Xəbər lenti

Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasa ev sahibliyi edəcək Ermənistan hakimiyyətinin bu dəfə də KTMT-dən Azərbaycana qarşı istifadə etmək üçün uğursuz cəhdlər etməyə çalışacağı şübhəsizdir.

Ümumiyyətlə, KTMT və təşkilata üzv Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanla Ermənistan arasında münasibətlərin gərgin və qeyr-səmimi olduğunu demək olar. Rəsmi İrəvan KTMT-yə etibarlı tərəfdaş kimi baxmayıb və daim bu təşkilatı çətin vəziyyətdə qoyan addımlar atıb.

2018-ci il mayın 1-də Serj Sarkisyan hakimiyyətinə qarşı kütləvi etirazlar fonunda hakimiyyətə gələn Nikol Paşinyan bu müddət ərzində qərbpərəst siyasət yürütməyə başladı. Onun formalaşdırdığı hökumət də, əsasən, Qərbdə təhsil almış, uzun illər Avropa və ABŞ-dan maliyyələşən QHT və fondlarda çalışmış kadrlardan ibarət idi. Onlar Paşinyan da daxil olmaqla, 2018-ci ilə qədər olan müddətdə Rusiya əleyhinə aksiyalarda iştirak etmiş, ölkənin Rusiya asılılığından və KTMT-dən çıxması tələbi ilə aksiyalar keçirirdilər.

Qərbpərəst siyasət yürüdən Paşinyan hökuməti ABŞ, Fransa, Kanada və s. ölkələrdən divident qazanmaq, Avropa İttifaqı ilə yaxınlaşmaq üçün cəhdlər edir, KTMT-nin reputasiyasına zərbə vurmaq, Rusiyadan uzaqlaşmağa çalışırdı.

Paşinyanın KTMT-yə ilk zərbəsi özünü çox gözlətmədi. O, hakimiyyətə gələndən az sonra - 2018-ci ilin iyulunda KTMT-nin Baş katibi Yuri Xaçaturova cinayət işi açıldı, o, həbs edildi. İrəvanın istəyi ilə 2018-ci il noyabrın 2-də Xaçaturov KTMT-nin Baş katibi postundan azad olundu.

Xaçaturovun vəzifəsini icra edən zaman saxlanılması və həbs edilməsi Ermənistanda daxili siyasəti proseslərin nəticəsi yox, daha çox Paşinyanın KTMT-ni nüfuzdan salmaq, Qərb ölkələri qarşısında xal qazanmağa hesablanmış siyasi gediş idi.

Təşkilata üzv ölkələri, o cümlədən Moskvanı məlumatlandırmadan təşkilatın işini koordinasiya edən şəxsin həbsi əslində bütün KTMT-yə, əsasən də Kremlə qarşı hörmətsizlik idi. Çünki rəsmi İrəvan Yuri Xaçaturovu katiblikdən geri çağırıb həbs edə bilərdi, amma onu dərhal vəzifə başında həbs etməklə Rusiyanın reputasiyasına zərbə vurdu.

Paralel olaraq, Ermənistan Rusiya əleyhinə hərbi casusluqla da məşğul olurdu. Belə ki, rəsmi İrəvan tərəfindən KTMT çərçivəsində hərbi planlaşdırma və birgə Hava Hücumundan Müdafiə Qüvvələri sisteminin bütün texniki xarakteristikaları, Rusiya ordusunun döyüş planları, döyüş hazırlığı və hərbi əməliyyatların aparılması metodologiyalarını Qərbə ötürülüb. İllərlə davam edən bu proses Rusiyanın istər hücum, istərsə də müdafiə silahlarının, artilleriya sistemlərinin, HHM komplekslərinin xarakteristikalarının Qərbə, o cümlədən NATO ekspertlərinin əlinə keçməsinə yol açıb. Casusluq işində hər il Rusiyanın ali hərbi məktəblərini bitirən erməni kursantların da rolu böyükdür. 1992-ci ildən bəri 2500-dən çox erməni hərbçi Rusiyada hərbi təhsil alıb, erməni generalitetinin əsas hissəsi də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasını bitiriblər. Onlar bütün təhsil materiallarını və onlarla birgə təhsil alan rus hərbçilərin şəxsi fayllarını belə Qərbə ötürüb, Rusiya ordusunun şəxsi heyəti və hərbi sənayesi barədə dolğun məlumatlar veriblər. İstisna olunmur ki, Rusiyanın Ukraynada məğlubiyyətlər üzləşməsində məhz Qərb dairələrinə ötürülmüş bu məlumatların da rolu olub.

Əlbəttə, sirr deyil ki, Rusiya xüsusi xidmət orqanları Kremlə Ermənistan hakimiyyətinin Rusiyanın müdafiə potensialına və beynəlxalq imicinə vurduğu zərbə barədə məlumat verib. Rusiya hakimiyyəti KTMT-yə üzv digər ölkələrlə birgə Paşinyanın oynadığı riyakar siyasəti yaxşı anlayır və buna adekvat tədbirlər görür.

Onlar anlayır ki, hərbi bloku Azərbaycanla üzbəüz qoymağa cəhd edən Nikol Paşinyan eyni zamanda, təşkilatı daxildən parçalamağa cəhd edir. Bu baxımdan, ona təşkilat daxilində heç bir etimad yoxdur. Əksinə, KTMT liderləri Azərbaycan dövlət başçısı İlham Əliyevlə sıx dostluq və əməkdaşlıq münasibətindədir. Bu əməkdaşlıq yalnız hərbi, siyasi, yaxud iqtisadi müstəvidə deyil, həm də xalqlar səviyyəsində Ermənistandan fərqli olaraq səmimidir.

Bu yanaşma oktyabrın 28-də KTMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da özünü göstərdi. Belarus Prezidenti Aleksandr Lukaşenko təşkilata üzv ölkələrin Azərbaycanla ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu dedi və Ermənistan Baş naziri Nikol Paşinyanı sərt tənqid etdi: “Siz bizdən (KTMT) mövqeyimizi müəyyənləşdirməyi tələb etdiniz. Siz bəyəm bizim mövqeyimizi bilmirsiniz? Biz istərdik ki, qonşu dövlətlər arasında münaqişə sülh yolu ilə həll olunsun”.

Belarus lideri Ermənistanın KTMT ilə Azərbaycanı üzbəüz qoymaq cəhdlərini tənqid edərək Azərbaycanın təşkilata düşmən olmadığını bir daha xatırladıb.

Lukaşenkonun çıxışı, əslində, bütün KTMT liderlərinin konsensus mövqeyi idi və eyni zamanda, Nikol Paşinyanın riyakar diplomatiyasının iflasa uğraması anlamına gəlirdi.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın əsassız iddialarına görə Azərbaycanla münasibətləri korlamaq niyyətində olmadıqlarını nümayiş etdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı dediyi fikirlər də bunu təsdiqləyir.

“Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Biz bu təşkilatın üzvü deyilik, Ermənistan bu təşkilatın üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi. Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur. Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan-Ermənistan sərhədinə sentyabrın 22-də KTMT-nin sərhəd missiyası göndərilməsinə baxmayaraq, rəsmi İrəvan növbəti dəfə Rusiyaya və üzvü olduğu təşkilata qarşı hörmətsizlik nümayiş etdirdi. Belə ki, Paşinyan hökuməti 21-27 oktyabr tarixlərində ATƏT missiyasının, 27 oktyabrdan bəri isə Avropa İttifaqının 40 nəfərlik müşahidə missiyasını 2 aylıq müddət üçün Azərbaycanla sərhədə gətirdi.

Əslində, Paşinyan hakimiyyəti bununla Rusiyanın KTTM xətti ilə fəaliyyətinə inamsızlıq nümayiş etdirdi və regiona kənardan qüvvələr yerləşdirməyə cəhd etdi.

Bu da azmış kimi, Nikol Paşinyanın ailə qəzeti olan “Aykakan Jamanak” və digər KİV-in köməyi ilə Rusiya və KTMT əleyhinə “qara piar” kampaniyasına başladı. Mediada KTMT-nin lazımsız qurum olması, Ermənistan qarşısında öhdəliklərini icra etməməsi iddia olunur, Paşinyan da daxil olmaqla, rəsmi şəxslərin İrəvanın təşkilatdan çıxa biləcəyi ilə bağlı şantaj dolu açıqlamaları tirajlanırdı. Paralel olaraq, Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının 2044-cü ilə qədər fəaliyyət göstərməsi barədə razılaşmanın ləğv olunması və ölkədən çıxarılması tələbləri daha gur səslənirdi. Bütün bu rusofob kampaniya isə əlbəttə ki, Paşinyan administrasiyasının göstərişi ilə həyata keçirilirdi.

Ermənistanlı siyasi ekspertlər və partiya rəhbərləri ölkə televiziyalarında çıxışlarında Rusiyanın hazırkı siyasətini tənqid edir, ölkənin əksər problemlərində Kremli ittiham edirdilər.

Ermənistanın KTMT və Rusiyaya qarşı mübarizəsinin növbəti nümunəsi kimi ötən gün İrəvanda KTMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində Vladimir Putinin səfərinə qarşı keçirilən etirazı misal göstərmək olar. Əllərində ABŞ, Avropa ölkələri, Aİ və Ukraynanın bayraqlarını tutan yüzlərlə etirazçılar “KTMT rədd ol!”, “Rusiya bizim düşmənimizdir!” və s. şüarlarla şəhərin mərkəzində polislərin müşayiəti ilə aksiya keçirdilər...

Bütün baş verənlər onu göstərir ki, Ermənistan heç vaxt heç kimə qarşı dürüst davranmır, hər an müttəfiqlik və əməkdaşlıq münasibətlərinin üstündən xətt çəkməyə hazırdır. Bircə qalır Rusiya və digərlərinin, nəhayət ki, bunu anlaması...

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 4 762          Tarix: 23-11-2022, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma