Xəbər lenti

 
Gizir Fərman Yaqublunun qisas əməliyyatı
 
Ordumuz Kəlbəcər cəbhəsində 8 düşmən mövqeyini tamamilə sıradan çıxarıb və əsgərlərimizin təhlükəsizliyini təmin etmək üçün bəzi strateji yüksəklikləri ələ keçirib.
 
Ovqat.com Türkiyədəki mənbələrə istinadən xəbər verir ki, dünən 1 hərbi qulluqçumuzun düşmən snayperi ilə şəhid edilməsi ilə başlayan döyüşlərdə təcavüzkar erməni ordusuna ağır zərbə vurulub.
 
Məlumata görə, düşmənin təxribatçı hücumlarının qarşısını almaq üçün tankların və digər hərbi texnikaların dəstəyi ilə Zod istiqamətində 2 km. irəliləyən ordumuzun strateji yüksəkliklərin götürüldüyü xəbər verilir. Təsdiqlənməmiş məlumatlara əsasən, düşmən xeyli itki verərək geri çəkilib.
 
Ermənistan Müdafiə Nazirliyi isə atışmaların intensiv olmadığını, müəyyən aralıqlarla davam etdiyini və ciddi itkilərin verilmədiyini bildirir.
 
Yazı dərcə hazırlanan zaman Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq vurğuladı ki, hazırda “dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir və əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.


Şəkildə: Kərki
 
Kərki əməliyyatının addım səsləri
 
Digər maraqlı xəbər Naxçıvan cəbhəsindən gəlib. Təsdiqini gözlədiyimiz məlumata görə, MR-nın Sədərək rayonunun işğal altında olan Kərki və Arazdəyən kəndlərindən mövqelərimizə edilmiş hücumun qarşısı qətiyyətlə alınıb, düşmən qüvvələri geri oturudulub. Türkiyədəki qaynaqlar xəbər verir ki, Ordumuzun əks-cavab tədbirləri nəticəsində Kərki və Arazdəyən kəndləri arasındakı iki strateji təpə qəhrəman əsgərlərimiz tərəfindən tam nəzarət alıtına alınıb.
 
Hərbi ekspertlərin mülahizələrinə inansaq, Ordumuzun bu istiqamətdə irəliləyişi yalnız düşmənə adekvat cavab verib, çəkindirmə gücümüzü artırmaq məqsədi daşımır. Kərki ətrafındakı təpələrin nəzarətə götürülməsi anklav vəziyyətdə olan bu kəndin işğaldan azad edilməsi əməliyyatına hazırlığın da xəbərçisi sayıla bilər. Bu mülahizəyə görə, mümkündür ki, Ordumuz Kərkini işğaldan azadetmə əməliyyatına hazırlaşır və əməliyyatqabağı logistik imkanlarını, həmçinin, anklav vəziyyətdə olan kəndin işğaldan azad edildikdən sonrakı potensial müdafiə istehkamlarını möhkəmləndirir.
 


Qeyd edək ki, Ermənistan mediası da Azərbaycan Ordusunun Sədərək istiqamətində ağır texnikalardan istifadə edərək əks-hücuma keçdiklərini təsdiqləyir. Bildirildiyinə görə, döyüşlərdə hətta 44 günlük savaşın taleyini müəyyənləşdirən “Bayraktar TB-2” dronlarından da istifadə olunub və onlardan biri vurulub. Amma nədənsə, vurulan dronun şəkili və ya videosu göstərilmir. Azərbaycan Müdafiə Nazirliyi dünən yaydığı məlumatda bu xəbəri dezinformasiya adlandırsa da, Kərki və Arazdəyən istiqamətində döyüşlərin getdiyini təkzib etmədi.
 
Xatırladaq ki, 10 noyabr üçtərəfli Bəyanatına görə, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytarmalıdırlar. Bu ərazilərə təbii ki, eksklavlarımız da daxildir. Amma erməni tərəfi öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, eksklavlarımızı geri qaytarmağa tələsmir, hətta açıq şəkildə bunu etməyəcəklərini bildirirlər. Bu da Azərbaycana öz ərazilərini hərbi yolla işğaldan azad etmək hüququ verir.
 
Kərkinin önəmi
 
Kərki İrəvanla Zəngəzur arasındakı nəqliyyat marşrutunun keçdiyi ərazidə yerləşir və Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Kəndin işğaldan azad olunması ölkənin şimalı ilə cənubu arasında kommunikasiya xətlərinin tamamilə kəsilməsi anlamına gəlir. Sözügedən kənd işğaldan azad olunarsa, düşmən ölkənin yaranan problemini həll etmək üçün 10 noyabr Bəyanatında da üzərinə götürdüyü, amma indi boyun qaçırdığı kommunikasiya xətlərinin qarşılıqlı açılmasına getməsindən başqa yolu qalmayacaq. Odur ki, Kərkinin işğaldan azad olunması təkcə hansısa kəndin Azərbaycana qaytarılması qədər sadə məsələ də deyil.



Erməni generalın yandı-qındısı
 
Maraqlıdır ki, erməni rəsmiləri də artıq Kərkini itirmək üzrə olduqlarını gizlətmirlər. Ermənistan Müdafiə nazirinin keçmiş müavini, istefada olan general-leytenant, Gagik Melkonyan bir neçə gün əvvəl erməni mediasına verdiyi açıqlamada deyirdi: "Düşmən qüvvələr Yerasxdan (Arazdəyən) Sünikə (Zəngəzur) gedən strateji yolu nəzarətə götürməyi bacarsalar da sevinməsinlər, Sünikə başqa yolumuz da var". Yəni klassik yandı-qındı məsələsi.
 
Onu da xatırlatmaqda yarar var ki, Gagik Melkonyan həm də hakim Mülki Müqavilə Partiyasının üzvüdür. İqtidar partiyasının üzvü kimi istefada olan generalın bu fikirləri Paşinyan hökumətinin ictimai rəyi yeni itkilərə hazırlamaq məqsədi də güdə bilər.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 391          Tarix: 24-07-2021, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma