Xəbər lenti

 
 
Bu günə qədər ən azı 150 ingilis xüsusi təyinatlısının Donbassda, Donetskdən cəmi 60 kilometr şimal-qərbdə yerləşdirildiyi müşahidə olunub”.
 
Ovqat.com xəbər verir ki, Bonbass separatçılarının media orqanları bu barədə yazır.
 
Məlumatda qeyd olunur ki, London Ukrayna hərbçilərinə NLAW sistemlərindən istifadə üzrə təlim keçmək üçün Ukraynaya yalnız 30 hərbi mütəxəssisinin göndərildiyini bildirir. Halbuki, təkcə Donbass yaxınlığında dislokasiya olunmuş Böyük Britaniya hərbçilərinin sayı rəsmən bəyan ediləndən 5 dəfə çoxdur. 
 

 
Qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın media resurslarının məlumatlarından belə çıxır ki, hazırda 150 nəfərlik Britaniya xüsusi təyinatlılarından ibarət qrup Kramatorsk və onun ətraflarında yerləşir. “Britaniya hərbçilərinin burada görünməsi ciddi narahatlıq doğurur. Çünki əvvəllər də Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının təlimi zamanı, o cümlədən, müstəqilliyini elan etmiş ərazilərdə praktiki döyüş hazırlığının planlaşdırıldığı barədə məlumatlar var”, - xəbərdə qeyd olunur.
 
İddialara görə, bu günədək Ukrayna Silahlı Qüvvələrinin 20.000-dən çox müxtəlif tipli tank əleyhinə sistemlərlə silahlandığı təxmin olunurdu, dünən isə daha bir Amerika təyyarəsi Borispol hava limanına gəldi və Ukrayna Silahlı Qüvvələri 300-ə yaxın "Javelin" tank əleyhinə raket komplekslərini təhvil verdi.
 
Donbass separatçılarının bütün narahatlıqlarına baxmayaraq, Pentaqonun Ukrayna Silahlı Qüvvələrinə yardım kimi göndərdiyi silahlar Rusiya ilə ölüm-dirim mübarizəsinə başlayacaq həddə deyil. Ukrayna-Rusiya müharibəsi baş verərsə, Kiyevin ABŞ-dan aldığı silahlarla bu hücum qarşısında uzun müddət dirəniş göstərməsi şübhə doğurur. Belə ki, Ukraynaya göndərilən raketlərin mənzili 4.5 km-dən çox deyil. İstər tankəleyhinə “Javelin”lər, istərsə də “FIM-92 Stinger” tipli raketlər sadəcə gerilla müharibəsi üçün nəzərdə tutulan silahlardır. Bu isə yalnız tankları, vertolyotları və hərbi aerodromlara enən təyyarələri zərərsizləşdirmək gücünə malikdir. Belə çıxır ki, Ukrayna səmaları 5 km. yüksəklikdən uçan rus hərbi təyyarələrinə tamamilə açıq vəziyyətdədır.


 
ABŞ rəsmilərinin açıqlamaları da Kiyevə ümid verəcək səviyyədə deyil. Ötən günlərdə ABŞ prezidenti Co Bayden media orqanlarına verdiyi açıqlamalarında Ukrayna rus təcavüzünə məruz qalacağı təqdirdə ABŞ-ın ona birbaşa dəstək verməyəcəyini, yalnız Putin və tərəfdarlarına qarşı iqtisadi sanksiyalarla kiyafətləcəyini bildirdi. Sözsüz ki, bütün bu vədlər həyata keçirilərsə belə, Rusiyanı öz niyyətindən çəkindirəcək addım sayıla bilməz. ABŞ-ın Avropa ölkələrini Rusiyadan qaz idxalını dayandırmaq və onu SWİFT-dən ayırmaq kimi tədbirlərə razı salacağı da inandırıcı görünmür. Ən azı ona görə ki, başda Almaniya olmaqla bir çox Qərbi Avropa ölkələri enerji təchizatı sahəsində Rusiyadan asılı vəziyyətdədir və Rusiya ilə enerji alışlarını dayandırsalar özləri soyuqdan donacaqlar. 
 
Maraqlıdır ki, istər ABŞ, istərsə də bəzi NATO müttəfiqləri Ukraynadan əsirgədikləri hərbi yardımlarını Baltikyanı və digər Şərqi Avropa ölkələrinə çox görmür. ABŞ-ın son zamanlar bu bölgəyə əlavə 8 min 500 əsgər və çox sayda hərbi texnika göndərdiyi məlumdur. Bundan əlavə, ABŞ-ın hələ 2019-cu ildə Almaniyadan çıxardığı minlərlə əsgərini Polşaya yerləşdirmişdi. Həmin il Polşaya yerləşdirilən Amerikan əsgərinin sayı rəsmi statistikada 5.500-ü keçmişdi. Daha sonrakı dislokasiyalar nəticəsində bu say daha da artmışdı. Hazırda Polşada nə qədər ABŞ hərbi qüvvələrinin olduğu bilinmir. Üstəlik, ABŞ digər Baltikyanı ölkələrə də xeyli sayda qüvvə yerləşdirib. NATO-nun digər müttəfiqlərinin də bölgəyə ciddi hərbi qüvvələr göndərdiyi bildirilir. Pentaqonun rəsmi açıqlamasında görə, NATO-nun Cavab Qüvvələri çərçivəsində bu coğrafiyaya 40 min əsgərdən ibarət “güclü döyüş qüvvəsi” yerləşdirib.
 
 

Rusiya da Baltikyanı ölkələrdə NATO qüvvələrinin möhkəmlənməsinə laqeyd qalmaq niyyətində deyil. Fevralın 10-dan-20-nə qədər keçirilməsi planlaşdırılan “Müttəfiqlərin qətiyyəti” adlı hərbi əməliyyatları çərçivəsində Rusiya Belarusa 10 minlərlə əsgər və hərbi texnika göndərib. Həmin qüvvələrin təlimlərdən sonra da orda qalacağı gözlənilir. 4 hərbi baza, 5 hərbi aerodromda yerləşdirilən Rusiya təyyarə və hava hücumundan müdafiə sistemlərinin əsasən Baltikyanı ərazilərə yaxın yerlərdə dislokasiyası müxtəlif versiyaların meydana gəlməsinə yol açır. Bəzi mütəxəssislər bu hərbi texnikaların Belarusa yerləşdirilməsini Ukraynaya hücumların şimal cəbhəsindən başlaya biləcəyinə işarə kimi qiymətləndirsələr də, təhlükəni tamamilə başqa istiqamətdə gözləyənlər də az deyil. Sonuncuların mülahizəyə görə, Rusiya onsuz da Ukraynadan istədiyini 2014-cü ildə əldə edib. O, faktiki olaraq Ukrayna ərazisinin 15%-nə nəzarəti edir və bu ərazilər olduqca starteji önəmə sahibdirlər. Donbass və Krımı ələ keçirməklə Ukraynanı Azov dənizində tamamilə hərəkətsiz hala gətirən Rusiya Qara dənizin şimal hissəsini də öz nəzarətində saxlayır. Krım Rusiya üçün təkcə Qara dənizi deyil, həm də bu yarımadaya yerləşdirdiyi hərbi qüvvələri hesabına Şərqi Avropanı da öz müşahidəsi altına tutmağa imkanı verir. Dolayısıyla mövcud status-kvo Moskvanı tam qane edir. Moskva üçün yeni ərazilər əldə etmək yox, Ukraynadakı mövcud durumun dəyişdirilməməsi başlıca məqsəd ola bilər.


 
Rus qoşunlarının Belarusa yerləşdirilməsi, ardınca da ABŞ və NATO qüvvələrinin Baltikyanı ölkələrdəki hərbi qüvvələrini gücləndirməsi gözlənilən böyük qarşıdurmanın məhz bu istiqamətdə planlaşdırıldığından xəbər verir. Belə ki, Ukraynada rus təcavüzünə qarşı gerilla savaşları ilə dirəniş göstərməyə hazırlaşan Şimali Atlantik Alyans əsas hərbi qüvvələrini NATO üzvü olan Baltikyanı ölkələrə toplamaqla faktiki Belarusu və Kalininqradı mühasirəyə almaq istəyir. Belarusla Rusiya arasında quru sərhədləri olduğundan bu ölkənin tam mühasirəsi o qədər də real görünmür. Fəqət eyni sözləri Rusiyanın ən böyük eksklavı sayılan Kalininqrad barədə demək çətindir. Kalininqrad yerləşdiyi coğrafiya baxımından onsuz da mühasirə halındadır. Rusiyanın bu vilayətlə yeganə əlaqəsi Baltik dənizi vasitəsilədir. Son zamanlar İsveç və Danimarkanın NATO-ya üzvlük üçün müraciət etməsi Baltik dənizini də Rusiyanın üzünə tamamilə bağlayır. ABŞ və digər müttəfiqləri bu ərazidə öz hərbi gəmilərini yerləşdirərsə getdikcə gərginləşən Rusiya-NATO münasibərtləri fonunda Moskva ilə Kalininqradın son kommunikasiya əlaqələri kəsiləcəyi kimi, Kreml “Şimal axını” kəmərləri üzərindəki nəzarətinı də itirə bilər
 
Rusiya Kalininqradla torpaq əlaqəsi yaratmaq üçün Polşa və Litva sərhədlərinin kəsişdiyi nöqtədə özünə yeni bir dəhliz açmalıdır. “Suwalki” adlanan bu dəhliz cəmi 100 km kimi qısa ərazini əhatə edir və Kalininqradı itirməmək üçün hərbi müdaxiləyə getməyə məcburdur. 


 
Zənninimcə, Putinin NATO qüvvələrini 1997-ci il sərhədlərinə geri qaytımağa çağırması da bununla bağlıdır. Zira Polşa, Macarıstan və Çexiya 1999-cu ildə bu alyansa qəbul olunmuş, 2004-cü ildə Bolqarıstan, Slovakiya, Sloveniya, Rumıniya yanaşı, 3 Baltikyanı post-sovet ölkəsi də bu ittifaqa qoşularaq, Qara dənizdən Baltikə qədər ərazilərdə Rusiyanın Avropaya çıxışını həlqəvari şəkildə bağlayıblar. Beləcə, Rusiyanın Kalininqrada çıxış yolu da qalmayıb.
 
Rusiyanın Avropaya çıxış qapısı sayılan Baltik dənizinin tamamilə bağlanmasından sonra Gürcüstanın və Ukraynanın alyansa üzvlük perspektivi şimal qonşumuzun Qara dənizi də itirməsi anlamına gəlir ki, bu aqibət Rusiyanı xoflandırmaya bilməz. Baltik və Qara dənizi itirdikdən sonra faktiki olaraq qərdbən öz içinə qapanan Rusiyanın dünyaya açılan iki nəfəsliyi qalır: şimal-qərbdən Şimal Buzlu Okean və şərqdən Sakit Okean. Şimali Buzlu Okean ilin mühüm hissəsi buz altında olduğundan əlverişli keçid yolu sayılmadığı kimi, Sakit Okean da Rusiyanın sənaye mərkəzlərindən çox-çox uzaqdadır. Üstəlik, həmin su hövzəsi ABŞ və onun yaxın müttəfiqi Yapaniyanın nəzarətindədir. Bütün bunlar Rusiyanın əl-qolunu və bütün nəfəsliklərini bağlamaq mənasına gəlir. Əlbəttə ki, Kreml bu yoxoluşa sürüklənmək taleyi ilə razılaşa bilməz və nəyin bahasına olursa-olsun, öz ətrafında getdikcə daralan həlqəni yarmalıdır. Bu ağır imtahana isə məhz Baltik dənizindən başlamaq daha məntiqli görünür.
 
Zənnimizcə, bütün bu amillər Rusiyanı Kalininqradı mühasirədən çıxarmağa təhrik edir və bunu deməyə əsas verir ki, NATO ilə mümkün hesablaşma Ukraynada yox, Polşa və Litva sərhədlərində başlaya bilər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 6 567          Tarix: 26-01-2022, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma