Xəbər lenti

 
 
Əfqanıstan vətəndaş müharibəsinə doğru gedir. Qərb ölkələri, Əfqanıstanın monoetnik tərkibdən ibarət olmayan, fərqli maraqlara sahib və öz aralarında rəqabət aparan bir çox qrupdan təşəkkül tapdığını anlamalıdır”.
 
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Əfqanıstanda baş verənləri şərh edərkən belə deyib.
 
Nazir BBC-yə açıqlamasında qeyd edib ki, İngiltərə 1930 -cu illərdə Əfqanıstanın müxtəlif əyalətlərdə yerli sərkərdələr və qəbilələr tərəfindən idarə olunan ölkə olduğunu anlayıb: “Ehtiyatlı olmasanız, özünüzü vətəndaş müharibəsinin içərisində görərsiniz. Düşünürəm ki, Əfqanıstan hazırda vətəndaş müharibəsinə doğru gedir”.
 
Ben Ualles Əfqanıstanın uğursuz bir dövlətə və “əl-Qaidə” kimi radikal qruplar üçün əlverişli məkana çevrilmək yolunda irəlilədiyinə dair narahatlığını ifadə edərək, deyib: “"Əl-Qaidə”nin bölgəyə geri dönə biləcəyindən narahatam”.


 
İngiltərə Müdafiə nazirinin bu sözlərindən belə anlaşılır ki, böyük dövlətlər Əfqanıstanı “Taliban”ın əlindən xilas etməyin mümkünsüzlüyünə qərar veriblər və onu yenidən qlobal təhlükə mənbəyinə çevrilməsinin qarşısını almaq üçün müxtəlif etnik və məzhəbçi qrupların idarəçiliyi altında bölməyi fikirləşirlər. Zənnimizcə, bu yaxınlarda özbək əsilli əfqan marşal Rəşid Dostumun Məzari-Şərifə getməsi də bunun işarəti ola bilər. Məlum olduğu kimi, Əfqanistanın şimalı, başqa təbirlə, Güney Türkistan özbək, türkmən və taciklərin yaşadığı bölgədir. Bölgə əsasən Rəşid Dostumun təsiri altındadır və özbək marşal hələ 1 il əvvəl mediaya verdiyi açıqlamada Əfqanıstanın bölünməsi ssenarisinə hazır olduğunu bildirmişdi. Jirnalistlərin “Taliban”la sülh danışıqlarının nəticələrinə inanıb-inanmadığı sualını marşal belə cavablandırmışdı: “Ümidvaram ki, sülh danışıqları bir nəticə verər. Əgər heç bir nəticə hasil olmasa, biz də öz hazırlıqlarımızı gördük və istənilən vəziyyətə hazırıq”.
 
“Taliban”ın Güney Türkistanda bəzi vilayətləri alması xəbəri yayılar-yayılmaz Rəşid Dostumun Türkiyədə müalicəsini yarımçıq buraxıb əvvəl Kabilə, orada ətrafına canlı qüvvə yığıb Məzari-Şərifə getməsi onun ciddi nüfuzunun olduğu bölgəni “Taliban”dan qurtarmaq və müstəqillik uğrunda savaşa başlamaq əzmində olduğunu göstərir. 


 
Bundan əlavə, Əfqanıstanın daha 3 yerə bölünməsi gözlənilir. Ölkənin mərkəzində şiə məzhəbli hazara türkləri, paytaxt Kabil və ətraf əyalətlərdə taciklərlə  hazaralar, cənubda isə peştunlar çoxluq təşkil edir, bölünmə də bu əsasda reallaşa bilər.
 
Sözsüz ki, bu ssenari ABŞ və Böyük Britaniyanın planına uyğun ola bilər, amma onun nə dərəcədə həyata keçmə ehtimalı isə mübahisəlidir. Başlıca problem ondan ibarətdir ki, Əfqanıstanın etnik tərkibi ilə bölgələrin bölünmə planı arasında ciddi fərqlər mövcuddur. ABŞ Dövlət Departamentinin 2010-cu ildə apardığı araşdırmaların nəticəsinə inansaq, Əfqanıstan əhalisinin 42%-ni peştunlar təşkil edir. Əsasən “Taliban” ətrafında birləşən peştunlar yalnız Əfqanıstanın cənubu ilə kifayətlənmək istəməyəcəklər. Üstəlik, Peştunlar bölgənin əsas güc və təsir mərkəzi sayılan Pakistan tərəfindən də dəstəklənir və İslamabad Əfqanıstanın başqa qüvvələrin əlinə keçməsi ilə razılaşmaz.
 
Digər tərəfdən, Kabil və ətraf əyalətlərdə də vəziyyət ürək açan deyil. Bu bölgədə məskunlaşan taciklər və hazaralar fərqli məzhəblərə inanırlar. Taciklər əsasən sünni, hazaralar isə şiə məzhəblidirlər. Əfqanıstanın indiki bölünməsində məzhəbçilik də mühüm rol oynayır. Bir də nəzərə alsaq ki, əfqan şiələri arasında İranın da nüfuzu güclüdür və SEPAH onlardan ibarət Fatimiyyun adlı hərbi birləşmələr yaradıb, mərkəzdəki hesablaşmalara digər xarici qüvvənin təsir ehtimalı ortaya çıxır


 
Say çoxluğu etibarilə Əfqanıstanda taciklərin 2-ci (27%), hazara türklərinin isə 3-cü etnik qrup (9-10%) olduğunu hesaba qatsaq, gələcəkə bu inanc fərqi mərkəz əyalətlərdə “Taliban”çı peştunların da yardımı ilə etnik-məzhəbçi hesablaşmalara təkan verə bilər. Hazaraların bir də sünni qolu olan aymaqlar var. Onlar əhalinin 4%-ni təşkil edirlər və məzhəblərinə uyğun olaraq “Taliban”a meyllidirlər. Məhzəb fərqi hazara türkləri ilə hardasa eyni ləhcəni danışan aymaqlar arasında da ziddiyyəti körükləyən amil kimi qiymətləndirilə bilər. Əfqanıstanın şimalında isə millətçi yanaşmanın taciklərlə türkmən və özbəklər arasında ixtilaflara yol açmaq ehtimalı var.
 
Bir sözlə, Əfqanıstanın 4 yerə bölünməsi ən yaxşı çözüm kimi görünsə belə, bu ssenari də ağrısız həyata keçməyəcək və uzun müddətli mürəkkəb ixtilafları bərabərində gətirəcək. 
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 145          Tarix: 13-08-2021, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma