Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Talibandan qaçan təxminən 1000 əfqan əsgəri Tacikistana sığındıqdan sonra Tacikistan Prezidenti İmamali Rəhman Əfqanıstan sərhədinə 20.000 əsgər göndərmək əmri verib.
Ovqat.com-un məlumatına görə, tacik rəsmiləri əsgərlərin sərhəd gözətçisi vəzifəsini dəstəkləmək üçün göndərildiklərini bildiriblər.
Qeyd edək ki, Tacikistanla Əfqanıstan sərhədləri 900 km-dir. Bu uzun sərhəd xəttinin ən böyük problemi isə ərazinin sıra dağlarla əhatə olunmasıdır. Bu da ərazinin tam nəzarət altına alınmasını çətinləşdirir və terrorçulara rahatlıqla sərhəd xəttini keçməsinə şərait yaradır.
Məlumata görə, ABŞ əsgərlərinin geri çəkilməsi ilə Əfqanıstanda əmələ gələn təhlükəsizlik boşluğu bölgədə narahatlıq kulminasiya nöqtəsinə yüksəlib. Problem Tacikistan prezidenti İmaməli Rəhman ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında ciddi müzakirə olunub. Rusiya öz nüfuz dairəsinə girən coğrafiyanın mühafizəsi və müdafiəsi üçün Tacikistana hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Məlum olduğu kimi, Rusiya öz ərazisindən kənardakı ən böyük hərbi bazasını - 201-ci diviziyasını uzun illər öncədən Tacikistanda yerləşdirib və bu günü gözləyirdi. 2016-cı ildən bugünkü döyüşlərə hazırlaşan Rusiya Bədəxşanda tacik əsgərləri ilə birlikdə hərbi manevrlər keçirmişdi. Manevrə pilotsuz təyyarələr və digər zirehli texnikalar qatılmışdı.
2016-cı ildəki hərbi təlimlərdə 500 hərbi texnika – təyyarə, vertolyot, tank və zirehli vasitələrlə yanaşı, iki ölkənin silahlı qüvvələrinin desantları, piyada və topçu birlik mənsublarının yer aldığı 1500 əsgər iştirak etmişdi. Hazırda da Rusiyanın bölgədəki hər diviziyasındakı tanklar və helikopterlər Talibana qarşı mübarizədə tacik əsgərlərinə hava və atış dəstəyi vermək üçün döyüşə hazır vəziyyətə gətirilib.
Tacikistan Milli Təhlükəsizlik Komitəsinin açıqlamasına inansaq, bu ölkədə 1377 əfqan əsgəri bulunur. Onlar Taliban zülmündən “canlarını qurtarmaq” üçün sərhəddi keçib Tacikistana sığınıblar. Rəsmi açıqlamada “mehriban qonşuluq münasibətləri” və “Əfqanıstanın daxili işlərinə qarışmamaq” prinsipləri nəzərə alınaraq əsgərlərin sərhədi keçməsinə icazə verildiyi bildirilir.
Tacikistanın Əfqanıstandan gələn qaçqın axını ilə əlaqədar qaçqın düşərgələri qurmağa hazırlaşdığı xəbər verilir. Taliban qruplaşmasının ölkənin Bədəxşan vilayətinin şimal-şərq cinahındakı altı bölgəni "tam nəzarət" altında saxladığı qeyd olunur. Xatırladaq ki, Bədəxşan bölgəsi Orta Asiyanın hardasa bütün ölkələrini birləşdirən Fərqanə vadisinin cənubunu əhatə edir. Bədəxşan həm də Çinlə həmsərhəddir və bu bölgədən rahatlıqla Çinin ərazisinə keçib uyğur türklərini də “cihad”a hazırlamaq olar.
Əfqanıstanda təhlükəsizlik vəziyyətinin pisləşməsi nəticəsində Rusiyanın Məzari-Şərifdəki konsulluğunu bağladığı bildirilir. Rusiya Federasiyasının Əfqanıstandakı səfiri Zamir Kabulov TASS xəbər agentliyinə açıqlamasında Əfqanıstandakı vəziyyətin "sürətlə" dəyişdiyini bildirib. "Əfqan qoşunları bölgədən çox tezliklə çəkildi və bu, qarışıqlığa səbəb olur", - deyən Kabulov, Məzari-Şərifdəki bir çox konsulluğun vəziyyət aydınlaşana qədər fəaliyyətlərini müvəqqəti bağlandıqlarını söyləyib.
Bildirilir ki, ötən həftə sonu Taliban ölkənin şimalında nəzarət etdiyi bölgələrin sayını artırıb. Bədəxşan və Təhar vilayətləri demək olar ki, tamamilə radikal islamçıların nəzarəti altına keçib. Yalnız əyalət mərkəzlərinin Əfqan ordusunun nəzarətində olduğu bildirilir. Ayrıca, Taliban Əfqanıstanın böyük şəhərlərindən biri olan Qəndəhar ətrafında və Helmand vilayətində strateji əhəmiyyətli bölgələri ələ keçirib.
Bədəxşanın və Təharın itirilməsi Əfqan ordusu üçün böyük simvolik əhəmiyyətə sahib bir məğlubiyyət olaraq görülür. Hər iki bölgə 1990-cı illərin qanlı vətəndaş müharibəsi zamanı Talibanla mübarizə aparan Şimali İttifaqın mərkəzi qalaları idi.
Qeyd edək ki, bu gün yaşanacaqlar hələ 4 il bundan əvvəl hiss olunurdu. 2016-cı ilin 1 mart tarixində qələmə aldığımız bir yazıda biz də bu barədə fikirlərimizi bildirmiş və Əfqanıstandan başlayaraq Orta Asiyaya yayılacağını gözlədiyimiz gərginliyin Rusiyaya qarşı açılmış 4-cü cəbhə adlandırmışdıq: “Bu gün faktiki olaraq Moskva, ən azı, 3 cəbhədə ağır sınaqlara hazırlaşır. Bunlardan biri cənub-qərb cəbhəsidir ki, poliqon yeri olaraq Yaxın Şərq ölkələri, daha konkret desək, Suriya seçilib. Digəri qərb cəbhəsidir ki, burada ruslar öz soydaşları sayılan ukraynalılarla hesablaşırlar. Üçüncü poliqonu isə şimal cəbhəsi adlandıra bilərik ki, bu da Baltik dənizini əhatə edir. Şimal cəbhəsində Rusiyanın Avropayla kəllə-kəlləyə gəlməsi gözlənilir”.
O zaman Qarabağda aparılacaq döyüşlərinin əlamətləri belə, olmadığından Cənubi Qafqazı bu təsnifata salmamışdıq. Allahın qüdrətinə baxın ki, biz digər cəbhələrdən daha qabağa düşdük və Rusiya-Ermənistan blokuna ən ağır zərbəni vurduq.
Məqalədə daha sonra bildirirdik:
“Bu üçağızlı məngənəyə, deyəsən, 4-cü cəbhə də əlavə olunur. Söhbət Orta Asiyada Taliban qüvvələriylə hesablaşma ehtimalından gedir. Zənnimizcə, Rusiyanın Tacikistanda keçirməyə hazırlaşdığı hərbi manevr də gözlənilən 4-cü cəbhənin açılışına hazırlıq məqsədi daşıyır.
Təlimdə terrorçulara qarşı dağlıq ərazidə döyüşün sınanması bu mənada təsadüfi deyil və hərbi birləşmələrin regional təhlükəyə qarşı hazırlıq qabiliyyətini yoxlamaq üçündür.
Tacikistanın cənub sərhədlərindən kənara nəzər salsaq, həqiqətən də, manevrə hazırlaşan ölkələrin ortaq təhdid alqılarının əsassız olmadığını görə bilərik.
Belə ki, ölkənin cənubunda yerləşən Əfqanıstanda uzun zaman ərzində stabilliyi təmin edə bilməyən (bəlkə də etməyən) ABŞ öz əsgərlərini geri çəkdikdən sonra onsuz da legitimlik problemi yaşayan yerli hakimiyyət öz ağır günlərini yaşayır. Ölkə yenidən Talibanın təsir dairəsinə düşür. Hətta bəzi ekspertlər talibançıların bir neçə həftə və ya ay ərzində bütün Əfqanıstanı nəzarət altına ala biləcəklərindən ehtiyatlanırlar.
Əfqanistanın yenidən Talibanın əlinə keçməsindən sonra isə Rusiyanın maraq dairəsinə və hətta qısa müddət öncəyə qədər rus imperiyasının ərazilərinə daxil olan Orta Asiyada da vəziyyətin nəzarətdən çıxacağı gözlənilir. Beləcə, Rusiya dünya hegemoniyası uğrunda savaşda həm özünün əsas dayaq nöqtələrindən birini, həm də xarici təhlükələrə qarşı bufer zonasını itirə bilər. Üstəlik, RF sərhədlərinə daha artıq yaxınlaşan İslam fundamentalizmi təhlükəsi bu ölkənin 20 faiz müsəlman əhalisini də Moskvaya qarşı aktivləşdirə bilər. Bu isə Rusiyada mərkəzdənqaçma meyllərinin artırılması, vətəndaşlar arasında dini qarşıdurmalara yol açılması, terror aktlarıyla ölkə iqtisadiyyatının, bütövlük ideallarının sarsıdılması deməkdir. Yəni tarix boyu bütün imperiayaların çöküşdən öncə yaşadığı qaçılmaz aqibət Rusiyanı da öz cənginə ala bilər.
Hərbi manevr olaraq Tacikistanın, xüsusilə onun Bədəxşan vilayətinin seçilməsi də təsadüfi deyil. Məlumdur ki, Əfqanıstanı getdikcə ələ keçirən Taliban qüvvələri arasında taciklər mühüm yer tutur. Bu dini təşkilatın əksər liderləri puştun və taciklərdən təşkil olunurlar. Liderlərin milli mənsubiyyəti isə onların mənsub olduqları xalq və millətlərin könüllərinin qazanılmasında əsas rol oynayan amillərdən biridir.
Təsadüfi deyil ki, Talibanın özü belə, lider heyətində üstünlük təşkil edən taciklərin həddindən artıq çox olduğunu düşünmüş, daha geniş coğrafiyaya yayılmaq məqsədilə onlardan bəzilərini Orta Asiyanın digər millətləriylə əvəz etmək məcburiyyətində qalmışdı. Ötən il bir neçə özbək liderin idarə heyətinə gətirilməsi də bu amillə izah olunmuşdu.
Buna baxmayaraq, öz təbirlərincə desək, “irşad hərəkatının” Özbəkistana və Türkmənistana sıçramasında lider seçiminə başlıca şərt kimi baxan talibançıların sosial bazasında hələ də taciklərin üstünlük təşkil etməsi faktdır və bu xüsusiyyət onun Orta Asiya ölkələriylə bağlı siyasətində Tacikistanı əsas hədəflərdən biri halına gətirir.
Bədəxşan vilayətinin önəminə gəlincə, bu ad, yəqin ki, bir çoxlarımıza klassik ədəbiyyat nümunələrindən bəllidir. Klassik şairlərimizin əsərlərində gözəlin dodaqlarının “Bədəxşan ləli”nə bənzədildiyini bilirik. Bəli, şairlərimizin böyük heyranlıqla bəhs etdikləri ləllə zəngin bölgədir Bədəxşan. Bu vilayətdə ləllə yanaşı, yaqut və sairə qiymətli daşlar da çıxarılır. Təbii zənginliyi, istər-istəməz, Bədəxşanı bütün hegemon güclərin diqqət mərkəzində saxlamasına səbəb olur.
Bədəxşan həm də geostrateji əhəmiyyətə sahib yerdir. Bir hissəsi Əfqanistan, digər hissəsi – Tacikistanın ərazisində qalan vilayət Çinlə də həmsərhəddir.Bölgə Çində yaşayan müsəlman uyğur türkləri arasında islami cərəyanların yayılmasının əsas keçid nöqtəsinə çevrilib.
Üstəlik, 7 min metrdən hündür zirvələriylə sözügedən vilayət asan fəth edilməyəcək və bir çox terorçuların rahatlıqla sığındığı məkanlardan biri kimi də önəm daşıyır. Bədəxşan öz əlçatmaz zirvələri, böyük mağaraları ilə talibançılara rus ordusuna qarşı müqavimət göstərmək şansı verir. Necə ki, Əqanıstanın da istər ötən əsrin sonlarında rus, istərsə də bu əsrdə ABŞ işğalına qarşı müqavimətində Bədəxşanın cənub hissəsinin öz relyef quruluşuyla mühüm rol oynadığı bilinir. İndisə bütün imperialist qüvvələrin burnunu əzməyi bacaran Bədəxşanın şimalı ön plana çıxır və Rusiyanın başına bəla olmağa hazırlanır.
Vilayətdə yaşayan əhalinin sayı dəqiq bilinməsə də, müxtəlif ehtimallara görə, 200 və ya 300 min arasında dəyişilir. Əkinçiliyə yararsız bölgənin sakinlərinin əsas gəlir mənbələrindən biri də Rusiyadakı işgüzar fəaliyyətləridir. Təxminlərə inansaq, hazırda Rusiyada müxtəlif işlərlə çörəkpulu qazanan 50 mindən artıq bədəxşanlı yaşayır. Sözsüz ki, bu coğrafiyada vəziyyətin gərginləşməsi iş miqrantlarının da vəziyyətinə təsir göstərə və onları “kafirlərlə cihada” sürükləyə bilər.
Bütün bu arqumentlər Rusiyanın 4-cü cəbhəsində də vəziyyətin ürəkaçan olmadığından xəbər verir…”
Göründüyü kimi, bu gün Tacikistan və Əfqanıstan arasında yaşanan hadisələri biz hələ 5 il bundan əvvəl görmüş və öz mülahizələrimizi səsləndirmişdik. Proqnozların 5 il yubanmasının yeganə səbəbi isə ABŞ-da Trampın hakimiyyətə gəlməsi idi. “Öncə Amerika” şüarı ilə içinə qapanma xətti tutan Trampın bu siyasəti, Vaşinqtonun diqqətini Rusiyadan uzaqlaşdırmış, hətta buna görə də o, “Moskvanın adamı” ittihamı ilə üzləşmişdi. Trampdan sonra Co Baydenin hakimiyyətə gəlməsi ilə ABŞ-ın illərdən bəri planlaşdırdığı xarici siyasət qaldığı yerdən davam etdirilməyə başlanıldı.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar