Xəbər lenti
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
26 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atıblar.
Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb.
İkinci Qarabağ müharibəsinin ən diqqətçəkən nəticəsi olan “Zənzəgur dəhlizi”nin üç müstəvidə önəm kəsb etdiyini qeyd edə bilərik: lokal, regional, interkontinental.
Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Nəzərə almaq lazımdır ki, yeni dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçir.
Dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini bir-birinə bağlaması planlaşdırılır və bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək.
Yeni dəhlizin regional müstəvidəki önəmi isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir.
Birincisi və ən əhəmiyyətlisi, Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Xüsusilə, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır. Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətindən bunu təmin edən Türkiyə analoji xəttin Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə etmək məqsədindədir. Digər tərəfdən, yeni dəhliz Türk Dünyası ölkələrinin Türkiyəyə diqqətinin artmasına gətirib çıxarır. Son aylarda bunun siyasi nəticələrinə Türkmənistan örnəyində şahidlik edirik. Təbii ki, bu proses həm də Xəzər dənizində gəmi nəqliyyatının artmasında stimullaşdırıcı faktor kimi rol oynayacaq.
İkincisi, Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycan və Naxçıvan arasında alternativ keçid yaradacaq və bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan “Naxçıvan tranziti” məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Zəngəzur dəhlizinin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə əhəmiyyətini xarakterizə edir.
Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə, Zəngəzur dəhlizi yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.
Cavidan Əhmədxanlı,
Tədqiqatçı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar