Xəbər lenti
Bu gün, 19:25
La Repubblica, İtaliya
14.06.2021


Müəllif: Alessandro Riççi
Azərbaycanın paytaxtı müasirləşmə, yenilənmə mərhələsindədir. Əgər siz buradakı şərab barlarında olmamısınızsa, “Bakını görmüşəm” deməyə ixtiyarınız yoxdur.

Bəziləri ona “Xəzər dənizinin Monte Karlosu”, digərləri “Qafqazın Dubayı” adlandırır. Əslində, belə müqayisələr yanlışdır. Amma Bakıda olmuş bütün səyyahlar bu yanlışlığı edir. Bəli, bu cür müqayisələr yersizdir. Bakı nə birincidir, nə də ikinci. O, Avropa ilə Asiyanın təkcə coğrafi cəhətdən deyil, eyni zamanda tarixi və mədəni nöqteyi-nəzərdən qovuşduğu məkanda yerləşən, tez-tez dəyişən, yenilənən şəhərdir. Söhbət həm də idmanı (yeri gəlmişkən, şəhərdə Formula 1 avtomobillərinin səsi yeni kəsilib) özü üçün əsas hərəkətverici qüvvə seçmiş şəhərdən gedir.

Bakı qədim İçərişəhərin ensiz dalanlarını, taxta eyvanlara sarılmış üzüm tənəkləri mənzərəsini “Alov qüllələri” kimi ultra müasir tikililərlə vəhdətdə saxlamağı çox yaxşı bacarır. Bakı gənc şəhərdir. Burada ilin 365 günü külək əsir. Xəzərin sahili ilə uzanan bulvarında hər an əla “selfi” çəkmək üçün dəridən-qabıqdan çıxan yerliləri və turistləri görə bilərsən.

Bakı həm də dünyanın üzümçülük mərkəzlərindən biridir. Abşeron yarımadasının şimal sahilindən tutmuş, Samur çayı boyu Rusiya ilə sərhədədək minerallarla zəngin, dəniz mehinin və günəş şüasının qidalandırdığı, Böyük Qafqazın yamacları ilə sanki xüsusi mühafizə olunan münbit torpaqlar... Qafqazın həddi-hüdudu olmayan ampeloqrafiyası haqda tarix boyu çox yazılıb. Azərbaycanda da uzun illərdir ki, yüzdən çox üzüm növü becərilir. Doğrudur, Sovet İttifaqı dönəmində Qorbaçovun alkoqolla mübarizə kampaniyası çərçivəsində burada 250 min hektardan artıq üzüm bağı məhv edilmişdi. Lakin bu gün Azərbaycan şərabı özünün yeni dövrünü yaşayır. Paytaxt Bakının başdan-başa şərab barlarına bürünməsi də bunun göstəricisidir.

“Cəmi beş il əvvəl vəziyyət tam fərqli idi”, - deyə Bakının tanınmış şərab barlarından olan “KEFLI”nin sahibi İvan Uvarov bildirir: “Şərab səyyahlar tərəfindən yüksək qiymətləndirilən elit içki olub. Sovet dönəmində ən məşhur şərablar şirin şərablar hesab olunduğundan, insanların çoxu onu qadın içkisi adlandırırdı”.

Uvarov 2016-cı ildə öz restoranını açan zaman burada çətin ki, kimsə yerli şərab içərdi. “O vaxt ölkə hələ də postsovet sindromundan əziyyət çəkirdi: yerli məhsullar dəyərsiz və Avropa məhsullarından aşağı hesab edilirdi. Bu gün də yaşı 35-40-dan yuxarı olanlar xarici şərab markalarına üstünlük verilir. Azərbaycan şərabını satmaq üçün onu Avropa şərabına bənzətməyə məcburuq. Yaxud müştəriyə bu şərabı hansısa italyan mütəxəssisin çəkdiyini, bu zaman Fransa avadanlıqlarından istifadə olunduğunu deməliydik”, - deyə Uvarov qeyd edir.
Lakin indi stereotiplərdən tamamilə uzaq olan açıq fikirli yeni nəsil yaranıb. Uvarov deyir ki, artıq gənclər yerli üzüm sortlarını yüksək qiymətləndirir, eyni zamanda, şərabçılıq tarixinə böyük maraq göstərirlər: “Onlar artıq Azərbaycan şərabları haqda fəxrlə danışırlar.
Söhbətin sonunda İvan Uvarov bizə “Chabiant” şərab zavodunun istehsalı olan “Bayan Şira” şərabının dadına baxmamızı tövsiyə etdi. Yeri gəlmişkən o, bu tövsiyəni bütün turistlərə edir...

Burada gənclər arasında nardan çəkilmiş şərab da xüsusilə populyardır. Bu şərab növündə fermentasiya üçün şəkər deyil, nar şərbətindən istifadə olunur. O, kimyəvi turşu növüdür. Nəticədə insanlar pivə, yaxud araqdan daha çox şəraba oxşar içkini dada bilirlər.
Françeska Neri və Cuzi Palumbonun Polaris üçün yazdıqları bələdçi kitabına istinadən, şəhərin qonaqlar üçün 10 ən yaxşı şərab barını təqdim edirik. Yarım gün belə, boş vaxt tapanlar Abşeron yarımadasının şimalında yerləşən Fireland üzüm bağlarına da baş çəkə bilərlər.

“Kefli Local Wine & Snacks”
Bu, Bakıya baş çəkən hər kəsin getməli olduğu ünvandır. 2016-cı ildən işləyən bu bar şəhərdəki yeni “şərab hərəkatı”nın əsas hərəkətverici qüvvəsidir. Burada qonaqlar qədim üslubda işıqlandırılan taxta səbətlərdən ibarət tavanın altında əyləşirlər. Şərab seçimi genişdir. Qonaqlara xüsusilə yerli şərablar təklif olunur. Amma “Nyu-York Sur” və “Katemba”dan tutmuş, “Neqroni Zbalyata”, “Aperol Spritz” və “Razberri Bellini”yədək bir çox şərab tərkibli kokteyli də dada bilərsiniz. Üstəlik, sizi mükəmməl qarşılama və peşəkar personal gözləyir.

“Room Baku - Fine Art Wine & Dine”
Yumşq oturacaqlı otaqlar axşamın erkən saatlarından başlayaraq, gecəyə doğru getdikcə canlanır. Bu bar gecə saatlarınadək açıq olur. İllərdir Bakının gecə həyatından söz düşərkən gənclər arasında DJ partiləri və içki məclisləri başa düşülür. Şərab seçimi dedikdə isə artıq  ağla ancaq yerli istehsal gəlir. Burada heç kim xarici markalara önəm vermir.

Hava limanında onun satış məntəqəsi də var. Burada yerli şərabların geniş çeşidinə rast gəlmək mümkündür.
“Enoteca Meydan”
Bura heç bir yerə bənzəmir. İçərişəhərin divarları arasında itib batmış bu şərab mağazasının emosional və səmimi sahibi Sovet illərindən bu yana şərabla bağlı minlərlə hekayə bilir. O, bildiyi hekayələri əcnəbi turistlərə yerli markalardan bir qədəh təklif edərək, böyük həvəslə danışır...

“Porto Wine & Grill”
Şəhərin səs-küyündən uzaqda, sahil boyu mənzərəyə malik, 2011-ci ildən bütün Qafqaz üçün bədii və müasir incəsənət mərkəzinə çevrilmiş YARAT-ın binası ilə yanaşı olan səviyyəli, öz şərab və qril çeşidləri ilə məşhur (siyahıda digərləri ilə müqayisədə həm də bahalı) bir yer var. Buranı geniş çeşidli şərab növləri və möcüzəvi atmosferi ilə xarakterizə etmək olar.

“Vinidze”
Bakıdayıq, ya Tbilisidə? Bu şərab barında yalnız gürcü şərabları təklif olunur. Həm də baha. Bu isə bizim xoşumuza gəlir. Amma təəssüf ki, burada şərabı qədəhlə vermirlər.

Məkanın özünə gəldikdə, o, şüşə tavanı və alov rəngli divarları ilə olduqca cəlbedici görünür. DJ və canlı musiqi isə buranı daha canlı məkana çevirir.
“Saqi Wine Bar”
Bakının mərkəzində olduqca rahat, hündür tavanlı şərab barı. Pianoda caz ifa olunur. Menyuda 90-na yaxın şərab çeşidi var – hər biri Azərbaycan məhsulu. Şərabları pendir və ət yeməkləri ilə gətirirlər. Hazırda bar bağlıdır. Ümid edirik ki, o, tezliklə fəaliyyətini bərpa edəcək.
“CafeCity Wine”
Bu, şəhərdə bir neçə yerdə filialı olan populyar restoranlar şəbəkəsidir. Sahildəki filial sırf şərabı ilə məşhurdur və burada şərab şüşələrinin xüsusi temperatur və rütubətdə saxlanıldığı zirzəmi var. Menyuda yerli şərablarla yanaşı, İtaliya istehsalı da daxil olmaqla, xarici markalara da rast gəlinir. Bura həmçinin yemək yeyə, həftəsonları canlı musiqi dinləyə biləcəyiniz məkandır.
“Wine City”
Bura, məşhur dünya markalarından (o cümlədən fransız və italyan) olan məhsulların da təklif edildiyi, şərab barından çox şərab mağazasıdır. Yerli şərabların dadına baxmaq üçün məsləhətli yer olmasa da (yerli məhsul azdır), dequstasiya otağında ürəyiniz istəyən pendirlərdən seçərək şərabların dadına baxa, işçilərdən onlar haqda maraqlı məlumatlar əldə edə bilərsiniz.
“Wine Hub”
Böyük cəsarət nümunəsi: bu məkan keçən il pandemiya vaxtı açılıb. Bakının mərkəzində olduqca gözoxşayan məkandır. Qonaqlara əsasən şərab növləri olmaqla, bir neçə kokteyl çeşidi də təklif olunur. Şərab növləri arasında Azərbaycan istesalı da var, xarici markalar da. Əsas yeri fransız şərabları tutur.
“Double Eleven Bistro & Wine Bar”
Bu yaxınlarda Fəvvarələr meydanında açılmış, olduqca xoş ab-havası olan şərab barı. Burada yerli şərabların geniş çeşidinə rast gəlmək mümkündür.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: La Repubblica


Ana səhifəyə qayıt        Baxış: 4 052          Tarix: 14-06-2021, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma