Xəbər lenti

 
 
Türkiyə və ABŞ Donanmaları Qara dənizdə hərbi keçid törəni keçirib.
 
Ovqat.com-un Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, törənə Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığına bağlı "TCG Turgutreis" və "TCG Oruçreis" freqatları ilə ABŞ-ın "USS Porter" və "USS Donald Cook" hərbi gəmiləri qatılıb.
 
Türk Hərbi Hava Qüvvələri Komandanlığına bağlı F-16-lərin və ABŞ-ın dəniz patrul təyyarələrinin də iştirak etdiyi tədbir iki ölkənin dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyətə töhfə vermək məqsədi daşıyır.
 
NATO-nun bu iki üzvü "regional sahiblik" prinsipi çərçivəsində Qara dənizdə sülhə və təhlükəsizliyinə töhfə vermək üçün 1 mart 2004-cü ildən bəri Qara Dəniz Harmoniyası Əməliyyatlarını davam etdirirlər.
 
Tədbirlərdə fırkateynlər, korvetlər, hücum gəmiləri, sualtı qayıqlar və dəniz patrul təyyarələri nümayiş olunur, dəniz forpost təyyarələri ilə Qara dənizdəki hərbi obyektlərə nəzarət həyata keçirilir.
 
“Planlaşdırılan fəaliyyətlər çərçivəsində Türk Hərbi Dəniz Qüvvələri hər fürsətdə NATO, dost və müttəfiq dəniz elementləri ilə ortaq təlim və təlimlər keçirir və sahil ölkələri tərəfindən həyata keçirilən təlimlərdə mütəmadi olaraq iştirak edir”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.
 
Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Cozef Bayden hakimiyyətə gələndən sonra Vaşinqtonun Qara dənizə diqqətini artırdığı müşahidə olunur. ABŞ-ın iştirakı ilə Qara dənizdə aktivləşmə yalnız NATO üzvlərində deyil, həm də post-sovet ölkələrində də müşahidə edilməkdədir. 
 
Dekabrın 2-də ABŞ-ın yeni dövlət katibi Anthoni BlinkenUkrayna Xarici İşlər naziri Dmitri Kuleba arasında baş tutan telefon danışığında səsləndirilən fikirlər də bu mənada təsadüfi görünmür. Dmitri Kulebanın görüşdən sonra mətbuata verdiyi açıqlamaya görə, ABŞ-ın Kiyevdən əsas tələbi Ukrayna-Moldova-Gürcüstan hərbi ittifaqı qurmaqdır. "Üçlük İttifaqı ideyasına gəlincə, mən bu gün dövlət katibinə ABŞ-ın Ukraynaya ümid edə biləcəyini bildirdim. Qara dəniz regionu və Mərkəzi Avropa bizim etibarlı tərəfdaş kimi real töhfə verə biləcəyimiz yerlərdir. Sizi əmin edirəm ki, Ukrayna da, Gürcüstan da, Moldova da artıq bu istiqamətdə fəal hərəkət edirlər", - Kuleba açıqlamasında belə demişdi.

Həmin telefon danışığının üzərindən az cəmi 2 həftə keçəndən sonra ABŞ-ın ən güclü hərbi gəmiləri "USS Porter" və "USS Donald Cook”-un Qara dənizdə peyda olmaları və Türk donanması ilə birgə hərbi keçid törəni keçirməsi Rusiyanın bu su hövzəsində sıxışdırılması planının tərkib hissəsi təəssüratı yaradır. 
 
Məlumdur ki, Moskva yarımqapalı su hövzəsi kimi tanınan Qara dənizi “rus gölü” kimi qəbul edir və bu ərazidə “yad” hərbi gəmilərin hərəkətini arzulamır. ABŞ isə beynəlxalq hüquq normalarını da nəzərə alaraq tez-tez Qara dəniz sahilində yerləşən müttəfiqlərinin ziyarətə gəlir.
 
1936-cı ildə imzalanmış Montrö müqaviləsinə əsasən, Qara dəniz sahilində yerləşən ölkələrə aid olmayan gəmilər bu dənizdə ancaq 21 gün qala bilərlər. ABŞ hərbi gəmiləri bu məhdudiyyətlər səbəbilə hər 21 gündən bir Qara dənizi tərk edib elə həmin gün başqa bir sahildaş müttəfiqi ilə hərbi əməliyyat keçirmək üçün yenidən bölgəyə daxil olmaq hüququna malikdir.

Xatırladaq ki, ABŞ-ın dünya hegemoniyası bütün su hövzələrinə nəzarət prinsipinə söykənir. Pentaqonun bu zamanadək ən zəif olduğu yer isə Qara dəniz idi. İndisə görünən budur ki, Vaşinqton bu zəif həlqəni gücləndirməyə çalışır.




Ana səhifəyə qayıt        Baxış: 6 044          Tarix: 10-02-2021, 17:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma