Xəbər lenti

“Fransanın Ermənistana silah göndərməsi və Gürcüstanın silah dolu nəqliyyata sərhədlərini açması Bakıda gərəyindən artıq əks-reaksiyaya səbəb olub”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

Heydər Oğuzun fikrincə, Fransanın Ermənistanla hərbi saziş bağlamasının və bu saziş çərçivəsində İrəvana bəzi silahlar göndərməsinin zamanlamasına və göndərilən silahların xarakterinə nəzər salmadan, bu barədə hər hansı münasibət bildirmək doğru deyil: 

“Məlumdur ki, Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizəyə 3 il əvvəl başlamışdı. 2020-ci ildə 44 günlük savaşda Qarabağ ətrafındakı ərazilərimiz işğaldan azad olundu və ermənilərə ağır zərbə vuruldu. Üzərindən 3 il keçəndən sonra, yəni bu ilin sentyabr ayının 19-da keçirilən antiterror əməliyyatı zamanı Qarabağın dağlıq hissəsi də erməni separatçılarından tamamilə təmizləndi. Fransa isə erməniləri o vaxt yox, indi silahlandırır. Parisin əgər ermənilərlə bizi bir-birimizə qırdırmaq niyyəti olsaydı, silahları da məhz o zaman verərdi”, - deyən hömsöhbətimiz bildirib ki, düzdür, hər iki müharibə zamanı Fransa beynəlxalq müstəvidə çox canfəşanlıq etdi, amma Azərbaycana qarşı real bir addım atmadı.

Siyasi şərhçi bu hadisələrin zamanlamasının təsadüfi seçilmədiyinə inanır:

“Görünən budur ki, Azərbaycan və Ermənistan beynəlxalq aləmdə tanınmış ərazilərinə tam sahib olduqdan sonra Fransa erməniləri silahlandırmağa başladı. Bu da ondan xəbər verir ki, beynəlxalq güclərin, o cümlədən Fransanın məqsədi region dövlətlərini yeni müharibələrə həvəsləndirmək deyil. Əksinə, Ermənistanın müdafiə gücünü artırmaqla qüvvələr balansını tənzimləmək və region dövlətləri xarici təcavüzlərdən qorumaqdır”.

Həmsöhbətimizin fikrincə, Ermənistanın hərbi qüdrətinin artırılmasının əsl hədəfi Azərbaycan deyil, onu Rusiya və İranın hərbi təcavüzlərindən mümkün qədər qorumaq səyləridir:

“Bildiyimiz kimi, Ermənistan son zamanlar Rusiyanın və İranın himayədarlığından ayrılaraq Avropaya yönəlmək istəyir. Hətta öz ərazilərindən rus qoşunlarını çıxarmaq və sərhədlərini Aİ-nın hərbi qulluqçularına həvalə etmək niyyətindədir. Bu xüsus Ermənistan baş naziri Nikol Paşinyanın dəfələrlə dilə gətirdiyi bəyanatlarında çox açıq şəkildə yer alır. Ermənistanın artıq neçənci dəfədir ki, KTMT-nın toplantılarına qatılmaması və Rusiya ilə bütün siyasi-iqtisadi əlaqələrini sonlandırmağa çalışması da bu niyyətdən xəbər verir. Nəticədə onun həm İranla, həm də Rusiya ilə münasibətləri getdikcə pisləşir və bu da təbiidir. Çünki Rusiya öz arxa bağçası hesab etdiyi regiondan çıxmaq, İran isə geosiyasi rəqib kimi gördüyü Qərb hərbçilərinin özünün sərhədlərində dayanmasını istəmir. Ermənistan da məhz bunu etdiyindən hər iki dövlətin ciddi təzyiqlərinə məruz qalır və yaxın gələcəkdə daha çox basqılarla üzləşə bilər. Odur ki, onun müdafiə çəmbərinə alınması zərurəti ortaya çıxır”.

Qərb dövlətlərinin Cənubi Qafqazla bağlı siyasətinin olduqca mürəkkəb “tənlik” üzərində qurulduğunu bildirən siyasi şərhçi bu “tənliyin” bir neçə məchulu olduğuna inanır:

“İlk “məchul” erməni xalqının təhlükəsizlik anlayışı ilə bağlıdır. Bilirsiniz ki, Rusiyanın erməni əsilli təbliğatçıları və kütləvi informasiya vasitələri Ermənistan xalqını “siz Moskvanın himayəsi olmadan yaşaya bilməzsiniz” tezisinə inandırmışdı. Azərbaycan və Türkiyə ilə düşmənçilik hissləri, “Böyük Ermənistan” xülyası, xüsusilə də Qarabağın işğalı istər-istəməz ermənilərin bu tezisdən bərk-bərk yapışmasını şərtləndirmişdi. Azərbaycan işğal altındakı ərazilərini işğaldan azad edərək bu xülyanı böyük ölçüdə ortadan qaldırdı. Artıq erməni toplumunda Rusiyaya himayədar kimi baxmaq ənənəsi darmadağın olub. “Gallup” beynəlxalq sorğu mərkəzinin bu yaxınlarda Ermənistanda keçirdiyi rəy sorğusu da iddiamızı təsdiqləyir. Rəy sorğusu göstərir ki, respondentlərin 41,1 faizi Fransadan, 23 faizi ABŞ-dan, 21,3 faizi Hindistandan, 18,7 faizi İrandan, 14,4 faizi Rusiyadan, 1,8 faizi Çindən hərbi-siyasi yardım gözləyir. Halbuki, bir il bundan əvvəl təhlükəsizlik zəmanətlərini Rusiyada görənlərin sayı daha çox idi. İndi isə hətta Hindistana güvənən ermənilərin sayı Rusiya və İrana meylliləri üstələyir. Bu da öz növbəsində ermənilərin Rusiyaya ümidlərinin böyük ölçüdə öləzidiyini göstərir. Nəticədə ermənilərin Avropaya inteqrasiyası daha rahat hala gəlir. Sözsüz ki, istənilən bir millətə təhlükəsizlik ümidləri bəxş etmədən onu harasa yönləndirə, bağlaya bilməzsən. Fikrimcə, Fransanın ona silah verməsinin və Gürcüstanın həmin göndərişə razı salınmasının əsas səbəbi budur”.

Heydər Oğuzun fikrincə, “tənliy”in digər “məchul”u region dövlətlərinin Ermənistana yanaşması ilə əlaqədardır:

“Sirr deyil ki, Rusiya öz imperialist maraqları naminə erməniləri qonşuları ilə düşmən edib və bu düşmənçiliyə söykənərək regionda qalmağı bacarır. Deməli, erməniləri rus imperializmin caynağından qoparmaq üçün həm də qonşularının ona münasibətini dəyişdirmək lazımdır. Məsələn, Azərbaycan öz işğal olunmuş ərazilərini azad etməsəydi, qiyamətə qədər Ermənistanla sülhə razılaşmazdı. Regional sülh isə bölgənin, o cümlədən Ermənistanın Avropaya inteqrasiyasında mühüm rol oynayır. Əvvəla, ona görə ki, Ermənistan təkcə siyasi islahatlarla Avropaya inteqrasiya oluna bilməz. İqtisadi inteqrasiya daha vacibdir. Siyasi inteqrasiya iqtisadi inteqrasiya ilə möhkəmlənməsə, Ermənistan hər tərəfdən düşmən əhatəsində yaşamaqla Avropanın bir parçasına çevrilə bilməz. İqtisadi inteqrasiya üçün isə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Bu baxımdan Zəngəzur dəhlizi projesi Ermənistanı Avropaya bağlayan qan damarıdır və Azərbaycandan, Türkiyədən çox Ermənistana lazımdır. Çünki Azərbaycan Gürcüstan üzərindən bu iqtisadi inteqrasiyanı çoxdan qurub. Ermənistan iqtisadiyyatını çiçəkləndirmək və onu Avropaya bağlamaq üçün isə Zəngəzur dəhlizi açılmalı, bunun üçün də düşmənçiliklərə son qoyulmalıdır.

Üstəlik, Ermənistanın enerji təhlükəsizliyi məsələsi də var. Bu zamanadək Ermənistan öz enerji tələbatını Rusiyadan tədarük edirdi. Rusiyanın verdiyi qazla qızınır, elektrik enerjisi ilə evlərini işıqlandırır, müəssisələrini işlədirdi. İrəvan enerji asılılığını həll etmədən Rusiyadan uzaqlaşa bilməz. Çünki Moskva açıq şəkildə onu Avropaya yönələcəyi təqdirdə qazını, elektrikini və yanacağını kəsməklə təhdid edir. Bu durumda Ermənistanın enerji asılılığından xilas olmasının iki alternativi var: ya Rusiyanın kəsdiyi enerjini İrandan almalı, ya da tamamilə başqa bir mənbə tapmalıdır. Amma burada bir başqa “məchul” ortaya çıxır. Qərb ölkələri təkcə Rusiyanı təcrid etmək istəmirlər. Onların hədəflərindən biri də İrandır. Bəs, Ermənistanı İranın da caynağından qurtarmaq üçün onun enerji təhlükəsizliyi necə təmin olunmalıdır?

Sözsüz ki, enerji sıxıntısı çəkən Avropanın Ermənistanın bu tələbatını ödəmək qüdrəti yoxdur. Yaxın Şərq ölkələri də istəsələr belə, onu qazla, neftlə təmin edə bilməzlər. Bunun üçün onların verdiyi enerji mənbələri də İrandan keçməlidir. Haqqında danışdığımız “tənliyin” bir “məchul”u İran olduğundan, bu variantda problem həll olunmamış qalır. Belə anlaşılır ki, Ermənistanın Rusiya və İrandan qopmaq üçün özünə lazım olan enerjini Azərbaycandan almaqdan başqa çarəsi yoxdur. Bunun üçün də Azərbaycan və Türkiyə ilə barışmalı, sülh və əməkdaşlıq sazişləri bağlamalıdır. Məsələyə bu aspektdən baxanda Fransanın Ermənistanı Azərbaycana qarşı silahlandırması heç bir məntiqə sığmır və ümumi məqsədə xidmət etmir”.

Heydər Oğuzun fikrincə, Ermənistana verilən silahların xüsusiyyətləri də hədəfin Azərbaycan olmadığını göstərir:

“Erməni hərbi ekspertlərinin də etiraf etdiyi kimi, Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi “Bastion” zirehli texnikası dağlıq ərazilərdə döyüşmək üçün səmərəli döyüş aparatı hesab olunmur. “Bastion”lar əsasən Afrikada döyüşlər üçün layihələndirilib və Ermənistan iqliminə uyğunlaşdırılmayıb. Ermənistanın dağları, təpələri və dərələri arasında bu texnikanın Azərbaycan Ordusunun asan ovuna çevrilə biləcəyini deyən hərbi ekspert Ayk Naapetyanın fikrincə, “Fransa BTR - ləri yalnız mövcud hakimiyyətin görkəmli xadimlərini İrəvan ətrafında daşımaq üçün yararlıdır”. Belə anlaşılır ki, bu texnikalar Paşinyan hakimiyyətini riskli addımlar atacağı təqdirdə, daxili çaxnaşmalardan qorumaq üçün göndərilib”.

Heydər Oğuz onunla da razılaşır ki, İrəvanla Paris arasında bağlanan müqavilələrdə “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə kompleksləri də var. Bu iki sistemin birləşdirilməsi nəticəsində Ermənistan 250 km. mənzilli raket hücumlarını dəf edə biləcək. Amma gəlin, razılaşaq ki, bu qurğular müdafiə silahlarıdır və hücum üçün nəzərdə tutulmayıb, ən əsası isə, Azərbaycanın da bu silahları zərərsizləşdirəcək hərbi arsenalı var. 

Üstəlik, Ermənistan Azərbaycana hücuma keçərsə, Türkiyə də buna laqeyd qalmaz. Nəticədə Ermənistan iki Türk dövləti arasında qalıb tamamilə sıradan çıxa bilər.

Digər tərəfdən, Azərbaycanın yaxın gələcəkdə Ermənistana qarşı ən güclü silahı bayaq bəhs etdiyim enerji kartı olacaq və nə Qərb dövlətləri, nə də Ermənistan bu perspektivlə qarşılaşmaq istəməz”.

Heydər Oğuz onu da xatırladıb ki, Fransa rəsmiləri də Ermənistana əsasən müdafiə silahları verdiklərini açıq şəkildə bəyan ediblər və buna inanmamaq üçün heç bir əsas yoxdur:

“Fransanın müdafiə naziri ermənistanlı həmkarı ilə hərbi saziş bağlayarkən etiraf edərək deyib: “Bu, öz təbiətinə görə yalnız Ermənistan ərazisinə təcavüz olduqda və əksər hallarda mülki əhali hücum altında olanda müdafiəni həyata keçirən silah sistemidir”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Azərbaycan öz geosiyasi mövqeyinə görə, Avropa üçün Ermənistanla müqayisə edilməyəcək dərəcədə mühüm ölkədir və ağlı başında olan heç bir ölkə Azərbaycanı Ermənistana qurban verməz:

“Düzdür, biz zaman-zaman Fransanın Ermənistana qahmar çıxdığını görürük. Zənnimcə, bu tərəfkeşliyin əsas səbəbi erməni lobbisinin dəstəyini qazanmaqdır. Real işə gələndə isə Fransa da Azərbaycanın iradəsi ilə razılaşmağa məhkumdur. Hər halda, Avropa təkcə Fransadan ibarət deyil və Paris istəsə belə, bir çox məsələlərdə özbaşına hərəkət edə bilməz. Buna cəhd edərsə, ilk növbədə Qərbin digər güclərinin təzyiqi ilə üzləşər. Azərbaycanın ən böyük geosiyasi əhəmiyyəti Orta Asiya ilə Avropa arasında Rusiya və İransız körpü qurmaq qabiliyyətindədir. Yeri gələndə, Ermənistan bu körpü üçün o qədər də mühüm mövqeyə malik deyil. Ermənistan olmasa belə, Azərbaycan bu körpünü Gürcüstan üzərindən qura bilər. Azərbaycansız isə bu körpünün qurulması mümkün deyil. Digər tərəfdən, Azərbaycan həm də Cənubi Qafqazın əsas təchizat mərkəzi kimi fəaliyyət göstərmək imkanına malikdir. Bizi bu təhlükədən çıxsaq, geridə Rusiya və İrana bağlılıq qalacaq”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 320          Tarix: 16-11-2023, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma