Xəbər lenti


«Fransa və Almaniya Rusiya və Ukrayna arasında sülh danışıqlarını birgə təşviq etməli və istənilən sülh təşəbbüslərini dəstəklənməlidir».

Ovqat.com
xəbər verir ki, Çin prezidenti Si Tsinpin Fransa və Almaniya liderləri ilə söhbətində bunları bildirib.

«Prioritet  eskalasiyanın daha da genişlənməsinin və ya nəzarətdən çıxmasının qarşısını almağa çalışmaq olmalıdır», - Tsinpin deyib.

Maraqlıdır ki, NATO-nun baş katibi Yens Stoltenberqin Çin liderinə cavabı özünü çox gözlətməyib. Alyans rəhbəri də Çinin Ukrayna münaqişəsinin nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlığını təkrarlayıb. Onun bu gün Riqaya səfəri və Latviya prezidenti Eqils Levitslə birgə mətbuat konfransında dediyi fikirlər də NATO-nun bu narahatlığından xəbər verir:

“NATO münaqişənin daha da genişlənməməsi və Ukrayna hüdudlarından kənara yayılmaması üçün cavabdehdir. Moskvanın səhv hesablamalarının olmaması üçün NATO alyansın şərqində mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb, 130 təyyarəmiz yüksək hazırlıq vəziyyətindədir, uzaq şimaldan Aralıq dənizinə qədər 200-dən çox gəmi hazır vəziyyətə gətirilib, bölgəyə minlərlə əlavə hərbi qüvvə yerləşdirilib. NATO alyansın hər qarış ərazisini müdafiə etməyə hazırdır”.

Stoltenberq həmçinin qeyd edib ki, alyans Ukrayna hüdudlarından kənara yayılmayacağına əmin olmaq istəyir.

Göründüyü kimi, həm NATO, həm də Çin rəhbəri Rusiyanın təcavüzkar siyasətini digər ölkələrə də sıçradacağından narahatdırlar. Fikrimcə, bu ortaq qənaət və təxminlər gəlişigözəl sözlər deyil. Hər iki yetkili Putinlə tez-tez təmaslarda olur və onun nə fikirləşdiyini gözəl bilirlər. Putinin Ukrayna savaşından əvvəl dilə gətirdiyi məşhur niqti də onun planının təkcə Ukrayna ilə yekunlaşmayacağına işarə edirdi. 



Bəs, növbədəki qurbanlar kimlər ola bilərlər? 

Yəqin deyəcəksiniz ki, post-sovet ölkələrindən hər hansı biri. Bəli, mümkündür. Amma mənim fikrimcə, NATO üzvü ölkələr də bu təcavüzdən sığortalanmayıb. Xüsusilə də Baltikyanı ölkələr. Mən hətta növbəti təcavüzün Litva və ya Polşa ərazisinə ediləcəyini gözləyirəm. Çünki Rusiyanın öz anklavı Kalininqradla torpaq əlaqəsi yaratmaq üçün Polşa və Litva sərhədlərinin kəsişdiyi nöqtədə yeni bir dəhliz açması vacibdir. Özəlliklə də İsveçin və Finlandiyanın NATO-ya daxil olmağa hazırlaşdığı indiki şəraitdə bu hava-su qədər əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, ABŞ-ın ən güclü iki hərbi gəmisi bu gün Baltik dənizinə daxil oldu. ABŞ gəmilərinin Baltik dənizində olması və İsveçlə Finlandiyanın NATO-ya üzvlüyü Rusiyanın Kalininqradla yeganə rabitəsini - dəniz yolunu da kəsir, Kalininqradı həqiqətən də təhlükə altına qoyur. Belə vəziyyətdə Kalininqradla Rusiya arasında etibarlı quru yolu çəkmək ehtiyacı ortaya çıxır ki, bu da “Suwalki” adlanan dəhlizdir. Litva ilə Polşa arasındakı sərhəddə yerləşən bu dəhliz cəmi 100 km kimi qısa ərazini əhatə edir və Moskva Kalininqradı itirməmək üçün hərbi müdaxiləyə getməyə məcburdur. 



Üstəlik, «Suwalki» dəhlizini almaqla Rusiya bir zamanlar SSRİ-nin tərkibində olan Baltikyanı ölkələrin də Avropa ilə əlaqəsini kəsə bilər. Bu da NATO qarşısında 1997-ci il hərbi sərhədlərinə qayıtmağı tələb edən Putinin əsas planlarından biridir. Xatırladım ki, Estoniya, Livta və Latviya 2004-cü ildə NATO-ya üzv olublar. Rusiya lideri 1997-ci il sərhədlərinə qayıtmaq deyəndə onların da NATO üzvlüyündən çıxmasını tələb edirdi. Yeri gəlmişkən Polşa 1999-cu ildə NATO-nun üzvü olub, dolayısıyla o da Putinin təhdid etdiyi ölkələr sırasındadır.

Putin Rusiyasının əsl hədəfinin Baltikyanı ölkələr olduğunu hələ Ukrayna müharibəsi başlamamışdan əvvəl yazdığım bir yazıda da qeyd etmiş və «Suwalki» dəhlizinin geosiyasi əhəmiyyətindən danışmışdım. Yazı ilə bu linkdən tanış ola bilərsiniz.

Rusiyanın əsl hədəfi Ukrayna yox, Polşa və Latviyadır: “Suwalki” dəhlizi

Heydər Oğuz
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 624          Tarix: 8-03-2022, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma