Xəbər lenti

Rusiyanın Güney Qafqazda dayaqları zəiflədikcə bu dövlətin siyasi və ekspert dairələrində ermənilərə ünvanlı “qaniçən, xoxan Türk” təbliğatı da güclənir. Anlaşılandır. Şər imperiyası əsrlər boyu Türkiyə ilə torpaq uğrunda, mənafe uğrunda savaş aparıb. Qafqaz da istisna təşkil etməyib. Hər nə qədər Ankara ilə Moskva arasında münasibətlər indi ilıq olsa da, aydındır ki, onlar “mehriban düşmənlər” kimidir. Üstəlik, qardaş ölkə NATO-nun üzvüdür.

İş ondadır ki, axır vaxtlar Ermənistanın özündə də bədbəxt xalqın beyninə israrla “Azərbaycanla sülh müqaviləsi imzalansa Türkün qulu olacağıq” tezisi yeridilir. Guya tarixdə erməni kiminsə ağası olub. Ancaq məsələ bunda deyil. Ondadır ki, belə əks-təbliğat müstəsna olaraq, bölgədə möhkəmlənmək istəyən Kremlin “dəyirmanı”na su tökür, onun imperiya maraqlarına xidmət edir. Çünki qonşu Türkiyə və Azərbaycanla dostluq Ermənistana və onun xalqına rifah, inkişaf və əmin-amanlıqdan savayı heç nə vəd etmir...

Az yuxarıda vurğulandı, heç təsadüfi deyil ki, ermənilər üçün “vəhşi Türk” obrazı rusiyalı politoloq-ekspertlərin dilindən də durmadan tirajlanır. Analoji iddianı bu günlərdə hakim partiyadan olan deputat Pyotr Tolstoy səsləndirib.

Tanınmış rusiyalı hərbi analitik Aleksandr Xramçixin isə “Nezavisimaya qazeta”da iki gün öncəki “Ermənistan öz gələcəyini özü seçdi” başlıqlı məqaləsində görün nə yazır: “DQR”-in süqutundan sonra İrəvanın bircə KTMT-dən çıxması və Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarması qalıb. Ümid etmək istərdim ki, bu, tezliklə baş verəcək. Çünki indiki anti-Rusiya ovqatlı Ermənistan bizim üçün ağır, mənasız yükə çevrilir. Bundan sonra o, heç kim üçün maraqlı olmayacaq. Yaxın vaxtlaradək Stepanakert olan Xankəndidə Azərbaycan bayraqlarından sonra İrəvanın üzərində də NATO üzvü olan bir ölkənin bayraqları görünəcək. Xeyr, bu, Fransa və ya ABŞ-ın yox, Türkiyənin bayrağı olacaq”.

Yəni yenə eyni təhdid, həmənki dəst-xətt. Ancaq yaxşı ki, Ermənistanda “çörəyi ağzına yeyənlər” də var. Misal üçün, politoloq Arutyun Mkrtçyan kimi.

“Tolstoy timsallı bu ideologiyanın daşıyıcıları təəssüf ki, Ermənistanda da var. Onlar “rus olmasa, türklər bizi yeyəcək” tezisini daim təbliğ edən “beşinci kolon” nümayəndələridir. Amma bir şeyi anlamalıyıq: biz bölgəmizdə qonşularımızla ünsiyyət qurmağı, dil tapmağı, danışıqlar aparmağı, danışmağı və bunu hətta birbaşa etməyi bacarmalıyıq. Son vaxtlar bunun nəticə verə biləcəyinin artıq şahidiyik” – erməni ekspert yerli mediaya söyləyib.

Sülh müqaviləsinə gəlincə, onun qənaətincə, Ermənistan buna hazırdır: “Lakin ölkə daxilində hər şeyi pozmağa çalışan qruplar var. Ermənistanla Azərbaycan hansısa razılığa gələndə və ya sülh müqaviləsi imzalamaq imkanından söz açan kimi daxildəki həmin adamlar “Artsax”ın müstəqilliyindən danışmağa başlayırlar”.

Mkrtçyan ardınca doğru olaraq, revanşist-radikalları baş verənlərdən dərs götürmək yerinə, “çəhrayı arzular”la yaşamaqda suçlayıb. “Bu insanlar “dövlət içində dövlət” yaratmaqdan danışırlar. Siz ciddisiniz? Hakimiyyət icazə versə belə, Ermənistanın ən azı 3 milyon vətəndaşı buna imkan verməz. Onlar Ermənistana gəlib “Artsax”ın müstəqilliyindən danışırlar. Elə bir məqamda ki, sülh Ermənistana hava-su kimi lazımdır. Əgər kimsə bunun əksini iddia edirsə, o, ya yanılır, ya da bilərəkdən xalqı aldadır”, - deyə o xəbərdarlıq edib.

Az öncə isə o, soydaşlarına ünvanladığı müraciətdə belə deyirdi: “Ermənilər, gözünüzü açın, Qarabağ məsələsində bizim müttəfiqimiz yox idi”.

Yaxud onun başqa bir məntiqli fikri: “Bəzi erməni ekspert dairələri Ermənistan və Azərbaycanın vasitəçi olmadan birbaşa danışıqlar aparmasından narahat olduqlarını bildirir. Mən onları öz dediklərində diqqətli olmağa çağırıram. Əslində birbaşa danışıqlar Ermənistanı boğazından yapışıb Moskva platformasına çəkməkdən qat-qat yaxşıdır. Niyə birbaşa danışıqlara getməyək ki? Bundan əlavə, indi, sülh müqaviləsinin imzalanmasından söhbət gedəndə Ermənistanın daxilində, Qarabağın buraxılmış “parlamentinin”nin keçmiş “deputatları” yenidən Qarabağ məsələsinin yükünü xalqın ayağına asırlar. Əvvəlcə çox sadə bir suala cavab versinlər: onlar özləri Qarabağa qayıtmağa hazırdırlarmı? Əziz Qarabağ erməniləri, gözünüzü açın, son dövrün tarixindən dərs alın. Qarabağın “müstəqilliyi” məsələsində bizim müttəfiqimiz yox idi. Deyək ki, Parisin Sen-Lui şəhərinin hansısa küçəsi Qarabağın “müstəqilliyini” tanıdı. Nə olsun? Bu, ciddi deyil...”

Əfsus ki, Ermənistanda A.Mkrtçyan kimi az-çox obyektiv, soyuq başla düşünənlərin çevrəsi geniş deyil. Ancaq böyüməyə məhkumdur. Əks təqdirdə, erməni toplumu getdikcə kiçilib yox olacaq. Cənubi Qafqazda isə gerçəkdən ikicə dövlət qalacaq – Azərbaycan və Gürcüstan...

Siyasət şöbəsi,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 130          Tarix: 17-12-2023, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma