Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Neçə müddətdir ki, bütün dünyanın böyük səbrsizliklə gözlədiyi NATO-nun növbəti Liderlər zirvəsi bu gün fəaliyyətə başladı.
Ovqat.com-un məlumatına görə, NATO-ya üzv 30 ölkənin dövlət və hökumət başçıları bu gün Brüsseldə bir araya gəldı.
Sammitin gündəmində 3 əsas məsələ dayanır: hərbi super gücə çevrilməkdə olan Çin Xalq Respublikası ilə münasibətlər, Rusiya təhdidinə qarşı alınacaq tədbirlər və NATO daxilindəki islahat təşəbbüsü kimi önə sürülən "NATO-2030" proqramı.
Sammit Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Co Baydenin qatıldığı ilk NATO toplantısı kimi də tarixə düşəcək. Donald Tramp dövründə çətin anlar yaşayan NATO-da Baydenin ABŞ Prezidenti seçilməsi ilə gözə çarpan bir rahatlamanın yarandığı hiss olunur və bu səbəbdən də bugünkü zirvənin məhsuldar keçəcəyinə ümid edilir.
NATO zirvəsində müzakirələrə yol açacaq bəlkə də ən kritik məsələlərindən biri transatlantik əlaqələrin yenidən gücləndirilməsi olacaq. Çünki müxtəlif maraqlar və müttəfiqlərin bir-birindən xəbərsiz addımlari NATO üzvləri arasında son illər ciddi narazılıqların yaranmasına və hətta alyansın laxlamasına gətirib çıxarıb. Başlıca problemlərdən biri Türkiyə ilə bağlıdır və alyansa üzv olmasaq belə, bugünkü sammitdə qəbul ediləcək bir sıra qərarlar Azərbaycanı da maraqlandırır.
Bəlli olduğu kimi, NATO-nun aparıcı dövlətləri ən böyük hərbi müttəfiqlərindən biri olan Türkiyəyə strateji silahlarını satmaması və alyansın Rusiya ilə girdiyi amansız mübarizə Ankaranı bəzi zəruri addımlar atmağa vadar edib. Qardaş ölkə həm öz havadan müdafiə sistemlərini gücləndirmək üçün Moskvadan S-400 silahları alıb, həm də Suriya, Liviya və Dağlıq Qarabağda Rusiya ilə kəllə-kəlləyə gəlir. Ankaranın məcburiyyət qarşısında yürütdüyü bu iki tərəfli siyasət isə başda ABŞ olmaqla, digər NATO ölkələrini qane etmir. Xüsusilə ABŞ-ın Türkiyənin Rusiyadan S-400 silahları almamasına dair kəskin tələbi iki müttəfiq arasında münasibətləri xeyli gərginləşdirib. Son zirvə görüşündən əvvəl Ankaranın Rusiyadan bundan sonra S-400 silahları almayacağını, amma bunun üçün müttəfiqlərinin ona lazımi avadanlıqları satmasının şərt olduğunu bildirməsi münasibətlərin qismən düzəlməsinə yol açsa da, alyansın əsl mövqeyi bu gün aydınlığa qovuşacaq.
Türkiyənin öz müttəfiqlərindən başqa gözləntiləri də var. Bunlardan biri və bəlkə də ən birincisi onun ərazi bütövlüyünə və təhlükəsizlik maraqlarına sayğı göstərilməsi, Suriyada və İraqda PKK/YPG birliklərini silahlandırmaqdan vaz keçilməsidir. Bu günə qədər ABŞ-ın bu yöndəki siyasətləri Ankaranın tələblərinə cavab vermir. Sammit ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla onun ABŞ-lı həmkarının görüşündə yəqin ki, bu məsələ öz həllini tapacaq.
Türkiyənin Fransa ilə də arasında soyuq rüzgarlar əsir. Fransanın indiki Prezidenti Emmanuel Makron həm Liviyada, həm də Aralıq dənizinin bölünməsi məsələsində NATO müttəqinin qarşısında yer alır, bununla da kifayətlənməyib onun alyans ortaqlarına xəbər vermədən Suriyanın şimalına hərbi müdaxilə etməsi ilə razılaşmırdı. Belə hiss olunurdu ki, Paris Türkiyənin regional siyasətlərindən hansısa pay umur. Bugünkü sammitdən əvvəl Fransa və Türkiyə prezidentlərinin görüşündən sonra Yelisey sarayından verilən açıqlamadan isə anlaşılır ki, iki dövlət bir sıra məsələlərdə, özəlliklə də Suriya və Liviyada birgə fəaliyyət göstərmək barədə yekdil fikrə gəliblər. Bu isə Parisin istədiyini qismən aldığını göstərir.
Fransa prezidenti eyni zamanda ABŞ-ın müttəfiqləri ilə razılaşmadan qoşunlarını Yaxın Şərqdən və Əfqanıstandan çıxarmaq qərarını da bəyənmir. O, hələ 2019-cu ildə Donald Tramp hakimiyyətinin bu qərarlarını sərt tənqid edərək NATO-nun "beyin ölümü" keçirdiyini bildirmişdi. Macronun həm Türkiyəyə, həm də ABŞ-a yönləndirdiyi tənqidləri "NATO-2030" adlı islahat təşəbbüsünün başlanmasına səbəb oldu. İslahatın hədəfləri daha yaxşı işləyən siyasi koordinasiya qurulmasıdır. Diplomatlar bu çərçivədə NATO daxilində yeni müzakirə forumlarının yaradılmasını və NATO xarici işlər nazirlərinin ildə iki dəfə deyil, üç dəfə görüşmələrini və s. təklif edirlər.
“NATO-2030” proqramının ən mühüm xüsusiyyəti qarşımızdakı 10 ildə alyansın dost və düşmənlərinin açıq şəkildə göstərilməsini nəzərdə tutur. Sovet təhlükəsinə qarşı yaradılan NATO-nun SSRİ çökdükdən sonra hədəfləri də dəyişmiş, Rusiya dialoqa açıq dövlət halına gəlmişdi. Hətta NATO-nun aparıcı dövlətləri ilə Rusiya arasında münasibətlər bir zamanlar o həddə yaxınlaşmışdı ki, bu, alyansın bir sıra müttəfiqləri arasında narazılıq yaratmışdı. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsi ilə bu münasibətlər yenidən pisləşməyə başladı. NATO-nun əsas aparıcı gücü olan ABŞ Rusiyaya qarşı sərt mövqe sərgiləmək xəttini seçdi. Almaniya və Fransa kimi ölkələr isə yenidən soyuq savaşın gərginliyinə qayıtmaq istəmədiklərini bildirərək, Rusiyanı hərbi yolla deyil, iqtisadi əlaqələri gücləndirmənlə ram etmək xəyalına düşdülər. Bu isə ABŞ-la yanaşı NATO-nun yeni üzvləri olan Şərqi Avropanı da qane etmir.
2017-ci ilin ilk günlərində ABŞ prezidenti kürsüsündə əyləşən Trampın “öncə Amerika” strategiyası Qərb ölkələrini öz müstəqil hərəkət etmək məcburiyyətində buraxdı. Bayden hakimiyyətə gəldikdən sonra Vaşinqtonun xarici siyasət kursu da dəyişib “ABŞ geri qayıdır” şüarına dönüşdü. Bu isə ABŞ-ın getdikcə parçalanan və mərkəzdənqaçma təcili ilə ondan uzaqlaşan NATO-nu yenidən bir araya toplayacağına işarə idi. Bu gün NATO-nun Brüsseldəki qərargahına gəldiyi zaman keçirdiyi mətbuat konfransında Baydenin verdiyi açıqlamalardan da bunu aydın sezmək mümkündür. O, çıxış edərək bildirdi ki, "NATO ABŞ-ın maraqları baxımından çox vacib əhəmiyyət dayışır".
Şimali Atlantika Paktının 5-ci maddəsinin NATO üzvləri üçün "müqəddəs öhdəlik" olduğunu vurğulayan Bayden çıxışında ABŞ-ın İkinci Dünya müharibəsində Avropaya müdaxilə etdiyini də xatırladıb. Bununla da Rusiyaya qarşı istənilən müdaxilədə Avropa ölkələrinin yanında olacağına ehyam vurub.
Baydenin NATO zirvəsinə qatılmamışdan əvvəl Böyük Britaniyaya səfəri və Londonda ölkənin Baş naziri Boris Consonla “Yeni Antlantika Xartiyası” adlı sənəd imzalaması da bu gün Brüsseldə verdiyi mesajla həmahəng səslənir. Xartiyada London və Vaşinqtonun demokratiyanın müdafiəsi, şəffaflığın təşviqi; hüququn aliliyininin dəstəklənməsi; vətəndaş cəmiyyətinə və müstəqil KİV-ə köməklik göstərilməsi; həmçinin ədalətsizliyə və bərabərsizliyə qarşı mübarizə; insan ləyaqətini və hüquqlarını qorumaq” prinsiplərindən danışılır və tərəflər "suverenlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə sadiq" olduqlarını bildirirlər. Onlar həmçinin dövlətlərin daxili işlərinə müdaxiləyə, dezinformasiyaların yayılmasına və ya seçkilərin nəticəsinə digər pis niyyətli təsirlərə qarşı çıxırlar. Bütün bu tezislərin mahiyyətinə nəzər salanda Rusiyanın regionda apardığı imperializmi bərpa etmək siyasətinin bütün konturları açıq görünür.
Mütəxəssislərin fikrincə, NATO-nun son sammitində də Rusiyanın Transantlantik dəyərlərə qarşı dağıdıcı mövqeyinin qarşısının alınması 1 nömrəli hədəf kimi qəbul olunacaq. Xüsusilə Kremlin Qara dəniz və Şimali Qafqaz bölgələrində separatçı qüvvələri dəstəkləməklə öz mövcudluğunu qorumağa çalışması “yenidən özünə qayıdan” ABŞ-ın və onun rəhbərliyi altında geosiyasi hədəflərini müəyyənləşdirən NATO-nun başlıca hədəfinə çevriləcək. Bu məsələdə əsas yük isə 3 müttəfiqin üzərinə düşəcək – ABŞ, Türkiyə və Böyük Britaniya. NATO-nun zirvə toplantısından əvvəl çəkilən ailə fotosunda liderlərin yerlərinin müəyyənləşdirilməsi də bu baxımdan simvolik məna daşıyır. Foto şəkillərdən aydın görünür ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ön cərgədə və ABŞ-lı həmkarı ilə Böyük Britaniyanın Baş naziri arasında dayanıb.
Baydenin iki gün sonra Cenevrədə Vladimir Putinlə görüşündən əvvəl NATO zirvəsində iştirak etməsi də təsadüfi deyil. Bu sammitdə NATO-nun yeni bəyannaməsinin qəbul olunması və Baydenin Cenevrəyə əli dolu getməsi gözlənilir. Belə ki, yeni bəyannamədə alyansın Rusiya ilə bağlı izləyəcəyi yol barədə açıq mesaj veriləcək və Bayden də bu mesajı Putinə təqdim edəcək. Rusiya prezidenti də öz növbəsində ona təqdim olunan alternativlərdən birini – ya qarşıdurmaya getməyi, ya da əlini döşəyə vurub ona cizilən sərhədlər daxilində dünya ilə əməkdaşlıq etməyi seçəcək.
NATO sammitinin mühüm müzakirə mövzularından biri də Çinlə münasibətləri ehtiva edəcək. Çinlə bağlı NATO-nun strateji konsepsiyası əslində yeni deyil. İlk dəfə bu konsepsiya 2010-cu ildə alyansın gündəminə gətirilib. O vaxtdan indiyədək 11 vaxt keçib və bu müddət ərzində Çin dünyanın aparıcı iqtisadi və hərbi gücünə çevrilib. NATO da Çinlə bağlı konsepsiyasını yeni çağırışlara cavab vermək üçün yenilənməlidir.
Ancaq NATO müttəfiqlərinin əksəriyyəti, özəlliklə də Şərqi Avropa ölkələri Çinin böyüməsindən Vaşinqton qədər narahat deyil. Xüsusilə Şərqi Avropanın mərkəzi ölkəsi Macarıstan Çinin maliyyə yardımları ilə qitənin aparıcı gücünə çevrilmək əzmindəndir. Bu səbəbdən də ölkənin Baş naziri Viktor Urban veto hüququndan istifadə edərək istər Avropa Birliyinin, istərsə də NATO-nun qəraralma imkanlarını məhdudlaşdırır. NATO üzvləri, əsasən də ABŞ bu problem həll etməyə çalışmalı, alyans Nizamnaməsindəki konsensusla qərar vermə mexanizmini gözdən keçirməlidir. Sözsüz ki, bu məsələni indiki kritik anda müzakirəyə çıxarıb üzvləri ürkütmək də olmaz. Amma yaxın zamanlarda NATO liderlərinin bu məsələ üçün də toplanacaqları istisna edilmir.
Almaniyanın DPA xəbər agentliyinin iddiasına görə, NATO bu sammitdə ilk dəfə Çini beynəlxalq öhdəliklərinə əməl etməyə və vəzifələrinə uyğun hərəkət etməyə çağıracaq. Agentlik bildirir ki, alyans liderləri bəyannamədə müvafiq maddələrlə Pekin hökumətini də nüvə fəaliyyətləri ilə bağlı şəffaf olmağa və etimad təşəbbüsləri göstərməyə təşviq edəcəklər. Xəbərdə həmçinin NATO-nun Çin ilə mümkün olan hər sahədə konstruktiv bir dialoq davam etdirməyə və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlığa açıq olduğunun bəyan olunacağı bildirilir. Belə görünür ki, Çinlə məsələni sonrakı zamana saxlayan NATO bu sammitdə əsasən Rusiya ilə münasibətlərini müəyyənləşdirəcək.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar