Xəbər lenti

 
ABŞ prezidenti Co Baydenlə onun Rusiyalı həmkarı Vladimir Putinin 2 gün öncə Cenevrədə keçirdikləri görüş dünya düzəninin yenidən formalaşması baxımından olduqca böyük əhəmiyyət daşıyırdı. Mütəxəssislərin fikrincə, bu görüşdə məkanın seçilməsində belə, simvolik məna vardı. Belə ki, 1985-ci ildə SSRİ lideri Mixayıl Qorbaçovla ABŞ prezidenti Ronald Vilson Reyqan arasındakı məşhur görüş də bu şəhərdə keçirilmiş və bununla da dünyanın geopolitik balansı dəyişmiş, ABŞ tək qütblü qlobal güc mərkəzinə çevrilmişdi. 
 
O dövrdən indiyədək keçən 36 il müddətində ABŞ bu üstünlüyünü qoruya bilmədi, Vaşinqtona meydan oxuyan yeni güc mərkəzləri meydana gəldi. Ümumiyyətlə, Çinin ABŞ-i sıxışdırdığı bir zamanda Co Baydenin rus həmkarını görüşə çağırması dünya ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və 16 iyun 2021-ci il danışıqları məhz bu tərəddüdlərin fonunda baş tutdu. Görüşdə tərəflərin bir sıra məsələlərdə əməkdaşlıq siqnalları verməsi ABŞ-ın 36 il əvvəlki mövqeyindən geri çəkildiyi və Rusiyanın bir güc mərkəzi kimi yenidən ortaya çıxmasına xeyir-dua verdiyi anlamına gəlirdi. Qısası, ABŞ-ın Rusiya ilə bir-birinin sahəsinə girməmək və bəzi qlobal əhəmiyyətli layihələrdə əməkdaşlıq etmək barədə ümumi razılığa gəldikləri düşünülür. 
 
Mütəxəssislərə görə, bu da təsadüfi deyil. Belə ki, Çinin son illər iqtisadi artım göstərək və hərbi cəhətdən güclənərək təkcə ABŞ-ı sıxışdırmadığı, həm də Rusiyanın arxa bağçası saydığı coğrafiyaları ələ keçirməyə çalışdığı bildirilir. Bu da istər-istəməz II Dünya müharibəsindən bəri bir-birinə qənim kəsilən rəqibləri bir araya gətirir.


 
ABŞ və Rusiya prezidentləri arasında aparılan danışıqlar tam təfsilatı ilə açıqlanmadığından hansı sahələrdə əməkdaşlığa qərar verdikləri də bilinmir. Sadəcə liderlərin görüşdən sonra verdiyi açıqlamalardan belə anlaşılır ki, ABŞ Rusiyanın enerji nəqli strategiyasına mane olmayacaq, strateji sabitlik qorunacaq, tərəflər bir-birinin əleyhinə kiber hücum və informasiya savaşından vaz keçəcək, İranın nüvə gücünə çevrilməməsi, Əfqanıstanda siyasi stabilliyin pozulmaması və s. kimi məsələlərdə birgə fəaliyyət göstərəcəklər. Rusiya isə bunun müqabilində sovet hakimiyyəti illərindən bu günə qədər öz nəzarətində saxladığı Arktikanın təbii və coğrafi imkanlarından birgə yararlanmaq potensialını ABŞ-la bölüşəcək. Amma bir şərtlə, bu bölgə üzərində Rusiyanın suverenlik hüquqları tanınmalıdır.
 
Əslində bu hüquq iki əsas akta əsaslanmalıdır: mənim fikrimcə, 1982-ci il Dəniz Qanunu Konvensiyası və 2017-ci ildə təsdiqlənmiş bir neçə sənəddən ibarət Qütb Məcəlləsi. Tərəfdaşlarımızın diqqətini mən Rusiyanın bu beynəlxalq hüquq normalarına tam əməl etmək niyyətində olduğuna yönəltdim”, - deyən Putin Moskvanın bütün maraqlı ölkələrə və şirkətlərə Şimal dəniz yolunun inkişafında kömək etməyə hazır olduğunu bildirib.
 
V.Putin həmçinin etiraf edib ki, Baydenlə keçirdiyi 4 saat yarımlıq görüşdə ən çox Arktika məsələsinə yer ayırıblar: “Bu mövzunu geniş formatda və kifayət qədər ətraflı müzakirə etdik. Bu, çox vacib, maraqlı bir mövzudur, demək istəyirəm ki, ümumiyyətlə Arktikanın və xüsusən Şimal dəniz yolunun inkişafı bir çox ölkənin, o cümlədən qeyri-regional ölkələrin iqtisadiyyatı üçün böyük maraq doğurur ”.
 
 
Sual oluna bilər: il boyu buz altında qalan Arktika dünyanın iki böyük nəhəngi üçün niyə bu qədər matah tikəyə çevrilib?
 
Ekspertlərin fikrincə, bunun 2 başlıca səbəbi var. Bunlardan biri qlobal istiləşmə nəticəsində Şimalı Buzlu okeanın əvvəllərə nisbətən daha rahat keçilən marşrut halına gəlməsi, digəri isə onun təbii yeraltı sərvətləridir. Mülahizələrə inansaq, Arktika çevrəsinin keçilə bilən hala gəlməsi yaxın gələcəkdə qlobal dəniz nəqliyyatına yeni alternativ gətirə bilər ki, bu da ABŞ-ın dünya hegemoniyasında əsaslandığı bütün su hövzələrini əldə tutmaq strategiyasının işləkliyinin itirməsi anlamına gəlir. 


 
Üstəlik, yeni alternativ nəqliyyat xəttinin meydana çıxması dünya ticarət məhsullarının 1/3-nin keçdiyi Cənubi Çin dənizinin əhəmiyyətini azaladar və ölkənin iqtisadi artımını xeyli zəiflədə bilər. Çinə qarşı rəqabətin prinsipinə çevrilən bu hədəflər istər-istəməz ABŞ-ı Rusiyaya yaxınlaşdırır. Nədən ki, hazırkı dövrdə Vaşinqton iki pisdən birini seçmək məcburiyyətindədir və iqtisadi cəhətdən onunla rəqabət apar bilməyəcək Rusiya ona daha təhlükəsiz rəqib kimi görünür.
 
Digər tərəfdən isə, Arktika hələ də öz kəşfini gözləyən karbohidrogen ehtiyatları ilə zəngindir və bu da yaxın gələcəkdə bölgəni ciddi enerji mərkəzinə çevirə bilər. Ümumiyyətlə, Arktikanın Rusiya və ABŞ baxımından nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı eksperti Orxan Bağırovun hələ ötən ilin dekabrında Ovqat.com-da dərc olunan Arktika uğrunda mübarizə: Dünyanın yeni enerji xəritəsi Şimali Buzlu Okeanda cızılır sərlövhəli məqaləsini oxumanızı tövsiyyə edərdik. 
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 059          Tarix: 18-06-2021, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma