Xəbər lenti

 
 
İranın İras.ir saytı Qərb beyin mərkəzlərinin Azərbaycan - İran münasibətlərində son zamanlar yaranan gərginliklə bağlı fikirlərini şərh edib. 
 
Ovqat.com-un məlumatına görə, “Qərb beyin mərkəzləri Tehran-Bakı gərginliyini necə qiymətləndirir?” sərlövhəli məqalədə deyilir:
 
Avropa və ABŞ-ın siyasi beyin mərkəzləri İran və Azərbaycan Respublikası arasında son zamanlar yaranmış gərginliyi geniş şəkildə müzakirə edirlər. Bu qurum və müəssisələrin təhlillərində İsrailin Azərbaycan Respublikasında mövcudluğu, İranın Ermənistanla sərhədlərinin kəsilməsindən narahatlığı, Türkiyənin Qafqaz və Orta Asiyada genişləndirməsi kimi məsələlərə daha çox yer ayırılır. Amerika beyin mərkəzlərinin əsas vəzifələrindən biri xarici siyasi qurumların qərarlarının qəbulunu asanlaşdırmaq olduğundan, onlar Bayden administrasiyasına bu barədə mühüm məsləhətlər də verirlər.
 
İsrail İranın şimal-qərbində  

Qərb analitikləri İran və Azərbaycan arasındakı gərginliyin təhlilində İbrahim Rəisi hökumətinin hakimiyyətə gəlməsinə xüsusi diqqət yetirirlər. Londonda yerləşən “Əl-Ərəbi Əl-Cadid” saytının müəllifi Mahmud Alluşun öz məqaləsində yazır: “Bakı və Təl-Əviv münasibətlərini nəzərə alsaq, İranın bu narahatlığı əsaslı görünür. Üstəlik bu narahatlıq yeni deyil və Tehran çoxdan hesab edir ki, Təl-Əviv Bakı ilə əlaqələrindən İrana qarşı məlumat toplamaq üçün istifadə edir. Bu gün eyni narahatlığın yenidən ortaya çıxması İranın təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiya dövlətlərində öz təsirinə təhlükə hesab etdiyi proseslərin qarşısını almaq istəyindən qaynaqlanır”.


 
Əl-Ərəbi Əl-Cədid”in müəllifi fikrini belə davam etdirir: “Qafqazın yenidən nizamlanması məsələsində üç regional dövlət iştirak edir - Rusiya, Türkiyə və İran. Keçən il müharibənin başa çatmasına Moskva və Ankara rəhbərlik etdiyi halda, Tehran özünü bu yeni geosiyasi tənliyin kənarında buldu. Azərbaycanla İsrail arasında əlaqələrin genişlənməsinin şahidi olanda İranın bu hissi daha da artdı”.
 
“Middle East Eye” isə son gərginlikləri təhlil edərkən bildirib ki, “İranın regional düşməni olan İsrail Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın əsas dəstəkçilərindən biri olub”. O, həm də Bakının Rusiyadan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, İsrail 2006-2019-cu illər arasında Azərbaycana 825 milyon dollar dəyərində silah tədarük edərək, son bir neçə ildə Azərbaycanın əsas silah tədarükçüsünə çevrilib”.
 
Azərbaycan Respublikasının daxilində və xüsusən də İran və Azərbaycan sərhədində İsrailin hərbi-strateji məlumat toplamaq üçün dinləmə stansiyaları və pilotsuz təyyarələri var”, - “Middle East Eye” hesab edir.
 
İranın azərbaycanlı azlığı
 
Londonda yerləşən “Middle East Eye” nəşri Azərbaycan Respublikasının İran azərbaycanlılarına təsiri üzərində dayanaraq yazır: “İran şimal sərhədində ən böyük azlıq olan Azərbaycan türklərinin çoxsaylı əhalisinə ev sahibliyi edir. Onlar İran vətəndaşlarıdır, bu o deməkdir ki, gərginliyin artması İran üçün fəlakətli nəticələrə səbəb ola bilər”.
 
İran əsilli amerikalı tədqiqatçı və keçmiş diplomat Şirin Hunter yazır: “İran, şübhəsiz ki, Bakının öz ərazisi ilə bağlı ambisiyalarından və Bakıdan, hətta Türkiyədən gələn pantürkist təbliğatdan narahatdır. Baxmayaraq ki, hazırda İran Azərbaycanında real separatizm təhlükəsi yoxdur, lakin böhranın eskalasiyası və xarici qüvvələrin işə qarışması halında dünyagörüşü dəyişə bilər”. 
 
Hunter İsrailin İranı etnik mənsubiyyətə görə zəiflətmək planına işarə edərək qeyd edir ki, İsrailin baş naziri Naftali Bennetin “İranı məhv etmək” təklifi onu parçalamaq anlamına gələ bilər.


 
2021-ci ilin sentyabrında Tramp administrasiyası ilə sıx əlaqəsi olan Vaşinqton mərkəzli Demokratiya Uğrunda Müdafiə Fondu və İsrailin Begin Sadat Strateji Araşdırmalar Mərkəzi birgə bəyanat yayaraq “İranın parçalanmasına” (Azərbaycan türklərinin və digər azlıqların separatizminə dəstək verməyə) çağırıblar.
 
İran Ermənistanla sərhədlərinin kəsilməsindən narahatdır
 
“Bakının Zəngəzur əyaləti üçün iddialı planları var ki, bu da İranı əlverişsiz geosiyasi vəziyyətə sala bilər”, - “Middle East Eye”-ın İran əsilli tədqiqatçı Fərdin İftixari belə yazır: “Bu plan baş tutarsa Tehran Ermənistanla əlaqəsini və regiona asan çıxışını itirər, eyni zamanda İranın əsas düşməni olan İsrail tərəfindən güclü şəkildə dəstəklənən yeni cəsarətli regional güclə uğraşmaq məcburiyyətində qalar”.
 
Şirin Hunter də Türkiyənin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğuna inanır:
 
“Azərbaycanla həmsərhəd olmayan Türkiyə uzun müddətdir ki, İranın Ermənistana çıxışını aradan qaldırmaq məqsədi ilə Azərbaycanla birbaşa əlaqələr qurmağa çalışır. Türkiyə bu dəhlizlə Azərbaycana, oradan isə Şimali İrana və Orta Asiyaya quru yolu çəkmək istəyir”.
 
ABŞ İran-Azərbaycan gərginliyinə qarışmalıdırmı?

"Birləşmiş Ştatlar İsrailə qoşulmalı və Cənubi Qafqazda və Yaxın Şərqdə İran və Rusiyaya əks qüvvə kimi çıxış edən Türkiyə-Azərbaycan-Pakistan ittifaqını dəstəkləməlidir", - National Interest bu fikirdədir. Nəşrin fikrincə, bütün bunların Əfqanıstanın Talibanın əlinə keçməsi və İranda son prezident seçkisi fonunda baş verməsi də regiona diqqəti artırmağı şərtləndirir.
 
Azərbaycan İran təsirinə qarşı
 
Hadson İnstitutunun analitiki və Vaşinqtondakı Azərbaycan lobbisinin əsas üzvü Maykl Doran da Bayden administrasiyasını İrana qarşı Azərbaycan-İsrail ittifaqı yaratmağa çağırıb.
 
The Heritage Foundation” analitik mərkəzinin analitiki Luke Kofi də Bayden hökumətini Azərbaycanı İranın təsiri qarşısında maneə kimi nəzərdən keçirməyə çağırıb.


 
Bunun əksinə olaraq “Quincybeyin mərkəzi isə Bayden hökumətinə tövsiyə edir ki, ABŞ İrana qarşı Azərbaycan Respublikasına dəstək verməməlidir. Analitik mərkəzin müəllifi bildirib: “Azərbaycan Respublikası ilə İran arasındakı münaqişəyə müdaxilə etmək qətiyyən ABŞ-ın marağında deyil. Fakt budur ki, Azərbaycan ABŞ-ın rəsmi müttəfiqi deyil”.
 
Müəllif ABŞ-da bir çox mərkəzlərin rəsmi Bakını dəstəkləməsi təklifinin perspektivinə inanmır. “Vaşinqtondakı Azərbaycan diplomatları və lobbiçiləri ölkəni Qərbin daimi müttəfiqi kimi göstərmək üçün əllərindən gələni etsələr də, bu səylər reallığı dəyişdirə bilməz”, – Quincy ABŞ xarici siyasət liderlərinə tövsiyələrinin xülasəsində yazır. Onun fikrincə, İlham Əliyev Konqres tərəfindən maliyyələşdirilən Azadlıq Radiosu, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu və Soros Fondu tərəfindən maliyyələşdirilən Açıq Cəmiyyət İnstitutu kimi Amerikaya bağlı təşkilatların Azərbaycandakı fəaliyyətinə son qoyub: “Azərbaycanın Vaşinqtondakı müttəfiqlərinin səylərinə baxmayaraq, Konqres də Cənubi Qafqazda münaqişəyə səbəb olacaq hər hansı hərəkətdən ciddi şəkildə çəkinməlidir”.
 
 Türkiyənin Azərbaycanda təsirinin artması

National Interest” yazır ki, İranın 2020-ci il müharibəsinin nəticələrindən məyus olmasına səbəb olan digər amil Türkiyənin Qafqazda təsirinin genişlənməsidir. 
 
“Əl-Ərəbi əl-Cədid” də bu məsələyə toxunaraq yazır: “Cənubi Qafqazın yeni geo-siyasi tənlikdə öz yerini alması və marginallaşması İranı narahat edir. Çünki bir tərəfdən Türkiyənin təsirinin artmasına şahid olur, digər tərəfdən isə iranlılar bu marşrutdan narahat olan Ermənistanla ticarəti zəiflətmək və Orta Asiyanın türkdilli dövlətlərində təsirlərinin azalmasını istəmirlər. Türkiyənin türkdilli hökumətlərlə siyasi və iqtisadi əlaqələrinin gücləndirilməsi gələcəkdə Bakı-Tbilisi-Ceyhan xəttinin, o cümlədən Türkmənistanın neft və qaz sənayesinin Qərbə axışının inkişafına gətirib çıxara bilər. Bu xətt İranın Cənubi Pars yatağından Avropaya, həmçinin İraq, Suriya və Livan kimi ölkələrə uzanan enerji ötürücü xətlərinə ciddi rəqib ola bilər”.
 
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 816          Tarix: 14-11-2021, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma