Xəbər lenti

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə məsələ qaldırılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs almaniyalı deputat Frank Şvabedən gəlib.

AŞPA-da gündəliyə çıxarılan bu məsələ Qərb siyasi arenasının Avropa cinahında Azərbaycana qarşı total hücumun davamıdır.

Görünür ki, Fransanın, Almaniyanın əlində oyuncağa çevrilən Avropa Şurası və onun Parlament Assambleyası Azərbaycanın yeni reallıqlar yarada bilmək bacarıqlarının ardının gələcəyindən çəkinirlər.

Hərçənd ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində irəli sürdüyü şərt və tələbləri regional təhlükəsizlik naminə sülh variantı kimi nəzərdən keçirir.

Ermənistanın sülh modelində isə konkretlik və dəqiqlik yoxdur, İrəvan hələ də regiondakı reallıqları kənar güclər hesabına dəyişdirə bilmək istiqamətindən çəkinən iradəni nümayiş etdirmir. Bununla belə, Azərbaycanla Ermənistanın ikitərəfli formatda görüş və sülh gündəliyinin aspektlərini müzakirə etmək üçün qrafik, cədvəl hazırlamaları diqqət çəkir. İkitərəfli qaydada razılıqlar isə təbii ki, regionda ambisiyaları olan qüvvələr üçün qəbuledilməzdir, çünki onların problemləri “həll etməyə” yönələn iradəsi sınır.

Hələ buraya Azərbaycanın Ermənistana qəbul etdirmək istədiyi perspektiv şərtləri də əlavə etsək, vəziyyətin Avropa təsisatlarına ağrı verməsini təsəvvür etmək çətin olmamalıdır.

Azərbaycana qarşı qüvvə kimi çıxış edən AŞPA Fransa və Almaniya ilə yanaşı, Cənubi Qafqazda Rusiya ilə rəqabət arenasına girən ABŞ-nin də tezislərini inkişaf etdirir. Bu mənada AŞPA ABŞ-nin, Fransanın, Almaniyanın proksi qüvvəsi kimi meydana çıxaraq müxtəlif bəhanələri əlində bayraq edir. O, Azərbaycanın maraqlarına zidd bəyanatların müəllifinə çevrilir və qərarların qəbuluna nail olmağa çalışır.

Belə olan təqdirdə, Azərbaycan Qərbdə ona qarşı hərəkətlənən kolona qarşı cavab olaraq:

- Avropa Şurasındakı fəaliyyətini dayandıra bilər. Çünki Avropa Şurası Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində konstruktiv rol oynamaqdansa pozuculuq fəaliyyəti ilə məşğul olur;

- Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxmağı gündəmə gətirə bilər.

Hələlik isə Azərbaycan təmkin nümayiş etdirir və diplomatik səylərlə Qərbdəki dairələrin məntiqini redaktə etməyə çalışır. Bu nəticə verməsə və Avropa Şurası Azərbaycan əleyhinə fəaliyyətini sürətləndirsə, Bakı qeyd edilən adekvat addımları atmaq hüququnu özündə saxlayır.

oxu.az 

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 3 741          Tarix: 24-01-2024, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma