Xəbər lenti

 
Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün deputatlardan imza toplanılmasına başlanılıb.
 
Bu barədə "Report" adını çəkmədiyi deputatlara istinadən məlumat yayıb.
 
Bəzi media orqanları növbədənkənar sessiyanın deputat Eldəniz Səlimovla bağlı məsələyə baxılması üçün çağrıldığını iddia edirlər. Bildiyimiz kimi, bu yaxınlarda deputat sərxoş vəziyyətdə bir polis məmurunu döyərək ictimai müzakirələrə səbəb olmuşdu. Hətta onun barəsində Baş Prokurorluğun xuliqanlığa görə cinayət işi açmağa hazırlaşdığı barədə də söhbətlər dolaşırdı. Sözsüz ki, deputat toxunulmazlığı əlindən alınmadan bu addımı atmaq mümkün deyil. Odur ki, Eldəniz Səlimov cəzalanacaqsa, mütləq deputatlıqdan məhrum olunmalıdır.
 
Ovqat.com olaraq biz bu ehtimalı o qədər də inandırıcı görmürük. Ən azı ona görə ki, indiki qanunvericiliyə görə, deputatlıq mandatının əldən alınması üçün növbədənkənar sessiya çağırmağa ehtiyac yoxdur. 2017-ci il dəyişikliklərindən sonra ərsəyə gətirilən Seçki Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən bu məsələyə MSK qərar verir. 


 
Seçki Məcəlləsi
 
175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır. 
 
Eldəniz Səlimovun əməli isə Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə tamamilə uyğundur. Deməli, onun layiqli cəzasını alması üçün məsələnin MM-ın İntizam Komissiyasında müzakirə edilməsi və çıxarılacaq qərarın baxılması üçün MSK-ya göndərilməsi kifayət edir.
 
Təxminlərimizə görə, növbədənkənar sessiyada parlament sekilərində yenidən proporsional sistemə qayıdış, məhkəmə-hüquq islahatları və s. kimi konstitusiya maddələrinə dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsinə qərar vermək üçün çağırılır. Çünki Azərbaycanda bu cür islahatların keçirilməsi zərurəti artıq çoxdan yaranıb. Üstəlik, rəsmi Bakı bu ilin axırına qədər özünü Avropa İttifaqı Şərq  Tərəfdaşlığı Proqramına da hazırlamalıdır. Əks halda Avropa İttifaqının Şərq tərəfdaşları üçün nəzərdə tutduğu bir çox güzəştlərdən məhrum ola bilər və olmaqdadır. 
 
Təsadüfi deyil ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistan bu il 5 milyard dollarlıq maliyyə dəstəyi almış, Azərbaycan isə bundan məhrum qalmışdı. Halbuki Aİ bu proqramı üçün 17 milyard dollar vəsait ayırıb. Bu vəsaitdən digər tərəfdaş ölkələr – Moldova, Ukrayna, Gürcüstan da yayarlanıblar.  Azərbaycan isə  2015, 2017 və 2019-cu illərdə Dağlıq Qarabağ problemini əsas gətirib bu proqrama qoşulmadığından həmin yardımı da ala bilmədi.


 
 Azərbaycan hakimiyyətinin 44 günlük savaşdan sonra Dağlıq Qarabağ problem ilə əlaqədar arqumenti də ortadan qalxıb. Bundan sonrakı irəli sürülən hər hansı arqument real səbəbdən çox, demokratik açılımlardan yayınmaq bəhanəsinə bənzəyəcək. Proqramdan yayınmaqla isə digər tərəfdaş ölkələrdən, o cümlədən Ermənistandan həm siyasi, həm də iqtisadi cəhətdən geri qalmaq ehtimalı var və bu ehtimal rəsmi Bakını naharat etməyə bilməz. Hakim komanda II Qarabağ döyüşlərində əldə edilən zəfərin tərsinə çevrilməsinə yol verməmək üçün bu addımı atmalıdır. 
 
Xatırladaq ki, bir müddət əvvəl Cənubi Qafqaza səfər edən Avropo Birliyi Şurasının Prezidenti Şarl Mişel Bakıda səfərdə olarkən verdiyi bəyanatda ölkə başçısı İlham Əliyevlə müzakirə etdikləri mövzulardan birinin də Şərq Tərəfdaşlığına qoşulmaq imkanları ilə bağlı olduğunu gizlətməyərək demişdi:
 
“(Müzakirə etdiyimiz) İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir”.
 
Mişelin bu açıqlamalarından da göründüyü kimi rəsmi Bakı dekabrda növbəti Şərq Tərəfdaşlığı sammitə əlidolu getməlidir. Bunun üçün isə parlamentdən tutmuş, məhkəmə sisteminə, idarəetmə orqanlarına qədər bir çox sahələrdə ciddi islahatlar aparmalı, ilk növbədə isə bu islahatların hüquqi bazasını yaratmalıdır. Görünür, payızda keçirilməsi nəzərdə tutulan referendum da Konstitusiyanın müvafiq maddələrinə əl gəzdirmək üçündür.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 349          Tarix: 30-07-2021, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma