Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin və Zəngəzur dəhlizinin açılması ətrafında apardığı danışıqların İranda ciddi xof yaratdığı sirr deyil. Vahimə hissi Tehranın canını elə bürüyüb ki, hətta Zəngilanda tikilən camış ferması belə, onun gözünə İsrail hərbi bazası kimi görünür. Bəs Tehranın öz kölgəsindən qorxan bu psixoloji durumu nədən qaynaqlanır? Niyə Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi bizimlə bir çox ortaq dəyərləri paylaşan dövlətdə sevinc hissi əvəzinə, təlaş yaradır?
Zənnimizcə, bu sualların ən yaxşı cavabı İranın mühafizəkar qanadına bağlı Alef.ir saytında yayımlanan “İrana qarşı “Min Bir Xəncər” planı: Planın əsas amilləri və strategiyaları” adlı məqalədə əks olunub.
Ovqat.com-un məlumatında görə, məqalədə son zamanlar Əfqanıstanda və Azərbaycanda baş verən hadisələr İranla “nüvə sazişi” bağlayan 5+1 qüvvələrinin bu ölkəni zəiflətmək planının tərkib hissəsidir.
Müəllifin fikrincə, ABŞ və Qərb ölkələri İranı “nüvə sazişi” ilə ram edə bilmədikləri üçün “Min bir xəncər” planını işə salıblar. Planın məqsədi onu qonşularının əliylə hər tərəfdən xəncərləyərək ölümcül vəziyyətə salmaqdır. Əfqanıstanda və Azərbaycanda cərəyan edən hadisələr də buna hesablanıb. ABŞ Əfqanıstandan çıxmaqla faktiki bu ölkəyə yığdığı müasir silahları İran əleydarı mövqeyi şübhə doğurmayan Talibana hədiyyə etdi. Məqsəd, sözsüz ki, İranın şərqindəki dostluq sərhədini qarşıdurma potensiallı cəbhə xəttinə çevirmək idi.
İnsafən, iranlı müəllifin Əfqanıstan barəsində irəli sürdüyü arqumenti əsassız görünmür. Amma Azərbaycanın 1 il bundan əvvəl erməni işğalından azad etdiyi torpaqda tikdiyi camış fermasının “Min Bir Xəncər” planına nə dəxli var?
Gəlin, məqaləni oxumaqla camışdan qorxan anlayışın Azərbaycan xofunun səbəbini anlamağa çalışaq.
Müəllif yazır:
“Bölgədəki son hadisələr, xüsusən Əfqanıstandakı vəziyyət və Bakının hərəkətləri sionistlərin son zamanlarda ortaya qoyduqları “Min Bir Xəncər” strategiyasına daha çox uyğundur. Əslində bölgədəki vəziyyət o nöqtəyə çatıb ki, niyyətləri və məqsədləri gizlədərək kölgədə hərəkət etmək artıq ABŞ və İsrailin ehtiyaclarını ödəmir, zahirən gizli şəkildə edilməsi lazım olan hər şey edildi və bundan daha artığı edilə bilməz. Məhz buna görə də amerikalılar açıq şəkildə Taliban qüvvələrini gücləndirir və silahlandırır, Bakı və Türkiyə hökumətləri isə keçən ildən fərqli olaraq, bölgədəki geosiyasi niyyətlərini inkar etməyə lüzum görmədən Dağlıq Qarabağın azad olunmasından faydalanaraq istədikləri zaman sərhədləri dəyişdirəcəklərindən danışırlar.
Əslində, amerikalılar böyük əziyyət çəkmədən ardıcıl zərbələrlə İranın qanını tökmək üçün bütün etibarlı güclərindən istifadə edirlər və “Min Bir Xəncər” strategiyasının da mənası budur. Rəqibin güclü olduqda ona qarşı birbaşa hərəkət etmək baha başa gəlir, birbaşa hücum mümkün deyilsə, qarşı tərəfi zəifləyib uduzdurana qədər ona kiçik və ardıcıl zərbələr endirmək lazımdır. Bu ssenari indi bölgədə vəkil qüvvələr vasitəsilə həyata keçirilir. İran qüvvələrinin buna reaksiyasının məhdud olacağına ümid edilir və bu, amerikalıların Birgə Hərtərəfli Fəaliyyət Planında (2015-ci il 14 iyul tarixində "Altılıq" ölkələri Böyük Britaniya, Almaniya, Fransa, Çin, Rusiya, ABŞ + İran formatında bağlanan nüvə sazişi – Ovqat.com) birlikdə davam etdirdikləri vacib məqamdır.
Əslində, Birgə Hərtərəfli Fəaliyyət Planı mövcud ssenarinin həyata keçirilməsi üçün ilkin şərt idi və məqsəd “Min Bir Xəncər” strategiyasında regional vəkil qüvvələrinin aktivləşməsini təmin etmək, İranın nüvə, raket və regional imkanları da daxil olmaqla bütün sahələrdə gücünü azaltmaqdır. Əlbəttə ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İrandakı həlledici ünsürlərin sayıqlığı nəticəsində xüsusilə regional müstəvidə tam məqsədlərinə çata bilmədi, bu da qlobal ssenarinin davam etməsinə və “Min Bir Xəncər Planı”nın həyata keçirilməsinə səbəb oldu.
Geosiyasətdəki sürətli dəyişiklik və gücün Şərqə ötürülməsi və Şərq Gücləri İttifaqının yaranması, ilkin şərtlər nəticə vermədikdən sonra amerikalıları İran qarşısında bu ssenarini həyata keçirməyə məcbur etdi. Amerikalıların, əlbəttə ki, İranın öhdəliklərini yerinə yetirmək tələbinin əhatə dairəsini raket və regional raketlərə məhdudiyyət gətirmək əlavəsi ilə genişləndirməsi, həmçinin bu tələblərin Birgə Hərtərəfli Fəaliyyət Planına salınmasının əsas səbəbi budur. İlkin mərhələdə bütün məqsədlərinə çata və lazımi şərtləri əldə edə bilməyən amerikalılar istər -istəməz əsas ssenarini həyata keçirmək məcburiyyətindədirlər, eyni zamanda, vəkalət qüvvələri vasitəsilə ardıcıl zərbələr endirərkən İranı əhəmiyyətli güzəştlərə getməyə məcbur edə biləcəklərini düşünürlər.
Əlbəttə ki, belə bir məqsədə çatmaq qəribə və bir qədər də inanılmaz görünür, çünki “Min Bir Xəncər Planı”nın başlaması və hətta onun açıq elan edilməsi - ABŞ -ın İran və bütün Yaxın Şərqdə sonu görünməyən müharibə və böyük ölkələrin parçalanması planının ortaya atması deməkdir. Odur ki, ABŞ bu cür pis niyyətlərini ortaya qoyaraq yenə də danışıqlarda xal qazana biləcəyinə ümid edir və əslində İrandan getdikcə daha çox silahını ixtisara salmasını, regional və qlobal böhranlar qarşısında tərksilah olunmasını istəyir”.
Müəllif yazısında “bəzi yerli mütəfəkkirlərin bilərəkdən və ya bilməyərəkdən bu ssenari ilə razılaşmasını, hökumətin 5+1 sazişi öhdəliklərinə qayıtmaqla bağlı mövqeyini qəribə” adlandırır. Onun fikrincə, İranın ABŞ və Avropa ölkələri qarşısındakı öhdəlikləri tam yerinə yetirməsi mümkün deyil və bu plandan imtina edilməlidir: “Nüvə sazişindən imtina mövcud vəziyyətdə İranın milli maraqlarına uyğundur. Əslində bizim üçün ideal şərtlər yoxdur, çünki amerikalıların bölgədəki qanlı və təhlükəli strategiyalarını dəyişdirmək istədiklərinə dair heç bir əlamət nəzərə çarpmır və bu da İranın xoş niyyətinə baxmayaraq xəyali ümidini məhdudlaşdırır. Əvvəlki hökumətin nüvə danışıqlarındakı təcrübə də İranın 5+1 sazişinin tələblərini yerinə yetirməsinin qəbuledilməz olduğunu göstərir. Belə bir vəziyyətdə yalnız ABŞ -ın zərərli ssenarisinə qarşı uyğun strategiya qəbul etmək və onu həyata keçirmək üçün yalnız öz gücümüzə güvənə bilərik. Mövcud vəziyyətdə hər hansı bir zəifliyin elan edilməsi bölgədəki “Min Bir Xəncər” strategiyasının icraçılarını daha cəsarətləndirə və onları bizə qarşı daha çox tədbirlər görməyə təhrik edə bilər. Əlbəttə ki, ən vacib məqam odur ki, ABŞ -ın bölgədə birbaşa hərəkət etmək qabiliyyəti bütün blöflərə baxmayaraq gündən -günə azalmaqdadır”.
Müəllif həmçinin bildirir ki, İranın düşmənləri Tehranın heç bir halda aktiv hərəkət etməyəcəyinə inanırlar, bu ümid də onları cəsarətləndirir. “Əslində, “Min Bir Xəncər” agentləri mümkün reaksiyaya çox həssasdırlar və ümidlərini ABŞ və İsrailin vədlərinə bağlayıblar. Onlar ümid edirlər ki, İran cüzi bir reaksiya ilə kifayətlənəcək və mümkün qarşıdurma assimetrik olacaq. Amma hər şey gözləntilərinin tam əksinə də reallaşa bilər. “Min Bir Xəncər”ə qarşı ən düzgün hərəkət bir neçə cəbhədə eyni vaxtda baş verən toqquşmalardan qaçmaqdır, eyni zamanda bölgə agentlərinin hər bir hərəkətinin bədəlini ödəməsini təmin etmək üçün zərbələrə mütənasib və ağıllı bir reaksiya ilə cavab verilməlidir.
Ağıllı hərəkət mütləq təlaş demək deyil (bəzi hallarda lazım olsa belə), lakin təsirli olması və mümkün olduğu qədər birbaşa qarşıdurma riskindən qaçılması üçün aparılan planlaşdırma dəqiqlik tələb edir, baxmayaraq ki, qarşıya çıxmağa hazır olduğumuzu göstərməliyimiz də zəruridir. Zərbələrin onsuz da cavabsız qalmayacağını hər kəsə başa salmaq çox vacibdir və əlbəttə aydındır ki, indiki vəziyyətdə hər hansı bir hərəkət biz də daxil olmaqla hər kəs üçün baha başa gələ bilər”.
Göründüyü kimi, məqalədə Azərbaycandakı İsrail camışlarının ABŞ-ın “Min Bir Xəncər” planına bir başa aidiyyəti barədə hansısa tutarlı dəlil ortaya qoyulmur. Bununla belə, İranın birnaşa bu planda iştirak edən digər ətraf qonşularını deyil, niyə məhz Azərbaycanı hədəfə aldığının səbəbi də göstərilir. Müəllifin “Min Bir Xəncər”ə qarşı ən düzgün hərəkət bir neçə cəbhədə eyni vaxtda baş verən toqquşmalardan qaçmaqdır” fikirləri İranda Qərblə yaxın münasibət quran qonşuları arasında ən zəif həlqənin Azərbaycan olduğunu və cavabın də bu cəbhədən verməyin daha salamat ola biləcəyini düşündüyünü göstərir. Başqa sözlə, camışın “Min Bir Xəncər” strategiyasına heç bir dəxli olmaması şərt deyil. Əsas odur ki, İran ən zəif bəndə əzələ nümayiş etdirərək rəqiblərinə “mən də varam” demək cəsarətini ortaya qoymağı bacarır. Görünür, qorxu onun gözünü elə bağlayıb ki, Azərbaycanın real gücünü düzgün qiymətləndirə bilmir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar