Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Dünən İrandan ziddiyyətli xəbərlər gəldi. Yayılan ilk məlumatda İranın ən böyük nüvə obyektlərindən olan Nətənz müəssisəsinin vurulduğu, güclü partlayış səsi gəldiyi, göyə duman və atəş yüksəldiyi bildirildi. Ardınca gələn xəbərlər isə insanların xofunu xeyli azaldacaq tərzdə idi. İranın yarırəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, partlayış Nətənz nüvə obyektində yox, ondan 20 kilometr aralıda yerləşən Bədrud bölgəsində baş vermişdi.
Partlayışın mənşəyi barədə iddialar da müxtəlifdir. SEPAH-a bağlı mənbələr tərəfindən yayılan ilk xəbərlərdə hadisənin İsrailə məxsus bir PUA tərəfindən törədildiyi, hətta bir dronun Nətənz bölgəsində vurulduğu qeyd olunurdu. İran dövlət televiziyası isə hava hücumundan müdafiə sistemlərinin ehtimal olunan bir hücuma qarşı reaksiyasını ölçmək üçün manevr keçirdiyini və bu məqsədilə də raket atıldığını açıqladı. İranın Milli Təhlükəsizlik Ali Şurasına bağlı Nournews saytı da mümkün hücuma qarşı raket sınağı həyata keçirildiyini təsdiqlədi.
Dünənki partlayışla bağlı verilən ziddiyyətli məlumatlar, rəsmi qurumların təkzib etməsinə baxmayaraq, Nətənz nüvə obyektinin vurulması ehtimalının tam ortadan qalxmasına imkan vermir. Məsələ burasındadır ki, son iki ildə Nətənzdəki nüvə obyektində ən azı 2 təxribat baş vermiş, İran rəsmiləri isə hər dəfə bu faktları gizlətməyə çalışmışdır. Son 2 ildə Nətənzdə qeydə alınan ilk partlayış 2020-ci ilin aprel ayında yaşanmışdı. İsrail kəşfiyyatına yaxın media qurumlarının böyük həvəslə yaydığı bu məlumat İran rəsmiləri tərəfindən təkzib olunur, nüvə obyektində hər hansı insidentin baş vermədiyi bildirilirdi. Nəhayət, “The Post” nəşri partlayış nəticəsində obyektin dağıldığını sübut edən peyk görüntülərini yaydıqdan sonra rəsmi Tehran da faktı təsdiqləmək məcburiyyətində qalmışdı.
Nətənzdə ikinci bənzər hadisə bu ilin aprel ayında baş vermişdi. İsrail mediası aprel hücumunda yeraltı obyektin yeni sentrifuqalarının, müxtəlif mühəndis qurğularının məhv edildiyi iddiasını irəli sürmüşdü. İran bu dəfə də eyni qaydada inkarçılıq yolunu tutsa da, yenə peyk görüntüləri dövriyyəyə girmiş və əsl həqiqətləri ortaya çıxarmışdı. Məhz bu hadisədən sonra İran hər iki hadisənin MOSSAD tərəfindən törədildiyini qəbul etmiş və beynəlxalq qurumlar qarşısına İsrailə qarşı ciddi sanksiyalar tətbiq olunması məsələsini qaldırmışdı.
"Jerusalem Post" nəşrinin fikrincə, Nətənz nüvə obyektinə qarşı hücumlardan 2020-ci ilin iyul ayındakı “daha uğurlu” olub və yerüstü binalarının böyük əksəriyyəti məhv edilib. Bununla da uzun müddətli olaraq İranın nüvə silahı əldə etmək imkanlarının qarşısı alınıb. Bu ilin aprel ayındakı hücum da əslində İsrailin hədəflərinə tam cavab verirdi. MOSSAD-a yaxın media qurumlarının iddialarına görə, arpel hücumunda İranın qabaqcıl sentrifuqalarının inkişafını təxminən dörd ay ləngidəcək və bəzi uzunmüddətli yavaşlamalara səbəb olacaq nəticələr əldə olunub.
Son 2 ildə baş verən partlayışların dövriliyi də əslində İsrail mediasının iddialarını doğrulayır. Nətənz obyektinə ən ciddi zərər verən ilk hücumdan ikinci hücuma qədər hardasa 10 ay, ikinci hücumda dünən baş verən hücuma qədər isə 7 ay keçir. İlk hücum daha dağıdıcı olubsa, belə çıxır ki, partlayışlardakı zaman aralığı fərqi obyektin zərər görmə əmsalı ilə birbaşa bağlıdır. Başqa sözlə desək, İran nüvə zənginləşdirməsi sahəsində kritik həddə doğru irəliləyən kimi MOSSAD ortaya çıxır və bütün nailiyyətlərin altını üstünə çevirərək onun son hədəfə çatmasını əngəlləyir. Yeri gəlmişkən, İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Firidun Abbasi-Davani hələ aprel ayında son iki ildə 2 yox, ən azı 5 təxribat hadisəsi baş verdiyini bildirmişdi.
Partlayışın Vyanada nüvə danışıqlarının bərpasından dərhal sonra baş verməsi də diqqətçəkicidir. Nətənzdəki ikinci patlayış da İranın bundan əvvəlki Ruhani hökumətinin nüvə danışıqlarına geri dönməyə qərar verməsindən az sonra meydana gəlmişdi.
Məlum olduğu kimi, ABŞ-ın qatılmadığı yeni danışıqlar P4+1 formatında keçirilir. İstər Ümumdünya Atom Enerjisi Agentliyinin rəsmiləri, istərsə də İranla müzakirə masasına əyləşən dövlətlərin nümayəndələri Rəisi hökumətinin mövqeyindən qətiyyən razı deyillər. Onlar İran rəsmilərinin ən xırda detallarda belə ümumi məxrəcə gəlmək məsələsində xeyli ləng davrandıqlarını bildirirlər. Yeni prezident İbrahim Rəisi kabinetinin bu yaxınlarda Kərəc nüvə müəssisəsini işə salması da nüvə danışıqlarında güzəştsiz mövqe tutacağını göstərir və dünyanın güclü dövlətlərinin narahatlığını artırır. ABŞ isə ümumiyyətlə İranla nüvə müzakirələrini mənasız vaxt itkisi sayır və Qərb ölkələri ilə birgə ona qarşı ortaq tədbirlər planı hazırlamaq ümidi ilə danışıqların nəticəsiz başa çatacağı günü gözləyir. İsrail də İranla danışıqların sürdürülməsinə isti baxmır və bir an öncə bu ölkənin nüvə obyektlərinin vurulmasını tələb edir. Tel-Əvivin fikrincə, İran nüvə silahı hazırlamaq ərəfəsindədir və qarşıdakı bir ay ərzində bir tədbir görülməsə sonra gec ola bilər. Nətənz nüvə müəssisəsi ətrafında, yaxud özündə güclü partlayışın məhz belə bir zamanda baş verməsi İsrailin maraqlarına tam uyğundur və yəqin ki, bir müddətdən sonra hansısa peyk görüntüləri yayılacaq və dünən nələr yaşandığı bütün çılpaqlığı ilə ortaya çıxacaq.
Qeyd edək ki, Nətənz nüvə müəssisəsi Tehrandan cəmi 250 km. cənubda yerləşir və orada nüvə reaktorlarının partlaması paytaxtda həyatı tamamilə yaşanmaz hala gətirə bilər. Görünür, bu təhlükənin humanitar nəticələrini nəzərə alan İsrail qüvvələri indiyədək Nətənzə böyük hücumlardan çəkinib, yalnız iş prosesini əngəlləyən bəzi zərbələrlə kifayətlənməyə çalışıb.
Londonda nəşr olunan həftəlik yəhudi nəşri “The Jewish Chronicle”nin dünənki partlayışdan 2 gün əvvəl yaydığı bir məlumat MOSSAD-ın istədiyi vaxt İranın nüvə obyektlərindəki partlayışları necə meydana gətirə bildiyi müəmmasına işıq tutan bəzi məlumatlar paylaşmışdı. Məlumatlardan anlaşılır ki, MOSSAD bu hadisələri müəssisələrə əvvəlcədən yerləşdirdiyi partlayıcılar sayəsində həyata keçirir. İddialara inansaq, bundan əvvəl yaşayan 3 təxribat hadisəsində istifadə olunan partlayıcılar 2019-cu ildə həmin obyektlərə yerləşdirilib. Partlayıcıları yerləşdirənlər isə müəssisədə işləyən 10 gizli agentdir. Nüvə mütəxəssisləri olan bu agentlər İranın xaricdəki müxalifləri ilə yaxın təmaslarda olublar. Görünür, MOSSAD onları əlaqələri ilə şantaj edib özünə işlətməyi bacarıb. “The Jewish Chronicle” nəşri ram edilən bu mütəxəssislərin “müxtəlif səbəblərdən MOSSAD-a işləməyə razılıq verdiyiklərini” vurğulayır.
Bildirilir ki, İsrailin kəşfiyyat orqanlarının bu agentləri partlayıcı maddələrdən bəzilərini dronlar vasitəsilə, bəzilərini isə tükinti mallarının və ya yemək servis maşınlarının içərisində obyektlərə gətirib və müxtəlif yerlərə quraşdırıblar. MOSSAD da özünə uyğun vaxtda düyməni basaraq onları partladıb.
Nəşrin bildirdiyinə görə, 2020-ci ilin iyun ayında baş verən ilk partlayış zamanı mütəxəssis agentlərə Nətənz zavodundakı yerin altında tikilmiş A1000 sentrifuqa zalını dağıtmaq tapşırığı verilib və missiya böyük ustalıqla yerinə yetirilib. İddiaya görə, partlayış nəticəsində hədəfə alınan sentrifuqaların 90%-i sıradan çıxarılıb. Hətta İran rəsmiləri təəssüf hissi ilə bu təxribatların “mükəmməl” təşkil olunduğunu etiraf ediblər. Xəbərdə o da bildirilir ki, həmin partlayışdan sonra dağıntılar İran administrasiyasında əməlli-başlı xaosa səbəb olub. Nüvə bombası istehsalı ilə məşğul olan kompleksin mərkəzi hissəsində iş 9 aya qədər dayandırılıb.
Nəşrin əməliyyatla bağlı ortaya çıxardığı yeni detallar arasında İranda 11 aydır davam edən təxribat prosesi çərçivəsində bir-biri ilə əlaqəli 3 əməliyyatın təəccüb doğuran təfərrüatları da var. Həmin əməliyyatdan ilk ikisi 2020-ci ilin iyulunda və 2021-ci ilin aprelində Natanz zavodunun partlaması ilə təşkil edilib. Üçüncüsü, isə bu ilin iyun ayının 23-də baş verib və Tehrandan 48 km şimal-qərbdə yerləşən Kərəc TESA müəssisəsi hədəfə alınıb. Sonuncu təxribatda Kərəcdəki nüvə obyekti İrandan idarə olunan dron (kvadrokopter) vasitəsilə vurulub. İddia olunur ki, sözügedən üç əməliyyat 1000 nəfərlik texniki, analitik və casus, eləcə də yerdəki onlarla agent tərəfindən 18 ay müddətində planlaşdırılıb. İranın nüvə infrastrukturuna edilən hücumlar ABŞ-ın əməkdaşlığı olmadan Mossad tərəfindən həyata keçirilib.
Bu yerdə İranın keçmiş prezidenti Mahmud Əhmədnejdatın məşhur sözləri yada düşür. Eks-prezident mediaya verdiyi açıqlamada İran ETTELAT-ında İsraillə əlaqədar şöbənin bütün rəhbərlərinin MOSSAD-a işlədiyini iddia edirdi. Son 2 ildə ölkənin nüvə obyektlərində ard-arda törədilən təxribatlar Mahmud Əhmədnejatın sözlərini qəribçiliyə salmamağı tələb edir. İransa MOSSAD agentlərini Tehranda yox, Zəngilanda tikilmiş camış fermasında axtarır. İsrailin əsl təxribatlarını görməzlikdən gələrək gizlətməyə çalışır. Görünür, günü-gündən zəifləyən hərbi nüfuzunu bu cür qorumağa üstünlük verir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar