Xəbər lenti

Çinin moderatorluğu ilə Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirlərinin müavinləri Tehranla Ər-Riyad arasında münasibətlərin normallaşması prosesini və davam edən HƏMAS-İsrail müharibəsini müzakirə etmək üçün Pekində toplaşdılar.

Çinin xarici işlər naziri Van İnin sədrliyi ilə keçirilən iclasda Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim əl-Xereyci və onun irnlı həmkarı Əli Baqeri Kani iştirak ediblər.

Görüşün nəticəsi olaraq verilən birgə bəyanatda İranla Səudiyyə Ərəbistanının münasibətlərini irəlilətmək fonunda Qəzzadakı müharibənin dayandırılmasına çağırışların yer alması maraq doğurur.

Burada İran və ya Səudiyyə Ərəbistanından daha çox, Çinin maraqları ön planda tutulur, çünki Pekin HƏMAS-İsrail müharibəsinin gedişatını özünün qlobal mübarizədəki strategiyasının cövhərində saxlamaqda israrlıdır.

Lakin üçtərəfli əlaqələr kodeksi Çindən tələb edir ki, o, Səudiyyə Ərəbistanı və İranın da geosiyasi maraqlarındakı çalarları nəzərə alsın.

Buna görə də Yaxın Şərqin ən travmalı məkanı olan İsrail-Fələstin poliqonunda Pekin, Tehran və Ər-Riyad üçbucağında perspektiv şəkilləndirmə üçün ortaq maraqlar ərsəyə gətirilir.

Çin öz kölgəsini Tehran və Pekin üzərində hiss etdirərək regiondakı ekspansiya siyasətinin motivlərini araşdırır və prosesi rəqibi olan ABŞ-yə qarşı müqavimət oxu formasında yönləndirməyə cəhd edir.

Təbii ki, İran da, Səudiyyə Ərəbistanı da dərk edirlər ki, Çin onlar üçün daimi təhlükəsizlik zəmanəti ola bilməz. Çin mürəkkəbliklər içərisində riskləri başa düşmək, rəqabət və əməkdaşlıq üçün oxşarlıqlara, fərqliliklərə baxıb “qızıl orta” tapır.

İranla Səudiyyə Ərəbistanı regional və planetar qarışıqlığın içərisində, sadəcə olaraq, Çinin yüksələn nüfuz dairəsindən yapışmağı məqsədəuyğun hesab edirlər. 

Deməli, üçtərəfli əməkdaşlıq Çinə də, İrana da, Səudiyyə Ərəbistanına da rəqiblərini strateji trayektoriyalardan azdırmaq üçün çəkindirmə xarakteri verir.

Bu xarakterin necə bərkiməsi Çinin Tehranla Ər-Riyad arasındakı etibarlı vasitəçiliyini hansı müddətdə davam etdirəcəyi ilə əlaqəlidir.

Gələcəkdə nə olacağına baxmayaraq, görünən odur ki, Çin mövcud siyasi kampaniyasında etimadını artırıb və strateji həmlələrini təkmilləşdirib.

Bu, ABŞ-ni qlobal qüdrət olmaq statusundan nisbi kənarlaşdırır və Vaşinqtonun regional proseslərdəki rolunu azaldır. Lakin etiraf etmək lazımdır ki, hər hansı enişlər olsa da, ABŞ-nin qlobal dərəcəsi hələ minimallaşmayıb və indi Vaşinqton Yaxın Şərq üzrə yaxınmüddətli prioritetlər hədəfləyir.

ABŞ üçün ən çətini - illərdir formalaşdırılmış Vaşinqtonla Səudiyyə Ərəbistanı müttəfiqliyinin Çin tərəfindən manipulyasiyaya məruz qoyulmasıdır. Bu baxımdan, indi ən vacibi ABŞ-nin Səudiyyə Ərəbistanı ilə münasibətlərini axarına qaytarmaqdır.

Hərçənd ki, Ukraynadakı müharibə səbəbilə Rusiyanı enerji bazarlarında sıxışdırmaq üçün ABŞ-nin Ər-Riyaddan neft hasilatını artırmaq xahişləri yerə salınır.

İranla bağlı məsələ isə daha aydındır, çünki Vaşinqtonla Tehran arasındakı mehriban münasibətlər, onsuz da, mövcud deyildi.

NƏTİCƏ:

Çinin Yaxın Şərqdəki münaqişə fonunda İranla Səudiyyə Ərəbistanını yaxınlaşdırması onun strategiyasının praktiki tərəflərini asanlaşdırır.

Çinin iqtisadi ekspansiya ilə siyasi proseslərdə brokerlik etməsi ABŞ-nin sahəsinə daxil olan alternativ kimi yüksəlir.

Çin bunu İran-Səudiyyə Ərəbistanının “atəş gücü” ilə prioritetləşdirib yeni sürprizlər hazırlaya bilər.

oxu.az 

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 469          Tarix: 22-12-2023, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma