Xəbər lenti

 
Güntay Şimşək
Habertürk 
 
Azərbaycan işğal altındakı torpaqlarını Ermənistandan azad etdikdən sonra gündəmə gələn yeni nəqliyyat xətləri və dəhlizi mövzusu hələ də təzəliyini qoruyur. Yeni nəqliyyat dəhlizindən ən çox narahat olan ölkə isə İrandır. İran Naxçıvanı və Türkiyəni Azərbaycana bağlayacaq bu dəhlizin açılmasının qarşısını almaq üçün Ermənistanı davamlı təhrik edir.
 
Bölgə iqtisadiyyatının canlanmasına səbəb olacaq nəqliyyat xətlərinin ən əhəmiyyətlisi Zəngəzur Dəhlizidir. İran və Ermənistan sərhədini 43 km boyunca izləyərək Azərbaycanla Naxçıvanı bir araya gətirəcək bu nəqliyyat dəhlizi müharibə zamanı və sonrasında daima gündəmdə idi. Hazırda da gündəmdədir. Prezident Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə tarixi səfərindən sonra bu dəhliz haqqında daha çox danışılmağa başlanacaq.
 
Digər tərəfdən, Qərbdə Qarabağ müharibəsinin təsirləri barədə müzakirələr getdiyi bir zamanda qonşu İran Zəngəzur dəhlizinə onları Ermənistandan ayıracağı iddiası ilə qarşı çıxmağa davam edir. Ermənistan İrandakı erməni əhalisini bəhanə gətirərək hər şeyi qarışdırmağa çalışır. Savaş dönəmində Azərbaycana qarşı çıxan və Ermənistanı dəstəkləyən İran bənzər mövqeyini sülh dövründə də sürdürməkdədir.
 
Qarabağ müharibəsinin bitməsi ilə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli Bəyannamə imzalandı və bölgədə yeni nəqliyyat xətlərinin açılmasına qərar verildi. Ermənistanın məğlubiyyəti ilə imzalanan Bəyannamənin 9-cu maddəsində bölgədə qurulacaq nəqliyyat dəhlizlərindən bəhs olunur. İran isə bu prosesi və planı həzm edə bilmir. Türkiyənin özü ilə Naxçıvan və Azərbaycan arasında açılmasını planlaşdırdığı avtomobil və dəmir yolu layihələrini əhatə edən dəhliz vasitəsilə birbaşa əlaqə qurmasını istəmir.
 
İran tərəfindən yayılan «Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizlərinin açılması şübhəlidir» kimi xəbərlərə də məhz bu aspektdən baxmaq lazımdır. Ermənistanın Azərbaycan sərhədlərində başlatdığı hadisələri İranın dəhliz narahatlığından kənarda qiymətləndirmək bu baxımdan səhv olardı.
 


Necə ki, Azərbaycan Prezidenti Əliyev də zaman-zaman «Zəngəzur dəhlizinin zəruriliyini» xatırladaraq ermənilərin sərhədlərdə törətdiyi təxribatları nəqliyyatın müzakirələrlə əlaqələndirilərək bu planın qarşısının alınmasına çalışıldığını vurğulayıb. Yəni dəhlizin açılmaması üçün qarışıqlıq yaratmaq istəyənlərin fəaliyyəti həqiqətən də diqqətdən yayınmır.
 
ATƏT-in Minsk Qrupu hadisələri səssizcə izləyir, lakin İran bu qədər susa bilməz. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin fikirləri bu mənada olduqca maraqlıdır: «Ermənistanla sərhəd Tehranın qırmızı xəttidir. Bakı Ermənistanın cənub sərhədlərini zorla ələ keçirmək cəhdlərini davam etdirir. Bu cəhdlərin İrəvanı bizdən qoparacağından narahatıq. „
 
Tanıdığımız İran belə bir açıqlama verirsə, demək, hər cür gizli cəhdlər edib və nəticəyə vara bilmədiyi üçün yüksək səslə qışqırmağa başlayıb. Başqa sözlə, İran narahatdır, çünki Azərbaycan qələbədən sonra qazandığı bütün hüquq və imkanlardan istifadə etməyə çalışır. Aydın hiss olunur ki, Qarabağ zəfəri Ermənistan qədər İran rəsmilərinin də ürəyincə deyil. Bu səbəbdən də hazırda Ermənistanla sərhəd əlaqələrinin kəsiləcəyi iddiası ilə problemlər yaratmaq istəyir, qarışıqlıq salmaq üçün bəhanələr axtarırlar. Dağlıq Qarabağda atəşkəs razılaşmasının imzalanmasından bəri ilk dəfədir ki, İran hakimiyyəti bu qədər sərt tonda danışır.
 
İran hakimiyyəti müharibə dövründə də qəribə mövqelər sərgiləyirdi. Ruhani dini liderin müşaviri Əli Əkbər Vəlayəti Azərbaycanın işğal olunmuş torpaqları azad etmək üçün apardığı müharibəni belə qiymətləndirmişdi: “İrəvan bizim qonşumuzdur. Bakı ilə isə bizi din, tarix və mədəniyyət bağlayır. Bu silahlı qarşıdurma bizim maraqlarımıza uyğun deyil „. İran hər şeyə fars millətçiliyi gözü ilə baxdığından Qafqazda ortaya çıxan mövcud mənzərədən razı deyil. İran öz əhalisinin yarısına yaxını təşkil edən Azərbaycan türklərinə İranda yaşayan bir ovuc erməni qədər vermir.


 
İranda böyük bir erməni diasporası var (Halbuki İranda cəmi 200 min erməni, 35 milyon isə Azərbaycan türkü yaşayır — Ovqat.com) iddiası ilə Zəngəzur dəhlizinə qarşı çıxmasının arxa planında isə Azərbaycanın tarixi uğurları ilə birlikdə Tehranın Ankara ilə Yaxın Şərqdə liderlik uğrunda rəqabəti, təsir gücü və nüfuz yarışı dayanır.
 
Bundan əlavə, Ermənistanın İran üçün Avropaya son qapısı olması faktını unutmamalıyıq. Ticarət fəaliyyətlərini Ermənistan üzərindən davam etdirə və bu şəkildə digər ölkələrlə müqavilələrini rəsmiləşdirə bilərlər. Bu mənzərənin dəyişəcəyi və bölgənin sülh əldə etməsi ilə İranın imkanlarının azalacağı ehtimalı narahatlığa səbəb olur.
 
İran, həm də ona görə narahatdır ki, Zəngəzur Dəhlizi ilə İran-Ermənistan əlaqələri pozulacaq və Ermənistan daha çox ölkə ilə əlaqə qurma fürsətindən yararlanacaq. Dolayısıyla Dağlıq Qarabağda erməni problemi bitdi, ancaq İran problemi davam edir.


Ana səhifəyə qayıt        Baxış: 6 661          Tarix: 19-06-2021, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma