"Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk".
"Report" xəbər verir ki, bu fikirlər GUAM-ın Baş katibi Altay Əfəndiyevin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrikində yer alıb.
Təbrikdə deyilir:
"Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu gün doğum gününüz milli maraqlara, beynəlxalq hüquqa, strateji baxışa, müdrikliyə, fədakarlığa və səbirə əsaslanan rəhbərliyinizlə həyata keçirilən siyasətlə formalaşmış tamamilə yeni milli və beynəlxalq kontekstlərə şahidlik edir.
Bu il Azərbaycan Respublikası işğal olunmuş torpaqlarını tam azad edib və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisi üzərində suverenliyini bərpa edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunan nailiyyətlər 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı.
Bu gün ölkədə işğaldan azad edilmiş torpaqların intensiv şəkildə genişmiqyaslı yenidən qurulması və bərpası, insanların öz doğma yurdlarına qayıtması, bu geniş ərazilərin milli və regional iqtisadiyyata yenidən inteqrasiyası istiqamətində proses sürətlə gedir.
Beləliklə, 2023-cü il respublika tarixində müstəqil Azərbaycanın 30 illik bir dövrünün başa çatması, ölkənin ərazilərinin işğaldan tam azad edilməsi və suverenliyinin bərpası ilə müşayiət olunan Zəfərlə yekunlaşan bir il kimi qalacaq. Bu kontekstdə rəmzi xarakter daşıyan bir cəhət də odur ki, bu il Azərbaycan həm də ölkənin mövcudluğunun sual altında olduğu kritik bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının 30-cu ildönümünü qeyd etdi. Yeni Azərbaycanın tarixində bu möhtəşəm 30 il həm də Azərbaycanın qazandığı qələbələrin və ümumi uğurların ilkin şərti və təminatçısı olan milli birliyin, davamlılığın, Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi siyasi xəttin əhəmiyyətini göstərir. Bu il Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunması yuxarıda deyilənlərin hamısına xüsusi məna verir.
Ölkə öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz də Sizin regionda ədalətli və davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Biz Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk. Fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk.
Azərbaycanı hərtərəfli islahatları, iqtisadi və sosial həyatın bütün sahələrinin modernləşdirilməsini və demokratikləşməsini, eləcə də xalqın rifahının daim inkişaf edən qlobal mühitin çağırışlarına uyğun daha da yaxşılaşdırılmasını, ölkənin aparıcı beynəlxalq mövqeyinin və rolunun gücləndirilməsini özündə əks etdirən yeni inkişaf mərhələsinə çıxarmaq missiyanızda Sizə daha böyük uğurlar arzulayırıq.
Zati-aliləri, bu əlamətdar gün və müstəqil Azərbaycanın inkişafındakı tarixi nailiyyətləriniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqın və ölkənin rifahı naminə yeni böyük qələbələr arzulayırıq".
Paylaş: