Xəbər lenti


Aygün Muradxanlı 
 
Baş tacımız olan şəhid-qazi ailələri üzərindən çox çirkin bir oyun qurulub. Məqsədli şəkildə media ilə şəhid ailələri üz-üzə qoyulur. 
 
Heç kimə sirr deyil ki, etiraz edib narazılıq bildirəcək şəxslər gerçəkdən evə ehtiyacı olanlar və onların dərdini özləri də o həyatı yaşadıqları üçün anlayanlardır. Media adına yağı-balı-qaymağı illərdir həzm edənlərin çoxu bu məsələdə susacaqlar. Onlar belə cəncəl işlərə qarışmazlar…
 
Prezident Administrasiyası Ağ şəhərdə bir neçə bina tikib. Kv. metri işçilərə 320 manatdan satılıb. Düşünün, Ağ Şəhərdə 200 kv metrlik ev 64000 min manata. Necədi sizinçün?  Satış şirkətləri eyni ölçüdə evi 300-350 minə satır. 6 DƏFƏ baha. (Yeri gəlmişkən, biz də ev məsələsini qaldırarkən, pulsuz ev deyil, real qiymətli ev istəmişdik. Həsənov və dəstəsi bu məsələni yem yerinə çevirib zayını çıxardılar).
 
Ya MM??? Deputatlara şəhərin ən bahalı torpaqlarında - Nizami metrosuna yaxın ərazilərdə dəmdəstgahlı mənzillər tikib paylayıb.
 
YAP. Yenə şəhərin bir neçə yerində, biri də Jurnalist Binalarının 2 addımlığında bina tikib. 350-400 manatdan satılıb kvadratı.
 
Kimlər işləyir administrasiyada? Təmizlikçilər, sürücülər, aşbazlar və bəzi istisnalar xaric orda işləyənlərin ev ehtiyacı olduğuna və ya ehtiyacı olduğunda bu problemi həll edə bilmədiyinə inanırsız?
 
Gələk MM-ə… Boyunları dönməyən deputatların, qarderobları 2-3 ev qiymətində olan deputatkaların evi yoxdur, maaşı azdır, ya biznesləri çöküb ki, büdcə hesabına onlara ev verilir?
 
YAP da ki, heç də… 1993-cü ildən bu ölkədə alınan-satılan nə var, hamısına çöküblər. Amma doymurlar.
 
SOCAR, FHN, MN, AMEA… daha bir neçə nazirlik - hamısı işçiləri üçün ev tikir, xidməti ev adı ilə dövlət büdcəsi hesabına tikilən mənzillər paylayır. Çox yaxşı. Qoy heç kim evsiz olmasın. 16 il kirayədə “yaşayan” biri kimi çox yaxşı bilirəm evsizlik necə travmadır.
 
Yaxşı, bu qədər faktlar varkən, niyə ölkə yalnız jurnalistlərə verilən mənzilləri müzakirə edir? İmtiyaz tanınmasıdırsa, o zaman sadaladıqlarımın adı nədir? Onlar işlərini səssiz görür deyə hər yerindən duran jurnalistə dil uzatmalıdır?
 
2 jurnalist binasında toplam 30-40 nəfərlik “vitrin” var. Qalanları dəvəni gönü ilə yeyənlərdir ki, bu gün utanmadan o biabırçı müraciətə qol çəkiblər. Üçüncü binada da eynisi olacaqdı - uzağı 20-25 mənzil gerçək ehtiyacı olanlara veriləcəkdi, qalanları sözün qiymətini 1 qəpiyə salıb özü milyonlar qazananlara qismət olacaqdı. Amma heç olmasa illərdir xəstəliklə əlləşən Ülviyyə Həsənzadənin, min bir problemin içində çabalayıb mədəniyyət sorağına düşən Ülviyyə Heydərovanın, iki balası ilə illərdir özgə qapılarında yaşayan Sevil Gültənin, 50-ni haqlayıb evsizlikdən üzülən Zaur Rəsulzadənin, atası, dayısı şəhid olub özü illərdir mediada külüng vuran Bəxtiyarın, haqq etdiyi evi gözləyə-gözləyə səbri tükənən Azadə Balayevanın, özü tək bir agentliyin yükünü daşıyan Əzizə İsmayılovanın, 30 illik köçkün həyatının ən ağır şərtlərini yaşayan İmdad Əlizadənin… neçə başqa dostumuzun evi olacaqdı.
 
Evi ola-ola (hətta bir neçə) bu iki binada “gələcək üçün” ev alanlar, sonra yerini, ətrafın qaz iyi verməsini  bəyənməyib satanlar bu gün üçüncü binanın şəhid-qazi ailələrinə verilməsi üçün imza ataraq əslində adını çəkdiyim dostların haqqına ikinci dəfə girirlər. Sürücülərinə, məşuq və məşuqələrinə ev alanlar şəhid-qazi dərdi çəkən olublar…
 
İmza sahiblərinin çoxu müdirdi. Bir açıqlama versinlər görək, rəsmi-qeyri rəsmi fəaliyyət sahələrində (çoxunun mediadan başqa biznesləri də var) neçə şəhid ailəsinin üzvünə, neçə qaziyə iş veriblər?
 
Hələ bir ayağı burda, bir ayağı gorda olsa da bütün titulları, bütün vəzifələri qamarlamaqdan yorulmayanları, adları 80 dəfə rüşvət və maliyyə maxinasiyalarında, min cür əxlaqsılıqda hallananları demirəm… Bu ölkə balacadır. Hansı maaş kartınız hansı məşuqənizdədir onun da söhbəti çoxdan yayılıb.
 
Cəmiyyətə 1 manatlıq faydası olmayıb yüzminlər dəyərində qrant yeməkdə, dəllalıqda ad çıxaranların şəhid-qazi dərdinə düşməsi də bir ayrı hekayədir. Axtarsan, şəhid-qazi adına nə qədər qrant basıb yeyiblər, vergi borcları başlarından aşır. Saxtakarlar…
 
Banklar jurnalistlərə kredit vermir (müəllimə, həkimə, hərbçiyə, neftçiyə, məmura, hətta təqaüdçüyə də verir), nəinki ipoteka.., tikinti şirkətləri də jurnalistlərə kreditə ev satmır, aldıqları 700-800 manatla Azərbaycanda yaşamaq yox, sürünmək olur. Yaxşı, bu jurnalist nə etməlidir? Nə qədər övladını özgə qapılarında böyütsün? 20-25 ehtiyacı olan söz adamı ev alacaqdı, bütün ölkə dirəşib ki, yoxx ee, mümkün deyil!!!! Hara imkan veririk??? Ölərik, qoymarıq!!! Əşşi, bir dəfə də məleykəəsədovalara ev veriləndə səsiniz çıxsın da.
 
Bu müzakirəni “tatlıya bağlayacaq” qurum MEDİA ola bilərdi. Amma onlara ümid yoxdur… Bu təşəbbüsün “hanısa yuxarı”dan gəldiyi gün kimi aydındır və indiki cəsarətsiz halı ilə MEDİA kiminsə qarşısına çıxan deyil.
 
Demək, ümid qalır yenə   Prezident İlham Əliyevə. Təklif edirəm, Əzizə üçün, Ülviyyələr üçün, Zaur üçün, Sevil xanım üçün, Azadə üçün, digər dostlar üçün ona müraciər edək. Onlar alsın, qalanları şəhid-qazi ailələrinə verilsin. Qoy qərarı Prezident özü versin, onun jurnalistlərə ev verilməsi ilə bağlı sərəncamlarını dəyişmək istəyən hədsizlər deyil. Nə deyirsiz?


Ana səhifəyə qayıt        Baxış: 6 088          Tarix: 25-07-2021, 05:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma