Bu gün dünyanın müxtəlif regionlarında vaxtilə dondurulmuş münaqişə və gərginlik ocaqları yenidən alovlanır. Böyük güclər öz məqsədlərini təmin etmək üçün ya bilərəkdən bu toqquşmalara təkan verir, ya da dərhal hərəkətə keçərək katalizator rolunu oynamağa cəhd edirlər.
Yayların gərildiyi belə yerlərdən biri də Balkan yarımadasındadır. Belə ki, Balkanların iki böyük dövləti - Türkiyə və Yunanıstan keçən əsrin sonlarından etibarən Egey dənizinin su sahəsindəki suverenlik və onun üzərindəki hava məkanı uğrunda mübarizə aparırlar. Bu vəziyyət tərəflər arasında siyasi və iqtisadi böhrana səbəb olub.
Bununla belə, hələ 1988-ci ildən - baş nazirlər Andreas Papandreu və Turqut Özal tərəfindən başladılan və "Davos prosesi" adlandırılan yaxınlaşma cəhdləri bu gün də davam edir.
Münasibətlərin əhəmiyyətli dərəcədə istiləşməsinə təkan 1999-cu ilin ikinci yarısında yaranan zəlzələ diplomatiyası oldu. Hər iki ölkənin güclü zəlzələdən əziyyət çəkməsi münasibətlərin yaxşılaşdırılmasına kömək etdi.
2001-2011-ci illərdə Yunanıstanın Türkiyəyə illik ixracatı təxminən 10 dəfə atdı. Məbləğ 266 milyon dollardan 2,569 milyon dollara qədər böyüdü. Xarici işlər naziri, daha sonra Yunanıstanın Baş naziri olan Georgios Papandreou ilə Türkiyənin xarici işlər naziri İsmayıl Cem və sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlar nəticəsində əlaqələrin yaxşılaşdırılmasında ciddi irəliləyiş əldə edildi. Bu, Yunanıstan hökumətinin Türkiyənin Avropa perspektivinə dəstək siyasətinin nəticəsində baş verdi. Bununla birlikdə 2005-ci ildə aparılan sorğular yunanların yalnız 25%-nin Türkiyənin Avropa Birliyinə qoşulmasına dəstək verdiyini göstərdi.
2010-cu ildə Türkiyənin ozamankı Baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə nazirlə Afinaya rəsmi səfər etdi. Analitiklərə görə, danışıqlar dövlətlərarası münasibətlərdə müəyyən bir istiləşmənin təzahürü oldu. Türkiyənin ovaxtkı xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə hökumətinin iki ölkə arasında münasibətlərdə "psixoloji dəyişiklik atmosferi" yaratmağa çalışdığını söylədi.
Buna baxmayaraq, Ankara ilə Afina arasında münasibətlər hələ də tam normallaşmayıb. Tərəflər zaman-zaman müxtəlif səviyyələrdə bir-birinə xəbərdarlıq ediblər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il demişdi ki, Ankara Egey dənizindəki haqlarından vaz keçməyəcəyi kimi, adaların silahlandırılması mövzusunda beynəlxalq razılaşmaların ona verdiyi səlahiyyətləri istifadə etməkdən çəkinməyəcək. O, çox kəskin formada Yunanıstana özünə gəlməsi barədə xəbərdarlıq etmişdi.
Maraqlıdır ki, bu tipli qarşılıqlı xəbərdarlıqlara baxmayaraq, diplomatik gərginlik hərbi müstəviyə keçmədi. Hər iki tərəf bunun qarşısını almağı bacardı. Çünki ehtimal edilən müharibə ancaq üçüncü tərəflərin marağında idi. R.T.Ərdoğan bu il dekabrın 2-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində bu barədə konkret danışdı. O dedi ki, başda ABŞ olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır.
Məlum olduğu kimi, Türkiyənin müasir xarici siyasətində əsas istiqamət bir vaxtlar düşmən olan dövlətlərlə əlaqələrin normallaşması istiqamətində addımların atılmasıdır. Son illər Ermənistan, Suriya, Misir, İsraillə münasibətlərin normallaşması istiqamətində atılan addımlar bunu deməyə əsas verir. Yunanıstanla münasibətlər də bu qəbildəndir.
Bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Yunanıstan qonşu ölkə kimi yardım etdi. Xarici işlər naziri Nikos Dendias zəlzələ bölgəsinə - Hataya getdi ki, bu da ciddi jest və mesaj idi.
Nəzərə almaq lazımdır ki, həm Türkiyə, həm də Yunanıstan NATO dövlətidir. Tərəflər arasında gərginliyin artması və ehtimal olunan hərbi toqquşma gələcəkdə hətta Alyansın parçalanmasına səbəb ola bilər. Bu isə dünya üçün ciddi təhdiddir.
Bu arada, qeyd edək ki, R.T.Ərdoğan bir neçə gündən sonra - dekabrın 7-də Yunanıstana gedəcək. Səfər çərçivəsində ikitərəfli əlaqələrin, regional məsələlərin müzakirə olunacağı şübhəsizdir. Afinada imzalanması nəzərdə tutulan sazişlər iki ölkə arasında əlaqələrin artan templə inkişafına kömək edəcək. Yəqin ki, liderlər tədricən “buzları əritməyə çalışacaqlar”.
Səfər uğurlu keçərsə, gələcəkdə qarşılıqlı etimad mühitinin yaranmasına xidmət edəcək başqa addımlar da atıla bilər. Həmçinin, perspektivdə Yunanıstan rəsmilərinin Ankaraya səfəri də mümkündür. Düşünmək olar ki, normallaşma istiqamətində səylər davam edəcək. Çünki tərəflər səmimi görünür.
Əlbəttə, intensivləşən təmaslar və münasibətlərin inkişafı heç də bütün qlobal güclərin ürəyindən olmayacaq. Əksinə, ehtimal etmək olar ki, prosesə müdaxilə etmək istəyən “gizli əllər” tapılacaq.
Ankara ilə Afina arasında münasibətlərin gələcəkdə də inkişafı təkcə bu iki dövlətə fayda verməyəcək. Bu, həm də Balkanlarda və NATO daxilində sabitliyin qorunmasına kömək edəcək. Beləliklə, üçüncü güclərin müxtəlif bəhanələrlə regiona müdaxiləsinin qarşısı alınacaq.
Bu baxımdan, R.T.Ərdoğanın Yunanıstana səfəri mühüm əhəmiyyətə malikdir. Çoxillik tilsim, deyəsən, qırılır. Digər tərəfdən, bu, həm də Qərbin “oyunu"nun pozulmasıdır.
Report.az
Paylaş: