Xəbər lenti

 
Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədinin Kabildəki evinə hücum olub.
 
Ovqat.com xəbər verr ki, məlumatı Əfqanistanın “Pajhvok” agentliyi nazirliyin nümayəndələrinə istinadən yayıb.
 
Məlumata görə, nazirin evinin yaxınlığında avtomobil partladılıb, daha, sonra evə bir neçə silahlı insan daxil olub. Qaynaqlar nazirin həmin vaxt evdə olmadığını və hücumdan xəsarət almadığını bildirirlər.
 
NATO qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə vəziyyətin getdikcə ağırlaşdığı, “Taliban” qüvvələrinin tədricən ən strateji mövqeləri ələ keçirdiyi məlumdur. “Taliban”ın Kabildə Müdafiə nazirinin evinin qarşısında terror aktı törətməsi və bir neçə terrorçunun evə girməsi təhlükənin hətta paytaxta qədər irəlilədiyini göstərir.
 
 ABŞ ölkədən çıxmaq qərarı alarkən “Taliban”ı terror təşkilatından normal siyasi quruma dönüşdürmək planını dövriyyəyə atmış və bu işi Türkiyəyə həvalə etmişdi. Lakin “Taliban”ın buna razılıq verməyəcəyini və istənilən xarici hərbi qüvvələrə qarşı cihad edəcəyini açıqlaması Alyansın da daha fərqli ssenarinin tətbiqinə yol açmışdı. Şərti olaraq “B planı” adlandıra biləcəyimiz bu ssenariyə əsasən, “Taliban” kimi dünya ilə bütün əlaqəsini kəsmək istəyən örgütün zərərsizləşdirilməsi Əfqanıstandakı mövcud hakimiyyətin öhdəsinə buraxılacaqdı.


 
Bunun üçün isə “Taliban”la döyüşəcək yerli qüvvələrin xüsusi təyinatlılarının hazırlanması yenə Türkiyəyə etibar olunmuşdu. Ötən yazılarımızdan birində qeyd etdiyimiz kimi, artıq Əfqanistandan ilk hərbi qulluqçuların təlim üçün Türkiyəyə göndərildiyi xəbər verilirdi. 
 
Bu gün Alyansın Əfqanıstandakı yerli hərbi qüvvələr üçün ayırdığı vəsaitin də miqdarı açıqlanıb. NATO-nun rəsmi saytına görə, “Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri üçün 2021-ci ilin sonlarına qədər tədarük və avadanlıq üçün 70 milyon ABŞ dolları vəsait ayrılıb.
 
Məlumatda qeyd olunur ki, Şimali Atlantika İttifaqı öz qoşunlarını ölkədən çıxardıqca, Əfqanıstana hərbi texnika tədarükünü artıracaq. “İndiyədək NATO Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik qüvvələrinə dərmanlardan tutmuş, yüksək texnologiyalı döyüş trenajorlarına, xəstəxana rentgen aparatlarına və bomba zərərsizləşdirilməsi üçün ixtisaslaşdırılmış avadanlığa qədər təxminən 72 milyon ABŞ dolları məbləğində material və avadanlıq təqdim edib. Avadınlıqların ünvanına son çatdırılma müddəti bazar ertəsi (2 avqust 2021 il) tamamlanıb”, - NATO-nun rəsmi saytında belə deyilir.
 
"Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyət son dərəcə mürəkkəb olaraq qalır, ona görə də bu tədarüklər vacib vaxtda göndərilib", - deyə Alyansın rəsmi nümayəndəsi vəzifəsini icra edən Dilan Uayt bildirib: "Qoşunlarımız ölkədən çıxarıldıqca biz Əfqanıstana dəstəyi davam etdirəcəyik, o cümlədən Əfqan Qüvvələrini öz təhlükəsizliyini daha yaxşı təminatı üçün avadanlıqla təchiz edəcəyik". 
 
Məlumatda bildirildiyinə görə, NATO-nun baş katibi Yens Stoltenberq də iyulun 27-də Prezident Əşrəf Qani ilə telefon danışığında NATO-nun Əfqanıstana “dəstək vermək niyyətinin dəyişməz” olduğunu təsdiqləyib.


 
Məlumatda həmçinin qeyd olunur ki, NATO tərəfindən maliyyələşdirilən tədarüklər arasında yaralı əsgərlərin döyüş meydanında müalicəsi üçün tibbi avadanlıq da var. Avadanlıqlara mina aşkarlama və onların qarşısını almağa kömək üçün xilasetmə maşınları, zirehli nəqliyyat vasitələri və təlim materialları da daxildir. Layihələr Əfqan təhlükəsizlik qüvvələrinin, xüsusilə maddi-texniki təminat, təşkilatçılıq, təhsil və tibb sahələrinin gücləndirilməsinə yönəlib.
 
Göründüyü kimi, NATO Əfqanistanda “Taliban” zülmünün dayandırılması üçün Əşrəf Qani hökumətinə cəmi 72 milyon dollar vəsait ayırıb. “Taliban”ın getdikcə gücləndiyi, şəhərləri, rayonları bir-bir ələ keçirdiyi, böyük qətliamlar törətdiyi bir zamanda bu vəsait o qədər də yetərli görünmür. Üstəlik, həmin vəsaitin böyük qismi tibbi ləvazimarlara və avadanlıqlara yönəldiləcək. Bu isə “Taliban”a qarşı real müqavimət gücü ortaya qoymaq imkanını azaldır. 
 
Maraqlıdır ki, ABŞ və Böyük Britaniyanın Əfqanıstan səfirliyi də “Taliban”dan bəhs edərkən gələcəyin hakimiyyəti kimi danışırlar. Səfirliklərin bu gün verdikləri birgə bəyanatda terror təşkilatının yetkililəri Qəndəharda qətliamlara əl atan tərəfdarlarının qarşısını almağa çağrılır, əks halda hakimiyyətə gələcəkləri təqdirdə öz komandalarına nəzarət edə bilməyəcəkləri xatırladılır və bu barədə narahatlıq dilə gətirilir. 
 
Səfirlərin bu acizanə bəyanatlarının fonunda NATO-nun Əfqan müdafiə və təhlükəsizlik qüvvələrinə cəmi 72 milyon dollar miqdarında vəsait ayırması əslində hakimiyyəti “Taliban”a ötürmək niyyətinin açıq dəlilidir. Görünür, bu həqiqəti anlayan Əşrəf Qani hakimiyyəti də bu gün “Taliban”ı hakimiyyəti bölməyə çağırmış, bir növ koalisiya hökuməti qurmağa dəvət etmişdi.


 
Əfqanistandakı bu qeyri-müəyyənlik “Taliban” qüvvələrini ələ keçirdikləri bölgələrdə qırğınlar törətməyə həvəsləndirir. Məlumata görə, son 1 həftə ərzində təkcə Qəndəharda 40-dan çox adam öldürülmüş, yüzlərlə insan yaralanmış, minlərlə insan öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı. Ölkənin 450 rayonundan 150-si bütün kəndləri, qəsəbələri ilə birlikdə hazırda “Taliban”ın tam əlinə keçmiş vəziyyətdədir. Cəmi 35 rayona Əşrəf Qani hökuməti nəzarət edir ki, bu da ölkənin heç 10%-i də demək deyil. Ölkənin 250-dən çox rayonu uğrunda isə ağır döyüşlər gedir və yaxın zamanlarda oraların da “Taliban”ın əlinə keçəcəyi şübhə doğurmur. Belə bir vəziyyətdə NATO-nun Əşrəf Qani hakimiyyətinə cəmi bir neçə ucuzvari silah sisteminin pulunu ayırması əslində “təslim ol” rüşvətindən başqa bir şey deyil.
 
NATO-nun bu vəsaiti ayırdığı gün Rusiya Prezidenti Vladimir Putinin Əfqanıstanda üzrə xüsusi elçisi Zamir Kabulovun bugünkü açıqlamaları da vəziyyətin gərginliyindən xəbər verir. Moskvada Qorçakov adına Açıq Diplomatiyaya Dəstək Fondunda keçirilən dəyirmi masada çıxış edən Kabulov bildirib ki, danışıqlar prosesində “hamar və düz bir yol gözləməyə” dəyməz: “Bu proses çox ağrılı olacaq. Bütün bunları nəzərə alır və diplomatiyanın bu məsələnin həllində heç bir rol oynamayacağını yaxşı başa düşürük. Çünki diplomatiya maraqlara və imkanlara əsaslanır”.
 
Rusiyanın “Taliban”la təmas qurduğunu vurğulayan Kabulov təşkilatı vədlərinə əməl etməyə çağırıb:
 
"Tərəflər verdikləri vədi pozmaq qərarına gələrlərsə, bunun bədəli olacağını anlamalıdır", - Kabulov belə deyib.
 
Kabulov İranı da Genişləndirilmiş Əfqanıstan Üçlüyü Formatına (Rusiya, ABŞ, Çin, Pakistan) daxil etmək təklifini irəli sürüb. Amma onu da vurğulayıb ki, İranla ABŞ arasından ziddiyyətlərin olması Tehranın anlaşma masasında oturmasını əngəlləyir.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 325          Tarix: 3-08-2021, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma