artıq işə yaramaz hala düşüb. Əvvəla, ona görə ki, Azərbaycanın işğaldan azad etdiyi bəzi nöqtələr İran-Ermənistan magistralının üzərinə düşür və həmin yolun fəaliyyətinin davam etdirilməsi xeyli müşkül görünür.
İkincisi, ona görə ki, İrandan Ermənistan vasitəsilə Rusiyaya və Qərbə gedən xətt üzrə dəmir yolları mövcud deyil və quru nəqliyyatı daha başa gəlir. Azərbaycan bu yola alternativ olaraq İrana daha qısa, etibarlı və ucuz nəqliyyat xətti təklif edə bilər.
Üçüncü ona görə ki, Gürcüstandan xüsusilə Rusiyaya gedən yollar da iki dövlət arasında yaşanan böhran səbəbi ilə tez-tez bağlanır və yaxın perspektivdə vəziyyətin dəyişilməsi gözlənilmir. Belə bir vəziyyətdə Azərbaycan, nə qədər nankorluğu ilə üzləşməsinə baxmayaraq, İran qardaşlarının yarı yolda qalmasına razı olmaz və ona müxtəlif istiqamətlərdə tranzit imkanları suna bilər.
Belə vəziyyətdə İranın Naxçıvan üzərindən Ermənistana yol istəməsi iki şərtlə baş tuta bilər: Əvvəla, o xətt üzrə yalnız Ermənistana malların daşınması nəzərdə tutulmalıdır. İkincisi isə bu yolun birgə istifadəsi Zəngəzur dəhlizinin açılacağı təqdirdə mümkündür.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar