Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Tacikistan Əfqanıstanla sərhədlərində yaranmış gərginliklə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərdən dəstək istəyib.
Ovqat.com xəbər verir ki, Tacikistanın KTMT-dəki daimi nümayəndəsi Həsən Sultanov paytaxt Düşənbədə KTMT səlahiyyətliləri ilə keçirdiyi görüşdə bu tələbi dilə gətirib.
Sultanov Əfqanıstandakı son vəziyyəti şərh edərək deyib: “Əfqanıstanın ən uzun sərhəddi Tacikistanladır. Vəziyyəti nəzarət altına almaq üçün və Əfqanıstandan qaynaqlanan təhdidlərə qarşı lazımi tədbirlər görürük. Ancaq bölgədəki vəziyyət ağırdır və sərhəddimizdə bəzi yerlər əlçatmaz dağlıq ərazidədir. Bizim bu işin öhdəsindən təkbaşına gəlməyimiz olduqca çətindir”.
KTMT üzvü ölkələrin Tacikistanı dəstəkləmələri lazım olduğunu söyləyən Sultanov bildirib ki, Düşənbə KTMT-nin bu vəziyyətə layiqli cavab verməli olduğuna inanır: “Xüsusilə cənub sərhədlərimizi qorumaq üçün potensialı gücləndirmək lazımdır”.
Sözügedən dəstək üçün KTMT Təhlükəsizlik Şurasının hələ 23 sentyabr 2013-cü il tarixində qərar qəbul etdiyini bildirən Sultanov deyib: "Bu qərar Tacikistan-Əfqanıstan sərhədində Tacikistana dəstək məqsədi daşıyır və qüvvədə qalır. Bu səbəbdən də təşkilata üzv dövlətlər qərarı tam olaraq həyata keçirməlidirlər. Onları üzərlərinə düşən işləri görməyə çağırırıq”.
Sözsüz ki, Tacikistan rəsmisi “KTMT üzvləri” deyərkən, nə başı öz dərdlərinə qarışan Ermənistanı, nə Əfqanıstanla birbaşa sərhəddi olan Türkmənistan və Özbəkistanı nəzərdə tutur. Qazaxıstan da yeri gələndə Tacikistanın yaralı barmağına məlhəm ola bilməz. Orta Asiyanın ikinci kasıb ölkəsi Qırğızıstanın da tacik qonşularını hərbi cəhətdən dəstəkləməyə nə qüdrəti çatar, nə də belə bir həvəsi var. Ən azı ona görə ki, heç də uzaq olmayan tarixdə tacıklər Fərqanə vadisində qırğız anklavına hücum etmiş, 100-ə yaxın insanı qətlə yetirmişdilər. Fərqanə yarası hələ bitişməmiş Qırğızıstanın onlara əsgər göndərəcəyi inandırıcı görünmür. Deməli, burada söhbət Rusiyanın öz öhdəliyini yerinə yetirməsindən gedir.
Bəs, Rusiya necə, Tacikistana hərbi dəstək göndərə bilərmi?
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə söhbətində guya bu suala aydınlıq gətirdi. O, “Rusiya qoşunları Əfqanıstana girə bilərmi” sualını “cavab aydındır” deyərək cavablandırdı. Rusiyanın 1979-1989-cu illərdə apardığı 10 illik Əfqanıstan müharibəsində qarşılaşdıqları ağır məğlubiyyət təcrübəsini nəzərə alsaq, Lavrovun heç də aydın olmayan bu “aydın”ını “yox” kimi qiymətləndirə bilərik. Çünki cəmi 32 il əvvəl Rusiyanı ağır məğlubiyyətə uğradan və onun tələm-tələsik şələ-şüləsini toplayıb Əfqanıstandan çıxmasına səbəb olan Taliban indi Tacikistan sərhədlərinə dayanıb. Üstəlik, nə Rusiya əvvəlki SSRİ kimi dünyanın ən böyük hərbi gücüdür, nə də Taliban 30 il əvvəlki vəziyyətdədir: Rusiya hərbi-texniki cəhətdən son Qarabağ savaşında Azərbaycan ordusunun qarşısında yalnız 44 gün dayana bildi. Taliban isə son 20 ildə apardığı ağır döyüşlər nəticəsində ABŞ kimi qüdrətli ölkəni belə Əfqanıstandan qovmağı bacardı.
O başqa məsələdir ki, əslində ABŞ Talibanı bu günlərə hazırlamaq və Əfqanıstanda buraxdığı silahlarla onun hərbi texniki bazasını gücləndirmək üçün bəlkə də həmin ərazidə idi. Bununla belə, Talibanın nə dərəcədə güclü hərbi qüdrətə sahib olduğunu ABŞ-ın əsgərlərini geri çəkilincə, Əfqan ordusunun qorxudan silahlarını qoyub qaçması da sübut edir. Məlumata görə, son 2 həftə ərzində Əfqanıstandan təkcə Tacikistana 2 minə yaxın əsgər fərar edib. Bu qısa müddətdə Taliban Əfqan və ABŞ ordularının 1000-lərlə hərbi texnikasını ələ keçirərək, öz gücünü artırıb. Belə vəziyyətdə Rusiyanın yenidən Əfqanıstana girib 30 ildən sonra növbəti məğlubiyyəti dadmaq arzusuna düşməsi inandırıcı görünmür.
Bununla belə, Lavrov bildirib ki, Əfqanıstandakı yaraqlılar hücum edəcəyi təqdirdə KTMT dərhal Tacikistana yardım imkanlarını nəzərdən keçirəcək. Dolayısıyla bu suala belə, qəti cavab verməyib və məsuliyyəti öz başına çarə qıla bilməyən müttəfiqləri ilə bölüşüb.
Lavrov həmçinin ABŞ-ın hərbi kontingentini Əfqanıstandan çıxarmasına da münasibətini bildirib. Onun fikrincə, bu addım ABŞ-ın həmin ölkədə məğlubiyyətini etiraf etməsi deməkdir.
Amma sözsüz ki, Moskva özünün cənub sərhədlərinin təhlükəsizlik və müdafiə xətti kimi gördüyü Tacikistanı yalnız da buraxa bilməz. Əks halda bu, onun təbii sərhədləri və arxa bağçası kimi gördüyü bölgəni tamamilə itirməsi, təhdidin öz daxilinə sıçraması perspektivi yarada bilər. Nəzərə alsaq ki, Rusiya Federasiyasını meydana gətirən subyektlərdən 7-si (Volqa-Ural bölgəsində Başqırdıstan, Tatarıstan; Şimali Qafqazda Çeçenistan, İnquşetiya, Dağıstan, Kabardin-Balkariya və Qaraçay-Çərkəs) müsəlman respublikalardır, üstəlik, onlardan bəziləri müstəqillik ideallarını gizlətmir, əksinə uzun illər bunun mübarizəsini aparırlar, Talibanın Orta Asiyada qazanacağı zəfər Rusiya torpaqlarından da yan keçməyə bilər. Moskvanın Taliban qarşısında zəifliyini nümayiş etdirməsi Rusiyanın ağır istismara məruz qaldıqlarını düşünən müsəlman topluluqları üçün əsl nümunəyə çevrilər, imperializmə qarşı ən təsirli ideoloji silahın Talibanın qurşandığı radikal islami nəzəriyyələr olduğu qənaətini yaradar. Bu da Rusiyanı daxili müharibələrə sürükləyər və nəticədə parçalanmaq qaçılmaz olar.
Məhz bu səbəbdən Rusiya əslində ona qarşı açılan savaşın öz ərazisinə sıçramasını gözləmədən özgə sahədə döyüşməyə məhkumdur. Əslində Moskva çoxdan bu təhdidin fərqindədir və özünün xaricdəki ən güclü qoşununu Tacikistanda yerləşdirib. Söhbət 201-ci hərbi bazadan gedir.
Bəs bu baza Tacikistana sızmağa çalışan Talibanlara qarşı duruş gətirə biləcək gücdədirmi?
Zənnimizcə, bu suala konkert cavab vermək mümkün deyil. Belə ki, 201-ci hərbi hissənin gücü ortadadır: 15 min personal, 300 tank və 2,5 min müxtəlif növ zirehli texnika. Dərd burasındadır ki, Rusiyanın Əfqanıstana bundan artıq hərbi kontingent ayırması da müşkül məsələdir. Onun 800 minə yaxın əsgərinin, çoxsaylı hərbi texnikasının olması hələ yetərincə əsgəri gücə malik olması anlamına gəlmir. Çünki Rusiya dünyanın ərazi baxımından ən böyük ölkəsidir və demək olar bütün sərhədləri boyunca müharibəyə cəlb olunub. Digər tərəfdən, öz Silahlı Qüvvələrini yalnız xarici müqavimətə ayırsa, ölkə daxilinə nəzarət imkanını da itirə bilər.
O, xüsusilə NATO gəmilərinin at oynatdığı, hər an ciddi təhdidlərin gözləndiyi Qara dəniz çevrəsinə daha çox qüvvə toplamalıdır. Bununla yanaşı, ölkənin şərq hissəsində Yaponiya ərazi iddiası ilə çıxış edir. Kalinqrad, Belarus kimi ərazilər isə Polşanın maraq dairəsindədir. Bütün bu çətinliklər Rusiyanı öz hərbi qüvvələrini təhdid mərkəzlərinə toplamağa vadar edir və onun başqa coğrafiyalara diqqət ayırmasını əngəlləyir.
Əslində 201-ci bazanın kontingenti də nəzəri baxımdan Tacikistan-Əfqanıstan sərhədlərini qorumaq üçün az qüvvə hesab olunmur. Amma bəzən nəzəriyyələr real vəziyyətə uyğun gəlmir. Necə ki, 1978-1989-cu illərdə Əfqanıstanda apardığı müharibədə SSRİ-nin bir ovuc islamçıya məğlub olması da o illərdə nəzəri cəhətdən mümkün görünmürdü. Fəqət bu məğlubiyyət yaşandı və SSRİ-nin dağılması ilə nəticələndi.
Üstəlik, Talibanın hərbi gücü də yadırğana bilməz. Söhbət təkcə hərbi texnikalardan getmir. Baxmayaraq ki, müasir müharibələrdə hərbi-texniki təchizat döyüşün taleyini həll edir. Əslində Taliban hərbi texnika baxımından da sanıldığı qədər gücsüz deyil. Hər gün xeyli sayda əraziləri ələ keçirməsi onun daha yaxşı silahlanmasına səbəb olur. Üstəlik, bu silahların əksəriyyəti ABŞ istehsalı olan müasir hərb alətləridir.
Talibanın hazırda nə qədər əsgərə sahib olduğu isə bilinmir. Amma NATO işğalı altında qalmaq və yerli adət-ənənələrə zidd siyasətlərin yürdülməsi 32 milyondan çox Əfqanıstan xalqının böyük əksəriyyətinin Taliban ətrafında birləşməsinə zəmin hazırlayıb. Bundan əlavə, Pakistan peştunları da, Tacikistan Özbəkistan və Türkmənistanın narazı dindar kəsimləri də Talibanı dəstəkləyirlər. Nəzərə alsaq ki, peştinların yalnız 1/3- (13 milyon) Əfqanıstanda, 2/3-si (38 milyon) Pakistanda yaşayır, bu, sosial elektorat baxımından təşkilata tükənməz qüdrət qazandırır. Ayrıca, Pakistanda 4 milyondan çox əfqan qaçqın yaşayır və onlar üçün döyüş çörək pulu qazanmaq vasitəsidir.
Talibanın hazırda ən güclü elektoratlarından biri də taciklərdir. Demək olar ki, örgüt komandanlarından əksəriyyəti taciklərdən təşəkkül tapır. Bu da əslində Talibanın Əfqanıstandan sonra haraya yönələcəyi barədə bizə mühüm informasiya verir. Tacikistan əhalisinin kasıb, onu idarə edən rejimin isə zülmkar və rus tərəfdarı olduğunu nəzərə alsaq, Talibanın bu ölkədə özünə rahatlıqla tərəfdar tapa biləcəyi anlamına gəlir. Hətta dar macalda tacik əsgərlərinin özləri də Talibanın sıralarına qoşula bilərlər. Taliban sıralarında özbəklər və türkmənlər də az deyil. Bu da onun elektorat kütləsinin lazım gələcəyi təqdirdə Orta Asiya türk ölkələri insanları ilə zənginləşdirə biləcəyi deməkdir.
Talibanın digər əsas silahı mübarizə aparmağa hazırlaşdığı regionun relyefidir. Tacikistanın KTMT-dəki daimi nümayəndəsi Həsən Sultanovun dediyi kimi, Orta Asiya ölkələri arasında Əfqanıstanla ən uzun sərhəddə (900 km) sahib olan Tacikistan ordusunun qarşısında hündürlüyü 7000 metri aşan sıldırım qayalar dayanır. Bu da ərazini nəzatət altına almaq imkanını zəiflədir və assimetrik savaşın bütün incəliklərini bilən, 20 il ABŞ ordusu ilə savaşaraq ciddi təcrübə qazanan Talibanı daha güclü hala gətirir.
Digər bir mühüm amil Taliban qüvvələrinin yerli xalqlarla rus tərəfdarı rejimlərdən daha ədalətli davranmasıdır. Şəriət hökmlərini əldə rəhbər tutan Talibançılar oğurluq, quldurluq, zinakarlıq, rüşvətxorluq və s. kimi cinayətlərə qətiyyən loyal davranmır, əksinə ölüm hökmü ilə cəzalandırır. Bu da çöldə fərə, evdə xoruz olan yerli hakimiyyətlərin zülmündən bezən insanların ədalət axtarışlarına tam cavab verir.
Göründüyü kimi, Talibanın yayıldığı bölgələrdə böyük nüfuza sahib olması onun söykəndiyi ən güclü silahıdır. Təsadüfi deyil ki, NATO-nun son sammitində ABŞ-ın və digər müttəfiqlərinin “Əfqanıstanda nəzarəti öz öhdənizə götürün” çağırışına Ərdoğanın irəli sürdüyü şərtlərdən biri Talibanla birgə fəaliyyət prinsipi idi. Bu etiraf Talibanla razılaşmadan bölgəyə nəzarətin mümkünsüz olduğuna işarə kimi qəbil edilə bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar