Xəbər lenti

 
Macarıstanın “Çin atına” minməsi Almaniyanı cin atına mindirir
 
 
Avropa İttifaqı “kiçik müttəfiqlər”in “cığal”lığı nəticəsində dağıla bilər.
 
Ovqat.com-un məlumatına görə, bunu Almaniyanın Xarici İşlər naziri Heyko Maas da istisna etmir.
 
Nazir alman mediasına verdiyi açıqlamada ittifaqın kiçik üzvlərinin veto hüququndan tez-tez istifadə etməsindən gileylənib və bunun Avropanın ümumi maraqlarına xidmət etmədiyini vurğulayıb. Onun fikrincə, “tək bir veto ilə 27 ölkənin əlinin-qolunun bağlanması” qətiyyən ədalətli deyil və İttifaqın qərarverici orqanlarında bu qayda tamamilə ləğv olunmalıdır.
 
Ekspertlərin fikrincə, Almaniyanın Xarici İşlər nazirinin bu çıxışı Avropanın böyük dövlətlərinin yeni siyasi islahatlarının ilk anonsu ola bilər. Belə ki, İttifaqın qurucu üzvləri – 5 Qərbi Avropa ölkəsi (Hollanda, Almaniya, Belçika, Fransa və İtaliya) BMT tipli yeni mexanizm qurmaq istəyirlər. Hələ ki gizli tutulan bu plana əsasən, Avropa İttifaqında da BMT TŞ-na bənzər yeni qurumun yaradılması və veto hüququnun yalnız onlara verilməsi nəzərdə tutulur. 
 
Sözsüz ki, bu proyektin açıq şəkildə bəyan olunması ittifaqın digər üzvləri tərəfindən etirazla qarşılana və nəticədə Aİ-na son qoyula bilər. Odur ki, ittifaqın böyük dövlətləri hələlik veto hüququnun ləğvi barədə düşünür, 5-li idarəetmə mexanizmini ya gələcəyə saxlamağa, ya da məxfi həyata keçirməyə çalışırlar.
 
Avropa nəhənglərini və xüsusilə Almaniyanı bu yeni layihəyə vadar edən əsaslı səbəblər də var. Çünki hər kəsə tanınmış veto haqqı bir çox hallarda mühüm qərarların əldə olunmasını əngəlləyir. Üstəlik, bu əngəlləmə prosesində xarici ölkələrin maraqları mühüm rol oynayır.


 
Orban vetosu
 
Heyko Maası “veto hüququnun ləğvi” təklifi ilə çıxış edərkən “cin atına mindirən” də məhz xarici güc mərkəzlərinin Avropa İttifaqının qərarlarına təsir ehtimalı ilə bağlıdır. Belə ki, rəsmi Berlin Çinin Hong-Kongda yürütdüyü represiya və zülm siyasətini qınamaq üçün ortaq bəyannamə layihəsi hazırlamış və dünən bunu ittifaq liderlərinin müzakirəsinə buraxmışdı. Macarıstan Baş naziri Viktor Orban isə veto hüququndan istifadə edərək həmin bəyannamənin qəbul olunmasının qarşısını almışdı. Üstəlik, bu, Orbanın ilk əngəlləyici təşəbbüsü də deyildi. Bir müddət əvvəl Avropa İttifaqının İsrailin Fələstin zülmünə qarşı qətnamə layihəsi də yenə Orban vetosuna ilişmişdi. Orbanın bu addımları başda Almaniya olmaqla, Aİ-nın digər üzvlərinin sərt tənqidinə məruz qalmışdı.
 
Macarıstan Baş naziri Viktor Orban isə öz mövqeyindən geri çəkilmək niyyətində deyil. O, etirazlarla bağlı açıqlamasında ölkəsinin Avropa İttifaqının (Aİ) xarici siyasət qərarlarına vetosunun ittifaq müqavilələrinə uyğun olduğunu və bundan sonra da həmin hüquqdan istifadə edəcəklərini söyləyib.
 
Macarıstan Baş Nazirlik Ofisi tərəfindən yayılan açıqlamada bildirilib ki, Orban ölkəsinin "siyasi ağırlıq və ciddilik" dən uzaq ortaq bəyannaməni imzalamadığı üçün Avropanın, xüsusən Almaniyanın solçularının hücumuna məruz qaldığını iddia edib. 
 
Bu addımların AB-ni gülünc hala gətirdiyi üçün AB-nin ortaq bəyanatlar hazırlamaq ənənəsinə son qoyması lazım olduğunu deyən Orban bildirib: "Bəli, biz bu qətnamə layihəsinə veto qoyduq, yüz dəfə təqdim olunsa, yenə hər dəfə rədd edəcəyik".


 
Budapeşt “soyuq müharibə”yə soyuq yanaşır
 
Orbanın fikrincə, Avropa nəhənglərinin, özəlliklə Almaniyanın Çini hədəf taxtasına çevirməsi dünyanı yenidən soyuq müharibəyə sürükləyir və buna ehtiyac yoxdur. Əksinə, soyuq müharibə “mədəniyyət”inin dünya siyasətində yenidən ortaya çıxmasının qarşısının alınması lazımdır. “Soyuq Müharibənin bərpası Avropanın, Orta Avropanın və Macarıstanın maraqlarına ziddir. Bizim tərəqqiyə, yaşıl və rəqəmsal inkişafa ehtiyacımız var. Boykotlara, sanksiyalara, mühazirələrə deyil, işbirliyinə, investisiya, ticarət və mədəni-elmi əlaqələrə ehtiyacımız var”.
 
Orban, ölkəsinin daha əvvəl olduğu kimi gələcəkdə də beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün əlindən gələni edəcəyini və AB müqavilələrində nəzərdə tutulan hüquqlarından istifadə etməyə davam edəcəyini bildirib.
 
Almaniya-Macarıstan çəkişməsinin arxa planı
 
Fikrimizcə, Macarıstanla Almaniya və digər Qərb ölkələri arasında Çinə fərqli yanaşmanın əsl səbəbi iqtisadi münasibətlərdə gizlidir. Belə ki, Avropa İttifaqının qurucu dövlətləri ittifaqı genişləndirmə siyasətinə start verərkən, SSRİ-nin dağılması ilə müstəqillik qazanan post-sovet ölkələrini öz tərkiblərinə qatıb rahat bazar əldə etmək istəyirdilər. Bu siyasətdən Şərqi Avropa ölkələri isə heç nə qazanmadı. Əksinə, daha ucuz işçi qüvvəsinə çevrilib Qərbi Avropa ölkələrinə axışdılar. Nəticədə sovetlərdən qalma iqtisadiyyatları çökdü, bir çox hallarda qadın ticarətinin mərkəzi halına gəldilər. Bu da istər-istəməz həmin ölkələri iqtisadi yatırımlara ac bölgə halına gətirdi. Çin isə bu vəziyyətdən istifadə edib Şərqi Avropa ölkələrinə böyük investisiyalar qoymağa başladı.


 
Macarıstanın 3 avantajı
 
Çinin xüsusilə Macarıstana diqqət ayırması da səbəbsiz deyil və bunun 3 mühüm əsası var. 
 
Əvvəla, Macarıstanda müəssisə və təşkilatların gəlir vergiləri olduqca aşağıdır. 9%-lik vergi ilə bu ölkə Avropa İttifaqının investisiya baxımından ən avantajlı ölkəsi kimi tanınır. 
 
İkincisi, Macarıstanda işçi qüvvəsi də digər Avropa ölkələri ilə müqayisədə xeyli ucuzdur. 
 
Üçüncüsü isə, bu ölkə Qərbi və Şərqi Avropanın qovşağında yerləşir. Qərbdən Avstriya ilə həmsərhəd olan Macarıstan şimaldan Slovakiya, Ukrayna; şərqdən Rumıniya; cənubdan isə Xırvatistan və Serbiyanı özünə bağlayır. Dolayısıyla, bu ölkəyə qoyulan investisiya logistik imkanlarla birləşincə, rahatlıqla Avropa İttifaqının ticari və sənaye mərkəzi halına gələ bilər. 
 
Təsadüfi deyil ki, Avropaya böyük investisiyalar yatıran Çin kapitalının 10%-nin Macarıstana sərf etmiş durumdadır. Çinin Macarıstanda necə ciddi iqtisadi qüvvəyə çevrildiyini Türkiyənin sənaye adamları da etiraf edirlər. Şərqi Qara dəniz İxracatçılar Birliyinin sədr müavini Əhməd Həmdi Gürdoğanın hələ 2019-cu ildə dilə gətirdiyi aşağıdakı fikirlər həyəcan siqnalına bənzəyirdi: “Çinlilər bizdən əvvəl buradakı (Macarıstandakı-red.) boşluğu gördülər... İtirilən hər gün çinlilərin Avropa və oxşar bazarlarda hökmranlığını gücləndirəcəkdir. Türkiyə Macarıstan və Avropa bazarına Çindən daha əvvəl girmişdi, amma bu gün gəldiyimiz nöqtədə Çin atı alıb Uskudarı aşıb. Sözün düzü, sabah bizim üçün çox gec ola bilər.”
 
Üstəlik, Çin Macarıstanda sadəcə sənaye və ticarət mərkəzləri də qurmur. Avropada qurmağı planlaşdırdığı ilk universiteti də Macarıstanda inşa etməyə başlayıb. Bu il təməlləri atılan həmin ali məktəb Avropanın bir çox ölkələrindən tələbə qəbulu planlaşdırır və beləcə, Çinin “qoca qitə”dəki yumşaq güc mərkəzinin də Macarıstanda formalaşdırılması nəzərdə tutulur.
 
Təbii ki, Almaniya və digər Qərbi Avropa ölkələrini qorxudan budur. Macarıstan isə Çinə qarşı Aİ-nin ortaq qətnaməsinin həm də özünə qarşı yönəldiyini başa düşür.
 
Heydər Oğuz,
Ovqat.com
 



Ana səhifəyə qayıt        Baxış: 6 556          Tarix: 8-06-2021, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma