Xəbər lenti

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamasında İsveç və Finlandiyanın NATO üzvlüyünə müsbət baxmadığını bildirməsi Qərb ölkələrini sözün həqiqi mənasında şoka saldı.
 
Ovqat.com-un məlumatına görə, R.T.Ərdoğan bu mövqeyini hər iki ölkənin terror təşkilatı PKK-ya verdiyi dəstəklə əlaqələndirdi.
 
Vaxtilə Yunanıstanın NATO-ya qayıtmasına razılıq verən Türkiyənin indi bu qərarın ağrılarını yaşadığını vurğulayan Ərdoğan Ankaranın bir də eyni səhvə yuvarlanmaq istəmədiyini dilə gətirdi. Onun fikrincə, Yunanıstan hazırda NATO üzvlüyündən istifadə edib Alyansın digər ortaqları ilə bərabər Türkiyəyə qarşı ittifaqlar yaratmağa çalışır. Bu gün PKK-ya dəstək verən İsveç və Finlandiya da sabah NATO-dan terror təşkilatlarını qorumaq üçün istifadə edə bilər.
 
Ərdoğanın bu çıxışı hər kəsdən daha çox Finlandiya və İsveçdə soyuq duş effekti yaratdı. Çünki Türkiyənin veto hüququndan istifadə etməsi təkcə bu ölkələrin Alyansa daxil olmasını əngəlləməz, həm də onları Rusiya qarşısında çətin vəziyyətə qoya bilər. 


 
Qərbin bir çox xarici siyasət ekspertlərinin fikrincə, Türkiyə prezidentinin bu çıxışı onun veto təhlükəsi ilə NATO müttəfiqlərindən müəyyən güzəştlər qoparmaq və ölkə daxili gündəmi dəyişmək istəməsindən qaynaqlanır. 
 
Finlandiya Xarici Siyasət İnstitutunun əməkdaşı Toni Alaranta “İlta Sanomat” xəbər saytına verdiyi açıqlamasında Ərdoğanın fikirlərini şərh edərkən deyib: “O, Qərbə göstərmək istəyir ki, xarici siyasət məsələsində hər şeyi deyə bilən, lazım gələrsə, belə mövqelər tuta bilən böyük liderdir. Hazırda Türkiyədə 70 faiz inflyasiya var və vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşüb. O, bu açıqlaması ilə diqqəti başqa yerə çəkmək istəyir”. 
 
 Finlandiyalı ekspertin sözlərinə görə, Ərdoğan həmçinin, Türkiyədən müsbət cavab alınacağı təqdirdə Qərbə Ankaranın fikirlərinə daha diqqətlə qulaq asmasının lazım olduğu mesajını çatdırmaq istəyir. Alaranta, Ərdoğanın bu açıqlamasında əsas mesajının ABŞ, Almaniya və Fransa kimi böyük ölkələrə ünvanlandığını düşünür. Ərdoğanın PKK, silah embarqosunun qaldırılması, Cənubi Kipr, Gülən qruplaşmasının qarşısının alınması kimi məsələlərdə Qərb ölkələrindən güzəşt istəyə biləcəyini deyən ekspert Türkiyənin veto məsələsində Rusiya ilə razılaşdığına isə inanmır.  


İsveçdə PKK mitinqi (14 may 2020-ci il)

 
Dolayısıyla Türkiyənin Finlandiyanın NATO üzvlüyünü tamamilə əngəlləməkdə ciddi olduğu fikrini yaxına buraxmayan Alaranta fikrini belə yekunlaşdırıb: "Hələ o nöqtəyə gəldiyimizi düşünmürəm. Amma bu istiqamətdə bir atmosfer olduğu üçün bir az narahatam. Ərdoğan bildirib ki, Finlandiya və İsveçin üzvlüyünə qarşı çıxmaq Türkiyənin maraqlarına uyğundur”.
 
Stokholm Universitetinin Türkiyə Araşdırmaları Departamentinin əməkdaşı Paul Levin isə ölkəsinin "Svenska Dagbladet" xəbər saytına verdiyi açıqlamada, PKK məsələsinin uzun müddətdir İsveç və Türkiyə münasibətlərində mühüm problem olduğunu bildirib. Ərdoğanın son açıqlamasında Qərblə münasibətlərdə bir çox məsələlərdə narahatlığını ifadə etdiyini qeyd edən isveçli ekspert Türkiyənin iki ölkənin üzvlüyündən əvvəl Qərbdən bəzi güzəştlər qoparmağı planlaşdırdığı görüşündədir. Onun fikrincə, Türkiyəni ən çox narahat edən məsələ ABŞ-ın PKK-nın Suriyadakı uzantısı olan YPG-yə verdiyi dəstəkdir.
 
American Enterprise İnstitutundan Elisabeth Braw isə Ərdoğanın fikirlərini belə şərh edib:
 
"Prezident Ərdoğan ağıllı taktikdir. O, indiki məqamda bu mövzunun NATO üzvlərindən F-35 təyyarələri almaq və ya  digər məsələrdə fürsət yaratdığını bilir." 
 


Bizim zənnimizcə isə, Türkiyə prezidenti veto kartından daha böyük məqsədlər üçün faydalanmağa çalışır.
 
1. PKK və Əsəd rejimi məsələsi

Əvvəla, xatırladaq ki, elə həmin çıxışında Rəcəb Tayib Ərdoğan İraqın quzeyindən sonra Suriyada da PKK uzantılarına qarşı hərbi əməliyyatlara başlayacaqlarının mesajını vermişdi. Suriyanın şimalındakı PKK ünsürləri isə əsasən ABŞ tərəfindən himayə olunur. Mümkündür ki, Ərdoğan bu manevrindəki digər məqsədi Vaşinqtonu bu coğrafiyada da PKK-nı himayə etməkdən çəkindirməkdir. Fikrimizcə, Türkiyə Rusiyanın çəkilməsi ilə tamamilə ABŞ-ın nəzarətinə keçən Şimali Suriya məsələsində Vaşinqtonla daha rahat dil tapa biləcək və PKK-nı bitirməklə yanaşı,  Moskvanın əlində oyuncağa çevrilən, indi isə İranın himayəsinə sığınan Bəşər Əsəd rejimini də ya Qərblə əməkdaşlığa cəlb edəcək, ya da bu ölkədə ciddi siyasi dəyişiklərin baş verməsi üçün əlindən gələni etməyə çalışacaq. Rusiyanın enerji asılılığından xilas olması üçün Avropanın da bu ssnenariyə böyük ehtiyacı var. Nədən ki, Qətərdən Avropaya nəqli planlaşdırılan qaz kəməri Suriyadan keçərək Türkiyəyə və ordan da Avropaya daşına bilər. Bu istiqamətdə ən ciddi əngəllərdən biri kürd separatizmi, digəri isə İranın və Rusiyanın təsir dairəsinə sığınan Bəşər Əsəd rejimidir. Ukrayna savaşının başlanması ilə bu əngəllərdən biri – Rusiya artıq Suriyanı tərk etmək məcburiyyətində qaldı. İqtisadi böhran keçirən İranın isə bundan sonra Suriyada təsirli olacağı da inandırıcı görünmür.
 
 
2. Yunanıstan dosyası
 
Rəcəb Tayib Ərdoğanın əsas hədəflərindən biri də Yunanıstandan qardaş ölkəyə gələ biləcək təhdidləri zərərsizləşdirmək ola bilər. Təsadüfi deyil ki, Ərdoğan həmin çıxışında Yunanıstan təhdidi üzərində xüsusi dayanmışdı. Bununla da İsveç və Finlandiyanın üzvlüyə qəbulu ilə bağlı sabah başlanacağı gözlənilən NATO Xarici İşlər nazirlərinin görüşünə Yunanıstan dosyası ilə getmək üçün münbit zəmin hazırlamışdı.


 
ABŞ və NATO ölkələrinin Rusiyaya qarşı cəbhəni genişləndirmək planını həyata keçirdikləri bir zamanda Türkiyənin öz ətrafında yarana biləcək təhdidləri aradan qaldırmağa çalışması başadüşüləndir. İstər Yunanıstanın bəzi NATO ölkələri tərəfindən silahlandırılması, istərsə də ABŞ-ın Suriyada PKK ünsürlərinə hər cür hərbi dəstəyi verməsi Rusiyadan sonra Türkiyəni də zəif nöqtə halına gətirə bilər. Baxmayaraq ki, Rusiyadan sonra ABŞ və Qərb ölkələrinin qarşısında növbəti hədəfinə çevriləcək digər əsas qüvvə Çin olacaq və Ərdoğanın veto çıxışının hədəfləri arasında üçüncü əsas məsələ də Çinlə bağlıdır.
 
3. Çin və “Bir Kəmər, Bir Yol”un Şimal marşrutu 

Əslində Rusiyanın qlobal geosiyasi məkanda ofsayt halına düşürülməsində Çini zərərsizləşdirmək planı da var. Belə ki, Rusiyanın Avropaya qapılarının bağlanması Çinin “Bir Kəmər, Bir Yol” layihəsini də təhlükəyə atır. Sirr deyil ki, Rusiya-Ukrayna savaşı nəticəsində bu layihənin şimal marşrutunun hava və quru yol xətti faktiki olaraq bağlanıb. Finlandiya və İsveçin NATO-ya üzv olması və bu ölkələrlə Rusiya arasında yaşanan gərginliklər Baltik dənizinin də əldən çıxması perspektivi yaradır. Bu isə nəticə etibarilə Rusiya üzərindən Qərbə dəniz yolunun da bağlanması anlamına gəlir. Nəzərə alsaq ki, Ukrayna savaşı Qara dənizi də ticarət qovşağı olmaqdan çıxarır, Rusiyanın bu sahədə cəlb edildiyi müharibənin əslində Çinlə də birbaşa əlaqəsinin olduğunu görə bilərik.
 
4. Arktika dəniz marşrutu 

Bəzi strateqlərin fikrincə, Finlandiya və İsveçin NATO-ya üzvlüyünün əsas səbəblərindən biri Arktika sahəsinin də Çin və Rusiyanın üzünə bağlanmasıdır. Bu görüşə əsasən, qlobal istiləşmə nəticəsində Şimali Buzlu Okeanda buzların əriməsi Rusiya və Uzaq Şərq ölkələri üçün yeni fürsətlər yaradır. Belə ki, Çin, Yaponiya, Cənubi Koreya və s. kimi Uzaq Şərq ölkələrinin qlobal dəniz ticarətində hazırkı marşrutu ekvator xəttinə yaxın ərazidən keçir. Cəbəllütariq boğazı, Süveyş kanalı, Qırmızı dəniz, Bab əl-Məndəb boğazı  və Cənubi Çin dənizindəki bir çox dar keçidlər bu marşrut üzərində ciddi tıxaclar yaratmaqla yanaşı, həm də bir çox ticarət gəmiləri bu marşrut üzərində yerləşən Sudan, Yəmən, Eritreya kimi Qızıl dəniz ölkələrinin sahillərdə dəniz quldurlarının hücumlarına məruz qalır. Marşrut ABŞ hərbi donanmasının nəzarətindədir və o, istəmədiyi ölkənin ticarətini əngəlləyə bilər.


 
Son zamanlar Arktikada və Şimali Buzlu Okeanında buzların əriməsi nəticəsində isə xeyli əngəllərlə əhatələnmiş cənub marşrutuna ən optimal alternativ ortaya çıxır. Bu alternativ marşrutun mühüm hissəsi Rusiyanın nəzarətində olan Arktika bölgəsindən keçir. Hazırkı cənub marşrutundan xeyli qısa olan Arktika yolunda bu zamanadək əsas əngəl həmin su hövzəsinin buz altında qalmasıdır. Şimal Buzlu Okeanda iqlim dəyişikliyi səbəbindən son illərdə artan buz əriməsi səbəbindən ilin sadəcə iyul və oktyabr ayları arasında istifadə edilə bilən bu marşrut getdikcə daha cazibədar hala gəlir. Rusiyanın buzqıran gəmiləri ilə soyuq aylarda belə, bu yolu ticarət gəmilərinə açması nəticəsində Arktika marşrutu getdikcə qlobal ticarət mərkəzlərinin diqqətini öz üzərinə çəkir. Təsadüfi deyil ki, 2018-ci ildə nəhəng konteyner gəmisi “Venta Maersk” Cənubi Koreyadan Almaniyaya yola düşmüş, Şimal qütbündə hərəkətin mümkün olduğunu nümayiş etdirmiş və dünya gəmiçiliyinin istiqamətini dəyişdirəcək ilk ekspedisiya kimi tarixə düşmüşdür. Məlum olmuşdur ki, bu xətt 20 min km-dən çox olan cənub marşrutundan 7 min km daha qısadır və Cənubi Koreya ilə Almaniya arasındakı səyahəti 34 gündən 16 və ya 23 günə endirə bilər. Nəticədə Asiya, Avropa və Amerika qitələri arasındakı nəqliyyat sahəsində vaxta və yanacağa qənaət olunar. 


 
Üstəlik, Çin mütəxəssislərinin araşdırmalarına görə, qlobal istiləşmənin səviyyəsi belə davam edərsə, qarşıdakı 30 il ərzində Şimal Buzlu Okeanı tamamilə əriyəcək və 2054-2058-ci illər arasında 100% istifadəyə hazır olacaq. Məhz bu özəlliklərinə görə bir çox Çin mütəxəssisləri Arktika marşrutunu gələcəyinİpək yolu” adlandırır və Avropa ilə ticarət əlaqələrini bu xətt üzərindən həyata keçirməyə üstünlük verirlər.
 
Çin və Rusiyanın üzərində dayandıqları həmin marşrut isə ABŞ-a sərf etmir. Çünki Şimali Buzlu Okeanının böyük hissəsi Moskvanın nəzarətindədir və bu marşrutun aktiv hala gəlməsi ilə ABŞ dünya ticarəti üzərindəki üstünlüyünü itirə bilər. Odur ki, ABŞ son zamanlar Rusiya prezidenti Putinin də hərbi strateji səhvindən ona qarşı maksimum faydalanmağa çalışır. Ukrayna savaşının meydana gətirdiyi xof nəticəsində Finlandiya və İsveçin NATO-ya daxil olması istər-istəməz Skandinaviya ölkələri ilə Rusiya arasında ciddi gərginliyə yol açır, bu da Arktika marşrutunun taleyini şübhə altına atır. Zira Finlandiyanın şimaldan Barents dənizinə çıxışı və NATO ölkəsi olan Norveçin də Rusiya-Skandiya gərginliyində öz müttəfiqlərinin yanında dayanması ehtimalı, sözsüz ki, bu marşrutun qərb hissəsini keçilməz edə bilər. 
 
Marşruta digər bir əngəl isə şərqdə yaradılır. Söhbət Yaponiya ilə Rusiya arasında yaşanan böhrandan gedir. Məlum olduğu kimi, Rusiyanın II Dünya müharibəsi zamanı Kuril və Saxalin adalarını alması bu iki ölkə arasında potensial ziddiyyət meydana gətirib. Rusiyanın Ukraynanı işğalından sonra yaranmış geosiyasi vəziyyətdən faydalanaraq 77 il əvvəl itirdiyi əraziləri geri qaytarmağa çalışan Yaponiyanın bu təşəbbüslərinin yaxın zamanlarda böyük hərbi böhrana çevrilməsi belə istisna edilmir. Belə olan təqdirdə, Arktika dəniz marşrutunun həm şərq, həm də qərb qapıları Putinin əlini döşəyə vurana qədər bağlana bilər.
 
Bütün yollar Türkiyədən kecir
 
Sözsüz ki, Ankara da bütün bunların fərqindədir və böyük ehtimalla, Ərdoğan həqiqətən də Skandinaviya ölkələrinin ABŞ üçün daşıdığı əhəmiyyət üzərində təhlükə həlqəsi yaradaraq Qərb ölkələrindən Türkiyəyə qarşı yönələn təhdidləri zərərsizləşdirməyə çalışır. Və yəqin ki, bunu əldə edəcək də. 


 
İsveç və Finlandiyanın NATO üzvlüyünün yaradacağı yeni geosiyasi vəziyyət, xüsusilə də dünya ticarət xətti üzərindəki təsirləri geniş perspektivdə götürəndə əslində Türkiyənin də milli maraqlarına uyğundur. Ən azı ona görə ki, Şimal dəniz yollarının qapalı qalması Orta Asiyadan Avropaya uzanan quru marşrutunun davamlılığına zəmanət verir. Ukrayna savaşından sonra yaranmış yeni reallıqda isə bütün yollar Türkiyədən keçir
 
Üstəlik, Rusiyanın zəifləməsindən sonra Orta Asiya ölkələrini Çinə qapdırmamağın yeganə qarantı da Türkiyə ola bilər. Çünki bu coğrafiyanı yumşaq gücündən istifadə edərək qoruya biləcək yeganə ölkə Türkiyədir və onun söykənəcəyi əsas ideoloji söykənək isə Turk Birliyi ideyasıdır. Türk Birliyi Qərb dünyasının iki ən böyük xofu halına gələn Rusiya və Çin arasında da bufer zona yarada bilər ki, indiki şəraitdə bu, həm Türkiyənin, həm də ABŞ və Avropanın aparıcı dövlətlərinin mənfəətlərinə uyğundur.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 994          Tarix: 14-05-2022, 08:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma